“Rusiya münaqişəni yaradıb, onu donduran dövlətdi” Layihə

“Rusiya münaqişəni yaradıb, onu donduran dövlətdi”

Məhəmməd Əsədullazadə: "Ukraynada separatizmi alovlandıran bir dövlət Qarabağ münaqişəsində Azərbaycana dəstək verməyəcək"

Yaxın perspektiv üçün Dağlıq Qarabağla bağlı ümidverici proses müşahidə edilmir. Ermənistan qeyri-konstuktiv mövqe nümayiş etdirir. Bununla yanaşı təxribatlar da törədir. Poltoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə müsahibəsində proseslərə aydınlıq gətirməyə çalışdı.

-Aprelin 28-də uzun fasilədən sonra, Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistanın XİN rəhbərliyi Moskvada Qarabağ probleminin həlli üçün danışıqlar masasına keçdi. Ermənistan ötən ilin avqustundan başlayaraq danışıqlar prosesindən yayınmaqla regionda yenidən müharibə ehtimalını gündəmə gətirməkdədir. Mart ayında Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərinin nəticəsiz olması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Qarabağ münaqişəsində əsas moderatorluğu üzərinə götürən Moskvanın Yerevana daha ciddi təzyiqlərini nəzərə alsaq, demək olar ki, bu danışıqlarda hər hansı ciddi nəticə Rusiyadan gözlənilməlidir. Moskvada mətbuat üçün bağlı qapılar arxasında keçən danışıqlar prosesində Rusiyanın təklifləri olub. Amma təkliflər bir daha mərhələli həll planından kənar, Qarabağda referendumun ərazilərin eyni vaxtda boşaldılması ilə paralel aparmaqdı. Təbii ki, Azərbaycan buna razılıq verməyib. Rusiyanın uzun fasilədən sonra bu görüşü keçirtməkdə məqsədi müharibə ehtimalını ertələməyə hesablanıb. Danışıqlar görüntüsü yaratmaqla imitasiya ilə məşğul olur. Moskva görüşündə gələcəkdə hər hansı bir görüşün keçirilməsi barədə də razılıq əldə olunmadı. Görünür, Rusiya status-kvonu mümkün qədər qorumağa çalışır

-Rusiyanın hazırki mövqeyini necə dəyərləndirmək olar?

-Rusiya hazırda Qarabağ münaqişəsinin nizamlanması prosesini öz nəzarətinə alıb. Və regionda bu münaqişə vasitəsilə Azərbaycana qarşı təzyiqdən istifadə edir. Həmçinin Ermənistanın bir dövlət olaraq müstəqilliyinə son qoyub. Moskva çalışır ki, elə bir həll variantı irəli sürsün ki, Qarabağda Rusiyanın sülhməramlı adı altında qoşunu yerləşsin. Əlbəttə ki, bu, Azərbaycanın milli maraqlarına cavab verməyərək, birbaşa müstəqilliyimizə təhdiddir. Ona görə də çalışır ki, münaqişə uzansın. Ermənistanı silahlandırması, burada hərbi bazalarını genişləndirməsi, məhz Azərbaycan əleyhinə formalaşan bir siyasətidir. Rusiya münaqişə həll etmir. Münaqişəni yaradıb, onu donduran dövlətdi. Ukraynada separatizmi alovlandıran bir dövlət Qarabağ münaqişəsində Azərbaycana dəstək verməyəcək. Rusiya münaqişədə maraqlıdırsa, ilk növbədə Modkvada separatçı Qarabağ nümayəndəliyini bağlamalıdır. Rusiyanın mövqeyi ilk növbədə Cənubi Qafqazda möhkəmlənməkdi. Azərbaycana beş və ya yeddi rayonu qaytarmaqla Qarabağı Azərbaycandan almaq istəyirlər. Bütün danışıqlar bunun üzərində qurulub. Təssüf ki, Fransada bu planı dəstəkləyir. ABŞ isə gözləmə mövqeyindədir.

-Rusiya və ABŞ arasındakı münasibətlər qarşıdurma səviyyəsinə çatıb. Belə olan təqdirdə Minsk qrupunun fəaliyyəti ilə bağlı nə demək olar?

-Rusiya və ABŞ Yaxın Şərqdə, Şərqi Avropada ciddi qarşı-qarşıyadır. Və problemlər getdikcə dərinləşir. ABŞ-ın Yaxın Şərqdə və Rusiya sərhədlərində hərbi iştirakını genişləndirməsi ən nəhayət, Trampın Gürcüstanın ərazi bütövlüyü məsələlərində qanun layihəsini imzalaması, Rusiya ilə Cənubi Qafqazda ciddi şəkildə maraqlarının toqquşması deməkdir. Görünən odur ki, yaxın perspektivdə ABŞ-Rusiya əməkdaşlığı real deyil. Bu kontekstdə Qarabağ münaqişəsinin həllində Mink qrupunun üzvü olan iki ölkənin fəaliyyəti heç bir nəticə verməyəcək. Əgər Rusiya Gürcüstanın ərazisinin işğalına və separtizmə dəstəyə görə sanksiyalar tətbiq edirsə, bu ölkə Qafqazda münaqişlərin həllində necə əməkdaşlıq edə bilər? Buna görədə Minsk qrupunun beynəlxalq böhran şəraitində fəaliyyəti uğursuzdu. Çünki, bu böhranın səbəbi iki ölkədirsə, bunların eyni müzakirə masadında əməkdaşlığı real deyil. Fikir versək, bütün sahələrdə ABŞ-Rusiya toqquşmadadır. Yalnız Qarabağ münaqişəsində ortaq məxrəcdədirlər. Bu yanaşma kökündən yanlışdır və gülünc doğurur. Minsk qrupunu adı altında format Azərbaycana qarşı hörmətsizlikdir.

-Makronun prezidentliyi dönəmində Minsk qrupunun fəaliyyətində canlanma ola bilərmi?

-Fransanın yeni prezidenti Emmanuel Mskronun prezidentliyi dövründə Minsk qrupunun fəaliyyətində ciddi dönüş olacağına inanmıram. Makron çıxında bu münaqişə ilə yaxından məşğul olacağını qeyd etsədə, yalnız Parisdə görüşlər təşkil edə bilər. Bundan o tərəfə keçə bilməyəcək. Fransanın münaqişəni həll edə biləcək gücdə deyil. Çünki, bu münaqişədə Rusiyanın rolu daha da güclənib. Əvvəlki kimi Fransanın mövqeyi sabit qalaraq, yalnız bəyanatlar verməklə yekunlaşacaq. Amma yeni təkliflərlə çıxış edib, həll prosesini sürətləndirə bilər. Qeyd edim ki, Fransada erməni lobbisi çox güclüdür. Fransanın Qarabağ siyasətinə təsir etmək gücünə malikdir. Makronda prosesləri yaxşı görür, çalışacaq ki, balansı saxlasın. Fransada Qarabağ separatçılarının dəstəkçiləri fəaldı, Senatda mühüm postları tutub. Azərbaycan çalışmalıdır ki, Parislə sıx siyasi əlaqələri inkişaf etdirsin.

-Erməni hərbçilərinin məlum müraciəti ilə bağlı nə deyə bilərsiniz?

-Bir qrup erməni hərbçisinn Sarkisyanı Şuşanın işğalında günahlandırması, birbaşa müharibə cinayətləri ilə iddiham etməkdir. Ermənistanda məhz, Sarkisyan rejimi Qarabağ kartından istifadə edərək hakimiyyətlərini sürdürürlər. Azərbaycana bu açıqlamalar beynəlxalq hüquqi işləmlər aparmaq üçün konturlar verir. Hesab edirəm ki, beynəlxalq Haaqa tribunaına müraciət etmək lazımdır. Informasiya savaşında bütün cəbhədə işğalçılara qarşı müharibə aparmaq lazımdır.

-Şuşanın qondarma DQR-in batytaxtı edilməsi hansı anlama gəlir? Azərbafcan bunula bağlı nə etməlidir?

-Ermənistan daima Qarabağla bağlı təxribatlar aparmaqla məşğuldur. Ötən il Qarabağın adını özlərinə məxsus olaraq dəyişməsi, müxtəlif tədbirlər keçirtmək və nümayəndəliklər açması, beynəlxalq birlik tərəfindən tanınmayıb və tanınmayacaq. Azərbaycanın qədim mədəniyyət şəhəri və musiqi beşiyi olan Şuşanı separatçıların özlərinə "paytaxt"etmək planı növbəti avantürnanın nəticəsi olaraq, Ermənistanın danışıqlar prosesinə zərbəsidir. Onsuzda o torpaqlarda onlar həyacanlı oturublar . Azərbaycanın güclü ordusu, artilleriya atəşləri görünür, Xankəndində panika yaradır. "Mərkəzlərini" Şuşa kimi hündür bir yerə köçürmək istəyirlər. Bununla özlərinə "rahatlıq"tapmaq istəyirlər. Azərbaycanın PUA-ları Şuşada da onlara rahatlıq verməyəcək . Azərbaycan maksimum şəkildə Ermənistanın bu çirkin oyunlarına qarşı təzyiqlər etməlidir. Onsuzda Minsk qrupundan fayda yoxdur. Minsk turist qrupu üçün Şuşa daha da cəlbedici görünür. Rahat şəkildə Şuşada istirahət edəcəklərinə "sevinərlər". Azərbaycan öz imkanları ilə Ermənistanı bu kimi təxribatların qarşısını almağa qadirdir.

-Bundan sonrakı proseslər hansı istiqamət üzrə inkişaf edə bilər?
-Beynəlxalq vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Yaxın Şərqdə davam edən müharibədə beynəlxalq oyuçuların mübarizəsi, Cənubi Qafqazada təsirsiz ötüşmür. Qarabağ münaqişəsi deyərdim ki, beynəlxalq münaqişədir. Çünki burada iki güclü ölkənin rəqabətləri var. Birgə həll variantlarında iştirak edirlər. Hazırda Qarabağ problemində təşəbbüsü ələ alan Rusiya çox aqressiv siyasət aparır. Azərbaycanın bu kimi işğala bir neçə ilə dözəcəyi mümkünsüzdür. İslam oyunlarından sonra növbəti dəfə danışıqlar prosesi aparılması gözlənilir. Ermənistan substantiv danışıqlara getməsə, növbəti hərbi eskalasiya mümkündür. Sona qədər işğal davam edə bilməyəcək. Rusiya çalışır ki, Azərbaycana öz şərtlərini diqtə edib, müəyyən rayonların boşaldılmasını Ermənistandan tələb etsin. Görünən odur ki, Rusiyanın şərtləri mürəkkəbdir və Qarabağı tam şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini mümkünsüz sayır. Təbii ki, bu kimi danişıqlar nəticəsizdi. Hesab edirəm ki, Ermənistana mütləq yenidən təzyiqlər edilməlidir.

Əli