İlk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır Layihə

İlk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır

Fevralın 3-də Bakıya amerikalı həmsədr Endrü Şofer gəlib. Amerikalı həmsədr bu müddət ərzində qeyri-rəsmi görüşlər keçirib, məcburi köçkünlərin yaşadığı ərazidə olub. Fevralın 6-da isə fransalı həmsədr Stefan Viskonti gəlib. O, fevralın 7-dən amerikalı və rusiyalı həmkarı İqor Popovla birgə rəsmi görüşlərə başlayıb. Prezident İlham Əliyev həmin gün həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Politoloq Fikrət Sadıqov deyib ki, "həmsədrlərin budəfəki səfər trayektoriyasının bu cür qurulması həqiqətən də müəyyən suallar doğurur. Yəni, onlar niyə bir-bir gəlirlər, yaxud iki-iki səfər edirlər. Məncə, bunun heç bir mənası yoxdur". O qeyd edib ki, həmsədrlərin istər bir-bir, istər iki-iki, yaxud tam komplekt şəkildə gəlmələri əsas deyil: "Əsas məsələ onların Azərbaycana gəlmək formatı deyil. Əsas onların danışıqlar prosesində yeni təklif irəli sürmələridir. Yəni, yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündən sonra həmsədrlər yeni təkliflər irəli sürsünlər, beynəlxalq hüquq normaları çərçivəsində müəyyən ideyalar gündəmə gətirsinlər. Bu ideya və təkliflər hazırlanarkən Azərbaycan və Ermənistan bərabərləşdirilməməlidir. Çünki həmsədr dövlətlər bir çox hallarda bizi güzəştlərə çağırırlar və sair. Əgər yeni ideyalar olmayacaqsa və həmsədlər Azərbaycana köhnə "baqaj"la gəliblərsə, bu səfərin heç bir müsbət nəticəsi olmayacaq".
F.Sadıqov onu da bildirib ki, 2017-ci ildə həmsədr dövlətlərdən ABŞ və Fransada yeni dövlət başçıları fəaliyyətə başlayıb: "Bu ölkələrdə xarici siyasət prioritetlərinin müəyyən cizgiləri də danışıqlar prosesində, ola bilsin, artıq aparıcı rol oynayır. Düzdür, bu heç də o demək deyil ki, sözügedən ölkələr xarici siyasətlərini radikal şəkildə dəyişdirirlər. Amma hər halda o ölkələrin prezidentləri tərəfindən verilən bir sıra bəyanatlar işarə edir ki, onlar bölgədə sabitliyin bərqərar olmasında maraqlıdırlar. Çox güman ki, yeni dinamika bu məsələlərlə bağlıdır. Amma əlbəttə, bizim üçün əsas olan nəticədir. Nəticəni isə ancaq obyektiv yanaşma verə bilər".
"XİN başçılarının son görüşündən sonra Azərbaycanın xarici işlər naziri problemin həlli ilə əlaqədar kreativ ideyaların olduğunu açıqlamışdı. Lakin bu ideyaların nədən ibarət olduğunu bilmək üçün danışıqların növbəti mərhələsini gözləmək lazımdır. Çünki hər şey real danışıqlardan asılıdır". Bu fikirləri isə politoloq İlqar Vəlizadə deyib. Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin gündəliyində təmas xəttinə nəzarət edən müşahidəçilərin sayının artırılması məsələsinin əsas yer tutduğunu deyən İ.Vəlizadə həmsədrlərin də bu məsələni problemin mərkəzində tutmasına təəssüfünü dilə gətirib: "Təmas xəttində müşahidəçilərin artırılması ilə bağlı məsələ Ermənistan tərəfindən israr edilir və bu, digər məsələlərlə əlaqələndirilirdi. Lakin təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu problemin mərkəzində tutur və bildirirdilər ki, guya bunun həlli digər məsələlərin müzakirəsinə şərait yaradacaq. Azərbaycan dövləti sözügedən təklifin digər məsələlərin həllinə mane olmaması üçün buna etiraz etmədi. Amma məsələ bununla bitməyib. Bizim gözləntimiz Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması, eyni zamanda qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması predmetli şəkildə müzakirə olunmasıdır".
Politoloqun sözlərinə görə, əgər müzakirələr yenə də əsas deyil, texniki məsələlər üzərində aparılsa, o zaman biz danışıqlardan heç nə gözləmək mümkün deyil: "Məsələn müşahidəçilərin sayının artırılması kimi texniki məsələlərin müzakirəsindən heç nə əldə etmək olmaz. Burada prinsipal mövqe ortaya qoyulmalıdır. Azərbaycan tərəfinin bununla mövqeyi qətidir. Lakin Minsk qrupu həmsədrlərinin hansı təkliflər irəli sürəcəyi çox maraqlıdır". Ermənistanın problemin mərhələli deyil, paket şəkildə həlli ilə əlaqədar təklifinə münasibət bildirən İ.Vəlizadə bunu cəfəngiyat adlandırıb: "Rusiyanın XİN başçısı Lavrovun bəyanatları da göstərir ki, onlar paket həll variantından uzaqlaşıb, hətta Ermənistanı da bundan çəkindirməyə çalışırlar. Bu, əlbəttə ermənilərin xoşuna gəlmir. Düzdür, onlar bunu açıq şəkildə söyləmirlər, lakin dolayı yolla, müəyyən mesajlar vasitəsilə fikirlərini bildirməyə çalışırlar. Artıq Rusiya anlayır ki, problemin paket şəkildə həll variantı mümkün deyil. Çünki, paket həll yolu hazırkı vəziyyətdə həm Rusiyanın maraqlarına uyğun gəlmir, həm də Dağlıq Qarabağ münaqişəsində yaranan çıxılmaz vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər".
"Rusiya tərəflərin qismən də olsa razılığa gəlməsini istəyir. Qonşu dövlətin məqsədi Ermənistana gedən yolların açılması və bunun nəticəsində də yüklərinin sərbəst şəkildə Azərbaycan ərazisindən keçərək düşmən ölkəyə getməsidir. Təbii ki, bunun da bir yolu var ki, bu da Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsidir. Belə olan halda gündəmə mərhələli həll planı gəlir".
Böyük dövlətlər də çox gözəl başa düşürlər ki, status-kvonu Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Bu sözləri isə fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli yönündə aparılan danışıqların prinsipləri məlumdur: "Bu prinsiplərin işə düşməsi üçün ilk növbədə erməni qoşunları işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Təmas xəttində müşahidəçilərinin sayının artırıması çox mənasız bir işdir. Çünki təmas xətti o qədər böyükdür ki, orada 3 və 7 nəfərin olması faydasızdır. Aydın məsələdir ki, böyük dövlətlər bir-birilə rəqabət içərisindədirlər və məhz siyasi çıxarlarına görə Qarabağ probleminin həllini yubadırlar. Lakin böyük dövlətlər çox gözəl başa düşürlər ki, status-kvonu hansısa şəkildə Dağlıq Qarabağda saxlamaq mümkün deyil. Fransa, Rusiya və ABŞ münaqişənin həll olunmasına dair bəyanatlar veriblər. Hazırda bu istiqamətdə yollar axtarılıb tapılmalıdır".
Ekspertin sözlərinə görə, Qarabağ probleminin həll olunması ümumilikdə geosiyasi proseslərdən də asılıdır: "Söhbət Rusiya-ABŞ münasibətlərindən gedir. Hazırda elə bir şərait yaradılıb ki, münaqişənin həlli dünyada gedən ümumi proseslərdən asılı vəziyyətdədir. Lakin Azərbaycan əvvəlki Azərbaycan deyil. Bakı münaqişənin həlli istiqamətində addımların atılması zəruriliyini dünya ictimaiyyətinə qəbul etdirə bilib".
"İran Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik niyyətlərinə aydınlıq gətirməlidir". Bunu isə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin iqtisadiyyat və nəqliyyata aid seqmentləri çox uğurla inkişaf edir: "İran icra strukturunun istənilən təşəbbüsü Azərbaycan tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və dərhal reallaşdırılır. Qarşılıqlı səy iki ölkə arasındakı münasibətləri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksək səviyyəyə qaldırıb. Amma İranla Azərbaycan arasındakı münasibətlərin inkişafını arzulamayanlar hədsiz çoxdur və bunların böyük əksəriyyəti İranın daxilindədir. İranın daxilindəki müəyyən strukturlar Azərbaycan və Ermənistanda kifayət qədər gücü olan qruplar yaradıblar. İrandakı müəyyən strukturlar Azərbaycanla əlaqəli Dağlıq Qarabağ tənzimləməsi mövzusundan tez-tez istifadə edirlər və bunu siyasiləşdiriblər. Guya Dağlıq Qarabağ tənzimlənməməsinin səbəbi ATƏT-in Minsk Qrupunun hər 3 üzvünün xristian dövləti olmasındadır. Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməli, müsəlman dövlətlərinə, o cümlədən İrana üz tutmalıdır.
Əvvəla, Azərbaycan İranın vasitəçiliyini 1992-ci ildə qəbul etdi və bu Azərbaycana hədsiz baha başa gəldi. Şuşanı itirdi. İran bundan sonra onun vasitəçiliyinin əleyhinə olan, Şuşanı işğal edən Ermənistan və onun havadarları ilə birlikdə müttəfiqlik əlaqələrini daha gücləndirdi. Müasir dövrdə də Azərbaycan İranın Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyinin tərəfdarıdır və hətta bunu Azərbaycanın İrandan xahiş etdiyini də ehtimal etmək olar. Ümumilikdə Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyin tərəfdarıdır. Dağlıq Qarabağ tənzimlənməsinin ATƏT MQ-nin monopoliyasından çıxması istiqamətində xeyli səy göstərir. 2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Ancelino Alfano Moskvada olarkən ATƏT MQ-nin Dağlıq Qarabağ tənzimlənməsində yeganə format olmadığını bildirdi. İtaliya dünyada xristianlığın mənşəyi olan dövlətdir. İtaliya Azərbaycanın uzun illər boyu bir nömrəli ticarət tərəfdaşıdır.
Bütün bunları nəzərə alaraq İran Xarici İşlər Nazirliyinin öz vətəndaşları arasında İranın vasitəçilik təşəbbüsünə Azərbaycanın və Ermənistanın reaksiyaları barədə izahat işi aparmalıdır. İranın dövlət quruluşu fərqlidir. İran XİN həm prezidentə, həm də ali dini rəhbərin ofisinə tabedir. İranda bəzi qurumların Dağlıq Qarabağ tənzimlənməsindəki destruktiv mövqeyi İranın prezident komandasının Azərbaycan istiqamətində apardığı işlərə kölgə sala bilər. Ona görə İran yaxşının və ya pisin tərəfində olduğunu nümayiş etdirməlidir. İran XİN-nin Ermənistanla vasitəçilik missiyasını müzakirə etməsi və hər dəfə rədd cavabı alması barədə səhih məlumatımız var. İranın vasitəçilik təşəbbüsünə Ermənistanın neqativ rolunu İran XİN-nin gizlətməsini İran-Azərbaycan münasibətlərinə zərbə vurması kimi dəyərləndirilə bilər".
Cavid