“Yeni media sahəsindəki fəaliyyət aktuallıq kəsb edir” Layihə

“Yeni media sahəsindəki fəaliyyət aktuallıq kəsb edir”

İlkin Ağayev: "Söz və media azadlığı həm də hər kəsdən məsuliyyət tələb edir"
Azər Həsrət: "Azərbaycanda fikir azadlığı və media azadlığı üçün demək olar ki, bütün gərəkli şərait yaradılıb"

Bu gün azad fikirliliklə medianın ictimai məsuliyyətinin bir birini tamamlaması vacib məsələlərdən biri kimi gündəmdə durur. Bu baxımdan yeni mediya sahəsindəki fəaliyyət xüsusilə aktuallıq kəsb edir. Bura online saytlar, ənənəvi medianın online variantları, internet televiziyalardan tutmuş sosoial şəbəkələri və sair aid etmək olar.
İlkin Ağayev bildirdi ki, "yeni media" anlayışı bir qədər fərqli xarakter daşıyır: "Məsələn, ənənəvi medianın online versiyasından danışırıqsa, burada peşəkar mediadan söhbət gedə bilər. Amma sözügedən məsələdə sosial şəbəkələr və hazırda gündə biri meydana çıxan xəbər portalları ilə bağlı müəyyən problemlər ortaya çıxır. Burada fərq odur ki, media qurumunun və jurnalistin dünyada qəbul olunmuş standartları var. Jurnalist material hazırlayarkən müəyyən prinsipləri gözləməlidir. Təsvir edilən mövzu barəsində araşdırma aparmaq, tərəflərin mövqelərinin nəzərə alınması, faktların düzgün yoxlanılması, obyektivlik və qərəzsizliyin təmin olunması kimi prinsiplər ictimai məsuliyyətdən doğur. Amma yeni mediada çox vaxt bu prinsiplər gözlənilmir. Bu barədə hələ ictimai məsuliyyət hissi və mədəniyyəti tam formalaşmayıb. Yeni medianın sosial şəbəkələr, bəzən də xəbər saytları kimi formalarında, informasiyanın dövlət sirrinə aid olub-olmaması, onun qadağan olunmuş informasiyalar kateqoriyasına daxil olub-olmaması, kommersiya sirri anlayışı, şəxsi həyatın toxunulmazlığı və sairlə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalara çox vaxt məhəl qoyulmur".
İlkin Ağayevin fikrtincə, sözügedən sahədə əsas məsuliyyət vətəndaş cəmiyyətinin üzərinə düşür: "Hər kəs öz məsuliyyətini anlamalıdır ki, cəmiyyətdə normal münasibətlər formalaşsın. Yəni söz və media azadlığı həm də hər kəsdən məsuliyyət tələb edir. Burada diqqətə çatdırmaq istədiyimiz məqam odur ki, özünü azad görmək istəyən insan başqasının azadlığına da sayğılı davranmalıdır. Çünki söz azadlığı, fikir plüralizmi və ümumiyyətlə, demokratiya həm də cəmiyyət qarşısında məsuliyyət deməkdir. Bu gün mediada söz azadlığı məsələsini siyasiləşdirməyə çalışan bəzi siyasi qruplar "demokratiya", "demokratikləşmə" adı altında hər cür xaosu, mətbuatda söz özbaşınalıqlarını "azad fikir" adı altında təqdim etməyə çalışırlar. Həmin qruplar cəmiyyətin çağdaş səviyyəsinə uyğun dünyagörüşü sərgiləyə, baxışlarını, özünüifadə formalarını yeniləyə bilmirlər. Onlar demokratiyanı küçə, qarşıdurma və anarxiya kimi qavradıqları kimi, söz azadlığını da "əlində bobmba olan meymun" misalı anlamaqdadırlar. Halbuki demokratiyanın mahiyyətini açan istər nəzəriyyə, istərsə də təcrübi nümunələr sübut edir ki, demokratiya, yaxud söz azadlığı anlayışı anarxiya və özbaşınalıq kimi başa düşülməməlidir. Əfsuslar olsun ki, cəmiyyətimizdə bəziləri "demokratiya", "fikir plüralizmi" deyəndə məhz bu cür başa düşür. Bu cür qavrama isə ilk olaraq ondan irəli gəlir ki, müəyyən qrup insanlar hələ keçid dövründə demokratiya anlayışının, söz azadlığının mahiyyətin təhsil və maariflənmə yolu ilə anlaya bilməyiblər. Ümumiyyətlə, ilkin keçid dövrlərində bu anlayışların mahiyyəti insanlarımıza təhsil və maariflənmə yolu ilə tam çatdırılmayıb. Buna görə də bəziləri hələ də bu təhsilsizliyin və maarifsizliyin əziyyətini çəkir. Bu "bəziləri" "vətəndaş jurnalistikası"na, sosial şəbəkələrdə statuslar yazmağa iddialıq nümayiş etdirə-etdirə söz azadlığı ilə bağlı sırf savadsızlıq nümayiş etdirirlər".
O, həmçinin əlavə edib ki, demokratiya və söz azadlığı ilə bağlı nəzəriyyələr isə sübut edir ki, əslində demokratiya cəmiyyət qarşısında bacarıq və məsuliyyət tələb edir: "Bu baxımdan tam əminliklə deyə bilərik ki, nə demokratiya küçələrdə anarxiya, nə də ki söz azadlığı mediada təhqir, böhtan, istənilən şəxsin şərəf və ləyaqətinni alçaldılması demək deyil. Bir çoxları bunu hərfi olaraq məhz anarxiya kimi başa düşür. Cəmiyyəti də bu cür yanlış düşüncə ilə çaşdırmaq olmaz. Bu gün sosial şəbəkələrdə "ziyalı", "siyasi ekspert", "jurnalist" və sair adlarla fəaliyyət göstərən bəziləri anlamalıdırlar ki, onların "söz azadlığı" ilə bağlı düşüncələri ən azından ziyalılıq deyil. Çünki belə düşünənlərdə cəmiyyət qarşısında məsuliyyət hissi yoxdur. Əgər belələrində məsuliyyət yoxdursa, onlar heç vaxt söz azadlığı və demokratiya daşıyıcısı ola bilməzlər. Bu cür insanlar yalnız görüntü xatirinə populizmlə çıxış edə bilərlər ki, kütləni məsuliyyətsizliklərə sürükləsinlər. Bu isə istənilən cəmiyyət üçün arzuolunmazdır və ciddi fəsadlara səbəb ola bilər. Bunu anlamaq lazımdır ki, "azadlıq" anlayışı da bu baxımdan cəmiyyət qarşısında məsuliyyətlə ölçülür. Azad olmaq eyni zamanda özün və cəmiyyət qarşısında məsuliyyət şüuruna və düşüncəsinə malik olmaqla mümkündür...".
Ekspertlər bu xüsusiyyətləri nəzərə alaraq deyirlər ki, sosial şəbəkələr və həmin xəbər portallarının media adını qazanması bir az şərti xarakterlidir. Bu barədə fikirlərini bildirən ekspert Müşfiq Ələsgərli də qeyd edir ki, sadalananlar tirajlanmasına görə media qurumu sayılsalar da, peşə kodeksinin tələblərinə əməl etmək baxımından mediadan fərqlənirlər: "Bu baxımdan da "yeni media" anlayışının dəqiqləşdirilməsi və dəyişdirilməsi ilə bağlı dünyada müzakirələr davam etməkdədir". Hər halda, fakt odur ki, yeni media vasitələri mövcuddur və hazırda informasiyanın daha sürətlə yayılması ilə məşğul olurlar. Bu isə ictimai məsuliyyət kontekstində bir sıra aktual məsələləri və problemləri önə çəkir. Bu baxımdan qanuni tənzimləmələrin olması məqsədəuyğundur. Müşfiq Ələsgərli deyir ki, media ilə bağlı qanunvericiliyə, yaxud ölkədə mövcud olan digər qanunlara da dəyişikliklər etməklə hüquqi tənzimləmələr mümkündür: "Azərbaycanda da bu zərurətdən irəli gələrək sözügedən sahədə qanunvericiliyə dəyişiklik edildi: "KİV haqqında" qanuna və media qurumlarında yayılan informasiyalara baxsaq, burada informasiyanın ictimai məsuliyyəti nəzərdə tutulur. Birbaşa olaraq jurnalistin və media qurumunun tərifində də göstərilir ki, orada informasiyanın yayılmasından nə dərəcədə fayda götürülməsi məsələsi aktualdır. Yaxud qeyd edilir ki, jurnalist ictimai önəm daşıyan informasiya yaydığı zaman kifayət qədər məsuliyyətli olmalı və o informasiyanın gətirə biləcəyi nəticələri nəzərə almalıdır. İnformasiya yayılarkən onun ictimai önəmi, nə dərəcədə dəyərli olması media qurumunun fəlsəfəsində öz əksini tapıb. Amma çox təəssüf ki, bizdə bu məsuliyyət hissi bir kənara qoyulur. Əslində yeni mediada yayılan informasiyaların çoxu şəxsi xarakter daşıyır. Onların ictimai yükündən danışmaq olmaz. Amma bəzən elə olur ki, ictimai yükü olan informasiyaları da yayımlamağa girişirlər. Belə bir keçid etdikdə, mütləq ehtiyatlı olmaq və bu zaman media, jurnalist qarşısında qoyulan tələbləri nəzərə almaq lazımdır".
Dünya praktikasında da yeni mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə və sair məsələlərə görə məsuliyyət nəzərdə tutulur. Bizdə də bu məsələdə bir qədər fərqli olsa da, müəyyən məsuliyyət nəzərdə tutulur. "KİV haqqında" qanunda bu barədə nəzərdə tutulan məqamlardan başqa, ayrı-ayrı qanunlarda da bu barədə məsuliyyət nəzərdə tutan maddələr var. Müşfiq Ələsgərli təklif edir ki, informasiya yaymaqla bağlı bu müddəaları vahid bir məcəllədə birləşdirmək də məqsədəuyğun olardı. Bu məsələdə əsas məqamlardan biri odur ki, ictimaiyyətdə, yeni media istifadəçiləri arasında ictimai məsuliyyətlə bağlı geniş maarifləndirmə işi aparılmalıdır. Yeni mediadan istifadə halları xeyli genişlənib. Bu gün artıq vətəndaş jurnalistikasından söhbət gedir. Bu da yenu mediaya aid ictimai məsuliyyəti artırmış olur.
Azər Həsrət bildirir ki, Azərbaycanda fikir azadlığı və media azadlığı üçün demək olar ki, "bütün gərəkli şərait yaradılıb. Söhbət dövlətin bu yöndə üzərinə düşəni etməsindən gedir. Yəni bu gün hətta bizi tez-tez tənqid etməyə alışmış bir çox beynəlxalq təşkilatlar belə, ölkəmizdə ifadə və media azadlığı məsələlərində yetərincə yüksək standartlara uyğun hüquqi bazanın mövcudluğunu etiraf edirlər. Bu, məsələnin bir tərəfidir və yaxşı göstəricidir. Ancaq təəssüflər olsun ki, yaradılmış əlverişli şəraitdən sui-istifadə halları da yox deyil. Ölkəmizdə elə kəsimlər var ki, onlar fikir və media azadlığından çox zaman şəxsi nəfslərini təmin etmək, hətta arzuolunmaz kampaniyalar aparmaq üçün istifadə edirlər. Bu baxımdan deyərdim ki, ölkə mediasının ictimai məsuliyyətini anlamadığı hallar da az deyil".
Bu baxımdan yeni media ilə bağlı vəziyyəti də şərh edən Azər Həsrətin fikrincə, yeni mediada ictimai məsuliyyət məsələsi ənənəvi media ilə müqayisədə daha bərbad durumdadır: "İstər ana dilimizdən istifadə məsələsində, istərsə də jurnalistikanın qızıl prinsiplərinə sədaqət baxımından yeni media çox zaman xeyli geridə qalır. Təbii ki, bu da zamana bağlı məsələdir və yəqin ki, artıq yeni media sahəsində də özünütənzimləmə prosesini başlamaq lazımdır. Düşünürəm ki, bu yöndə Mətbuat Şurasının üzərinə əlavə vəzifə düşür".
Bu sahədə konkret yeni media ilə bağlı qanunun qəbulunun lazım gəlib-gəlməməsinə toxunan ekspert bildirir ki, yeni media ilə bağlı qanunun qəbulu ilə bağlı hələlik ciddi bir addım atılmayıb: "Amma düşünürük ki, artıq belə təşəbbüslərin zamanı çatıb. Burada söhbət yeni media sahəsində hansısa məhdudiyyətlərin tətbiqindən getmir. Bizim istəyimiz yalnız odur ki, yeni mediadakı hərc-mərclik aradan qaldırılsın. Bunun üçünsə, təbii ki, bəlli bir tənzimləyici sənədə ehtiyac var".

Əli