“Azərbaycanda dini tolerantlıq bütün dünyada bir nümunə kimi göstərilir” Layihə

“Azərbaycanda dini tolerantlıq bütün dünyada bir nümunə kimi göstərilir”

Aydın Mirzəzadə: "Digər dinlərin də fəaliyyətinə ölkəmizdə bütün şərait yaradılıb"

"Dini dünyagörüşünün ehkamlaşması, tərəqqiyə qarşı çıxması, elmi yalnız dini ehkamlar çərçivəsində görməsi cəhdləri, Avropa və Yaxın və Orta Şərqin mənəvi tənəzzülünə səbəb olub". Bunu fəlsəfə üzrə elmlər doktoru Aydın Əlziadə bildirib. Onun sözlərinə görə, dünyavilik, sekulyarizm və ateizm ideyaları məhz bu mənfi hallara qarşı inkişaf edib: "Zaman göstərdi ki, dünyavi düşüncə, nə qədər tənqidlərə məruz qalsa belə, yeni tarixi mərhələdə özünü daha da doğrultmuşdu, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib. Bu sistemdə dinin də rolu mənəviyyat məsələlərində əvəzsiz olub.
Lakin, müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, 21-ci əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Yaxın və Orta Şərqdə gedən dinin siyasiləşməsi, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror prosesləri getməkdədir. Mənəviyyatın təkmilləşdirilməsi işində misilsiz rolu olan dini ideyalar siyasi müstəviyə keçərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlayıb və bu bizim zamanəmizdə faciələrə səbəb olub.
Azərbaycanda dövlət-din konsepsiyalarının tərtib olunması, azərbaycançılıq ideologiyasının işlənməsi zamanı dinlərlə bağlı bütün bu mənfi halları, faktları diqqətlə öyrənmək, onları təhlil etmək lazımdır ki, bizim ölkəmizin bu günün də və gələcəyində bu cür faciələr təkrar olunmasın. İnsan faciəsindən başqa, bu cür halların təkrar olunması dövlətçiliyimizi məhv edə bilər. Dövlət-din münasibətlərinin konsepsiyanın tərtibi zamanı bütün tarixi amillər, dini ideologiyasının cəmiyyətimizə verə biləcəyi bütün aspektləri diqqətlə öyrənməli və nəzərə alınmalıdır.
Beləliklə, Azərbaycan milli ideologiyasında (azərbaycançılıqda) dinlə bağlı məqamlara səthi yanaşılmamalıdır. Yalnız peşəkar və düşünülmüş siyasət yeridilməlidir. Burada təhlükəli məqam yaxın keçmişimiz də ola bilər. Sovet dövründə hakim olan ateist ideologiyasının iflasından sonra mənəvi boşluq yaranıb. Bu boşluğu doldurmağa müxtəlif ənənəvi və qeyri ənənəvi dinlər doldurmağa çalışaraq, öz təbliğatında yalnız pozitiv məqamları qabardaraq, problemli məqamları ört-bastır etməyə çalışırlar. Məqsəd isə öz təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə təsir etməkdən ibarətdir. Lakin son məqamda bu proses cəmiyyətdə parçalanma və qarşıdurmalara gətirib çıxara bilər. Bundan başqa bəzi dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların və yə şəxsi maraqların dayanması faktları da var".
Onun fikrincə, Azərbaycanda dini konsepsiyaların və milli ideologiyaların tərtib olunması zamanı cəmiyyətdə dini dünyagörüşünün bir neçə səviyyədən ibarət olması nəzərə alınmalıdır:
"1. Fərdi səviyyə - dini ideyaların fərdlər tərəfindən mənəvi saflığ məqamına çatmaq üçün qəbul edilməsidir. Bu proses müsbət xarakter daşıyır. Dinin ardıcılları fərdi şəkildə özlərini dini dəyərlər ruhunda tərbiyələndirir. Bunun nəticəsində issanlar arasında saf və səmimi münasibətlər yarana bilər. Bundan başqa, Vətənə sevgi, vətənpərvərlik, xarici təcavüzlə mübarizə, cinayət tərkibli işlərdə iştirak etməkdən çəkinmə, xeyriyəçilik, ümumi mədəniyyət kimi müsbət hisslər inkişaf edə bilər. Bu cür vətəndaşların çoxalmasıdövlət maraqlarına uyğundur, çünki çox yüksək mədəniyyətli və təmiz qəlbli insanlarla nəhəng problemlərin həll olunması işi asanlaşır. Dinlərin bu cür potensialından Azərbaycançılıq ideologiyasının yaradılmasında istifadə etmək zəruridir. Sadəcə, milli ideoloqlar onu dövlətçiliyimizin maraqlarına uyğun şəkildə tədbiq olunmasını təmin etməlidirlər.
2. Dini dunyagörüşünün ictimai səviyyəsi də dövlət quruculuğu və milli ideyaların formalaşdırılmasında pozitiv rol oynaya bilər. Dili icmalar cəmiyyətin mədəniyyəti və əxlaqına müsbət təsir göstərə bilər. Onların dini qardaşlıq əsasında qurulan iqtisadi və ticarət fəaliyyətləri cəmiyyət üçün xeyrli ola bilər. Yüksək əxlaq prinsipləri əsasın da qurulan iqtisadi qurumlar dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi ola bilər.
3. Dini dunyagörüşünün siyasi səviyyəsi gəldikdə isə, yuxarıda qeyd olunduğu kimi, burada müəyyən problemlər mövcuddur. Bir tərəfdən, dinin siyasiləşdirilməsi çoxlu problemlər yarada bilər. Lakin, digər tərəfdən dindarlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi, dövlət qurumlarının hər bir orqanında təmsil oluna bilər. Qeyd etmək lazımdır ki, saf dini əxlaqın ölkədaxili və xarici siyasətin hansısa məqamlarında istifadə oluna bilər və bunun xeyri də ola bilər. Məsələn dini dəyərlər əsasında cəmiyyətdə müəyyən ixtilaflı bəziyyətləri tənzimləmək olar. Lakin bu proses ölkə qanunlarına və Konstitusiyaya zidd olmamalıdır, dövlətin dünyavi xarakterinə xələl gətirməməlidir.
Beləliklə dövlətin dinlərə qarşı siyasəti bir neçə müstəvidə həyata keçirilməlidir. Birinci növbədə onlar arasında qarşılıqlı əməkdaşlıq və anlayış ab-havası qurulmalıdır. Hər iki tərəf qanunlara riayət etməli və problemləri sivil metodlarla həll etməlidir. Dövlət əhalinin dini sahədə maariflənməsində maraqlı olmalıdır. Konstitusiyamızın əsasında dövlət təhsilimiz yalnız dünyavi ola bilər və bu imkandan səmərəli istifadə edilməlidir. Kütləvi informasiya vasitələrinin də maariflənmə işlərində istifadə olunmalıdır: elmi, tarixi, fəlsəfi verilişlərin həcmi artırılmalıdır.
Maarifçilik təkcə dini sahəni deyil, həm də tarix, fəlsəfə, kulturologiya, incəsənət və tətbiqi elmlər sahəsində aparılmalıdır. Millətin dünyagörüşü artmalıdır, yalnız bundan sonra insanlar sağlam düşüncəyə malik ola bilib, birtərəfli propaqandanın təsiri altına düşməzlər. Səviyyə nə intellektual səviyyə qədər aşağı olsa, bir o qədər də mövhumata, təriqətçilik ideyalar üçün zəmin yaradılır. Maariflənmə işi getməsə müxtəlif ideologiyalarla mübarizə aparmaq mümkün olmayacaq, çünki yalnız hüquq-mühafizə və milli təhlükəsizlik orqanlarının gücü ilə daim bu problemi həll etmək mümkün olmayacaq.
Dünyavi təhsil sistemində humanitar fənlərin tədrisinə xüsusi fikir verilməlidir. Onlar gəncliyin dünyagörüşünün formalaşmasında həll edici rol oynayır. Ali məktəblərin humanitar fakültələrində isə dinə aid olan fənlərin keçilməsi zəruridir, çünki bu sahədə dünyavi dünyagörüşünə malik peşəkar kadrlar yetişdirilməlidir. Tədris metodu və fənlər isə dünyavi olmalıdır. Yəni dinlər dünyavilik nöqteyi-nəzərdən öyrinilməlidir və bu ruhda dərsliklər yazılmalıdır. Orada dinlərin fəlsəfəsi, dinşünaslıq, mədəniyyətşünaslıq, etika, estetika, fəlsəfə tarixi, tarix fənlərinin keçilməsi olduqca vacib məsələdir. Bununla cəmiyyətdə dinlərə münasibətdə müxtəlif fikirlər yaranır, polemika aparılır və heç bir dini cərəyanın ehkamları düşünülməmiş, əhalinin çoxu tərəfindən qəbul edilməmişdir. Lakin təəssüflər olsun ki, ali məktəblərdə humanitar fənlərin və xüsusi ilə fəlsəfi fənlərin tədrisi son vaxtlar məhdudlaşdırılıb. Bu proses davam etsə, gələcəkdə müəyyən problemlərin yaranması istisna edilə bilməz. Dünyagörüşü özü-özündən yarana bilməz, onu qidalandırmaq və inkişaf etdirmək lazımdır. Humanitar elmlərin tədris saatlarının məhdudlaşdırılması bu inkişafın qabağını alır. Bu cur gəncliyi isə radikal təriqət nümayəndələri asanlıqla öz təsiri altına ala bilər.
Beləliklə, dövlət ölkədə sabit dini duruma nail olmaq üçün böyük kompleksli tədbirlər həyata keçirməlidir. Bu işlər yüksək peşəkarlıq səviyyəsində görülməlidir və bu sahəyə respublikanın elmi potensialı cəlb olunmalıdır".
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, Azərbaycan dünya birliyində öz yerini tutmaq, vətəndaşlarına stabil, dəyərli və sosial təminatlı bir həyat yaşatmaq üçün maksimum tədbirlər görür: "Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövlətçiliyi uğurla davam etdirilən bir tarixi layihə kimi dünyada hörmətlə qarşılanır. Dövlətçiliyimizin fəaliyyətində vacib məsələlərdən biri insanların dini inancına hörmətlə yanaşılması, müxtəlif mədəniyyətlərin qovuşmasına dəstək verilməsidir". Onun sözlərinə görə, dövlətçiliyin ilkin şərtlərindən biri olan dövlət-din münasibətləri Azərbaycanda uğurla qurulub: "Bu gün din və dövlət daima bir yerdədirlər. Onların hər ikisinin fəaliyyəti ümumilikdə vətəndaşın normal həyatını təmin etmək, stabilliyini qorumaq, insanlarda sabaha inam hissini qoruyub yaratmaqdır. Azərbaycan ənənəvi islam dini olmasına baxmayaraq, digər dinlərin də fəaliyyətinə ölkəmizdə bütün şərait yaradılıb. Azərbaycanda dini tolerantlıq bu gün bütün dünyada bir nümunə kimi göstərilir. Bu həm dövlətin, cəmiyyətin, həm də hər bir vətəndaşın böyük bir uğurudur. Digər dinlərin nümayəndələri sərbəst şəkildə dini ayinlərini həyata keçirə bilirlər, onların dini məbədləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən bütün dini məbədləri dövlət hesabına pulsuz qazla təmin edir. Bu nəinki Azərbaycanda, eləcə də milli mənsubiyyətindən asılı olmayaraq Gürcüstandakı bütün dini məbədlər də Azərbaycan dövləti hesabına qazla təmin edilib".
A.Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda dini ayinlərin yerinə yetirilməsi üçün şərait vardır: "Həmin dini ayinlər dövlət başçısı tərəfindən təbrik edilir. Həmin ayinlərdə dövlət başçısı, dövlət rəsmiləri iştirak edirlər. Bu gün ölkəmizdə sərbəst şəkildə dini təhsil almaq mümkündür. Beləcə ölkəmizdə din müstəvisində qarşıdurma halları yoxdur və bundan sonrada olmayacaq. Çünki Azərbaycan vətəndaşının düşüncə səviyyəsi, daxili mədəniyyəti bunu etməyə heç bir zaman şərait yaratmır. Həmçinin ölkəmiz dinin və mədəniyyətlərin qovuşduğu bir məkan kimi onların dərinləşməsinə, inkişaf etməsinə də dövlət tərəfindən maksimum şərait yaradılır. Bununla bağlı həm xaricdəki İslam-din mərkəzləri, İslam-mədəniyyət mərkəzləri, eyni zamanda digər dinlərlə bağlı olan mərkəzlər də ölkəmizdəki praktikanı yüksək qiymətləndirir. Hesab edirəm ki, bugünkü dövlətçiliyimizin uğur qazanmasında bir çox faktorlar kimi, o cümlədən insanların dini inanclarına hörmətlə yanaşılması və dinin fəaliyyətinə dövlət tərəfindən dəstək verilməsində böyük rolu var".