“Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır” Layihə

“Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır”

Azay Quliyev: "Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Fransaya etiraz notası göndərilməlidir"

Rasim Musabəyov: "Ollandın Dağlıq Qarabağ münaqişəsi haqqında son fikirləri ədalətsizdir"

Dilavər Əzimli: "Fransa prezidenti Ermənistanın tezisini təkrarlayıb"



Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağla bağlı məlum fikri-"Qarabağ xalqı" və "ermənilərin öz müqəddaratlarını təyinetmə hüquqları olduğunı bildirməsi müzakirə mövzusu olaraq qalır. Fransa prezidentinə qarşı Azərbaycanda sərt reaksiyaların kökündə Ollandın ədalətsiz yanaşmaları ilə yanaşı, eyni zamanda, Fransanın ATƏT-in Minsk qrupunun üzvü olması dayanır. Bəzi ekspertlər hesab edirlər ki, əslində Olland Fransada güclü olan erməni diasporundan maliyyə yardımı almaq məqsədi ilə ölkə daxilinə hesablanmış açıqlama verib. Amma bu düşüncədə olmayanlar da var və bildirilir ki, istənilən halda Olland bir dövlət başçısıdır, ən əsası isə ATƏT-in Minsk qrupunun həmsədri olan bir dövlətə rəhbərlik edir.
Parlamentin növbəti plenar iclasında da Fransa prezidenti Fransua Ollandın ermənilərə dəstək bəyanatı verməsi məsələsi sərt etirazla qarşılanıb.
Millət vəkili Azay Quliyev deyib ki, Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır: "Müəyyən diplomatik addımlar atılmalıdır. Ollandın prezidentliyinin başa çatmasına iki ay qalmış belə bəyanat səsləndirməsi təsadüfi deyil. Bizim XİN tərəfindən Fransaya etiraz notası göndərilməlidir. Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və ancaq bu cür bəyanatlarla çıxış edir. Bu, yolverilməzdir".
Spiker Oqtay Əsədov isə bildirib ki, Fransa prezidentinin çıxışı tam tərkibdə verilməyib: "Əsas mövzuları erməni mətbuatından götürülüb. Fransa mətbuatına baxıldı. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb".
Millət vəkil, politoloq Rasim Musabəyov isə hesab edir ki, Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi haqqında son fikirləri ədalətsizdir. R.Musabəyov bildirib ki, xüsusilə onun "Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi" ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Onun sözlərinə görə, belə fikirlərin Minsk qrupunun həmsədri olan dövlətin rəhbəri tərəfindən səsləndirilməsi təəssüf doğurur: "Yəqin ki, Olland bu fikirləri deməklə qarşıdakı seçkilərdə öz partiyası üçün ermənilərin dəstəyini qazanmaq istəyir. Çünki Fransada erməni diasporu güclüdür. Bu fikirlər də ermənilərin dəstəyini qazanmağa yönəlib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsipləri mövcuddur və burada ərazi bütövlüyü əsas məsələdir".
Millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, Fransa Azərbaycanın ərazi butövlüyünü tanıyan, beynəlxalq hüququn yaradılması prosesində iştirak edən, üstəlik ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan bir ölkə kimi dəqiq bilir ki, Daglıq Qarabağ ermənilərindən söhbət gedərkən onlar haqqında beynəlxalq hüquqda olan öz müqəddəratını təyinetmə hüququndan danışmaq olmaz: "Ona görə ki, bu hüquq dövləti olmayan xalqlara aiddir. "Ermənilər isə artıq bir dəfə Azərbaycan ərazisində öz dövlətlərini yaradıblar. Əgər Olland bunu az hesab edirsə, qoy Fransada yaşayan ermənilərə öz müqəddəratlarını təyin etmə hüququ çərçivəsində torpaq versin və ermənilər orada öz dövlətlərini qursunlar. Əgər Dağlıq Qarabağda cəmi 30-40 min erməni varsa, Fransada 500 mindən çox erməni var. Deməli, daha ağlabatan olar ki, elə yarım milyondan çox erməni öz dövlətini qursun, nəinki 30-40 min nəfər".
Onun sözlərinə görə, ancaq məsələ ondadır ki, belə açıqlamaların nə qədər qeyri-ciddi olduğunu, beynəlxalq hüquqa zidd olduğunu, siyasi əxlaq baxımdan doğru olmadığını Olland özü də yaxşı bilir: "Üstəlik, o, Azərbaycanın öz ərazi bütövlüyünü gec-tez bərpa edəcəyini də çox yaxşı dərk edir. Çünki həmsədr ölkənin prezidenti kimi problemdən və onun ətrafında formalaşan güc proporsiyasından da xəbərdardır. Azərbaycanın hərbi gücü haqqında da kifayət qədər məlumatlıdır. Əslində, Olland bu açıqlaması ilə həm də prezidentliyi dövründə problemin həllinə qeyri-obyektiv yanaşdığını etiraf etmiş olur. Belə etiraflar isə dostumuzu və düşmənimizi daha yaxşı tanımaqda bizə kömək edir. Onsuz da Azərbaycan öz torpaqlarını Ali Baş komandanımızın rəhbərliyi ilə azad edəcək və bu proses artıq başlayıb".
Siyasi şərhçi Azər Həsrət isə deyib ki, Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ "əhalisi"nin öz müqəddəratını təyin etməsi ilə bağlı səsləndirdiyi fikirlər onu göstərir ki, Fransanın ermənilərdən istifadə edərək yenə də nəsə iddia irəli sürmək fikri var. Onun sözlərinə görə, hamıya bəllidir ki, Fransa ermənipərəstdir: "Amma bu da səbəbsiz deyil. Çünki Fransada dünyanın ən güclü erməni lobbilərindən biri var. Özü də yetərincə təsir imkanlarına malikdirlər. İndi Ollandın belə fikir səsləndirməsi heç də ermənilərə yandığı üçün deyil. Sadəcə olaraq bu adam öz iç siyasətində dividend əldə etmək üçün belə fikir səsləndirir. Bilirsiniz ki, bu il Fransada prezident seçkisidir. Seçicilərin səsləri uğrunda qızğın mübarizə gedir. Ermənilərin də təsir imkanlarını nəzərə alsaq, Ollandın niyə belə dediyi aydın olar. Əmin olun ki, seçkidən dərhal sonra bu çağırışlar yaddan çıxacaq".
Politoloq Arzu Nağıyev isə "təəsüf ki, ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsil olunan bir dövlətin, yəni Fransanın prezidenti Fransua Olland belə məsuliyyətsiz bəyanatlarla çıxış edir. Azərbaycan heç bir vaxt milli müqəddəratın təyini ilə bağlı maneə mövqeyi tutmayıb, lakin bu bütün beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyü və suverenlik çərçivəsində olmalıdır", - deyə bildirib. Onun sözlərinə görə, Avropada separatçılığa meyilli belə fikirlər, həm də Avropa İttifaqına daxil olan dövlətlər üçün səsləndirilib və dərhal da qarşısı alınıb: "Düşünürəm ki, Ollandın bu çıxışı Fransadakı erməni lobbisinə yararlanmaq məqsədilə edilir, çünki artıq bu ildən Olland prezidentlikdən gedir və özünə müəyyən divident almağa çalışır. Eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyanı mart ayında Fransaya dəvət edir. Məlumdur ki, Ermənistanda da aprel ayında parlament seçkiləri olmalıdır. Yəni bunların hamısı düşünülmüş siyasi gedişlərdir. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzvü kimi Fransa daima deklorativ çıxışları ilə seçilib və bu da təəssüf hissi doğurur".
Tarixçi alim, Dilavər Əzimli bildirdi ki, Fransa prezidenti erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməyin əsas prinsip olduğunu bildirib: "Bununla da o, Ermənistanın tezisini təkrarlayıb. Göründüyü kimi, Azərbaycanın milli maraqlarına yönəlik bir çıxışdır. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər nazirliyi buna görə açıqlama tələb etməlidir. Əgər doğrudan da ermənilər bunu təhrif ediblərsə, yenə də aydınlaşmalıdır. Əgər Fransua Olland bu ifadəni işlədibsə, rəsmən Azərbaycandan üzr istəməlidir. Bilirsiz, biz bu məsələlərdə ciddi olmalıyıq və reaksiyamız güclü olmalıdır".
Siyasi şərhçi Mirsamir Məmmədovun sözlərinə görə, mumiyyətlə erməni xalqı Fransanı ikinci vətən hesab edir: "Ermənipərəstlik və erməni maraqlarının qorunması Fransanın ənənəvi dövlət siyasətidir. Erməni maraqlarının qorunması məsələsi Fransanın rəsmi dövlət siyasətidir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq Farnsa dövləti‚ hökuməti və fransız xalqı birmənalı olaraq ermənilərə dünya miqyasında ən yüksək dəstəyi verməkdədir. Bütün Fransa prezidentləri bu ənənəvi siyasəti davam etdiriblər. Təsasüfi deyil ki‚ Fransa hökuməti qondama erməni soyqırımı layihəsinin müəlliflərindən biridir və uydurma soyqırım məsələsini ilk tanıyan ölkədir. Prezident Fransua Ollandın erməni lobbisinin nümayəndələrilə son görüşündə‚ "Dağlıq Qarabağ problemi xalqların öz müqəddəratını təyin etməsi yolu ilə həll olunmadır" deməsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırması və ermənistanın işğal aktını dəstəkləməsi və Dağlıq Qarabağdakı separatçı rejimi tanımaq anlamı daşıyır. Hər zaman olduğu kimi Fransa dövləti öz ermənipərəst mövqeyini qorumaqdadır. Fransanın ermənipərəst mövqeyi ATƏT-in Minsq Qrupundakı həmsədr ölkə olaraq problemin həllindəki missiyası sual altında saxlıyır. Fransa prezidentinin Dağlıq Qarabağdakı erməni separatçılarına dəstək ifadə etməsi onun Minsk Qrupundakı fəaliyyətindəki ikili standartlardan açıqca xəbər verir. Prezident Olland erməni diasporunun nümayəndələrilə görüşdə açıq tezislə bildirmiş oldu ki: "Fransa dövləti hər zaman ermənilərin yanındadır". Fransu Olland 2015-ci ilin aprelin 24-də qondarma soyqırımın 100 illiyi mərasiminə qatılan və uydurma soyqırım abidəsini ziyarət edərək qarşısında baş əyən iki böyük Dövlətin rəhbərindən biri idi. Bu da o deməkdir ki‚ Fransa ermənipərəstliyindən və ermənipərəst mövqeyindən heç bir zaman dönməyəcək. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə nizamlanması məsələsində də Fransa heç bir zaman obyektiv hərəkət etməyib. Fransua Ollandın erməni lobbisinə dəatək fadə etməsi bunun açıq sübutudur. Prezident Ollandın fikirlərində Fransa dövlətinin ermənipərəst siyasəti sərgilənmiş oldu".

Əli