13:06
882
"Tarix boyu bu iki dövlət – ABŞ-İran heç vaxt üz-üzə gəlməyib. Bir-birilərinə qarşı hədə-qorxudan o tərəfə getməyiblər. Amerika daha çox İsrail üzərindən İranla bağlı planlarını ara-sıra gerçəkləşdirməyə cəhd edib. Ona da görünən odur ki, hələ nail ola bilməyib. Son olaraq İran xalqı vasitəsilə müəyyən cəhdlər etdi, amma hazırkı situasiya onu deyir ki, molla rejimi bu dəfə də “kəfəni yırtdı””.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
C.Abbaslı düşünür ki, proseslər hələ bir müddət belə davam edəcək: “Amma ABŞ real olaraq savaşa qoşulmayacaq. Ola bilər ki, İsrail vasitəsilə nəsə etməyə çalışsın, necə ki, son olaraq 12 günlük savaşda bunun şahidi olduq. Bundan o tərəfə gedən deyil. Unutmayaq ki, son proseslərin içərisində qardaş Türkiyə də yer almaqdadır. Rəsmi Ankara müharibənin tərəfdarı deyil. Son olaraq Məsud Pezeşkianla Ərdoğan arasındakı telefon danışığından, eləcə də xarici işlər naziri Əraqçinin Türkiyəyə səfərindən çıxış etsək, Türkiyənin mövqeyi ortadadır”.
O əlavə edib ki, ABŞ də bölgə dövlətlərinin bu məsələdəki mövqelərini mütləq şəkildə nəzərə alır və buna zatən məcburdur: “Bölgənin əsas nəhəngi sayılan Rusiyanın da İranla bağlı proseslərdə istəyi məlumdur. Heç bir halda Kreml İranın vurulmasına “yaşıl işıq” yandırmaz. Götürək elə regionun digər kiçik dövlətlərini. Azərbaycan bunu istəyirmi? Xeyr. Həmçinin Gürcüstan belə regionda qarşılıq istəmir. Cırtdan Ermənistanın isə Tehranla əlaqələri məlumdur. Yəni Amerika bu regionda təklənər. Bir də unutmayaq ki, cənub qonşumuz Venesuela deyil...”.
Röya İsrafilova