NATO rəsmisi Azərbaycanla münasibtələrə aydınlıq gətirib Siyasət

NATO rəsmisi Azərbaycanla münasibtələrə aydınlıq gətirib

Ceyms Appaturay NATO-Azərbaycan əməkdaşlığının prioritetlərini açıqlayıb

"NATO və tərəfdaşları Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, o cümlədən Əfqanstana göstərdiyi dəstəyi yüksək qiymətləndirir". Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Azernews"a eksklüziv müsahibəsində deyib.
C.Appaturay Azərbaycan və NATO tərəfdaşlığının uzun müddətli faydalarının və strateji dəyərlərinin vacib olduğunu diqqətə çatdırıb.
O əlavə edib ki, NATO və tərəfdaşları Azərbaycanı həyata keçirdiyi islahatlarda dəstəkləməyə hazırdır: "Bütün bunlar regionun beynəlxalq mövqeyini gücləndirir".
NATO rəsmisi həmçinin əlavə edib ki, tərəflar arasında partnyorluq Azərbaycanın təhlükəsizlik sektorunun gücləndirilməsi sahəsində də əməkdaşlıq üçün möhkəm baza yaradır.
NATO rəsmisi deyib ki, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin hərbi yolla həll variantı yoxdur. C.Appaturay siyasi proseslərin nəticə verəcəyinə ümid etdiyini bildirib. Bununla belə, C.Appaturay NATO-nun münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda birbaşa rolunun olmadığını diqqətə çatdırıb: "Biz Minsk prosesini dəstəkləyirik. Eyni zamanda, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığımızı ifadə edirik".
C.Appaturay əlavə edib ki, NATO yalnız əlavə rol oynamaqla, çoxtərəfli görüşlər çərçivəsində Azərbaycan və Ermənistandan olan siyasətçilər, diplomatlar və hərbçilər arasında təmasların qurulmasına şərait yarada bilər.
C.Appaturay bu cür təmasların müsbət nəticələr verə biləcəyinə ümid etdiyini bildirərək ötən il Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlətinin görüşünün baş tutumasından məmnun olduğunu diqqətə çatdırıb.
Şimali Atlantika Alyansının təmsilçisi regiondaki iri enerji layihələrinə də toxunub. Onun fikrincə yeni təchizatçılardan enerji resurslarını Avropaya gətirən layihələr Alyansın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
C.Appaturay qeyd edib ki, NATO enerji institutu deyil və Azərbaycan qazını Avropaya nəql edəcək boru layihələrində iştirak etmir: "Bu cür layihələrin həyata keçirilməsi ilə əsasən müvafiq ölkələr məşğul olur. Lakin təqribən 900 milyon insanın təhlükəsizliyini təmin edən bir Alyans kimi NATO Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində maraqlıdır. Bu məsələ Alyansın ötən il Uelsdə keçirilən sammitində də qeyd olundu. Həmin sammitdə Alyans adından bəyan edildi ki, stabil və etibarlı enerji təchizatı, marşrutların diversifikasiyası, təchizat və enerji resursları və enerji şəbəkələri arasında bağlılığın olması mühüm əhəmiyyət kəsb edir".
C.Appaturay əlavə edib ki, təmsil etdiyi təşkilat boru kəmərlərinin mühafizəsinə cəlb olunduğu üçün ötən illər ərzində Azərbaycanla bir sıra enerji məsələləri üzrə əməkdaşlıq edir:
"Biz enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı məlumat və təcrübə mübadiləsi aparırıq. Bundan əlavə, enerji infrastruktura yaranan kiber hücumlar kimi yeni təhdidləri analiz etmək və çıxış yollarını müzakirə etmək üçün konfranslar və elmi seminarlar təşkil edirik. NATO komitələrində regional enerji təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparırıq. Həmçinin Azərbaycan üçün açıq olan enerji ilə bağlı təlim və tədris fəaliyyətini genişləndirmişik. Biz bu əməkdaşlığı davam etdirəcəyik və Avropaya enerji təchizatçısı kimi Azərbaycanın artan rolu ümumi fəaliyyət üçün yeni ideyalar ortaya qoya bilər".
Alyans ilə Azərbaycan arasında tərəfdaşlıq məsələsinə toxunan C.Appaturay bildirib ki, tərəflər arasında partnyorluğun tarixi Azərbaycanın Sülh Tərəfdaşlığına qoşulduğu 1994-cü ilə gedib çıxır: "Tərəfdaşlıq həm siyasi dialoqdan, bir sıra təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsindən, həm də praktiki əməkdaşlıqdan ibarətdir".
C.Appaturay həmçinin vurğulayıb ki, Azərbaycan NATO əməliyyatlarına, o cümlədən Əfqanstandakı fəaliyyətinə uzun müddətdir dəstək verir: "Bu dəstəyin böyük əhəmiyyəti var. Biz həmçinin uzun illərdir Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə sıx əməkdaşlıq edirik".