Konstitusiya quruluşunun əsasları Layihə

Konstitusiya quruluşunun əsasları

(əvvəli ötən sayımızda)

Yeni Konstitusiyanın II fəsli "Dövlətin əsasları" adlanır və 7-ci maddədə Azərbaycan dövləti xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili əsasları göstərilir. 7-ci maddənin III hissəsinə görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi "Dövlət hakimiyyəti", tamamilə hakimiyyətin bölünməsi prinsipi üzərində qurulmuşdur. V fəsildə qanunvericilik, VI fəsildə icra, VII fəsildə isə məhkəmə hakimiyyətindən bəhs edilir, onların təşkili və fəaliyyəti əsasları, hüquqi vəziyyəti, qəbul etdiyi aktların hüquqi qüvvəsi və s. kimi məsələlər müəyyən edilir. Yuxarıda qeyd edilənlərə bir qədər dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət budağının hakimiyyətin bölgüsü çərçivəsində eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların bölgüdə iştirak dərəcəsinin və onların öz aralarında münasibətlərinin müxtəlif olması aydın olar. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də Prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir. Azərbaycan Respublikasının Konstitusiyasında demək olar ki, bütün hakimiyyət orqanları hakimiyyətin bölünməsi prizmasından nəzərdən keçirilir və eyni şəkildə də təsbitlənir.
Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır. İdeoloji müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət səviyyəsində məcburi ideologiya kimi müəyyən edilmir. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas ideologiya olmamalıdır. Belə ideologiyanın Azərbaycan cəmiyyətinin əksər sosial təbəqələri və qrupları tərəfindən bəyənilməsi və himayə edilməsi lazımdır.
Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır. Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət - hüquqi dövlətdir. Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan - "Azərbaycan hüquqi dövlətdir" formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır. Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanun qüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya - dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə görə "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır". Həmin maddənin II hissəsində isə dövlət hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən olunur: "Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır", III hissədə isə "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir" müddəaları təsbit olunub.
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir ki, bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Bu bölmələr Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətini müəyyən edir. Xüsusilə, insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s.
Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması - heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim). Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri - dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir. Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir və s.
Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlərlə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir. Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda təsbit olunur. Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.
Dövlət rejimi - dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür. Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.

Cavid