“Müsavatda kürsü davası gedir” Siyasət

“Müsavatda kürsü davası gedir”

Rəşad Əlizadə: "Partiyada söz azadlığı, demokratiya anlayışı yoxdur"

"Parlament seçkisinə bir neçə ay qalmış partiyada vəziyyət daha da gərginləşəcək"


Son vaxtlar Müsavat Partiyasında baş verən arzuolunmaz proseslər, partiyada müşahidə edilən istefalar Azərbaycandan kənarda yaşayan soydaşlarımız tərəfindən də diqqətlə izlənilir.
Qazaxıstanda fəaliyyət göstərən Turan Azərbaycanlıları Konqresi İctimai Birliyinin sədri Rəşad Əlizadə bildirib ki, Müsavatda çaxnaşmaların, parçalanmaların, istefaların, bir-birini ittihamların davam etməsi onu da narahat edir: "Çünki bu partiya Məhəmməd Əmin Rəsulzadənin mirası idi ki, bizə qalmışdı. Partiyada baş verən məlum hadisələr indi bu mirasdan heç bir əlamətin qalmadığını göstərir. Kimlər gəldi, kimlər getdi bu partiyadan. Özü də necə. Müsavatçılar uzun illərdir iddia edirdilər ki, onları bu partiyaya bağlayan ideologiyadır. Müsavat, həqiqətən uzun illərdir bu ideologiya ətrafında on minlərlə insanı birləşdirən bir partiya idi. Partiyada cərəyan edən hadisələr müsavatçılıq ideologiyasının, əqidəsinin üstündən xətt çəkdi. Bunu açıq etiraf etməliyik. Gedənlərdən, qovulanlardan qısa danışaq". Rəşad Əlizadə deyir ki, Müsavatda ilk istefa verən tanınmışlardan biri AXC hakimiyyəti zamanı baş prokuror işləmiş İxtiyar Şirin oldu: "1993-cü ilin iyun hadisələri zamanı prezident Əbülfəz Elçibəyin həbs olunması ilə bağlı sanksiyanı imzalayan İxtiyar Şirin əslində Müsavatın üzvü kimi özünü ciddi hədəf olmaqdan yayındıra bilirdi. Bir qədər sonra partiyadan istefa verdi. ARDNŞ-in prezidenti olmuş Sabit Bağırov, Atatürk Mərkəzinin rəhbəri, deputat, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da Müsavatdan ayrılanlar sırasındadır. Xəzər Universitetinin professoru Xaləddin İbrahimli isə Müsavat Partiyasından uzaqlaşdırılıb. Onun iddiasına görə, Müsavatdan uzaqlaşdırılmasına səbəb partiyanın kursunu qəbul etməməsi və buna etiraz etməsi olub. Azərbaycanın mərhum xalq şairi Vaqif Səmədoğlu 2000-ci ildə Müsavat Partiyasının üzvü kimi deputat seçilib. Sonradan seçkinin nəticələri ilə razılaşmayan Müsavat rəhbərliyi Səmədoğlunun mandatdan imtina etməməsi səbəbindən onu partiya üzvlüyündən uzaqlaşdırıb. 2000-ci il seçkilərindən sonra eyni aqibəti deputat Şirzad Əyyub da yaşayıb. İkinci dəfə deputat seçilən Şirzad Əyyub da mandatdan imtina etməməsi səbəbindən Müsavatdan çıxarılıb. 2005-ci il parlament seçkilərində deputat mandatı qazanan Aynur Camalqızı da partiyadan uzaqlaşdırıldı. Mandat aldıqdan sonra Müsavatla yollarını ayıran digər partiya üzvü politoloq Rasim Musabəyovdur. O, 2010-cu il parlament seçkilərindən sonra partiya ilə yollarını ayırıb". Rəşad Əlizadə bildirib ki, Müsavatdan istefaların kütləvi xarakter alması 2003-cü il prezident seçkilərindən sonraya təsadüf edib: "Qeyd edək ki, Müsavat bərpa olunandan sonra partiyaya ölkənin ən tanınmış ziyalıları, öz ixtisaslarna görə tanınmış həkimləri və digər peşə sahibləri üzv olublar. 2003-cü il seçkisindəki məğlubiyyətdən sonra isə onların bir hissəsi partiyadan uzaqlaşıblar. Onların arasında Milli Məclisin deputatı, o vaxt Müsavat Divanının üzvü olan Musa Qasımlı da var. Tibb üzrə fəlsəfə doktoru Mehdi Mehdiyev də 2003-cü ildə bu partiyadan ayrıldı. Sabiq polis rəisi olan Mahmud Hacıyev də 2003-cü il prezident seçkilərindən bir qədər sonra partiyadan gedib. Tanınmış iqtisadçılar Azər Mehdiyev, Rövşən Ağayev, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimov, Bakı Dövlət Universitetinin müəllimləri Altay Göyüşov, tarix elmləri namizədi Rəsul Hüseynli, digər bir komissiya sədri Rauf Səlimbəyli, uzun illər Ağdam rayon təşkilatının sədri, Divan üzvü Əsgər Əhməd, kimya elmləri doktoru Bəhmən Sultanlı, kənd təsərrüfatı nazirinin sabiq müavini Xaləddin Xəlilov, Müsavat başqanının müşaviri Şirzad Məmmədli müxtəlif zamanlarda partiyadan uzaqlaşıblar. Müsavatdan sonralar istefa verənlərdən biri də "Turan" İnformasiya Agentliyinin və "Amerikanın səsi" radiosunun əməkdaşı Tapdıq Fərhadoğludur.
2005-ci il seçkilərində MSK-nın katibi olmuş Vidadi Mahmudlu, QAT sədri Akif Nağı da müsavatçı olub. Ayaz Mütəllibovun prezidentliyi dövründə Xalq Cəbhəsinin təqdimatı əsasında bir müddət müdafiə nazirinin müavini, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Daxili Qoşunların komandanı işləmiş Fəhmin Hacıyev də Müsavatdan gedənlərdəndir". Rəşad Əlizadənin sözlərinə görə, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli isə 2010-cu ildə bu partiyadan ayrılıblar: "Bundan sonra Müsavat başqanının müavini Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla da AXCP ilə birləşməyin əleyhdarlarının arqumentlərinə etiraz olaraq partiyadan uzaqlaşdılar. 2014-cü il sentyabrın 27-də keçirilən qurultayda Arif Hacılının İsa Qəmbərin yerinə başqan seçilməsi digər iddialı namizəd Qubad İbadoğlunu dəstəkləyənlərin ciddi narazılığına səbəb oldu. Zaman-zaman bu narazılıq ictimailəşdirildikcə partiyada kimin kim olduğu üzə çıxdı. Qubad İbadoğlunun tərəfdarları Arif Hacılının adamlarına qarşı üsyan qaldırdılar. Nəticədə Q.İbadoğlu Divan üzvlüyündən uzaqlaşdırıldı. Onun ardınca istefalar da başlandı. Bütün bu proseslər onu deməyə əsas verir ki, hələ İsa Qəmbərin başqanlığı dövründə partiyada qruplaşmalar mövcud idi. İsa Qəmbər bu qruplaşmalar arasında savaşın ictimailəşməsinə imkan vermirdi. Qruplararası savaş yalnız partiya daxilində gedirdi. Arif Hacılının partiyaya sədrliyə gətirilməsindən sonra savaş açıq müstəviyə keçdi. Partiyada artıq cəmiyyət arasında sayılıb, seçilən heç kim qalmayıb. Bu da o deməkdir ki, Müsavatda M.Ə.Rəsulzadə ideologiyasından da əsər-əlamət qalmayıb. Dava kürsü davasıdır. Gorun çatlasın, Məhəmməd Əmin! Gəl, gör sənin o zamankı Müsavatın bu gün nə gündədir. Danışanda sənin ideyalarından, müsavatçılıq ideologiyasından danışırlar". Rəşad Əlizadənin sözlərinə görə, partiya yenə də İsa Qəmbər tərəfindən idarə olunur: "Partiyanın sədri A.Hacılı hər bir məsələni İ.Qəmbərlə məsləhətləşir, sonra qərar qəbul edilir. Partiyada söz azadlığı, demokratiya anlayışı yoxdur. Son günlərdə Q.İbadoğlunun Divandan uzaqlaşdırılması prosesinin əvvəlcədən hazırlandığı açıq-aşkar göründü. Q.İbadoğlu partiyada böyük gücə malikdir, tərəfdarları çoxdur. A.Hacılıdan fərqli olaraq professor və dünya səviyyəsində tanınmış iqtisadçılardan biridir. Onun partiyadan getməsi böyük gücün getməsi deməkdir. Bu hələ son deyil, Müsavatda parçalanmalar davam edəcək, 11 il öncədəki kimi. Kiminə xəyanət damğası vurulacaq, kimi öz xoşuyla istefa verəcək, kimi qovulacaq və s. Parlament seçkisinə bir neçə ay qalmış partiyada vəziyyət daha da gərginləşəcək".

Əli