Multikulturalizm Azərbaycanın dövlət siyasətidir Layihə

Multikulturalizm Azərbaycanın dövlət siyasətidir

Ölkəmizdə müxtəlif dini və etnik qruplar qarşılıqlı hörmət şəraitində yaşayır

Multikultural siyasət və yanaşma bütün dünya boyu geniş yayılıb. Bu siyasət və yanaşmaya cəmiyyətdə müxtəlif mədəniyyətlərə bərabər hörmətin təbliği, mədəni müxtəlifliyin müdafiəsinə dəstək verən siyasət daxildir. Bundan başqa, hökumətin müxtəlif etnik və dini qruplarla bağlı siyasəti də multikultural yanaşmaya aiddir.
"Modern Diplomacy"də Alessio Stilonun müəllif olduğu yazıda multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğundan bəhs edib. Yazıda qeyd olunur ki, xanım Kamilla Habusburq-Lotrinqem bu yaxınlarda bildirmişdi ki, hökümət siyasətinin və strategiyasının müxtəlif istiqamətləri iki hissəyə bölünür. Onlardan birincisi çox vaxt interkulturalizm adlandırılır. İnterkulturalizmdə müxtəlif mədəniyyətlər arasındakı qarşılıqlı təsir və əlaqələr araşdırılır. İkincisi, "multi-kulti" birgə yaşayış şəratidir. Müxtəliflik, mədəni unikallıq şəraitində "multi-kulti" birgə yaşayış mərkəzi mövqedə olur. Bu yanaşmaya əsasən mədəni təcridlə yerli xalqın, yaxud hər hansı bir ərazinin mədəni unikallığı qorunur. Bundan başqa, bu siyasət qlobal mədəni müxtəlifliyə də öz töhfəsini verir.
Yuxarıda qeyd olunan iki strategiya Azərbaycan kimi Asiya ölkələri tərəfindən daha da inkişaf etdirilib və "üçüncü yol" kimi meydana çıxıb. Azərbaycanda dövlət siyasəti yardımçı orqanların (vətəndaş cəmiyyəti, institutlar, beyin mərkəzləri) müəyyən fəallığı ilə birgə həyata keçirilir.
Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Multikulturalizm respublikanın həyat tərzinə çevrilib və bu, ölkədə yaşayan bütün etnik və dini qruplar arasında qarşılıqlı anlaşma və hörmət şəraiti yaradıb. Azərbaycan Prezidenti bu il yanvarın 10-da imzaladığı sərəncamla 2016-cı ili "Multikulturalizm ili" elan edib. Bu qərar Azərbaycanın tolerantlıq ənənələrinə, sivilizasiyalararası dialoqa yardım etdiyi üçün qəbul olunub.
Azərbaycan Şərqi Avropa ilə Qərbi Asiya arasındakı xüsusi mövqeyinə, sosial-siyasi məzmununa – Azərbaycanda müxtəlif dini və etnik qruplar qarşılıqlı hörmət şəraitində yaşayır – görə, multikulturalizmi xarici siyasətinin strateji alətinə çevirib. Regionda qeyri-sabitlik üzündən yaranmış problemlərə, qonşuluqdakı Ermənistan ilə Dağlıq Qarabağ regionu üzündən davam edən münaqişəyə baxmayaraq, Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı, güclənməsi üçün lazımi siyasi və sosial şəraitin yaradılmasına səy göstərir.
Tarixi nöqteyi-nəzərdən, müxtəlif etnik və dini qrupların nümayəndələri Səfəvilər imperiyasının yarandığı dövrdən XIX-XX əsrlərədək – buraya Azərbaycan Demokratik Respublikası və ölkənin Sovet İttifaqına daxil edildiyi dövrlər aiddir – Azərbaycanda birgə sülh şəraitində yaşayıb. Hazırda Azərbaycan müxtəlif mədəniyyətlərə məxsus insanların sülh şəraitində birgə yaşayışı üçün model rolunu oynayır. Qeyd edək ki, 1918-ci ildə Azərbaycanda müsəlman aləmində ilk dəfə dünyəvi, demokratik respublika yaradılıb. 1919-cu ildə isə ölkədə qadınlara səsvermə hüququ verilib.
Azərbaycanda dünyanın ən qədim məscidlərindən biri yerləşir. Şamaxıda yerləşən məscid 743-cu ilə aid edilir. Bununla yanaşı, Azərbaycanda dünyanın ən qədim xristian kilsələrinə də rast gəlinir. Ölkədə 12-13-cü əsrlərə aid erməni kilsəsi də var. Şəki şəhəri yaxınlığındakı Qafqazın ən qədim kilsələrindən birini də qeyd etmək lazımdır. Bu, Qafqaz Albaniyası dövrünə aid edilən kilsəsdir. Bundan əlavə, Bakı yaxınlığında zərdüşt məbədi, atəşpərəstlərin sitayiş etdiyi məbəd yerləşir.
Azərbaycanda bütün tarix boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri məskunlaşıb. Bu, ölkədə müxtəlif dinlər arasında birgə yaşayışın dərin izlərinin olduğunu nümayiş etdirir. Hazırda Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş 649-dan çox dini icma var. Bunlardan 37-i qeyri-islami icmalardır. Ölkədə 13 kilsə fəaliyyət göstərir. Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (1907-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə tikilib) 1991-ci ildə Rus provoslav kilsəsinə verilib. 2001-ci ildə Bütün Rusiyanın və Moskvanın patriarxı II Aleksi Azərbaycana səfər edib. Patriarxın səfəri zamanı bu məbədə kilsə statusu verilib. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus provoslav kilsəsi fəaliyyət göstərir. Azərbaycandakı katolik icması isə 1999-cu ildə qeydiyyatdan keçib. 2000-ci ildə katolik icması dini mərasimlərin keçirilməsi üçün xüsusi bina alıb və daha sonra bu bina kilsəyə çevrilib. Azərbaycanla Vatikan arasındakı razılaşmaya əsasən, 2007-ci ildə Bakıda Roma Katolik kilsəsi inşa edilib. Bundan başqa, 2500 ildən çoxdur ki ölkədə yəhudilər məskunlaşıb. Buradakı yəhudilər dini dözümsüzlük, yaxud ayrı-seçkilikdən heç vaxt əziyyət çəkməyib. Azərbaycanda hazırda 6 yəhudi icması qeydiyyatdan keçib və 7 sinaqoq var.
Azərbaycan dünya mədəni irsinin qorunmasına da öz tövhəsini verir. Buna misal olaraq Heydər Əliyev Fondu tərəfindən Roma katokombalarının, Strasburq kafedralının, Versal sarayındakı (Paris) qədim abidələrin, Kapitoli muzeyinin (Roma), Luvr muzeyinin (Paris), Trapezitsa muzeyinin restavrasiyasını göstərmək olar.
Ölkədə dövlət səviyyəsində multikulturalizm və tolerantlığın inkişafı dövlətçiliyin qədim tarixinə, bu ənənələrin inkişafına əsaslanır. Azərbaycan hökumətinin səyləri nəticəsində, hazırda bu anlayış dövlətçiliyin ideologiyası və dövlət siyasəti kimi formalaşıb. Bu anlayışın siyasi əsasları ölkə Konstitusiyası, hüquqi sənədlər, qanunlar və sərəncamlarda öz əksini tapıb. Onun əsas amillərindən biri olan dini azadlıq Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində əks olunub. Konstitusiyanın bu maddəsi vicdan azadlığını təmin edir. 48-ci maddəyə əsasən, Azərbaycan vətəndaşları istədikləri dini inancı seçə, yaxud heç bir dinə inanmaya bilər. Bundan başqa, Azərbaycan vətəndaşları din haqda fikirlərini də sərbəst şəkildə ifadə edə bilər. Bundan başqa, 1992-ci ildə qəbul edilmiş "Dini etiqad azadlığı haqqında" qanun hər bir Azərbaycan vətəndaşının istədiyi dinə etiqad etməsini və din haqda fikirlərini bölüşməsini təmin edir. Konstitusiyanın 18-ci maddəsinin 1 və 3-cü bəndlərində qeyd olunur ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği qadağandır. Yuxarıda qeyd olunan qanunlara əsasən, Azərbaycan Respublikası de-yuri və de-fakto müasir dünyəvi dövlətdir.
Dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan maliyyə vəsaitləri ilə Azərbaycan hökuməti ictimaiyyətə dəstəyini nümayiş etdirir. Nəticədə ölkədə onlarla milli-mədəni mərkəz fəaliyyət göstərir. Buraya "Dostluq" cəmiyyəti, rus icması, Slavyan mədəni mərkəzi, Azərbaycan-İsrail ictimai birliyi, Ukrayna ictimai birliyi, "Ronai" kürd mədəni mərkəzi, "Samur" ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəni mərkəzi, tat mədəni mərkəzi, Azərbaycan-Tatar ictimai birliyi, "Tuqan-tel" tatar mədəni birliyi, "Yaşlıq" tatar mədəni mərkəzi, "Krım" krım tatarlarının ictimai birliyi, gürcü icması, Azərbaycan-Gürcüstan humanitar ictimai birliyi, ingiloy ictimai birliyi, çeçen mədəni mərkəzi, Ahısxa türklərinin "Vətən" adlı ictimai birliyi, "Sona" Ahısxa türk qadınlarının ictimai birliyi, talış mədəni mərkəzi, avar ictimai birliyi, dağ yəhudilərinin icması, Avropa yəhudilərinin (aşkenazi) icması, Gürcüstan yəhudilərinin icması, yəhudi qadınlarının humanitar assosiasiyası, "Kopelhaus" alman mədəni birliyi, udin mədəni mərkəzi, "Poloniya" – polyakların mədəni mərkəzi, "Mada" beynəlxalq talış assosiasiyası, "Avesta" talış assosiasiyası, "Orain" udin mədəni mərkəzi, "Buduq" mədəni mərkəzi və çaxur mədəni mərkəzi daxildir. Bundan başqa, klub əsasında yaradılmış həvəskar birlikləri, milli və dövlət teatrlarını, həvəskar assosiasiyaları, etnik azlıqların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərən klubları da qeyd etmək olar.
Azərbaycan dövləti etnik azlıqların dilində olan onlarla qəzet və jurnalın nəşrinə, o cümlədən radio və televiziya proqramlarına dəstək verir. Yaxın Şərqdəki dini və etnik münaqişələrin fonunda Azərbaycan 2016-cı ili "Multikulturalizm ili" elan edib. Dövlətin başçılığı ilə həyata keçirilən bu cür multikulturalizm – buna "yumşaq güc"ün əsasında həyata keçirilən siyasət kimi baxmaq olar – dünyanın başqa ölkələri, xüsusilə də, 20 ildir ki, radikallığın geniş yayıldığı Yaxın Şərq dövlətləri və cəmiyyətləri üçün model ola bilər.
Son zamanlarda Azərbaycanın paytaxtında Bakı Beynəlxalq Humanitar Forumu daxil olmaqla, bir çox beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın paytaxtı bu foruma 2011-ci ildən ev sahibliyi edir. Bu forum vasitəsilə dünya alimlərinin və mədəniyyət nümayəndələrinin iştirak etdiyi nüfuzlu beynəlxalq platformanın yaradılması hədəfə alınıb. Bakı Beynəlxalq Humanitar Forumunda nüfuzlu ekspertlər qlobal humanitar problemləri müzakirə edir. Bu konfransda məşhur dövlət və ictimai xadimlər, 13 Nobel mükafatçısı daxil olmaqla, nüfuzlu alimlər, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər hörmətli qonaqlar iştirak edib.
Cavid