“Sabitliyi, milli birliyimizi və tolerantlığı qorumalıyıq” Siyasət

“Sabitliyi, milli birliyimizi və tolerantlığı qorumalıyıq”

General-mayor Elçin Əliyev: "Bəzi qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər"

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) milli təhlükəsizlik orqanlarının yaranmasının 95 illik yubileyi ərəfəsində "Milli təhlükəsizliyin təmin olunmasında gənclərin rolu" mövzusunda konfrans keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev çıxışında 95 il öncə yaradılan Azərbaycan milli təhlükəsizlik orqanlarının tarixindən bəhs edib.
Ən ağrılı problemimiz olan Ermənistanın ölkəmizə hərbi təcavüzündən də danışan nazir müavini qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində çalışmaq milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşının ən başlıca vəzifəsi və Vətən qarşısında övladlıq borcudur.
General-mayor E.Əliyev deyib ki, gənclər ölkəmizin gələcəyinin, o cümlədən milli təhlükəsizliyimizin perspektiv təminatçılarıdırlar. Nazir müavini qeyd edib ki, gənc nəsil sabah milli maraqlarımızın bütün istiqamətlərdə etibarlı təmin olunmasında, milli təhlükəsizlik sahəsində qərarların qəbulunda iştirak edəcək.
Vurğulanıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlər, müxtəlif radikal meyllərlə üzləşmək təhlükəsi və s. təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir. Bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, əldə olunmuş sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır: "Azərbaycanın inkişafına qısqanclıqla yanaşan qüvvələr də var. Bizim müstəqil siyasətimizi həzm edə bilməyən belə qüvvələr Azərbaycan ərazisində yeni separatçılıq ocaqları yaratmaq niyyətindən əl çəkmirlər. Onlar gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Ancaq gənclərimizin mütləq əksəriyyəti belə yad təsirlərdən uzaq dururlar. Onlar ölkəmizin tərəqqisi, öz gələcəkləri naminə yürüdülən siyasətə dəstək verirlər".
Sonra akademiyanın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova, tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov və ADİ-nin İnzibati-idarəetmə fakültəsinin tələbəsi Toğrul Niyazlı çıxış ediblər.