“Dövlət başçısı iclasda ikili standartların mövcud olması ilə bağlı açıq fikirlər səsləndirdi” Layihə

“Dövlət başçısı iclasda ikili standartların mövcud olması ilə bağlı açıq fikirlər səsləndirdi”

Rövşən Rzayev: "Beynəlxalq təşkilatlar ciddi fəaliyyətə söykənən mövqe sərgiləməyi bacarmır"
Akif Nağı: "Prezident çıxışı zamanı ciddi mesajlarını verdi"
Aydın Mirzəzadə: "İşğalçıya göndərilən ismarışlardan Ermənistandakı hərbi-siyasi rejim nəticə çıxarmalıdır".

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar bərpa edilir, bu, müsbət haldır. Dövlət başçısı qeyd edib ki, iyulun 11-də xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Artıq bu tarix bəlli idi, sadəcə olaraq, son günlərdə bu tarix açıqlandı. Ermənilər Alxanlıdakı təxribatı törətməklə hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək: "Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik.
Bax, budur Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan əsas məsələlər. Ona görə mən deyirəm ki, bu il Azərbaycan mövqeləri daha da möhkəmləndi. Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı".
İlham Əliyev əlavə edib: "O ki qaldı, danışıqların perspektivlərinə, bir daha demək istəyirəm ki, danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq".
Millət vəkili Rövşən Rzayev deyib ki, həqiqətən Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün istiqamətlərdə çox düzgün mövqe vurğuladı. Deputatın sözlərinə görə, ölkə başçısı həmin iclasda ikili standartların mövcud olması ilə bağlı açıq fikirlər səsləndirdi: "Təbii ki, bizi də narahat edən odur ki, bu gün beynəlxalq aləm erməni təxribatının qarşısını almaqdan ötrü mütləq qaydada, ciddi fəaliyyətə söykənən mövqe sərgiləməyi bacarmır. Burada ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri mövqe səsləndirməlidir. Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsi tələbi qoyulmalıdır. Çox istərdim ki, Minsk qrupunda olan digər dövlətlər passiv siyasətdən aktiv siyasətə keçsinlər. Almaniya, İtaliya, Türkiyə, Belarusiya, Finlandiya və digər bəzi dövlətlər Avropada, ümumilikdə dünyada nüfuz sahibidir. Bu kimi dövlətlər mövqelərini daha aktiv səsləndirməyi bacarmalıdırlar. Bir növ Avstriya hökumətinin mövqeyini səsləndirməlidirlər. Çünki bildiyiniz kimi, ATƏT Avstriyada yerləşir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında öz narazılığını bir daha ifadə edir ki, artıq daha dəqiq substantiv danışıqların vaxtıdır. Təbii ki, bu barədə də böyük dövlətlər öz sözlərini, mövqelərini bildirməlidirlər".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ciddi mesajlarını verdi", - deyə vurğulayıb. QAT sədrinin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlara yol verməsi, körpə uşaqların qətlə yetirilməsinə yönəlik ölkə başçısının çıxışı beynəlxalq qurumlar üçün ciddi mesajdır: "Hər kəs bunu anlamalı və başa düşməlidir. Prezident Azərbaycan ordusunun gücündən danışarkən onun Ermənistanın bütün hədəflərini vurmağa qadir olduğunu xüsusi vurğuladı. Bu, ciddi əsası olan bir xəbərdarlıqdır. Bu gün Azərbaycanın elə silahı, gücü var ki, o asanlıqla istənilən hədəfi məhv etməyə qadirdir. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır. Rəsmi Bakı bununla həm də beynəlxalq təşkilatlara mesaj göndərir. Əgər bu müraciətlərdən, ifadələrdən onlar yenə nəticə çıxarmasalar, o zaman müharibə qaçılmaz olacaq".
Millət vəkili Aydın Mirzəzadə söyləyib ki, Prezident İlham Əliyev 12 iyul müşavirəsində Ermənistana sərt mesajlar yollamaqla bərabər, həm də Azərbaycanın mövqeyini ifadə etdi: İşğalçıya göndərilən ismarışlardan Ermənistandakı hərbi-siyasi rejim nəticə çıxarmalıdır". Milli Məclisin deputatı bildirib ki, İrəvan Azərbaycan prezidentinin müşavirədə dediklərindən nəticə çıxarmasa, bunun axırı onlar üçün heç də yaxşı olmayacaq: "Ölkə başçısı Ermənistanın son günlər cəbhə xəttindəki təxribatlarına toxundu. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində düşmənin açdığı atəş nəticəsində iki vətəndaşımızın ölümünü ölkə başçısı sərt şəkildə qınadı. O bildirdi ki, bu hadisələrə görə Ermənistan ordusu cəzalandırıldı. Öldürülən mülki vətəndaşlarımızın – 2 yaşlı Zəhra və onun nənəsinin qanı yerdə qalmadı. Düşmənə ikiqat zərbələr endirildi. Cənab prezident onu da vurğuladı ki, əgər düşmən bir də belə hərəkətlərə yol versə iki qat zərbə alacaq. Bu mesajlıarın arxasında o dayanır ki, Azərbaycan Ordusu istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Buna ölkəmizin imkanı və gücü çatır. Ordumuzun imkanları göz qabağındadır".
Aydın Mirzəzadə onu da qeyd edib ki, münaqişənin həll olunmaması Ermənistanı çox çətin duruma salıb: "Ermənistan iqtisadiyyatı iflic vəziyyətinə düşüb. İşğalçı ölkədə sosial durum çox ağırdır. Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq. Məhz ölkənin gücü və rəhbərliyin prinsipial mövqeyi nəticəsində ermənilər yenidən danışıqlar masasına oturduldu. Özü də heç bir şərt irəli sürmədən. Münaqişənin həll olunmayacağı və sülh imkanlarının tükənəcəyi təqdirdə Azərbaycan müharibə variantından istifadə edəcək. Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması ilə barışmayacağıq".
Prezidentin çıxışında verilən mesajları şərh edən politoloq İlqar Vəlizadə diqqətə çatdırıb ki, Ermənistan ordusunun təxribatından sonra Azərbaycan ordusu layiqli cavabını verir: "Bu da təsadüfi deyil. Çünki işğal faktı Azərbaycana zərər vurub. Burada həm maddi, həm də mənəvi zərərdən söhbət gedir. Mənəvi zərər maddi zərərdən daha çoxdur". Politoloq bildirib ki, Ermənistan ordusu ilə Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlara baxsaq, Azərbaycan ordusu ancaq erməni hərbçilərinə qarşı mübarizə aparır. Ermənilər isə əksinə, dinc əhaliyə qarşı müharibə aparır. İ. Vəlizadə vurğulayıb ki, belə vəziyyətdə Azərbaycan rahat ola, dinc dayana bilməz və cavab verməli olur: "Azərbaycan ordusu nəinki Ermənistan ordusuna cavab verir, həmişə bu cavabı verməyə hazırdır. Bir müddət öncə Müdafiə Nazirliyi bəyanat verdi ki, Ermənistan tərəfindən edilən hər təxribata biz 10 qat cavab verəcəyik. Bu siyasət artıq bir neçə ildir ki, davam edir. Təəssüflər olsun ki, erməni tərəfi hələ də başa düşməyib ki, onların təxribatlarının aqibəti acınacaqlı olacaq". Politoloqun sözlərinə görə, bizim cavabımız Ermənistan cəmiyyətinə bir dərs olmalı idi: "Təəssüflər ki, olsun ki, Ermənistan bizim verdiyimiz dərslərdən nəticə çıxarmır. Onlar nə qədər nəticə çıxarmasa, biz məcburuq ki, dərs verək. Çünki beynəlxalq təsisatlar Ermənistana dərs verməyə qadir deyil".
Politoloq Mübariz Əhmədoğlu deyib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib dəyişiklik yaratdığını bildirdi. O qeyd edib ki, neçə vaxtdır ki, ermənilər danışıqlardan yayınırdı: "İndi isə prezidentlərin görüşü gündəliyə gəlib. ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra yaydığı bəyanatda bu açıq göstərilib. Ermənilər bu vaxta qədər deyirdi ki, prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə edilmiş razılaşmalar yerinə yetirilsin, ondan sonra danışıqlar davam etsin".
Politoloqun fikrincə, Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı bəyanatdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Vyana və Sankt-Peterburq görüşünün nəticələrinə razılıq versin deyə ermənilər Füzulinin Alxanlı kəndinə qətl törədib. M. Əhmədoğlu vurğulayıb ki, bu ermənilərin nə qədər iyrənc olduğunu göstərir: "Prezidentin Zəhranın və nənəsinin intiqamının alındığını iki mənada dedi. Yəni Azərbaycan iki istiqamətdə intiqamı aldı: Birinci istiqamət odur ki, Azərbaycan hərbçiləri uğurlu əməliyyat keçirdilər, ikincisə Azərbaycan tərəfi Ermənistanın heç bir şərtini qəbul etmədən danışıqlar masasına qaytara bildi. Beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanın yanında oldu".


Əli