Milli mənəvi dəyərlər və vətəndaş cəmiyyəti Layihə

Milli mənəvi dəyərlər və vətəndaş cəmiyyəti

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir göstərən faktorlar arasında qloballaşma prosesi xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm və vətəndaş cəmiyyətidir. Fikrimizcə, bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdara bilər. Bu ideyaların tətbiqi zamanı irqindən, dinindən asılı olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq anlayışlarının qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Bizə elə gəlir ki, qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən (məsələn, fərdin azadlığı millətin və dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, ancaq milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq.
Ona görə də, Azərbaycanda qloballaşmanın geniş yayıldığı, modern və vətəndaş cəmiyyətinin qurulmasına çağırışlar edildiyi bir dövrdə, islamçılıq və türkçülüyün də nə qədər vacibliyi məsələsinin xüsusi maraq doğurması təbiidir. Ümumiyyətlə, qloballaşma prosesində "üçlüyə" (türkləşmək, islamlaşmaq və müasirləşmək) münasibətdə iki əsas baxış var: 1) Qərbyönlü vətəndaş cəmiyyəti, modernləşmə "üçlüy"ə nisbətən daha vacibdir; 2) Qərbyönlü vətəndaş cəmiyyəti quruculuğu, modernləşmə nə qədər zəruri olursa-olsun, "üçlük" onun kölgəsində qalmamalıdır.
Deməli, bu gün də milli şüurun formalaşmasında ən azı ikitərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib çıxması ilə milli şüurun formalaşması prosesi yeni bir çalar daşıya bilər. Daha doğrusu, əgər vətəndaş cəmiyyətinin, modernləşmənin "üçlük"dən daha vacib olması qənaətinə gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli şüurun öz mahiyyətindən xeyli dərəcədə kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox beynəlmiləl, müəyyən mənada kosmopolit şüurdur. Digər tərəfdən, vətəndaş cəmiyyətinin özünə olan münasibət və onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi mənasında vətəndaş cəmiyyəti modeli uyğulanarsa, müəyyən mənada o, milli şüurla uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar.


Millət vəkili Fazil Mustafa qeyd edib ki, Azərbaycanda milli-mənəvi dəyərin özü ciddi təhlil edilməlidir: "Çünki elə məsələlər var ki, onların heç dəyər kateqoriyasına aidiyyəti yoxdur. Sadəcə ənənədir. Amma elə dəyərlərimiz də mövcuddur ki, onların yaşaması keçmişə sayğı baxımından vacibdir. Eləsi də var ki, sadəcə bu günə lazımdır. Bu 3 kateqoriyanı ayırd etmədən milli-mənəvi dəyərlər haqqında danışmaq çətindir. Bizdə bəzən elə şeylər dəyər sayılır ki, onun insanlara heç bir faydası olmur. Məncə, cəmiyyətimizdə bu təhlilin doğru aparılmasına ehtiyac duyulur. Azərbaycan cəmiyyəti adət- ənənə və milli-mənəvi dəyər adı altında sırınmış bir çox amillərdən uzaqlaşmalıdır. Yeni bir cəmiyyət formalaşmalıdır. Bunun üçün də təfəkkürümüzdə yeni təftiş aparılmalıdır".
Milli-mənəvi dəyər, müasirlik arasındakı vəhdətə gəlincə, deputat söyləyib ki, insan cəmiyyət üçün yalnız səmərəli olanı mənimsəməlidir: "Faydalı olan da elmdir. Elm deyil, saxta diplom varsa, bunun insanlarımıza heç bir əhəmiyyəti olmayacaq. Baxın, hamının diplom alması artıq bir ənənəyə çevrilib. Amma düşünmürlər ki, görək o diplomun altında hansı bilik yatır. Ona görə də Avropa və Amerikanın gəlib çıxdığı texnoloji inkişafa şərik olmaq lazımdır. Müasirlik budur. Mənəvi dəyərlərlə bağlı bizdə o fikir var ki, guya, bizim ailə sütunumuz Avropa ailəsindən daha böyükdür. Amma hazırda Azərbaycanın ailə sütunu tam deformasiyaya uğrayıb. Əslində Avropa ailəsi daha müstəqil və öz dəyərlərinə sadiq ailəyə çevrilib. Bu səbəbdən düşünürəm ki, boşuna öyünmək əvəzinə, faydalı ola biləcək faktorları mənimsəyib, boşluqlarımızı ortadan qaldırmalıyıq".
Onu da qeyd edək ki, vətəndaş cəmiyyətinin mövcud olduğu bir çox Avropa ölkələrində, o cümlədən ABŞ-da milli və dini dəyərlərin yenidən dirçəldilməsinə cəhd başa düşüləndir. Çünki onlar anlayırlar ki, insan nə qədər dəyərli olursa olsun, fərd nə qədər azadlıqlara sahib olursa olsun milli və dini dəyərlərdən uzaqlaşdıqca özgələşir. Özü də bu özgələşmə, yəni fərdin milli mənsubiyyətdən və dini dəyərlərdən uzaqlaşması, onun beynəlmiləl-kosmopolit (dünya vətəndaşı) bir şəkilə girməsindən çox ən adi insani keyfiyyətlərdən mərhum olunması ilə nəticələnir. Vaxtilə eyni hadisələr uydurma kommunizm dövründə yaşandı. Ruslar kommunizm məfkurəsi adı altında qeyri-rusları, xüsusilə türk-müsəlman xalqları milli və dini kimliklərdən uzaqlaşdırmağa çalışdılar və müəyyən qədər də bunu bacardılar. Bunula da, türk-müsəlman xalqları daha çox özgələşməyə məruz qaldılar. Buna əks reaksiyanın nəticəsi kimi Çingiz Aytmatov "Gün var əsrə bərabər", Oljes Süleymonov "Az-ya", Bəxtiyar Vahabzadə "Latın dili", "Gülüstan" əsərlərini yazdılar.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova bildirib ki, indiki halda gənclər milli-mənəvi dəyərləri müxtəlif layihələr həyata keçirməklə, müzakirə və seminarlar etməklə qoruya bilərlər: "Eyni zamanda gənclik öz gündəlik həyatında bu dəyərləri tətbiq etməli və digərlərinə örnək olmalıdır. Bu baxımdan vacibdir ki, gənclərimiz intellektual, dünyagörüşlü və vətənini sevən olsun. Müasirləşmə yeni innovativ biliklərə yiyələnmə, intellektuallıq və mövcud şəraiti dəyərləndirməkdir. Bu baxımdan müasirləşmənin milli-mənəvi dəyərlərə təsiri yalnız müsbət ola bilər. Çünki müasirləşmə özü-özlüyündə bir inkişafdır. Bu inkişaf isə milli-mənəvi dəyərləri inkar etmir. Cəmiyyətimizdə bəzən stereotip və milli dəyərləri qarışıq salma hallarına rast gəlinir. Halbuki bunlar fərqli məsələlərdir. Ona görə də mənəvi və milli dəyərlərimizin düzgün şəkildə təbliğatı çox zəruridir. Azərbaycanda vətəndaş cəmiyyətinin bu istiqamətdə daha çox layihələr həyata keçirməsini təklif edirəm. Çünki vətəndaş cəmiyyəti xalqın içindədir, cəmiyyətin nümayəndələrinə yaxındır.
G.Səfərovanın qənaətincə, xalqımız artıq əsrlər boyu milli-mənəvi dəyərlərimizi nəsildən-nəslə ötürür və qoruyur: "Dünya dəyişir, onun tələbləri və perspektivləri də dəyişir. Qloballaşan dünyada milli-mənəvi dəyəri qorumaq kimi məsələlər başqa şəkil alır. Bu gün ölkəmiz Avropaya inteqrasiya edir, beynəlxalq təşkilatlarda təmsil olunur, dünya birliyində öz mövqeyini gücləndirir. Belə olduqda xalqımız üçün vacib olan milli-mənəvi dəyərlər artıq yeni mərhələyə keçir. Burada artıq yeni informasiya vasitələri, əsasən informasiya-kommunikasiya texnologiyalarının rolu böyükdür. Düşünmürəm ki, nə vaxtsa bu mədəniyyət mövcud olmasın. Biz, Avropa məkanına məhz həmin dəyərlərimizlə maraqlıyıq. Dəyərlərimizi qorumaq və ona sahib çıxmaq hər ölkə vətəndaşının borcudur".
Media və Təhsil İnnovasiyalar Mərkəzinin rəhbəri Səidə Quliyeva isə bildirib ki, hər bir vətəndaş cəmiyyəti institutları milli-mənəvi dəyəqlərin qorunmasında əhali arasında maarıfləndirici iş aparmalıdır: "Bu gün dünya qloballaşır. Bu qloballaşma Azərbaycanda gənc nəslin təlim-tərbiyəsinə böyük təsir göstərir. Məqsədimiz sağıam gənc nəsil yetişdirməkdir. Bunun üçün isə əsas vəzifəmiz milli mənəvi və əxlaqi dəyərlərin qorunub saxlanmasında onların yanlarında olmaqdır. Düzdür, bu gün bir çox QHT-lər Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ildə iki dəfə ayırdığl qrantlar müqabilində milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi məsələləriylə bağlı layihələr həyata keçirirlər. Amma bu nunla işimizi bitmiş hesab etmək olmaz. Layihə müddəti bitdikdən sonra da biz öz gücümüz hesabına bu işi davam etdirməliyik".
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri çox vacibdir: "Əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə olmayan dövlət hüquqi dövlət ola bilməz. Bu təkcə mənim gəldiyim qənaət deyil. Şərq fəlsəfəsində bu məsələlərə münasibət min illərdir ki, bildirilib. Şərq mədəniyyətinin də elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Təəssüf ki, şərq siyasətçiləri, din xadimləri bu müdrikliyin xalqın mənəviyyatına keçmə mexanizminin yaranmasına mane olublar. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmanın mədəniyyət olduğu dərk olunmur. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bir sözlə, əhalinin keyfiyyəti aşağı düşür. Təəssüf ki, indi bizdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər boyu formalaşmış əxlaqi-mənəvi dəyərləri ciddi aşınmaya məruz qalıb. Fikir verin, məsələn, ailə zəminində qətl hadisələri nə qədər artıb! Elə başqa sahələrdə də. Buna televiziyalar, sosial mühit, rüşvətxorluq hallarının yayılması və s. hallar səbəb olur. Ona görə də böyük potensialımızın formalaşmaqda olan vətəndaş cəmiyyətinə ötürülməsində problemlər yaşanmaqdadır. Zənnimcə, hər bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən biri də əxlaqi-mənəvi məsələlərə diqqətin artırılmasıdır".


Cavid