Hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının qorunması Layihə

Hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının qorunması

Milli Fəaliyyət Proqramında bu kimi məsələlərə toxunulur

I yazı

Hüquqi dövlət quruculuğu prosesində insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsi, ardıcıl olaraq qorunması prioritet məsələ kimi öndə gəlir. Dövlətin varlığının qorunmasında sağlam puhlu, mənəvi cəhətdən güclü, inamlı insanlar təməl rolunu oynayır. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramında bu kimi məsələlərə toxunulur.
Milli Fəaliyyət Proqramının məqsədi "insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi" olaraq təqdim edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edillib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə yaranmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir".
Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi məsələsinə gəldikdə proqramda vurğulanır: "Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili, görüləcək tədbirlərin və onların icrasına məsuliyyətli dövlət qurumlarının müəyyən edilməsi zəruridir. Bununla əlaqədar olaraq, qeyd olunan prosesə aşağıda göstərilən qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə həmçinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatları cəlb edilir".
Milli Fəaliyyət Proqramında xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətini yaxşılaşdıran və onların hüquqlarının müdafiəsini tənzimləyən müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi məsələsi ilə bağlı vurğulanır: "Azərbaycan Respublikası hər bir vətəndaşının olduğu yerdən asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunmasına dair müvafiq dövlətlərlə və onların səlahiyyətli orqanları ilə müqavilələr bağlanılmalıdır".
"Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi" fəslində göstərilir ki, əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi..."
Milli Fəaliyyət Proqramında başqa məsələlərin də ardıcıl həlli məsələsinin qoyulması diqqəti çəkir: "Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi; Sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi; İşsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili; İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması; Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması; Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi; Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması; Ahılların hüquqlarının təmin edilməsi sahəsində tədqiqatların aparılması və monitorinq sisteminin təkmilləşdirilməsi; Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; Azadlıqdan məhrum edilmiş şəxslərin beynəlxalq standartlara uyğun saxlanılması məqsədilə yeni penitensiar müəssisələrin inşa edilməsi işinin davam etdirilməsi; Azadlıqdan məhrum edilmiş şəxslərin islah edilməsinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və ictimai nəzarət mexanizmlərinin tətbiq olunması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi; Qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili; Məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının hazırlanması; Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması;
Uşaqların tərbiyəsinə, tədrisinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması, habelə Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması; Uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi; Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq; Bölgələrdə zorakılıq və insan alveri qurbanları, kimsəsizlər, narkomaniyadan və alkoqolizmdən müalicəyə ehtiyacı olanlar üçün krizis mərkəzlərinin yaradılması; Ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən hüquq klinikalarının fəaliyyətinin dəstəklənməsi; əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi; Kütləvi informasiya vasitələri üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsi..."
Milli Fəaliyyət Proqramında "Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" adlı üçüncü fəsildə vurğulanır: "Şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerində və istintaq təcridxanalarında saxlanması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi. Bu sahədə aparılan davamlı tədbirlər həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində müsbət nəticələrə gətirib çıxarıb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) müəyyən edilib. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" 2011-ci il 24 iyun tarixli Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə Azərbaycan Respublikasının Ombudsman təsisatının müvafiq səlahiyyətləri və imtiyazları müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanında göstərilib ki, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Bu məqsədlə mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində elektron xidmət bölməsi yaradılmalı, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin siyahısı yerləşdirilməli və vətəndaşların həmin sənədlərlə birlikdə müraciətlərinin elektron qaydada qəbul edilməsi təmin edilməlidir".


Uğur