“Azərbaycan dövlətini tolerant dövləti hesab etmək üçün bütün konstitusion əsaslar mövcuddur” Layihə

“Azərbaycan dövlətini tolerant dövləti hesab etmək üçün bütün konstitusion əsaslar mövcuddur”

İsaxan Vəliyev: "Faktiki olaraq, Konstitusiyada tolerantlığın aşağıdakı növləri təsnifləşdirilib"

"12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına nəzər salsaq görərik ki, əsas Qanunumuzda insan və vətəndaş hüquqlarına və azadlıqlarına ayrılmış fəsil 48 maddədən ibarət olmaqla, ən böyük fəsillərdən birini təşkil edir ki, burada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulmuş, insan və vətəndaş hüquqlarını və azadlıqlarını göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Konstitusiyada insanın bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, əmək hüququ, sağlamlığının qorunması hüququ kimi əsas təməl hüquqları öz əksini tapmış, faktiki olaraq, insanların konstitusion bərabərliyinə təminat verilib, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilib. Təhlil göstərir ki, Azərbaycan dövlətini tolerant dövləti hesab etmək üçün bütün konstitusion əsaslar mövcuddur. Faktiki olaraq, Konstitusiyada tolerantlığın aşağıdakı növləri təsnifləşdirilib: Milli və irqi tolerantlıq, gender tolerantlığı, əlillərə münasibətdətolerantlıq, dini tolerantlıq, siyasi tolerantlıq, elm və təhsil tolerantlığı, təbəqələr, siniflərarası tolerantlıq və s". Bunu AMEA Fəlsəfə və Hüquq İnstitutunun cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev öz yazısında qeyd edib. O bildirib ki, milli və irqi tolerantlığın ən böyük göstəricisi Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə bağlıdır: "Bu, ilk sənəddir ki, onun qəbulu zamanı çoxmillətli Azərbaycan xalqı vahid bir millət kimi birləşərək Konstitusiyanın qəbuluna səs verdilər. Bu, onunla şərtləndirilirdi ki, hər bir şəxs milliyyətindən, dinindən, dilindən və s. asılı olmayaraq, öz dövlətinin qurulmasına səs verirdi. Bu proses sonradan Azərbaycan Respublikası prezidentliyinə seçkilərdə də dəfələrlə təkrar edildi. Konstitusiyaya görə, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Erməni işğalçılarının torpağımızın 20 faizdən artıq hissəsini zəbt etdiyi bir şəraitdə çoxmillətli Azərbaycan xalqının birləşərək işğalçılara qarşı bir millət kimi çıxış etməsi də respublikamızda mövcud olan tolerantlığın nümunəsidir. Fikir verin müxtəlif kiçik xalqların nümayəndəsi olan neçə-neçə milli qəhrəmanımız mövcuddur, Azərbaycan torpağının qorunması uğrunda milliyyətindən asılı olmayaraq nə qədər vətəndaşımız canından keçib. Tolerantlığın ən çox təhlil olunan forması dini tolerantlıqdır. Əslində, bu forma o qədər təhlilə məruz qalmışdır ki, insanların çoxu tolerantlıq dedikdə, ilk növbədə, bəlkə də, bir qayda olaraq, dini tolerantlığı göz önünə gətirir. Mən də bu məsələ üzərində dayanmaq istərdim. Çünki, dünyada baş verən hadisələr fövqündə dini tolerantlıq daha böyük aktuallıq kəsb etməyə başlayıb. Azərbaycan Respublikası qanunvericilyi din və dövlət münasibətlərinin tənzimlənməsi baxımından da Azərbaycanın tolerant bir dövlət kimi xarakterizə edilməsi üçün kifayət qədər dayanıqlı hüquqi baza yaradıb. Konstitusiyanın "Din və dövlət" adlanan 18-ci maddəsində bəyan edilib ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir; insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır; dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır".
O əlavə edib ki, dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununda bu məsələ bir qədər də konkretləşdirilmiş və qeyd edilib ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var: "Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Qanunda daha sonra göstərilir ki, dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər.
Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər".
Onun fikrincə, bütövlükdə götürdükdə "Dini etiqad azadlığı haqqında" Qanun dövlət və dini qurumlar, din və məktəb, dini icma, dini idarə və mərkəzlər, dini təhsil, dini qurumların dövlət qeydiyyatına alınması, onların ləğvi, dini qurumların mülkiyyəti, istehsal və təsərrüfat fəaliyyəti, dini ayin və mərasimlərin keçirilməsi, ümumiyyətlə, din və onunla əlaqəli olan təsisatlar arasında olan münasibətləri təfərrüatı ilə tənzim edir: "Xarici aləmə açıq olan ölkəmizdə ayrı-ayrı dövlətlərin iri şirkətləri, səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, humanitar yardım və xeyriyyə təşkilatları, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir.
Demokratik və müxtəlif dinlərə sərbəst etiqadın təmin edilməsi həm də bəzən qeyri-ənənəvi dini cərəyanlardan törənən sektaların cəmiyyətimizə nüfuz etməsinə müəyyən dərəcədə şərait yaradır. Bu proseslərin dövlət səviyyəsində və qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri kimi dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə müvafiq dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması müəyyən edilib.
Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən qurumun yaradılmasının təkcə dövlət üçün deyil, eyni zamanda, dini qurumlar üçün də əhəmiyyətli olduğu artıq təsdiqini tapıb. Son 10 il ərzində dövlət başçısının qayğısı nəticəsində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində əsaslı təmir, bərpa və yenidənqurma işləri başa çatdırılıb. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Gəncə şəhər İmamzadə ziyarətgahında müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə 7 məscid və ziyarətgah - Daşkəsən şəhər Cümə məscidi, Gəncə şəhər Şah Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi Möhsün Səlim və İmam Rza məscidləri inşa və ya əsaslı təmir olunub.
Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar.
Ulu öndər Heydər Əliyev bu barədə deyibb: "Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır…"

Əli