“Aİ birmənalı mövqe ortaya qoymalıdır” Siyasət

“Aİ birmənalı mövqe ortaya qoymalıdır”

Bahar Muradova: "Münaqişənin həllində Fransanın obyektiv mövqeyinə şübhələr var"

"Avropa İttifaqının indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi olmadığına görə "Şərq Tərəfdaşlığı" Riqa sammitində də münaqişə ilə bağlı birmənalı mövqe ortaya qoyulmadı". Bunu SİA-ya Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B. Muradova söyləyib ki, Avropa İttifaqının bu mövqeyi Azərbaycanı narahat edir və bunu açıq şəkildə bildirir: "Avropa İttifaqının bu mövqeyi paradoksal bir münasibətdir. Çünki, ərazi bütövlüyü prinsipinin tətbiq olunması məqamı olan məsələlərdə, Dağlıq Qarabağla digər uyğun münaqişələr arasında fərq qoyulur. Ona görə d haqlı narazılığımızı ifadə edirik. Azərbaycan Prezidenti İlham Əliyev yüksək səviyyədə görüşlərində, eyni zamanda Azərbaycan nümayəndə heyətinin çıxışılarında açıq şəkildə bəyan olunur ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır".
Vitse-spiker vurğulayıb ki, Aİ Dağlıq Qarabağ münaqişəsinə birmənalı mövqe ortaya qoymalıdır: "Əgər dünyada mövcud olan münaqişələri aradan qaldırmaq istəyiriksə, beynəlxalq hüququn prinsipləri bütün münaqişələrə eyni səviyyədə tətbiq olunmalıdır: "Bu yanaşmanın özü də sənəddə əksini tapıb. Ona görə də Azərbaycan Avropa İttifaqının tutduğu mövqeyə öz etirazını bildirir".
Onun sözlərinə görə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa Ukraynadakı separatçılara göstərdiyi münasibətin tam əksini qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinə göstərir.
Vitse-spiker bildirib ki, Fransanın bu ikili yanaşması doğru deyil: "Böyük dövlətlər beynəlxalq hüququn prinsiplərinə uyğun münasibət sərgiləməlidirlər. Bu addım Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mövqeyinə ciddi təsir göstərir. Eyni zamanda həmsədr ölkə kimi Fransaya olan zəif inamı daha da azaldır. Həmçinin bu münasibət Fransanın münaqişənin həllində obyektiv mövqe tutacağına çox böyük şübhələr yaradır".