Milli azlıqların təhsil və mədəni haqları qorunur Layihə

Milli azlıqların təhsil və mədəni haqları qorunur

Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, onların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Müstəqilliyin bərpasının ilk illərində - 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" fərman verdi. Fərmanda deyilirdi: "Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.
Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır".
Fərmanda daha sonra deyilir: "Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın". Fərmanda Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə, nazirlik və idarələrə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılır;
- milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanılması və inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə edilməsi;
- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;
- bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.
"Mədəniyyət haqqında" qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir. "Təhsil haqqında" qanunun 6-cı maddəsi və "Dövlət dili" haqqında qanunun 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı" haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədi daşıyır. Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin qarşısının alınması və onun cəzalandırılması, genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır.
Bunlarla yanaşı Azərbaycan beynəlxalq konvensiya da qoşulub. Bu da ölkəmizin mili azlıqların hüququnun qorunmasına çox böyük önəm verdiyini ortaya qoyur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənət festivalları keçirilir. 2006, 2008 və 2011-12-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilib.
Növbəti dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli azlıqların IV Respublika festivalı Dövlət Musiqili Teatrında qala-konsertlə başa çatıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ölkədə yaşayan bütün milli azlıqların Azərbaycan xalqının tərkib hissəsi, tolerantlığın və qarşılıqlı hörmətin dövlətin milli siyasətinin fərqləndirici xüsusiyyəti olduğunu vurğulayıb.
Festival "Doğma yurdum Azərbaycan" devizi ilə keçib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında festivalın seçim turları baş tutub, ukrayna, tatar, kürd, yəhudi icmalarının, habelə axıska türklərinin, respublikanın müxtəlif rayonlarının özfəaliyyət kollektivləri çıxış ediblər.
Qala-konsertdə Qəbələ rayonunun Nic kəndindən olan folklor kollektivi, "Tuqan tel" tatar ansamblı, Balakən rəqs ansamblı, Lənkəran, Astara və digər rayonların ansamblları çıxış ediblər. Festival çərçivəsində Muzey Mərkəzində milli azlıqların həyatını əks etdirən "Bir ailədə" adlı foto sərgisi, habelə "Etnik mədəniyyətlərin müxtəlifliyi və multimədəni ənənələr" mövzusunda "dəyirmi masa" keçirilib. Həmçinin "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" adlı 1000 nüsxədən ibarət Azərbaycan, ingilis, rus, fransız və alman dillərində olan albomun buraxılması nəzərdə tutulub.
Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var. Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Azsaylı xalqların dillərində təlim aparan müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər.
Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda "Təhsil siyasəti və milli azlıqlar" mövzusunda seminar keçirib, elə həmin noybarın son günlərində isə bu məsələ ətrafında Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilib. Bu gün Təhsil Nazirliyi ölkə Konstitusiyası, "Təhsil haqqında" qanunun tələbləri və Avropa Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir.
Azərbaycanda Əfqan Qaçqınları İcmasının rəhbəri Həmzə İmani bildirib ki, ölkədə yaşayan əfqanların mədəni irsinin qorunmasıylə bağlı heç bir problem yaşamırlar: "Azərbaycanda digər azsaylı xalqlar kimi əfqanlara da mədəni irslərinin qorunub saxlanılması və inkiaşf etdirilməsiylə bağlı sərbsətlik verilib. Biz hər il Novruzu və millətimizə məxsus bayramları qeyd edirik. Uşaqlarımız təhsil alırlar. Ümumiyyətlə, azərbaycanlılar kimi bizim də mədəni hüquqlarımız qorunur".
Onu da qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda yaşayan milli azlıqları hər il dərs vəsaitləri ilə təmin edir. Ehtiyac yarandıqca, onlar yeni dərslikləri hazırlayır, nazirlik isə çap etdirir. Nazirlikdən bildiriblər ki, əvvəlki illərdə talış, ləzgi, saxur, avar, ötən il isə udinlər üçün yeni dərsliklər çap etdirilib.
Yeri gəlmişkən, Azərbaycanda milli azlıqlara münasibət və qayğı beynəlxalq təşkilatlarda da yüksək qiymətləndirilib. Məsələn, ATƏT-in Vyanada yerləşən katibliyində ATƏT məkanında milli azlıqların təhsil problemlərinə həsr olunmuş konfransda Azərbaycan nümayəndə heyəti milli azlıqların təhsil məsələləri ilə bağlı Azərbaycan hökumətinin hesabatını təqdim edib. Qeyd edilib ki, çoxmillətli ölkə olan Azərbaycanda azsaylı xalqların hüquqları yüksək səviyyədə qorunur və onların nümayəndələri üçün geniş təhsil imkanları mövcuddur.
Azərbaycan hökumətinin milli azlıqların təhsil məsələləri ilə bağlı yürütdüyü siyasətdən bəhs edilib. Milli azlıqların təhsil məsələlərinə dövlət səviyyəsində diqqət göstərildiyi, Azərbaycanın bu sahədə nümunəvi ölkə olduğu vurğulanıb. Eyni zamanda, milli azlıqların nümayəndələri üçün orta məktəblərdə dərslərin ana dilində tədrisinin təşkil olunduğu, tədris edilən fənlər üzrə dərsliklərin şagirdlərə pulsuz paylandığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkədəki xalqlar arasında qarşılıqlı hörmət və tolerantlığın hökm sürməsi polietnik Azərbaycanı regiondakı digər, xüsusilə də tam monoetnik quruluşa malik ölkələrdən fərqləndırən xüsusiyyətlərdəndir. Konfransda Azərbaycanda milli azlıqların təhsil məsələləri ilə bağlı görülən işlər təqdir olunub və bu sahədə bütün öhdəliklərin yerinə yetirildiyi qeyd edilib.

Cavid