“Nə qədər ki, Arif Hacılı və qardaşları Müsavatda var...” Siyasət

“Nə qədər ki, Arif Hacılı və qardaşları Müsavatda var...”

Ellada Məmmədli: "Yalan ayaq tutub yeriyəcək"

Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib. Bu barədə Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Dilşad Ələkbərli bildirib.O deyib ki, E. Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı qərar Şuranın iclasında qəbul olunub. Onun sözlərinə görə, E. Məmmədli partiyanın Nizamnaməsinin tələblərini pozduğuna, partiya üzvləri arasında anti-Müsavat təbliğatı aparıb, onları təşkilatdan istefa verməyə təhrik etdiyi üçün partiyadan kənarlaşdırılıb. D. Ələkbərli əlavə edib ki, Şurada bir neçə nəfər də E. Məmmədlinin onlara zəng edərək, müsavatdan istefa verməyi təklif etdiyini söyləyib. E. Məmmədli isə partiyanın qərargahında olduğunu qeyd edib: "Mən orda ola-ola barəmdə məndən xəbərsiz belə bir qərarın qəbul olunmasını düzgün hesab etmirəm. Heç bir partiya üzvünü istefa verməyə təhrik etməmişəm, bu böhtandır. Qoy, həmin şura üzvlərinin adlarını açıqlasınlar".
O, həmçinin "Xətai rayon təşkilatının 55 üzvünün istefasının mənim tərəfimdən təşkil olunduğunu iddia edirlər. Təşkilatı quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər, Müsavatı məbəd bilənlər mənim sözlərimlə istefa verdilər. Bunu deyənlər öz yalanlarına inanırlar?",- deyə əlavə edib. Onun sözlərinə görə, istefa verənlər yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına, daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək bu addımı atıblar: "İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü, 8 nəfərin diri olduğunu qeyd edənlər ölənin adını açıqlasınlar. Bunu edə bilməzlər, çünki dedikləri yalandır və isbatı da yoxdur".
E. Məmmədli qeyd edib ki, nə qədər ki, Arif Hacılı və qardaşları Müsavatda var, "yalan ayaq tutub yeriyəcək". "Rayon təşkilatının varlığından xəbəri olmayanlar, yaltaqlıqla bir qrupda yerləşib özlərinə yer edənlər, öz üzvlərini tanımayanlar, xaricə gedənlərə "yaşıl işıq" yandırıb təşkilatı qazanc mənbəyinə çevirənlər məni riyakarlıqda ittiham edir. İndi, sizcə, mən riyakaram, yoxsa onlar?" - deyə o bildirib: "Müsavat rəhbərliyinin mənə qarşı yönləndirdiyi bütün iddialar əsassızdır, Nemət Kərimlinin yazısı isə sifarişlidir". Ellada Məmmədli bildirib ki, təkcə, "facebook" səhifəsində onun Qadınlar Birliyindəki fəaliyyəti kifayət qədər əks olunub. Bu baxımdan, ona qarşı edilən hücumlar daha öncə partiyadan çıxarılan insanlara qarşı baş vermiş diktaturanın, avtoritar idarəçiliyinin davamıdır: "Bir çoxları isə yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına, daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək istefa verdilər".
Qeyd edək ki, son günlər Müsavat Partiyasından istefaya göndərilənlərin sayı artmaqda davam edir və yaxın günlərdə digər etirazçıların da təşkilat sıralarından qovulacaqları istisna olunmur. İstefa verənlər bu kimi qərarlarda başqan Arif Hacılıya eks-başqan İsa Qəmbər tərəfindən təlimatlar verildiyini də inkar etmirlər.

Əli