Millət vəkilindən NATO Parlament Assambleyasının təklifinə kəskin etiraz Siyasət

Millət vəkilindən NATO Parlament Assambleyasının təklifinə kəskin etiraz

Siyavuş Novruzov: "İşğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçrilməsi NATO kimi təşkilata nüfuz gətirməyəcək"

Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı keçirilib. Seminarda Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev iştirak ediblər. NATO-nun bu mötəbər tədbirində əsas məruzə ilə Serbiya baş nazirinin müavini, xarici işlər naziri, hazırda ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç çıxış edib. Plenar iclasda çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov təşkilatın bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib. Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən Siyavuş Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirib. Millət vəkili qeyd edib ki, əgər NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıduran tərəfələrə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edən Siyavuş Novruzov qurumun bu günə kimi münaqişənin həlli ilə bağlı əsaslı bir iş görmədiyini plenar iclas iştirakçılarının nəzərinə çatdırıb. Həmsədrlərin münaqişə zonasına səfərlərini daha çox turist səfərlərinə bənzədən Siyavuş Novruzov ATƏT-in rəhbərliyindən bu münaqişənin həlli ilə bağlı əsaslı tədbirlərin görülməsini, işğalçı dövlət olan Ermənistana qarşı sərt sanksiyaların tətbiqini tələb edib.
Siyavuş Novruzov daha sonra öz çıxışında NATO Parlament Assambleyasının növbəti Rouz-Rout seminarının Ermənistanın paytaxtında keçrilməsi ilə bağlı təklifə kəskin etirazını bildirib. O, digər ölkənin ərazilərini işğal etmiş işğalçı ölkənin paytaxtında belə bir mötəbər tədbirin keçrilməsinin NATO kimi təşkilata nüfuz gətirməyəcəyini nəzərə çatdırıb. Ermənistanda əvvəllər keçirilmiş müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə ayrı-ayrı öləkələrin nümayəndələrinin rəsmi İrəvan tərəfindən təhqir edilməsindən, Moldova Respublikasının Ombudsmanının obyektiv çıxışına görə İrəvanda həbsindən və bu günə qədər davam edən təqibindən, Kəlbəcərdə öz doğma ata-ana yurdunu ziyarət edən iki Azərbaycan vətəndaşı üzərində qondarma məhkəmə prosesindən və hələ də onların girovluqda saxlanmasından bəhs edən Siyavuş Novruzov toplantı iştirakçılarını növbəti Rouz-Rout seminarının Ermənistanda keçirilməsinin əleyhinə səs verməyə çağırıb.

Əli