Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı? Layihə

Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı?

1-ci yazı

Bu gün ermənilər havadarlarının köməyilə işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin varlığını daimiləşdirmək üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır. Faktlardan aydın görünür ki, erməni məkrində həmişə çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə çatmaq üçün bütün vasitələrdən istifadə edib: "Qarabağda hərbi şərait hələ Azərbaycanın müstəqilliyi elan olunmamışdan xeyli əvvəl mürəkkəbləşməyə başlamışdı. Çar Rusiyası Azərbaycanın neft sənayesini öz inhisarında saxlamaq üçün nəyin bahasına olursa-olsun Bakını əsarətdə saxlamaq istəyirdi. Sonralar bu ənənəni Sovet Rusiyası da davam etdirdi. Rusiya Azərbaycanın işğalı zamanı erməni faktorundan yararlanmağa çalışırdılar, məhz bu məqsədlədə ruslar ermənilərə Qara dənizdən Xəzər dənizinə qədər olan bir ərazidə müstəqil bir erməni dövlətinin yaradılacağına inandırmışdılar. O dövrə qədər ermənilər ümumiyyətlə, Cənubi Qafqazda rus siyasətini həyata keçirilməsində mühüm rol oynayırdılar. Onlar eyni zamanda bu siyasətdən öz məqsədləri yəni Cənubi Qafqazda bir erməni dövlətinin yaradılması üçün istifadə etməyə çalışırdılar. Artıq XX əsrin əvvəllərində Türkiyə ərazilərində erməni dövləti yaratmaq ideyası iflasa uğradıqdan sonra, 1918-ci ildə ermənilər planlaşdırırdılar ki, Axalkalakini, Borçalını, Naxçıvanı və Zəngəzuru İrəvan şəhəri ətrafında rus çarı Nikolayın sərəncamı ilə yaradılan "Erməni vilayəti"nə birləşdirib, Qarabağda ikinci bir erməni dövləti yaratsınlar və bu ikinci erməni dövlətinin sərhədlərini Bakı və Gəncə istiqamətində genişləndirərək Azərbaycanı ümumiyyətlə, dünya xəritəsindən silsinlər. Ermənilərin bu təşəbbüsünə əvvəllər çar Rusiyası, sonralar isə Sovet Rusiyası bütün qüdrəti ilə dəstək verdi. Ermənilər Rusiyanın təşəbbüsü ilə Birinci Dünya müharibəsinin (1914-1918) yaratdığı "əlverişli" tarixi şəraitdən istifadə edərək Zəngəzur və Qarabağ bölgələrində güclü hərbi qüvvələr formalaşdırmışdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim keçmiş zabitlər və Türk ordusundan qovulan erməni əsilli əsgər və zabitlərdən ibarət idi. Həmin dəstələr birbaşa Rusiya tərəfindən silahlandırılırdı.
Artıq Zəngəzurda və Qarabağda kifayət qədər güclənən erməni millətçiləri Qarabağda erməni hökuməti yaratmaq üçün 18 sentyabr 1917-ci ildə Şuşa şəhərində hüquqşunas Levon Vartapetyanın evində gizli şəraitdə toplaşaraq 14 nəfərdən ibarət Qarabağda "müvəqqəti erməni hökuməti"nin tərkibini elan etdilər. Bu tərkibə Ayrapert Musaelyan, Anuşavan Mikaelyan, Eqiş İşxanyan, Arutyun Tumanyan (Tumyan), Astsatur Avetisyan, Aşot Melik-Avsepyan, Levon Vartapetyan, Nikolay İsaxanyan, Ripisme Melik-Ovsepyan, Aram Mikaelyan, Aleksandr Melkumyan, Aleksandr Tsaturyan, Armen Karakozyan, Melikset Eseyan daxil idilər. Bu təşkilata sədr Ayrapert Musaelyanı, katib isə Nikolay İsaxanyanı seçdilər. Eyni zamanda Arutyun Tumyanın rəhbərliyi ilə hərbi məsləhət şurası yaradıldı. Hərbi Şuranın tərkibinə polkovnik Artaşes Mıkırtıçyan, kapitan Ayvazyan Mardi Ayvazoviç və kapitan Melik-Şaxnazaryan Samson Osipoviç daxil edildilər. Qarabağ silahlılarının komandandiri isə Çiknaveryan soyadlı yüksək titullu bir zabit təyin edildi. Adları çəkilən bu cinayətkar dəstə 2 il ərzində Qarabağda və Zənğəzurda çoxlu sayda talanlar və qırğınlar törədir, Azərbaycanın bütün bölgələrində əhalini daim səksəkə və qorxu içərisində yaşadırdılar. Sonralar Melik-Şaxnazaryan xatirələrində yazırdi ki, "...Biz fəaliyyətimizin ilk ilində Qarbağda azərbaycanlılara qarşı döyüşmək üçün 17 min nəfər erməni döyüşçü səfərbər etməyə müvəffəq olduq..."
F.İsmayılovun araşdırmasında qeyd olunur ki, 1917-ci ildən etibarən ermənilər Dağlıq Qarabağa və ətraf bölgələrə xeyli sayda canlı qüvvə və hərbi sursat toplammağa başlamışdılar. Bunun da əsl məqsədi hansısa münbit bir şəraitin yaranacağı təqdirdə qəfil hücumla Şuşa şəhərini ələ keçirərək orada yeni bir "erməni dövləti"nin qurulduğunu elan etmək idi. Öz bəd niyyətlərini uğurla həyata keçirmək üçün ermənilər Qarabağda üç alay təşkil etmişdilər. Alaylardan hər biri müasir silah-sursat və toplarla təmin edilmişdi: "Bu alaylardan birinə Dro ləqəbli general (Drastamat Kanayan) rəhbərlik edirdi, onun vəzifəsi Hadrut ərazisi istiqamətindən Şuşanın Gəncə qapısına qədər olan ərazilərə nəzarət etmək idi. İkinci alaya Nejde ləqəbli (Qaregin Ter-Artunyan) rəhbərlik edirdi bu alay indiki Laçın rayonu istiqamətindən qalanın İrəvan qapısına qədər olan ərazilərə nəzarət edirdi. Üçüncü alayın vəzifəsi isə Xankəndi və Ağdərə istiqamətindən Şuşaya köməyə ğələn azərbaycanlıların qarşısını kəsmək idi. Əgər Şuşa üzərinə ermənilərin hücumları başlayardısa, Daşkəsən rayonunun Bayan kəndi ətrafında və Azərbaycanın digər ərazilərində gizlənən polkovnik Eqor Ter-Avetikyanın çoxminlik ordusu Daşkəsən istiqamətindən Qarabağ üzərinə hücuma keçəcəkdi. Ancaq ermənilər xüsusi bir hiyləgərliklə azərbaycanlıların yaşayış məntəqələri ətrafında yaratdıqları mühasirəni getdikcə daraldır, kəndlərin bir-biri ilə əlaqələrini kəsir və bu əraziləri işğal etmək üçün Rüsiyanın xüsusi icazəsini gözləyirdilər.
Qarabağın azərbaycanlı əhalisinin çoxu evlərindən bayıra çıxa bilmirdilər. Kəndlərdə aclıq və səfalət hökm sürürdü. Qətllər və talanlar ara vermirdi. Xarici aləmlə əlaqəsi kəsilən Qarabağda yaşayan azərbaycanlı əhali həyatda qalmaq uğrunda boş əllə olsada ermənilərə qarşı ciddi müqavimət göstərməyi bacarırdılar. Bu mübarizədə azərbaycanlılarla müqayisədə ermənilər daha güclü və müasir silahlara malik idilər.
O dövrün rəsmi sənədlərində göstərilirdi ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər 15 min atıcı döyüş silahına, o cümlədən revolyerlərə, "Mauzer" tipli alman tapançalarına, 6 Rusiya istehsalı olan "Maksim" tipli pulemyota, 2 artileriya silahına malik idilər. Bundan başqa Şuşadakı erməni bazarının yaxınlığındakı erməni sahibkarlarına məxsus villaların zirzəmilərində Qriqor Baqdatyanın rəhbərliyi altında atıcı silahların patronları, əl qumbaraları və uzaqvuran atıcı silahlar istehsal edən gizli sexlər yaradılmışdı. Silahların alqı-satqısı və tələb olunan məntəqələrə çatdırılması Şuşadakı erməni bazarında əyləşən xüsusi təyinatlı agentlər tərəfindən gizli şəraitdə həyata keçirilirdi.
Rusiyanın daha bir cəhdi isə müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin əli ilə elə beşikdəcə məhv etmək təşəbbüslərini həyata keçirmək idi. Məhz buna görə də Rusiya, Azərbaycanın bütünlüklə Qərb hissəsini, o cümlədən Azərbaycanın digər bölgələrini (1828-ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı sərəncamı ilə İrəvan xanlığı əsasında yaradılmış) "erməni vilayəti"nə birləşdirmək istəyirdi. Elə bu səbəbdən də Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə bölgələrində iğtişaşlar yaradaraq, Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən sarsıdaraq məhv etmək istəyirdi.
O dövrdə Azərbaycan rəhbərliyi düşmən qüvvələrin məkirli niyyətlərindən xəbərdar olsalar da, onlar qonşu dövlətlər olan Rusiyanın və ya İranın beynəlxalq səviyyədə tanınan müstəqil Azərbaycan dövlətinin ərazilərinə açıq şəkildə təcavüz edəcəyinə o qədər də inanmırdılar. Ancaq Rusiya və İran dövlətlərinin Azərbaycana təzyiqləri davam edirdi. Müstəqilliyini yenicə elan edən hələ öz hərbi qüvvələrin komplektləşdirməyə macal tapmayan bir dövlətin bu cür təzyiqlər qarşısında duruş gətirməsi olduqca çətin idi... Çünki hələ yenicə yaranan gənc Azərbaycan dövləti öz ordusunu hələ komplektləşdirib qurtarmağa macal tapmamışdı, üstəlik ölkədaxili siyasi gərginlik və xarici təzyiqlər ciddi çətinliklər yaradırdı.
Azərbaycandakı siyasi gərginliyi daha da artırmaq üçün Rusiya İranda hələ birinci dünya müharibəsi ərəfəsində yerləşdirdiyi hərbi kontigentinin bir hissəsini Qarabağa yeritmək üçün məxfi tapşırıq vermişdi. O zaman faktiki olaraq erməni silahlıları mərkəzi Şuşa olmaqla bütün Qarabağ bölgəsinə nəzarəti öz əllərinə almışdılar. Azərbaycanın xeyrinə olmayan belə bir qarışıq və mürəkkəb şəraitdən ruhlanan Qarabağda toplaşmış erməni silahlıları, xüsusi azğınlıq nümayiş etdirərək Əsgəran istiqamətindən Şuşaya gələn bütün yolları və keçidləri bağlamışdılar. Bu hadisə daha çox İrandan Qarabağa ermənilərin köməyinə gələn rus hərbçilərini qarşılamaq üçün hazırlıq məqsədi daşıyırdı. Çünki Qarabağdakı erməni silahlıları məlumat almışdılar ki, 1918-ci ilin mart ayında İrandan Rus ordusuna məxsus beş min nəfərlik bir ordu Araz çayı üzərindəki Xudafərin körpüsündən keçərək Şuşa şəhərinə ermənilərin müdafiəsinə gəlirlər. Ermənilərin səbirsizliklə gözlədikləri bu hərbi qüvvə Rusiyanın Ekspedisya Korpusunun tərkibində 1914-cü ildən 1918-ci ilə qədər olan dövrdə (I Dünya müharibəsi ərəfəsində) İrana yerləşdirilmişdi. Artıq öz missiyasını başa vuran rus hərbi bölmələri İran dövlətinin xahişi ilə artıq oradan çıxarılırdı.
Nəhayət ki, ermənilərin intizarına son qoyan rus qoşunları mart ayının 23-də Cəbrayıl rayonu ərazisindən keçərək Şuşaya gəldilər. Onların gəlişini bayram edən ermənilər çox keçmədi ki, peşman oldular. Belə ki, rus hərbçiləri pasxa bayramından bir neçə gün sonra Rusiyaya gedəcəklərini bəyan etmişdilər. Onlar məqsədlərini belə izah edirdilər ki, Rusiyada bolşevik inqilabından sonra hərbi komandanlıq ləğv olunduğundan çar ordusu əslində özünün bütün səlahiyyətlərini itirib. Bu xəbərdən sarsılan ermənilər rus zabitləri ilə görüşüb, danışıq yolu ilə onların Qarabağda qalıb ermənilər tərəfdən azərbaycanlılara qarşı vuruşmağa razı salmağı qərara aldılar.
Azərbaycan hökuməti bütün qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk və Azərbaycan hərbi hissələrindən təşkil olunmuş Qarabağ hərakatı hərbi qüvvələri yaratdı. Bu hərbi qüvvələrə (hərəkata) rəhbərlik birinci Azərbaycan divizyasının komandiri Cavid Cahid bəyə həvalə edildi".

Uğur