Milli Məclisdən Roma papasına etiraz Siyasət

Milli Məclisdən Roma papasına etiraz

Oqtay Əsədov: "Təəssüf edirəm ki, papa bu prosesə qatılıb, məncə ona müraciət etməyin mənası yoxdur"

Sabir Rüstəmxanlı: "Biz Türkiyənin yanında olmalıyıq, Milli Məclis adından müraciət etməliyik"

Zeynəb Xanlarova: "Burada çox "papa, papa" deyirlər, ancaq qırxı çıxmış papa haqqında danışmağa dəyməz"

Dünən Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Qeyd edək ki, iclasın gündəliyinə 6 məsələ, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı daxil edilmişdi.
Hesablama Palatasının hesabat sənədi bir müddət öncə millət vəkillərinə paylanıb. Mətbuat da həmin sənəddə qeyd edilən müxtəlif məsələlər barədə məlumatlar yayıb. Sənəddə bəzi dövlət qurumlarında yol verilən maliyyə mənimsəmələri və digər qanunsuzluqlar barədə faktlar əks olunub.
Gündəliyə keçməzdən əvvəl millət vəkilləri cari məsələlərə de yer ayırıblar. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Avropa Oyunları ərəfəsində bəzi siyasi təşkilatların Azərbaycan hakimiyyətinə qarşı apardığı kampaniyadan danışıb.
Onun sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı həmişə mübarizə aparılıb: "Dünyanın hər yerində korrupsiya bəlası var və buna qarşı mübarizə davam edir. Ancaq təəssüflər olsun ki, bəzi siyasi partiyalar Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə təbliğat aparır. Bunlar hamısı bir mənbədən idarə olunur. Erməni lobbisi və xarici təşkilatlardan aldıqları qrantlar hesabına fəaliyyət göstərib, kampaniya aparırlar. Onlar iğtişaş da yaratmaq istəyir və camaatı kütləvi aksiyalara çağırırlar".
Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib. O, Avropa Oyunlarında Ermənistan nümayəndələrinin də iştirakını xatırladaraq deyib: "Ancaq bizdə bəziləri Avropa Oyunlarında iştirakdan imtina etməyə çağırış edirlər. Bunlar ermənilərdən də pisdir".
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, bu gün Avropa Oyunlarının yaxınlaşdığı dövrdə Azərbaycandan kənarda fəaliyyət göstərən anti-milli qüvvələr və ölkəmizə qarşı olan xarici qüvvələr eyni kooalisiyada birləşiblər.
Onun sözlərinə görə, bu cür təşkilatlar və qüvvələr Azərbaycan əleyhinə müxtəlif kampaniyalar aparırlar, Avropa Oyunlarının boykot edilməsinə çağırışlar edirlər. F.Ağamalı deyib ki, bütün bunlar Azərbaycana xəyanətdir: "Həmin qüvvələrin bu cür əməlləri qətiyyətlə pislənilməlidir. Bu günlərdə Roma papası qondarma erməni soyqırımı ifadəsini dilə gətirib. Bu da türklərə qarşı ədalətsizlikdir. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, minlərlə soydaşımızı qətlə yetirib, onların evlərini və mədəniyyət ocaqlarını dağıdıb, işğal nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın vəziyyətinə düşüb. Nə üçün Roma papası bir dəfə də olsun erməni işğalını dilə gətirmir? Nə üçün bu barədə susur? Hesab edirəm ki, Roma papasının bu mövqeyi tamamilə ədalətsiz və yalandır. Bu cür mövqe həm Türkiyə, həm də Azərbaycan cəmiyyəti tərəfindən pislənilir".
Millət vəkili Vahid Əhmədov Mərkəzi Bankın valyuta siyasətini dəyişməyə çağırıb: "Fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyası barədə qərar verdi. Son 5-6 ayda Mərkəzi Bankın 15 milyardlıq valyuta ehtiyatları 9 milyarda qədər azalıb".
O bildirib ki, əgər Mərkəzi Bank valyuta siyasətini dəyişməsə, onun büdcəsində pul qalmayacaq. Vahid Əhmədovun fikrincə, Mərkəzi Bank valyuta ilə bağlı siyasətinə yenidən baxmalıdır: "Çünki Azərbaycandan xarici ölkələrə kəskin valyuta axını davam edir. Bunun qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Mərkəzi Bank manatın yumşaq devalvasiyasını həyata keçirməlidir ki, bu cür problemlərlə qarşılaşmasın".
Vahid Əhmədov dərman preparatlarının qiymətləri ilə bağlı məsələyə də toxunub. O bildirib ki, hökumətin son iclasında prezident də bu problemdən danışıb: "Dərmanların qiyməti ilə bağlı prezident sərəncam verib. Ancaq hökumət dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı mexanizmlərini hələ də açıqlamayıb".
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iclasda çıxışı zamanı Xətai rayonu ərazisindəki yaşayış binasının yanması məsələsinə münasibət bildirib.
O deyib ki, Xətai rayonu ərazisində binanın yanması dəhşətli hadisədir: "Bu onu göstərdi ki, Bakı Şəhər İcra Hakimiyyəti binaların süni materiallarla üzlənməsi məsələsinə baxmalıdır. Binalar süni fasadlarla üzlənməməlidir. Bu materialları kim gətirir? Təsəvvür edin, bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tezalışan materiallar şəhərdə əksər binalara vurulur. Bu binalar bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər.
Xahiş edirəm, aidiyyəti orqanlar qarşısında bu problem qaldırılsın və həmin tezalışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin. Xətai rayonundakı hadisə gecə vaxtı olsaydı, daha böyük fəsadlar yaranacaqdı. Bu binada 403 nəfər yaşayırdı. Yaxşı ki, hadisə günorta saatlarında baş verdi. O yanğına baxanda adam dəhşətə gəlir. İnsanlar zəhərlənə, xəsarət ala bilərdilər".
Deputat Zahid Oruc qeyd edib ki, Roma papasının bu mövqeyi, Türkiyəyə qarşı bu cür düşmənçilik iddiaları heç ermənilərin özlərinin də xeyrinə deyil. Z.Oruc deyib ki, "soyqırımı" iddiaları ilə inkişaf etmək olmaz: "Ermənilərin nefti və qazı yoxdur. Əvəzinə iki silahı var. İlk olaraq, onlar uydururlar ki, xristianlığın beşiyi oradır, digəri isə soyqırımı biznesidir. İllərlə ermənilər bu silahdan öz məqsədləri üçün istifadə ediblər. Hesab edirəm ki, bizim müraciətimiz bir nəticə verməyəcək. Çünki, belə hallar dəfələrlə təkrar olunub. Odur ki, daha fərqli addımlar atmalıyıq. Mən demirəm ki, Bakıdakı Roma kilsəsini gül-çiçək atəşinə tutmalıyıq. Ən azı bir adamın 3 çiçək dəstəsini ora qoymasını təşkil etməliyik. Dünyada saxta soyqırımı ilə qələbə qazanmaq mümkün deyil. Ermənilər heç bir transmilli layihədə yoxdur. Katolik kilsəsinin qərarı ermənilərə daha çox zərbədir. Çünki, bu fikirlər türklərin daha çox qıcıqlandırıb".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev isə Baş Prokurorluğun Slovakiya Milli Şurasının keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işi açılmasını təqdirəlayiq addım qiymətləndirib. Onun sözlərinə görə, İnterpolun Milli Mərkəzi Bürosu da həmin şəxs barədə axtarış elan edib: "Bu həm də ona görə önəmlidir ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür qanunsuzluqlarla bağlı ciddi addımlar atır. Bunun nümunəvi tərəfləri var".
Deputatın fikrincə, bu cür hüquqi addımlar bundan sonra da davam etməlidir. Azay Quliyev müdafiə naziri Zakir Həsənovun Ermənistanın Livandan, Suriyadan muzdlu döyüşçü cəlb etməsi haqqındakı bəyanatını da şərh edib.
Onun sözlərinə görə, Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil: "Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir".
Daha sonra çıxış edən Sabir Rüstəmxanlı isə bildirib ki, tarixən Roma papası qondarma "soyqırım" siyasətini dəstəkləyib: ""Soyqırım" siyasətinə önəm verənlərin əksəriyyəti elə oradan çıxıb. Roma papası yeni fəaliyyətə başlamasına baxmayaraq, "soyqırım" ilə bağlı məqsədli fikirlər səsləndirməsi müsbət hal deyil".
S.Rüstəmxanlı qeyd edib ki, Roma papası Argentina əsillidir: "Orada isə Erməni diasporu at oynadır. Görünür, bu məsələdə pul müəyyən rol oynayıb. Tarixçilər deyirlər ki, nə vaxt bu ərazidə 1,2 milyon erməni yaşayırdı, 1 milyon erməni qətlə yetirilib? Bəs onların məzarı haradadır? İndi Argentinada yaşayan minlərlə erməni kimdir? Biz Türkiyənin yanında olmalıyıq. Milli Məclis adından müraciət etməliyik".
Roma papasının ermənilərlə bağlı çıxışına xalq artisti, millət vəkili Zeynəb Xanlarova da münasibət bildirib. O deyib: "Burada çox "papa, papa" deyirlər. Ancaq qırxı çıxmış papa haqqında danışmağa dəyməz".
Zeynəb Xanlarovanın sözlərinə görə, Roma papası Azərbaycana qarşı düşmənlərlə əhatələnib: "Onların da başı öz yerində deyil. Mən Amerikadan yeni gəlmişəm, orada insanlarla, Nyu-York şəhərinin meri ilə də görüşdüm. Azərbaycan haqqında o qədər gözəl və xoş sözlər danışdılar ki, adam heyran oldu. Mən sinaqoqla da görüşdüm, konsertimə gəlmişdi. Sinaqoq mənə dedi ki, bizim Azərbaycana olan sevgimizi Prezident İlham Əliyevə çatdırın. O dedi ki, biz burada Azərbaycan bayrağı da asmışıq".
Mollət vəkili onu da deyib ki, bəzi adamlar Azərbaycanda olan inkişafı kor gözləri ilə görmürlər: "Mən onlara deməyə artıq söz tapa bilmirəm. Bu cür inkişafı görməyənlərə yalnız kor demək olar, onlar kordurlar".
Digər millət vəkilləri də Roma papasının bəyanatını pisləyib və bunu dini liderə yaraşmayan hərəkət olduğunu bildiriblər.
Məsələyə münasibət bildirən spiker O.Əsədov isə Roma papasının belə bir bəyanat verməsindən təəssüf etdiyini bildirib: "Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdırlar. Din xadimləri belə siyasətə qatılmamalıdırlar. 100 il olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar".
Spiker bildirib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: "İndi necə oldu ki, 1 milyon 200 min ermənini qırıblar? Bu, tarix məsələsidir. Təəssüf edirəm ki, papa bu prosesə qatılıb. Məncə ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katalikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır".