Mədəni davranış əsasında dayanan mədəniyyət... Layihə

Mədəni davranış əsasında dayanan  mədəniyyət...

Şakir Albalıyev: "Hər şeydən əvvəl bunu xalqın milli-mənəvi dəyərlərində axtarıb tapmaq, görmək lazımdır"

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev yazır: "N.Cəfərov, M.Çobanov, Q.Paşayevanın həmmüəlliflikləri ilə yazılmış "Azərbaycanşünaslığın əsasları" (Bakı, AzAtaM, 2013) adlı dərs vəsaitində oxuyuruq: "Tarixi mənbələrin verdiyi məlumatlardan məlum olur ki, türklər Azərbaycanda və həmhüdud bölgələrdə nə qədər böyük ictimai-siyasi nüfuza malik olsalar da, İran, Qafqaz və başqa mənşəli etnosları bilavasitə sıxışdırmadılar (onlarla əsasən əmin-amanlıq şəraitində yaşadılar), onlarla düşmənçilik etmədilər. Buna baxmayaraq, qeyri-türk mənşəli bəzi etnoslar özlərini nəinki türklərdən, hətta həmtayfalarından belə təcrid etməyə meyl göstərdilər. Lakin Azərbaycan türklərinin birləşdiricilik yönümlü münasibətinə uyğunlaşaraq onlarla yaxından ünsiyyətə girdilər və beləliklə də Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü oldular..."
Burada çox incə, həssas məqamlar ifadə olunub: böyük ictimai-siyasi nüfuz sahibi olan azərbaycanlıların (Azərbaycan türklərinin) ərazidə məskunlaşmış yad etnoslara qarşı birləşdiricilik yönümlü münasibəti tarixən onların Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləri kimi yaşamasına səbəb olub. Bəs bu "birləşdiricilik yönümlü münasibət" özünü tarixən nədə təcəssüm etdirib ki, Azərbaycan ərazisi dünya xalqlarının həmrəylik məskəninə dönüb? Məncə, bu suala bir qədər poetik fonda cavabı XX əsrin əvvəlində xalqımızın dahi mütəfəkkiri Hüseyn Cavid çox sərrast bir aforizmdə ifadə edib:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Mədəniyyət, mədəniyyət, mədəniyyət!

Qədim türklər Turan imperiyasını qurarkən zor vasitəsi olan silahdan - o dövrün ənənəvi silahı olan qılıncdan daha çox mədəniyyətə əsaslandılar. Qılınc zor edə bilmədiyini əmin-amanlıq vasitəsi olan söz öz missiyasını əməli-praktik yaşam tərzi forması olaraq mədəni davranış timsalında həyata keçirdə bildi. Beləcə, mədəniyyət faktoru Türk dünyasına – Turan məmləkətinə qılıncdan da kəsərli-yetərli bir qüvvət oldu. Bəşər nəsli mədəni sivilizasiyaya tabe oldu. Qədim Şərq – qədim Türk elləri bütün dünyaya, bəşəriyyətə mədəniyyət yayıcıları kimi özünü, sözünü, gücünü diqtə etdirdi. Türk öz quluna da – əsirinə də insanlıq nümayiş etdirirdi, böyük mədəniyyət nümunəsi göstərirdi. Buna görə də xalqımızın filosof-şairi Hüseyn Cavid Turana qılıncdan daha kəskin, ulu qüvvətin məhz onun mədəniyyəti olduğunu bəyan edirdi. Bəli, türklər mədəni dəyərlərə tapınmaqla mədəniyyəti əldə bayraq etməklə bütün dünyaya öz iradəsini yeridə bildi.
Qədim türklərin mənəvi varisləri olan Azərbaycan dünyası da – Azərbaycan türkləri də yuxarıdakı sitatda göstərildiyi kimi, "Nə qədər böyük ictimai-siyasi nüfuz yiyələri olsalar da, digər xalqlarla qılınc davasına qalxıb düşmənçilik etmədilər". Çünki "Azərbaycan türklərinin birləşdiricilik yönümlü münasibətləri" - yəni zəngin mənəvi mədəniyyəti var idi ki, bu mədəni davranış, yüksək əxlaq tipi yad etnosları da özləri ilə mehriban ünsiyyətə çəkərək, onları Azərbaycan cəmiyyətinin könüllü, bərabərhüquqlu üzvləri olmağa vadar etdi".
Bəs bu mədəni davranışın əsasında dayanan mədəniyyət özünü hansı formalarda təzahür etdirirdi? Ş.Albalıyev: "Hər şeydən əvvəl, bunu xalqın milli-mənəvi dəyərlərində axtarıb tapmaq, görmək lazımdır. Bu milli-mənəvi dəyərlərin bariz ifadəsi isə xalqın folklor dünyasında öz əksini tapır. Folklorumuzun ən kiçik ölçülü, lakin böyük hikmətlər, dərin mənalar ifadə edən janrlarından olan atalar sözlərimiz birbaşa xalqımızın etnik psixologiyasının ifadəçisi olmaqla yaşam dünyamıza – həyat amalımıza güzgü tutur. Bu baxımdan səciyyəvi bir nümunə üstündə dayanmaqla fikirlərimizin davamını (şərhini) verək. Söymə nökər dədəmi, söyməyim bəy dədəni. Yaxud: özünə qıymadığını özgəsinə qıyma (özünə rəva görmədiyini başqasına rəva bilmə). Bu, xalqımızın - azərbaycanlıların həyata baxış tərzinin ifadəsidir.
Bu, azərbaycanlıların əxlaq kodeksidir, təbəqələr, insanlar, ayrı-ayrı irqlər, millətlər arasındakı birləşdiricilik yönümlü münasibətidir, barışdırıcılıq, geniş mənada xalqlar arasında həmrəylik duyğularının etnopsixoloji ifadəsidir, xalqlararası sülh siyasətidir. Məhz belə bir müdrik xalq düşüncəsi tarixən vətənimizdə multikultural bir məkanın olmasına münbit zəmin yaratmış oldu və ona görədir ki, doğma respublikamızın ərazisi müxtəlif çeşnilərdən toxunmuş əsrarəngiz ilmələrlə bəzədilmiş nəhəg xalını xatırladan ayrı-ayrı etnos və millətlərin həmrəylik və qardaşlıq birliyində birləşən ümumi vətənə dönüb. Xalqımızın dahi mütəfəkkiri H.Cavid başqa bir məqamda elə ifadə edib: Mədəniyyətin sonu vəhşətmidir (vəhşilikdirmi), nədir, əcəba (görəsən)? Bax bu cür ittiham edirdi bəşəriyyəti dahi filosof. Görürdü, anlayırdı ki, mədəniyyət adı altında antimədəniyyət tüğyan edərək, insanlıq dünyası mənəvi iflas həddinə yetişəcək. Nüvə silahları, reaktiv bombalar və s. alimlər tərəfindən bəşəriyyətə xeyirxah məqsədlərlə xidmət etmək üçün icad edildiyi halda, bundan antihumanist zorakılıq əməlləri törədilirsə, bu, bəşər mədəniyyətinin sonucda vəhşiliyə doğru yuvarlanması deyilmi? Məhz dahi filosofumuz, xalqımızın böyük övladı H.Cavid bu kimi mənəvi fəsadlara işarə ilə yuxarıdakı misrasını işlədib. Bəli, insan ağlı, insan zəkası insanlığa xidmət etməlidir. İnsan isə sosial varlıq olmaqla mənəvi varlıqdır, belə olduqda isə insanlıq anlayışı altında mənəvi varlıq – mənəviyyat məfhumu dayanır. Mənəviyyat isə öz həyati ifadəsini, real görüntüsünü mədəniyyət hadisəsində tapır. "Qızım, sənə deyirəm, gəlinim, sən eşit" - deyən xalqımız mədəniyyəti özündən başlayıb, tənbehi əvvəlcə özününkünə edib, bundan da başqasının – yadın ibrət götürməsini istəyib. Bax budur azərbaycanlı milli mentalitetinin özünəməxsus ifadə forması və başqalarına öz əməllərindən nümunə göstərmək mədəniyyəti!"
Azərbaycanlıların ailə-məişət mədəniyyəti özü bütün dünyaya ta əzəl çağlardan bir örnəkdir: "Azərbaycanlı ailəsi bütöv sarsılmaz bir dünyanın ictimai formadakı özək qatıdır. Ta qədimdən azərbaycanlılarda monoqam ailə tipi mövcud olub. Bu, nə deməkdir? Bu, qadına olan hörmətin, verilən dəyərin yüksək təzahür formasıdır. Azərbaycan xalqı monoqam ailə tipinə sadiqliyini qoruyub saxlayıb. Etnosumuzun düşüncəsinə görə qadın-qız ailənin, nəslin, tayfanın namusu-şərəfidir, qadın-ana müqəddəsdir və Ana haqqı - Tanrı haqqı deyə ana əziz, müqəddəs tutulub dəyərləndirilib. Beləcə, qız-gəlin, qadın, ana ucuz tutulmayıb, anaya yüksək dəyər verilib. Ailə isə cəmiyyətin, dövlətin əsası deməkdir. Bir yerdə ki, anaya, ailəyə – kiçik dövlət olan ailəyə hörmət var, o yerdə dövlət də möhkəm əllərdə olar, dövlətçilik də inkişaf, tərəqqi edər. Eyni zamanda orada - ailə daxilində də mehribanlıq hökm sürər, bu mehribanlıq telləri isə qonşuya, qonşudan da ətraflara – yad etnoslara da münasibətdə bərqərar olub, möhkəmlənər".
Bu kimi incə məqamlara nəzərən qətiyyətlə onu da iddia edə bilərik ki, Azərbaycan ölkəsi bir poliqon kimi əcnəbi millətlərin, xarici ölkələrin gözü ilə Azərbaycana kənardan seyrçi nəzərlə baxılsa, həm də interkultural bir məkandır. Tədqiqatçı Niyaz Niftiyevin bu məqamla bağlı söylədiklərinə diqqət etsək, bir daha dediyimizin təsdiqini görərik: "İnterkulturalizm həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif, çeşidli və fərqli mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və anlaşmanı təşviq edən fəaliyyətlər deməkdir".
Ş.Albalıyev: "Konkret həyati misallara müraciət yolu ilə dediklərimizi əsaslandıraq. AMEA-da laboratoriya müdiri vəzifəsində çalışan əmimiz qızı ilə bir yerdə bir gənc rus qızı da işləyirdi. O qızı mən də görmüşəm. Bəzən elə olurmuş ki, laboratoriyada aparılan işlər uzandığından, iş vaxtından bir qədər gec işdən çıxmalı olurmuşlar. Bu vaxtlar həmin rus qızının atası (qızın anası rəhmətə gedibmiş) zəng edib qızının evə niyə gec gəlməsindən narahat olduğunu bildirirmiş. Şöbə müdiri olan əmimiz qızı ona narahat olmaması üçün təskinedici sözlər deyib, işin çox olması ilə bağlı gecikməsini səbəb gətirsə də, yenə də kişi qızının evə vaxtında gəlib çıxmamasından narahat bir hal alarmış. Düzü, mən bu məlumatı ilk dəfə eşidəndə, təəccüblənərdim ki, axı ruslar üçün evə gec gəlməyə nə qoruq-qaytaq?.. Yəni ruslar da qızlarının evlərinə bir qədər gec gəlməsindən narahat olarlarmı? – deyə düşünüb, xəyala dalardım.
Digər bir fakt. Yenə Bakıda doğulub-yaşayan bir rus ailəsində ailə qurub-boşanmış bir rus qızı səhhəti ilə bağlı həkimə müraciət edir. Müayinənin nəticəsi olaraq həkim rus qızına xəstəliyinin ötüb-keçməsi üçün bir kişi ilə ailə həyatı yaşamasını məsləhət görür. Lakin həmin rus qızı yenə həkimin bu müalicə üsulu kimi etdiyi təklifi qəbul etmir və bildirir ki, qanuni yolla ər-arvad kimi yaşamayacağı heç bir kişi ilə yaxınlıq etməyəcək.
Bu epizodları niyə misal gətirirəm? Ona görə ki, bir etnos-xalq olaraq rus milli düşüncəsi üçün, bir din daşıyıcısı olaraq xristian bir kəs üçün xüsusilə təəccüblüdür. Axə bakirəlik anlayışı bizim xalq üçün mühümdür, müqəddəsdir. Yeri gəlmişkən elə buradaca bir məqamı da qeyd edim ki, Azərbaycandan köçüb gedən bir çox erməni ailələri də Yerevanda, Ermənistanda yerli ermənilərin ermənisayağı, xristiansayağı əməlləri ilə uyğunlaşmadıqlarından, oradan başqa xarici ölkələrə mühacirət etdilər. Belə ki, Ermənistanda yaşayan ermənilər Bakıdan, Azərbaycandan köçüb gedən öz soydaşlarının – Azərbaycan ermənilərinin qız-gəlinlərinə həyasız münasibət göstərib, namussuzluq etdiklərindən, onlar da bu cür rəftarı qəbul etməyib, tamamilə yad məmləkətlərə – Rusiyaya və s. yerlərə köçmək məcburiyyətində qalmışdılar. Bunu ermənilər özləri etiraf edib danışırmışlar. Bütün bunlar nəyin göstəricisidir? Azərbaycan ərazisində uzun müddət qalıb məskunlaşan, yaşayan Azərbaycan vətəndaşları dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının milli mədəniyyətinin təsiri altına düşüb, yaxşı mənada assimilyasiya olunurlar. Bunun da səbəbi Azərbaycanın milli-mental dəyərlərinin yüksək əxlaqi dəyərlərə, humanizmə, uca mənəviyyata bağlı olmasından irəli gəlir. Çünki Azərbaycan xalqı qıza-qadına namus-şərəf məsələsi, ləyaqət simvolu kimi dəyər verib. Azərbaycan qadınının adı çəkiləndə o zaman mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olan bir müqəddəs sima gözlərimizin qarşısında canlanıb".

Uğur