Ermənilərin Şamaxıda törətdikləri qətliam və cinayətlər Layihə

Ermənilərin Şamaxıda törətdikləri qətliam və cinayətlər

1-ci yazı

1918-ci ildə ermənilərin soydaşlarımıza qarşı vəhşilikləri sırasında Şamaxıda törətdikləri cinayətlərlə bağlı bilgi verən tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirir ki, Rusiya imperiyasında baş verən 1917-ci il fevral burjua çevrilişinin nəticəsi olaraq dünyada yeni bir tarixi mərhələ başlamışdı. Müharibənin gətirdiyi aclıq və səfalətlər, eləcə də çarizmin uzun illər boyu yeritdiyi ayrı-seçkilik siyasətindən cana doymuş millətlər azad olmaq arzusu ilə mübarizəyə başlamışdılar. 1917-ci ildə Rusiya imperiyasında siyasi hakimiyyətin bir neçə dəfə dəyişməsi Azərbaycanda da təlatümlərə gətirib çıxarmışdı: "Bu təlatümlər içərisində ən çox əziyyət çəkən Azərbaycan xalqı olmuşdu. Bolşevik hakimiyyəti dövründə (1917-ci ilin noyabr - 1918-ci ilin iyul ayları) yerlərdə sovet hakimiyyəti qurmaq adı altında yeridilən antiazərbaycan siyasəti nəticəsində bolşeviklər xalqımızın dərin nifrətini qazanmışdı. Məlumdur ki, Türkiyə, daha sonra Azərbaycan ərazisində türk-müsəlmanların kütləvi surətdə qətlə yetirilməsi və onların doğma torpaqlarından qovulmaları erməni siyasi mübarizəsinin ana xəttini təşkil etmişdi. Onların bu cinayətkar əməllərinə maddi, siyasi və hərbi dəstək verən Rusiya dövləti olmuşdu. Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azərbaycanın milli maraqlarına cavab vermirdilər. Hadisələrin sonrakı inkişafı bir daha göstərdi ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm xalqımıza sonsuz qırğınlar və faciələr gətirmişdi. Sovet tarix elmi ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və hadisələrə sinfi mövqedən yanaşmaqla problemin tarixşünaslığı uzun müddət sovet ideologiyasına xidmət göstərmişdi. Erməni-rus bolşevik hökumətinin hərbi qüvvələri tərəfindən Şamaxıda sovet hakimiyyəti qurmaq adı altında türk-müsəlmanlara qarşı törətdikləri dəhşətli qırğınların üstündən sükutla keçilmişdi. 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında qəbul etdiyi 23 qərar layihəsi və 7 cild, 952 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verir. Bakıda azərbaycanlıların soyqırımı hələ başa çatmamış, ermənilər bu qanlı qırğınları qəzalarda da həyata keçirməyə başlamışdılar.
Bununla əlaqədar olaraq N.Nərimanov yazırdı: "Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini davam etdirmək nəyə lazım idi. Bax, suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir". Arxiv sənədləri arasında 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ haqqında komissiya sədrinə məruzəsi və bu işdə günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. vardır. 1919-cu il aprel ayının 3-də Şamaxı qəza rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbiristan, Mədrəsə və Kaşun) ermənilər tərəfindən dağıdılmış kəndlərin siyahısı göndərilmişdi. Həmin siyahıya Qəbiristan polis sahəsi üzrə 19, Mədrəsə polis sahəsi üzrə 41 və Kaşun polis sahəsi üzrə 26 kəndin (cəmi 86 kəndin) adı daxil edilmişdi. Yelizavetpol Müsəlman Milli Şurasının sədri Xasməmmədov martın 28-də Seymin və Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış, top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası istiqamətində yola salınmışdı. Dəstə yol boyu 15-dən çox müsəlman kəndini məhv edərək, Şamaxı şəhərini darmadağın etmişdi. Minlərlə müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdi. Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdı. Təcili hökumətin köməyi lazımdır. Lakin nə Seym, nə də Cənubi Qafqaz hökuməti Xasməmmədovun bu həyəcan dolu teleqramına cavab verməmişdi".
1919-cu il martın 30-da Bakıda nəşr olunan "Azərbaycan" qəzetində (rus dilində) Şamaxı hadisəsi ilə bağlı "Şamaxının son günləri" başlığı altında çap olunmuş məqalədə ermənilərin törətdikləri qırğınların səbəbləri və bu qırğının gətirdiyi faciələr əks olunmuşdu: "Qəzet yazırdı ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə bir, hətta iki silah gətirirdilər və bu silahları da sonradan öz həmyerlilərinə paylayırdılar. Qəzetin məlumatına görə, 1918-ci ilin yanvarından buraya Bakıdan emissarlar gələrək ermənilər arasında müsəlmanların əleyhinə geniş əks-təbliğat aparmağa başlamışdılar. Onlar yalnız ermənilər arasında deyil, eyni zamanda malakan və yəhudilər arasında da söhbətlər aparmışdılar ki, guya müsəlmanlar sizi qıracaqlar. Halbuki uzun illər boyu bir yerdə yaşayan malakan və yəhudilərlə bir dəfə də olsun yerli Azərbaycan əhalisi arasında qarşıdurma yaranmamışdı. Belə bir ağır vaxtda, Şamaxını tərk edən rus əsgərləri də öz hərbi hissələri və silahlarını ermənilərə təhvil verib gedirdilər. Bunun müqabilində Şamaxıda azərbaycanlıların nə hərbi hissəsi, nə də silahlı dəstəsi var idi. Hətta yerli ziyalılar, xüsusən müsəlman dindarları hər hansı qarşıdurmanın baş verməməsi üçün bütün qüvvələrini sərf etmişdilər. Lakin Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti erməni hərbi hissələrini Şamaxıya göndərərək yerli türk-müsəlman əhaliyə qarşı dəhşətli qırğınlar törətmişdilər. Şəhər sakinləri erməni və malakanların şəhəri mühasirəyə aldıqlarını görüb, gecə imkan tapan, ayaqyalın, başıaçıq şəhərdən qaçmış, didərgin düşmüşdülər. Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev (Lalayan) dururdu (Lalayan "Daşnaksütyun" və Erməni Milli Şurasının üzvü idi. Bu həmin Lalayevdir ki, Bakıda 1918-ci il mart qırğınında minlərlə dinc azərbaycanlının amansızcasına qətlə yetirilməsinə rəhbərlik etmişdi). Stepan Lalayevin cinayətlərini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının topladığı faktik materiallar sübut etmişdi ki, Şamaxıda törətdiyi dəhşətli qırğınlara rəhbərlik etməsi şahid ifadələrində də öz əksini tapmışdı. Şahidlərin dediyinə görə, Lalayev özünün cinayətkar silahdaşları Samson Aspirov və Saatzazbekovla birlikdə böyük bir erməni əsgər dəstəsinin başında Şamaxıya gəlmişdi. Onun quldur dəstəsi burada qadın, uşaq və qocaların gizləndiyi məscidə od vurub yandırmış, çıxıb qaçmaq istəyənləri isə güllələmişdilər. On üç məhəllə məscidi və Cümə məscidi yandırılmışdı. Şamaxıda böyük hörmət sahibi olan Axund Cəfərquluya amansız işgəncələr verilmişdi. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Azğınlaşan ermənilər şəhər başçısı Teymur Xudaverdovu, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyevi, o cümlədən Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı Əbdül Xəlil Əhmədov, Hacı Əbdül Hüseyn Zeynalovu üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyübağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyov, Ələkbər Qədirbəyov, Əbdürəhim ağa Ağalarov, Məhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlunu amansızcasına qətlə yetirmişdilər. Ermənilər təkcə qətlə yetirməklə kifayətlənməmiş, eyni zamanda şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərə od vurub yandırmışdılar. Abbas Səhhətin, M.Ə.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin, Müslüm bəyin, Hacı Qulamın, Məmmədtağı Əlizadənin, tacir Nurunun, Vahab bəyin, Murad Əfəndinin, Məşədi Əsədin (şair, müəllim Gövhər xanımın atası), Həqqi Veyisovun, Həbib bəy Mahmudbəyovun, Hacı Məmməd Əfəndinin, Nəcməddin Şirindilbəylinin və başqalarının evləri dağıdılmışdı. Bu evləri, mülkləri yandırmaqla erməni daşnakları Azərbaycan elminə, maarifinə, ədəbiyyatına, incəsənətinə, tarixinə ağır zərbə vurmuşdu. Belə ki, həmin evlərdə elə sənədlər, kitablar, əlyazmaları məhv edilmişdir ki, onları nə tapmaq, nə bərpa etmək, nə də yenidən yaratmaq mümkün deyildi.
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatların - şahid ifadələri, zərərçəkənləri dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatlar, ölən və yaralananların siyahısı və s. əsasında 58 kənd üzrə tərtib edilmiş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə ölənlərin (o cümlədən kişi, qadın, uşaq) sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdi: Nəvahi kəndində 995 nəfər azərbaycanlı öldürülmüşdü, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 60 milyon manat olmuşdu. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdü ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi. Kəndə dəymiş ümumi maddi zərər 22 milyon manat olmuşdu. Bağırlı kəndində 370 nəfər öldürülmüşdü ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdu. Kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdu və s.
Qalan bütün kəndlər üçün tərtib edilmiş aktlarda da rəqəmlər yuxarıda göstərilən qayda üzrə aparılmışdı. Bütün aktlar Fövqəladə Təhqiqat Komissiyasının üzvləri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı səkkiz min nəfərdən çox azərbaycanlını öldürmüş, onlardan 1653 qadın və 965 uşaq idi. Hətta, S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur olmuşdular. 1918-ci il aprelin 22-də Bakı fəhlə, əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin iclasında Şamaxı qəzasında vəziyyət haqqında qətnamə qəbul olunmuşdu".

Uğur