Şeyxin qardaşının təklifi etirazla qarşılandı Siyasət

Şeyxin qardaşının təklifi etirazla qarşılandı

"Sədərək" ticarət mərkəzinin icraçı direktoru: "Onların biznesinə aid olan mallar var ki, bizim bazarda satılır..."
Arzu Hağıyev: "Hüquqi baxımdan hansısa 5-10 radikal dindara görə insanların sahibkarlıq fəaliyyətinə qadağalar qoymaq düz addım hesab edilə bilməz"
Tarıyel Faziloğlu: "Cavanşir Paşazadənin bu çağırışı iqtisadi maraqlardan qaynaqlanır"
Elxan Şahinoğlu: "Bu kimi təkliflər sələfiləri daha çox radikallaşdırar"

QMİ-nin sədri, Hacı Allahşükür Paşazadənin qardaşı, Millət vəkili Cavanşir Paşazadə "Sədərək" və "Binə" ticarət mərkəzlərinin vəhabilərin əsas toplandığı yerlər olduğunu əsas gətirərək bazarların bağlanmasını tələb edib. O, bildirib ki, Bakı kimi bir şəhərdə, "Sədərək", "Binə" kimi bazarların qurulmasının əleyhinədir: "Bu qadağa dövlət siyasəti olmalıdır. İstəyir bazar, istəyir başqa yer olsun, iki-üç minə qədər insandan yuxarı insanı bir yerə yığmaq lazım deyil. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur. Hamısı bu bazarların hesabına. Şıxov tərəfdən şəhərə cəmi bir giriş var. Bu bazarlar da elə orda yerləşir. Ora gedən və qayıdan işçilər hərəsi bir maşındadır. Əlli min insan yığılıb həmin yerə. Orada gedən proseslərə nəzarət oluna bilmir. Bizim dövlətimizi gözü götürməyənlər, içimizdə olan düşmənlər belə yerlərdə özlərinə yuva tapırlar. Əlli min insanın içində özlərinə beş min havadar tapırlar. Bu insanlar iyirmi min insana təsir edirlər. Digər tərəfdən də, siz baxın, ora tez-tez yanır. Yandıqdan sonra isə həmin yerə müdaxilə mümkün olmur. Bəlkə də həmin bazarlarda narkotik maddələr saxlayırlar. Bunu paylamaq, oradan çıxartmaq lazımdır. Bu insanların beyni pozulub. Söhbətin nə olduğunu anlamayanlar belə onlara qoşulurlar. Yığışıb danışırlar, şəklini çəkib başqa yerlərdə nə qədər tərəfdarlarının olduqlarını göstərirlər. Məncə, ilk növbədə ora ləğv olunmalıdır. Kimsə nəyə görə, başqasının hesabına pul qazanmamalıdır. Birdən elə bilərlər ki, mən belə danışmaqla kiminsə bazarının, biznesinin əleyhinəyəm. Ona görə də "Sədərək" və ya "Binə" olmur, lap adı nə olur olsun, söhbət bugün yaşanan vəziyyətdən gedir. Kiminsə biznes maraqlarına toxunar deyin, mən dövlətimin mövqeyini, mənafəeyini arxa plana keçirə bilmərəm. Getsinlər başqa yerdə pul qazansınlar. Boş yerlər çoxdur. Adam sayı az olan çoxlu obyektlər açsınlar. Camaat paylansın. Bütün müəssisə və təşkilatlarda həqiqi dini dəyərlərimizə hörmət ifadə olunmalıdır. Avropanın hər yerində dini atributlar asılıb. Biz bir fatihə verməyə utanırıq. Elə deyirik ki, başqasının dini yaxşıdı, bizimki pisdir. Bizim dinin nəyi pisdir? Bayramım bayram, geyimim geyimdir. Sivil şəkildə yaşayırıq. Namazımı da qılıram, orucumu da tuturam. Məndən niyə qorxmalıdırlar? Bu məsələ mərbuatda həll olunmalıdır. Xalq maariflənməlidir. Televiziyalarda dinlə bağlı verilişlər olmalıdır".
"Sədərək" ticarət mərkəzinin icraçı direktoru Vahid Qəmbərov isə bu açıqlamanın gülüş doğurduğunu bildirib: "Həzərə alsaq ki, bu adam millət vəkilidir belə bir açıqlama adamda gülüş doğurur. Bura minlərlə insanın iş yeridir, burdan minlərlə insan çörək yeyir. Bəlkə, o sözləri deyən millət vəkilinin də yaxını, qohumu bu bazarda işləyir. Hətta onların biznesinə aid olan mallar var ki, bizim bazarda satılır. Yəqin ki, sabah bu məsələ ilə bağlı tədbir görəcəyik".
Bəs ekspertlər nə düşünürlər?
Siyasi ekspert Arzu Nağıyev bildirdi ki, Cavanşir Paşazadə belə düşünür ki, bu bazarlarda ticarətlə məşğul olanlar əsasən sələfi və xəvaricilərdən ibarət didarlardır: "Yəni onların maliyyə mənbəyi bu biznes sahəsindən yaranır. Əslində bu belə deyil. Həmin bazarda işləyənlərin uzaq başı 5 faizi dindar ola bilər, onların içərisində də müxtəlif məzhəblərin nümayəndələri var. Ola bilsin, bu bazarlarda Şimali Qafqazdan gələn biznes adamları ilə əlaqələr nəzərdə tutulur və yəqin ki, onların arasında hansısa dini icmaların emissarlarının olması istisna deyil. Ancaq hüquqi baxımdan 5-10 radikal dindara görə insanların sahibkarlıq fəaliyyətinə qadağalar qoymaq düz addım hesab edilə bilməz. Deməli, mübarizənin başqa formasını tapmaq gərəkdir...".
Ekspert Əli Orucov isə vurğuladı ki, bu gəlirli sahələrdə nəzarəti ələ keçirmək, daha çox maliyyə qanaqlarına yiyələnmək istəyindən qaynaqlanır: "Bu gün Azərbaycanda sərvətlərin yenidən bölüşdürülməsi uğrunda ölüm-dirim mübarizəsinə başlanılıb".
Ekspert Azər Rəşidoğlu: "Cavanşir Paşazadə əvvəlcə özünün və doğmalarının restoranlarını bağlatsın, sonra minlərlə ailənin çörək yediyi obyektləri bağlatmağı tələb etsin"
Ekspert Tarıyel Faziloğlu isə diqqətə çatdırdı ki, Cavanşir Paşazadənin bu çağırışı sadəcə iqtisadi maraqlardan qaynaqlanır: "Əgər radikal dini qruplara qarşı hansısa tədbir görmək istəyirsinizsə, bu, çıxış yolu deyil. Üstəlik bu ticarət mərkəzlərində işləyənlərin çox az hissəsi sözügdən dini qrupların üzvləridirlər. Əksəriyyəti öz qazanclarını düşünən sadə insanlardırlar. Burada maraq o ticarət mərkəzlərindən gələn gəliri öz əllərində cəmləməkdir...".
Politoloq Elxan Şahinoğlu vurğuladı ki, sələfilərin radikal qanadlarıyla, Suriyaya savaşa gedənlərlə, silahlanıb meşələrdə gizlənənlərlə mübarizə aparılmasının tərəfdarıdır: "Ancaq bu o demək deyil ki, qarşıya çıxan hər sələfiyə düşmən gözüylə baxılmalıdır. Onlar da Azərbaycan vətəndaşlarıdır və bizim kimi hüquqları var. Hacı Allahşükür Paşazadənin millət vəkili qardaşı Cavanşir Paşazadə isə sələfilərin çox olduğu iddia edilən "Sədərək" və "Binə" ticarət mərkəzlərinin qapadılması təklifini səsləndirib. Guya çıxış yolu tapıb. Elə bu kimi təklif sələfləri daha çox radikallaşdırar, Azərbaycanı vətəndaş qarşıdurmasına sürükləyər. Düşünürəm, birinci müxtəlif ticarət sahələrini inhisarlarına alan dini-oliqarxların fəaliyyəti məhdudlaşdırılmalıdır. Onların əməlləri Azərbaycana radikal sələfilərin əməllərindən az təhlükəli deyil".

Əli