Ahıska türkləri Layihə

Ahıska türkləri

1989-cu il Fərqanə hadisələri ilə əlaqədar təkcə Saatlı rayonunda 1286 ailə, 10000 nəfərdən çox Ahıska türkü yerləşdirilmişdi

VI yazı

Araşdırmaçı Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri və Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci mərhələsi ilə bağlı gedişatı belə təhlil edir: "Türkçülük zəminində etnik şüurun formalaşma amili olan özünü təsdiq formasının olmaması Fərqanə hadisələrində tam aydınlığı ilə təzahür etmişdi. XX yüzilliyin 80-cı illərinin ortalarından başlayaraq Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun dəstəyindən istifadə edən ermənilər xeyli fəallaşmışdılar. Onların təklifi ilə M.Qorbaçov SSRİ Baş Prokurorluğunun müstəntiqləri Telman Qdlyan və Nikolay İvanovun rəhbərliyi altında yoxlama qrupu təşkil edilməsi barəsində göstəriş verir. Bunların rəhbərlik etdiyi istintaq qrupu ilk dəfə olaraq Özbəkistan Respublikasına göndərildilər. Sonradan onların apardığı istintaq işlərinin saxtakarlıqla aparıldığı sübut olunmuşdu. Bəlli olmuşdu ki, bu qrup "pambıq pripiskası" adı altında Orta Asiya respublikalarına pul toplamaq üçün göndərilmişdi. Türk dünyasının qəddar düşməni olan qdlyanlar öz mənfur niyyətlərini həyata keçirmək üçün açıq-aşkar, heç kimdən çəkinmədən rüşvət toplayırdılar. Sonradan bəlli olmuşdu ki, həmin pullar onların öz mənfur niyyətlərini həyata keçirmək üçün - Ermənistandan, Qarabağdan Azərbaycan vətəndaşlarını didərgin salmaq üçün lazım imiş. Elə həmin günlərdə Özbəkistan KP Mərkəzi Komitəsinin katibi Osman Xocayevin heç bir inandırıcı səbəb göstərilmədən vəzifədən azad olunması və yerinə anası erməni olan Rafik Nişanovun Özbəkistan KP MK-nın birinci katibi təyin edilməsi məlum Fərqanə faciəsinin özülünün qoyulmasına səbəb olmuşdu. 1988-ci ildə məkrli deportasiya siyasətinə təkan vermək üçün Özbəkistanda qəsdən ortaya atılan "Ruslara ölüm!" şüarı riyakarcasına təxribatçılar tərəfindən Ahıska türklərinin adına çıxarılır. Məkrli təbliğatla inandırmağa çalışırdılar ki, guya bu fikirlər Ahıska türklərinə məxsusdur. Süni milli münaqişələr yaratmaq məqsədilə aparılan təbliğat Özbəkistanda yaşayan Ahıska türklərinin mənfi imicinin yaradılmasına, daha doğrusu, iki türk xalqı arasında düşmən münasibətlərinin formalaşmasına yönəldilmişdi. R.Nişanovun ermənipərəst mövqeyinin nəticəsi idi ki, etnokonfliktə xidmət edən təbliğatın qarşısı nəinki alınmadı, əksinə, sovet məkanında digər yerli milli münaqişələrin törədilməsi üçün münbit şərait yarandı".
Bu dəhşətli hadisənin bilərəkdən qarşısının alınmaması Özbəkistandan Ahıska türklərinin didərgin düşməsinə səbəb olmuşdu. Fərqanə hadisələri 1989-cu ilin may ayının 23-dən iyunun 8-dək davam etdi. Pulla tutulmuş və silahla təmin olunmuş dəstələr bu vandalizmi başqa yerlərdə də həyata keçirmək üçün Özbəkistanın Ahıska türkləri məskunlaşdığı digər vilayətlərinə üz tuturdular. Sır-Dərya vilayətində Fərqanədən gələn yük maşınları, avtobuslar saxlanılmış, yoxlanışdan sonra içində müxtəlif partlayıcı maddələrin olması aşkarlanmışdı. Fərqanədən gələn cinayətkar qrupdan çoxlu narkotik maddələr müsadirə olunmuşdu. 1989-cu ildə Fərqanədə Ahıska türklərinə qarşı törədilən bu cinayət əsl genosid, soyqırım idi. Evlərə od vurulur, uşaqlar, qocalar alov içinə atılır, hamilə qadınlar doğranılır… Bu və ya digər hadisələr ahıskalıların soykökünə, mənəviyyatına vurulan dəhşətli zərbədir. Bu hadisələr yerli insanlar tərəfindən deyil, regiona gətirilmiş, pulla ələ alınmış silahlı quldur dəstələri tərəfindən törədilirdi. Fərqanə hədisələrinin Saatlı rayonunun Varxan kəndində, Xaçmaz rayonunun Müşkür kəndində, Xızı rayonunda və başqa yerlərdə məskunlaşmış canlı şahidləri həmin hadisələri tükürpədici faktlarla təsdiqləyirlər. Saatlı rayonunun Varxan kəndində yaşayan Əhməd Mərdan oğlu Fərqanə hadisələri barədə dediklərindən: "Mən Fərqanədə taksi sürücüsü idim. Axşam olan kimi çoxlu avtobuslarla, yük maşınları ilə 10 minlərlə adam gətirib şəhərə boşaltdılar. Hamısı silahlı idi. Yerli polis onlara heç nə demirdi. "Türklərin evlərinə od vurun"- deyərək, bağıra-bağıra əllərindəki məşəllərlə evləri yandırırdılar. Səhəri gün ordu hissələri gəldilər. Sağ qalanları, şikəst olanları təyyarə limanına daşıdılar".
1989-cu il Fərqanə hadisələri ilə əlaqədar təkcə Saatlı rayonunda 1286 ailə, 10 000 nəfərdən çox Ahıska türkü yerləşdirilmişdi. Onlar inzibati binalarda, məktəblərdə, yerli adamlarla bir yerdə və çadırlarda yaşamağa başladılar. Köçkünləri işlə təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin təlimatına əsasən, orada toxuculuq fabrikinin, çini qablar və elektrik avadanlıqları zavodlarının filialları fəaliyyətə başladı.
Azərbaycanda ayrı-ayrı zavod, fabrik və digər müəssisələrin yardımından əlavə, Fərqanə qaçqınlarına rəsmi dövlət yardımı da nəzərdə tutulmuşdur. Dövlət fondundan 700 ton taxıl, 600 kq yağ, 900 kq çay, 2 ton gənd, müxtəlif ehtiyacların ödənilməsi üçün 100 min manatdan çox pul vəsaiti ayrılmışdır. Yeri gəlmişkən, bütün məktəbyaşlı uşaqlar təhsilə cəlb edilmiş, 2000-dən çox ahıskalının işlə təmin olunması nəzərdə tutulmuşdu. Fərqanədən didərgin düşmüş ahıskalıların məskunlaşması problemlərinə Saatlı rayon əhalisi tərəfindən ciddi yanaşılmış, onlar mehribanlıqla qarşılanmışdırlar. Yeri gəlmişkən qeyd edək ki, respublika mətbuatı ahıskalılarla bağlı bu və ya digər məsələlərin işıqlandırılmasına ciddi və sistemli şəkildə yanaşırdı.
Məsələn, Ə.Fərzəli "Elim sənə həyandır" adlı yazısında Saatlı rayonunda məskunlaşmış ahıskalıların çoxsaylı problemlərini qələmə almışdı (10 iyul 1990). Beləliklə, yenidənqurma adlandırılmış illərdə də Ahıska türkləri Krım tatarları kimi uğrunda mübarizə apardıqları öz haqlı tələblərini dünya ictimayyətinin diqqətinə çatdırmaq istiqamətində uğur qazana bilmədilər. Onlar özlərinin milli hüquqlarının bərpa edilməsi uğrunda mübarizəni genişləndirmək üçün yenidənqurma mərhələsindən istifadəyə cəhd göstərdilər. Onların qabaqcıl ziyalıları çox böyük çətinliklərlə maneələri dəf edərək, 1988-ci ilin avqust ayında Bakı şəhərində ahıskalıların I qurultayını keçirmişdi. Qurultayda SSRİ-nin müxtəlif yerlərindən gəlmiş 250 nümayəndə iştirak edirdi. Orada vətənə qayıtmaq naminə özlərini gürcü mənşəli hesab etmək istəyənlərin fikirləri dəf edilmişdi. Qurultayın təzyiqi altında gürcü mənşəyini, soykökünü qəbul etmiş Ahıska türkləri öz mövqelərinin səhv olduğunu iştirakçılar qarşısında etiraf etmişdilər. Bundan sonra qurultay Ahıska türklərini türk milləti kimi tanımaqla vətənə qayıtmağa nail olmaq uğrunda mübarizə aparmaq barədə qərar qəbul etmişdi. İştirakçılar və ümumiyyətlə, bütün ahıskalılar bu qurultayı "birlik qurultayı" adlandırmışdılar. Məhz 1988-ci ilin avqust ayında ümumittifaq televiziyasında ilk
dəfə olaraq Ahıska türklərinin liderləri ilə müsahibə efirə verilmişdi. Beləliklə, nəinki on milliyonlarla Sovet tamaşaçısı, eyni zamanda çoxmilliyonlu xarici seyrcilər də başı bəlalar, müsibətlər çəkmiş bu xalqın böyük faciəsindən xəbər tutmuşdular. SSRİ rəhbərliyi Ahıska türklərinin vətənə dönmək uğrunda apardıqları ardıcıl və fəal mübarizənin qarşısını almaq üçün qeyri-bəşəri vasitəyə əl atdı".
Ən dəhşətli faciə bundan ibarət idi ki, ahıskalılar bu dəfə də Özbəkistandan deportasiya olunaraq müxtəlif bölgələrə səpələndilər: "Özbəkistanı tərk etməyə məcbur olunmuş 74 min nəfər ahıskalıdan 17,5 mini Qazaxıstanda, 16 mini Rusiyada, 40 min nəfərdən çoxu Azərbaycanda özünə sığınacaq tapa bildi". 17 gün ərzində Özbəkistan ərazisindən didərgin salınmış Ahıska türkləri haqda təkcə təsdiq olunmuş rəsmi sənədlərdə köçürülənlərin sayısı aşağıdakı kimi göstərilmişdi: Səmərqənd vilayətindən 1310 ailə; Sır-Dərya vilayətindən 960 ailə; Daşkənd vilayətindən 556 ailə; Fəpqanə vilayətindən 2705 ailə; Əndican vilayətindən 200 ailə; Namanqan vilayətindən 50 ailə, cəmi 5781 ailə.
Özbəkistandan didərgin düşmüş 5781 ahıskalı ailəsindən bəziləri bu gün də öz yaxınlarını, qohumlarını axtarmaqda davam edirlər. Onlar Rusiyanın 25, Ukraynanın isə 5 vilayətinə səpələniblər. Tarixi ərazilərindən uzun müddət ayrı düşmüş, vətən həsrətinə dözə bilməyən ahıskalıların bir qismi - 1211 nəfər (186 ailə) deyilən şərtləri qəbul edib Gürcüstanda məskunlaşdılar. XX yüzilliyin 1990-cı illərinin əvvəllərində Gürcüstanda belə ailənin yalnız 35-i qalmışdı. Gürcüstanı tərk etməyə məcbur edilmiş insanların bir qismi - 323 nəfəri Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında məskunlaşdırılmışdı. Lakin 1989-cu il Fərqanə hadisələrindən sonra Azərbaycana köçürülən ahıskalılar üçün ilk günlər vəziyyət məlum səbəblərdən heç də yaxşı olmadı. Onların bir hissəsi
erməni təcavüzünün qurbanı olaraq, yenidən məcburi köçkün, qaçqın taleyi yaşamaq məcburiyyətində qaldılar. Belə ki, 1989-cu ildə Fərqanədən didərgin düşmüş ahıskalıların bir qismi Azərbaycanın Xocalı bölgəsində məskunlaşdırıldı. Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik olan digər əraziləri 90-cı illərdə erməni təcavüzkarlarının hücumuna məruz qalarkən onlar da təcavüzə məruz qaldılar. Öz müstəqilliyini yenicə qazanmış Azərbaycan dövləti erməni qoşun birləşmələrinin hücumuna məruz qalaraq, torpaqlarının 20%-dən çoxunu itirmiş oldu. Təkcə Xocalı şəhərində 300-ə qədər ahıskalı yerləşdirilmişdi. 26 fevral 1992-ci ildə Xocalı faciəsi zamanı Azərbaycana pənah gətirmiş ahıskalılar erməni-rus hərbi birləşmələri tərəfindən qətlə yetirildilər. Azərbaycanda məskunlaşan Ahıska türklərinin vəziyyəti başqa respublikalardakı soydaşlarımızın vəziyyətindən kəskin fərqlənirdi. Bu, ilk növbədə yerli xalqın ahıskalıları öz soydaşları kimi mehribanlıqla qarşılaması və qayğısı ilə izah olunmalıdır".

Uğur