Lahıcların adət-ənənələri Layihə

Lahıcların adət-ənənələri

Lahıclılar həmişə hazırcavab və yumor hussi güclü olan insanlar kimi tanınıblar

II yazı

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yaşayan pedaqoq Dadaş Əliyev araşdırmalarında bildirir ki, epik növün digər mühüm janrı sayılan nağılların Lahıc folklorunda yeri çox əhəmiyyətlidir: "Lahıc nağıllarının spesifik əlaməti onlarda şah nəslindən olan və sənətkarlar zümrəsindən qəhrəmanların, div, cin və Simurq quşu kimi sehrli qüvvələrin geniş yer tutmasıdır. Ancaq bəzi nağıllarda Azərbaycan (türk) nağıllarına xas olan keçəl və ovçu obrazları, öküz, inək, qurd, ilan və s. totemlərə rast gəlmək olur. Qeyd etmək lazımdır ki, dil və mənşə yaxınlığına görə Lahıc follklorunda xüsusən də nağıllarda İran folklorunun təsiri həmişə güclü olub.
Nağılların arasında ibrətamiz fikirlərlə nəticələnənləri də az deyil. "Süleyman peyğəmbər və sərçə" nağılında olan kimi. Süleyman peyğəmbər sərçəni hədələyir, sərçə də Süleyman peyğəmbəri. Peyğəmbər ondan soruşanda ki "Sən mənə nə edə bilərsən?" Sərcə cavab verir ki, özümü bir yetimin ocağındakı külə bülayaram və həmin külü taxtının üstünə çırparam. Yetim ocağının külü səpələnmiş ev 40 günə viran olur deyirlər".
Lahıc folklorunda nağıl söyləyiciləri vaxtilə çox olub: "Uzun qış gecələrində güclü yaddaşı və geniş mütaliəsi olan, habelə bəlağətli, məzəli danışığa malik söyləyicilər məscidlərdəki yığıncaqlarda, sənətkarlıq emalatxanalarında manqal ətrafında, qış evlərində qurulan kürsülərin arxasında nağıllar söyləyirdilər. Nağıldan qabaq dinləyicilər xahiş edərdilər ki, bu gecə də bir kasıbı taxta qaldırıb şah elə. Hətta elə nağıllar olurdu ki, onu 2-3 günə çətinliklə başa vururdular. İndi də o nağıllara qulaq asanlar həmin söyləyicilərdən böyük bir heyranlıqla danışırlar. Onlar az savadları ilə elə gözəl nitqə malik idilər ki, istənilən auditoriyanı uzun müddətə dinləyici qismində gərginlik içində saxlaya bilirdilər və bunu etmək üçün hər bir nağılı yerli şəraitə və həmin mühitdəki insanlara uyğunlaşdırır, son nəticədə hər kəs özünü az müddətə də olsa, nağılın qəhrəmanı kimi hiss edə bilirdi".
Araşdırmaçı daha bir maraqlı məqama diqqəti çəkir: "Məsələnin diqqət çəkən tərəflərindən biri hər iki dildən istifadə etməklə nağılların söylənilməsidir. Xüsusən girişdə nəzm formasında olan pişrov parçaları adətən azərbaycanca, nağılın əsas hissəsi lahıcca söylənilirdi. Lahıcın özündə yaranmış nağıllar o qədər də çox deyil, bu nağılların içərisində Azərbaycanda söylənən və İranda məşhur olan motivlərin əsasında qurulan nağıllar daha çox yer tutur".
Lahıclılar həmişə hazırcavab və yumor hussi güclü olan insanlar kimi tanınıblar. Azərbaycan folklorşünaslığında qaravəlli kimi tanınan janra bu insanların söylədiklərini aid etmək olar, çünki onlar real həyatla bağlı olan hadisələrə bir az tənqidi, bir az da məzəli baxışları əks etdirir. Məsələn, oğrular oğurladıqları əşyaları bölüşdürmək istədikləri zaman qarışıqlıq salan olur. Başçıları deyir ki, ay qardaşlar, bir az ədalətli olun, bu dünyada halal-haram var. Onların qəribə məntiqi adamda istehza doğurur.
Qaravəlli janrı nağılla lətifə arasında ortaq bir janrdır. Lətifə dünya folklorunda ən çox və asan yayılan, hər zaman yeniləşən, yeni qəhrəmanlar yetirən bir janrdır. Burada Şərqin ənənəvi lətifə qəhrəmanları olan Bəhlul Danəndə, Molla Nəsrəddinin iştirak etdiyi lətifələr çoxluq təşkil etsə də, Qulu Şeyda adında artıq sağlığında məşhurlaşmış bir lətifə qəhrəmanı vardı ki, hər sözündə bir məzə, incə eyham və dərin məntiq hiss olunurdu. İlk baxışda adi görünən sözü elə deyirdi ki, gülüşün hədəfi o andaca məlum olurdu: bir müddət bir müştəriyə süd satmış Qulu Şeyda ondan nə bişirəcəyini soruşanda "sıyıq" deyərək cavab verir. Qulu məsləhət görür ki, südə daha su qatmasın, çünki lazım olan qədər qatılıb.
Ancaq Lahıc lətifələrində daha bir qəhrəman da var, məsələn, Kələəmülə ("Böyük əmi"). Bu qəhrəman avamlığı ucbatından bəzən sadəcə qəribə məsləhətləri ilə gülünc vəziyyətə düşür, amma bunu normal bir hal kimi qələmə verir. Bir gün Kələəmüləni ağlayan görən lahıclar ondan səbəbini soruşanda deyir: "Ona ağlayıram ki, mən öləndən sonra sizə bu ağıllı məsləhətləri kim verəcək". İndi də qəribə bir iş görən adamı "Kələəmülə" adlandıran lahıclar az deyil. Lətifə janrı Lahıc folklorunda çox sevilirdi. Rus şərqşünası və tat dili tədqiqatçısı Vsevolod Millerin "Tat etüdləri" kitabına daxil etdiyi 12 folklor nümunəsindən 6-sı məhz lahıcca söylənilmiş lətifə olub. Lahıcda lətifələr adətən lahıcca söylənilər, amma onlardan, xüsusən də Bəhlul Danəndə və Molla Nəsrəddinin adı ilə bağlı olan lətifələrdən çıxan nəticələr ifadələr formasında məsəl kimi azərbaycanca səslənərdi: "Sən çaldın", "Qoyunu qoyun, keçini də keçi ayağından asırlar" və s."
Lahıc folklorunda atalar sözləri və məsəllər xüsusi yerə malikdir: "Onların içərisində Azərbaycan və fars dillərindən lahıc dilinə çevrilərək səsləndirilən, yaxud elə azərbaycanca orijinalda söylənən və lahıclıların özlərinin yaradıcılıq məhsulu olan nümunələr var. Məsələn, "Pötıra bı ləiftı görə duroz soz ("Ayağını yorğanına görə uzat") iki dildə, "Cücəni payızda sayarlar" Azərbaycan dilində, "Qəribə səyə dımi bə ara lingi ımbı ("Qərib itin quyruğu ayaqlarının arasında olar")" isə yalnız lahıcların dilindədir.
Atalar sözləri ilə yanaşı məsəllər də diqqət çəkən janrlardan biridir. Məsələn, Qulam Səməd adlı bir kişi heç kimə qulaq asmır, özünü də atla bərabər vurur gur sulu çaya, su onu alıb aparır. Nəticədə belə bir məsəl yaranır, ölümə gedən adam üçün deyrirlər ki ,"Raft bı tan Qulom Səməd ("Getdi Qulam Səmədin yanına")."
Epik növün maraq doğuran janrlarından biri də tapmacalardır: "Lahıc folklor mühitindəki tapmacalara diqqət edək. Hətta elə adamlar vardı ki, çoxlu tapmaca deməkdə ustad sayılırdılar və onlarla yeni tapmacanın müəllifi idilər. Belə tapmaca söyləyicilərindən biri Mədinə Əli Zərgər adında qadın idi. Onun tapmacalarından biri belə idi:

Şütür bımırd ə loğəri,
Nə dər havo , nə dər xori,
Nəziki şom, sıbhi səböh.

Tərcüməsi: Dəvə arıqlayıb öldü, nə yerdə, nə göydə, nə axşam, nə də səhər (Körpü).
Bu tapmacalar bəzən söyləndiyi məqamlardan ta cavabı tapılan günə qədər çoxlu mübahisələrə və axtarışlara səbəb olurdu. Lahıc folklorunda epik janrlarla yanaşı lirik janrlarda da nümunələrə də rast gəlinir. Lirik növün şifahi ədəbiyyatda ən qədim janrı sayılan müxtəlif sənət-peşələrlə bağlı nəğmələrini aid etmək olar. Bu da təbii ki, Lahıcın folklor mühiti ilə izah olunan bir məsələdir. Həmin nəğmələr məhz Lahıcda oxunurdu. Məsələn, misgər belə oxuyurdu:

Man misgərum dırıst minum çı güyi
Mən misgərəm, nə desən düzəldərəm
Tava, gajqun, kəfgir, bəsdı ye söyi
Tava ,qazan fkir, güyüm və sovça
A xudoman rozi birom man doim
Mən daim allahımadan razıyam
Ruzimənə vorde bı dər ü doim
Çünki ruzimi daim qapıma gətirib

Nəğmələrlə bərabər Lahıc folklorunda az sayda mahnılar da var: "Az olmasının da səbəbi bu idi ki, toylarda xanəndələr ancaq Azərbaycan dilində oxuyurdular. Belə mahnılara "Tütixanım", " Çimnaz xanım" və b. aid etmək olar. Məsələn, "Tütixanım" mahnısında cehizinin azlığına görə ağlayan qızın şikayətindən bəhs olunur:

Tüti xola bə birun dəro, bülbüli vorusdan
Girum tıra ə dəsontı nə bilum parısdan
Vaxsim birem umun ba busdun, ürə be koşdan
Çiletıra cihizi kəmi, nişde bə giresdan.

Lahıc folklorunda uşaq folklor nümunələrinə də rast gəlinir. Belə bir düzgünü nümunə gətirmək istərdim:

Rafdum ba buni qozi
Duto qəloğ bı vozi
Ye sanq şundum na rasi
Dı sanq şundum na rasi
Numasuz şundum dəyəsi
Döyüsdum, parısdum
Ə viniman xun umo
Xuno dorum bı xori
Xori be man güvö do
Güvorə dorum bə gısband
Gısand e man dımbə do
Dımbə rə dorum bı qari
Qari be man fatil do
Fatilə dorum bə məllö
Məllö be man kitob do
Kitoba dorum bə xudo
Xudo be man ımır do.

Tərcüməsi:

Getdim məscid damına
İki qarğa oyununa.
Bir daş atdım çatmadı,
İki daş atdım çatmadı,
Kösövü atdım alışdı,
Yüyürdüm, sonra yıxıldım.
Burnumdan qan açıldı,
Qanı verdim mən yerə
Yer mənə otu verdi,
Otu verdim qoyuna,
Quyruğu qoyun verdi.
Quyruğu verdim qarıya,
Fətiri qarı verdi,
Fətiri verdim mollaya
Kitabı molla verdi
Kitabı verdim Allaha
Ömürü Allah verdi.

Hər bir xalqın folklorunda mərasimlərini önəmli yeri bəlli məsələdir. Mərasim folklorunun əmələgəlmə səbəbi təbiətin və insan həyatının mərhələlərinin müxtəlif xüsusi mərasimlərlə müşaiyət olunmasıdır. Bir qayda olaraq qış və yaz mövsum mərasimləri ilə zəngin olur. Qonşuların çillə ərəfəsində bir-birinin evlərinə yığışması, müxtəlif çərəzlər və yeməklərin (hədik, qovurğa, qara halva, təndirdə boranı külləməsi, boranının dilimlər halında bişirilməsi , nəzirlik səməninin bişirilməsi, ət və buğdadan hazırlanan hərisə yeməyi) hazırlanması, maraqlı nağıl və məzəli əhvalatların söylənilməsi qış mərasimlərinin əsas əməlləri idi. Xıdır Nəbi bayramı geniş şəkildə keçirilməsə də, bu mərasimlə əlaqədar hətta yarı acımış və ya acımış xəmirdən adına "xıdıri" deyilən xüsusi çörək növü bişirilirdi.
Artıq yazın yaxınlaşması ilə əlaqədar çərşənbələr qeyd olunardı. Əsasən gənc oğlan və qızlar çərşənbə axar su başına gedər, od qalayar, odun və suyun üstündən atılardılar.
Pırənbəri çərşənbələr günü əsasən südlə bişirilən südaşı yeməyi idi, amma həmin gün başqa yeməklər bişirilərdi. Bulaqdan, yaxud axar sudan evlərinə gətirilən sudan həyətlərinə səpərdiər. Hər çərşənbə insanları yaxşı günlərə bir addım yaxınlaşdırır deyə düşünürdülər.
Azərbaycan folklorunun lirik növünün şah janrı hesab edilən bayatı Lahıc folklorunda da özünə yer tapa bilib. Bu bayatılar əsasən azərbaycanca oxunurdu və bəzilərinə Lahıcla bağlı detallar da daxil edilirdi:

Stəkanım qanlıdır
Əl dəymə , dərmanlıdır,
Əslimi xəbər alsan,
Əslim girdimanlıdır.

Uğur