Ermənilər razılaşmanı pozdu Layihə

Ermənilər razılaşmanı pozdu

Bakıdan İrəvana sonuncu Qarabağ şansı

Ötən həftə Ermənistan 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokolları ləğv etdi. İrəvan bu addımla Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədləri bağlayan və protokolların reallaşması üçün "İşğal altındakı Azərbaycan torpaqlarını azad et" şərtini irəli sürən Türkiyədən öz aləmində "qisas alır". Hərçənd, protokolların ləğvi Ermənistan üçün sonuncu "saman çöpü"nün də sıradan çıxması deməkdir. Çünki işğalçı siyasətinə görə bölgədə blokada vəziyyətinə düşmüş Ermənistan İranı "nəfəslik" olaraq görür. Tehranın apardığı siyasət İrəvanın şanslarının böyük olduğu haqda təsəvvür yarada bilər.
Politoloq Arzu Nağıyev deyib ki, Ermənistan prezidenti bu protokolların ləğv ediləcəyini dəfələrlə bəyan etmişdi:
"Protokolların ləğv olumasının səbəbi qondarma soqırım iddiaları ilə bağlıdır. Ermənistan tərəfi Türkiyənin bu iddiaları qəbul edəcəyini düşünürdü. Gələcəyə doğru baxanda Türkiyənin bundan uduzacağı heç nə yoxdur. Türkiyə ilə normal münasibətlərin qurulmaması ancaq Ermənistana mənfi təsir göstərəcək".
Politoloq Fikrət Sadıxov bildirib ki, Ermənistan tərəfindən Sürix protokollarının ləğvi olduqca gülünc addımdır: "Çünki Ermənistan 2009-cu ildən bu yana gözləyib ki, Türkiyə güzəştə gedəcək, onların tələblərini yerinə yetirəcək. Bu, heç vaxt baş verə bilməzdi. Ona görə ki, Ermənistan indiyədək Türkiyənin ərazisinə iddialıdır. Bundan başqa, ermənilər 1915-ci il hadisələrini "soyqırımı" kimi dünyada yaymaqla məşğuldur. Eyni zamanda, orada daha bir şərt - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi var idi. Çünki Türkiyə-Ermənistan sərhədləri məhz buna görə bağlanıb. İndi Ermənistan heç bir güzəştə getmirsə, Türkiyə sərhədləri açmalıdırmı? Düşünürəm ki, bu sənədlərin ləğvi Ermənistan tərəfindən seçkiqabağı bir jestdir. Bunu müəyyən dairələrin xoşuna gəlmək və seçicilərin marağına səbəb olacaq bir addım kimi qiymətləndirmək olar. Əks halda, bu, tamamilə başa düşülməyən bir addımdır. Şübhə etmirəm ki, Türkiyə heç vaxt bu şərtləri qəbul edə bilməzdi. Ermənistan rəhbərliyi bu protokolların qüvvədən düşməsini 2009-cu ildə bəyan etsəydi, indiki kimi gülünc görünməzdi".
F.Sadıxov əlavə edib ki, gələcəkdə hansısa şərtlərsiz Türkiyə-Ermənistan münasibətlərinin qurulması mümkün ola bilər: "Hazırda iki ölkə arasında münasibətlər xeyli gərgindir. Bu gərginlik təkcə Azərbaycanla bağlı məsələ deyil. Təbii ki, Azərbaycan amilinin Türkiyə-Ermənistan münasibətlərində öz yeri var. Lakin indinin özündə belə, Ermənistan qondarma soyqırımı və ərazi iddiaları ilə bağlı Türkiyə qarşı çıxış edir. Hətta erməni tərəfi bu iddialardan əl çəksə belə, düşünmürəm ki, yaxın gələcəkdə Türkiyə-Ermənistan münasibətləri bərpa olunsun".
İndiki situasiyada bu təsəvvür minimuma enir:
1. Rəsmi Bakı Tehranla təmasları sıxlaşdıraraq, işğalçı ölkənin mümkün çıxışını uğurla qapadır.
2. ABŞ və İsraillə psixoloji müharibə aparan İran üçün hazırda Azərbaycan vazkeçilməz faktordur. Bu günlərdə Tehrandan Bakıya "hərbi əməkdaşlıq" təklifinin gəlməsi də təsadüfi deyildi. İran bununla həm bölgədəki silah bazarında İsrailin payına sahib çıxmaq, həm də gələcək toqquşmada Azərbaycanı ən pis halda neytrallaşdırmaq istəyir. Halbuki, Bakı İrana qarşı heç vaxt platforma olmayacağını dəfələrlə sübut edib. Buna rəğmən, cənub qonşumuz narahatdır. Bu baxımdan, İranın Azərbaycana rəğmən Ermənistanın "dərdinə dərman olacağı" ehtimalı azalır.
İrandan sonra Türkiyə Ermənistanın xilası üçün kiçik bir ehtimal idi və Sarkisyan bu ehtimalı öz əli ilə masadan qaldırdı. Mümkündür ki, Ermənistan prezidenti bu addımı seçkiöncəsi xal qazanmaq məqsədilə atdı, lakin bütün hallarda işğalçı ölkənin mühasirəsi daha da sıxlaşdı.
Protokolların İrəvan tərəfindən ləğv edilməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində daha real addımlar atması imkanını genişləndirir. Çünki Sürix protokolları daha çox Ermənistanı Rusiya orbitindən çıxarmaq üçün Qərbin Türkiyə üzərindən atdığı addım idi. Platforma rolunu üzərinə götürən Ankara bu prosesdən Azərbaycan torpaqlarının azad edilməsi üçün istifadə etməyə çalışırdı, lakin protokollar Türkiyənin Ermənistana qarşı daha sərt addımlar atmasını da məhdudlaşdırırdı. Sarkisyanın protokolları ləğv etməsi situasiyanı dəyişdirdi. Digər tərəfdən, Türkiyə 2009-cu ildən fərqli olaraq, bu gün Qərblə birgə hərəkət etmir və Ankranın regionda böyük güc olmaq strategiyası onun proseslərə daha aktiv müdaxiləsini şərtləndirir. Beləliklə, 9 il öncə qurulan plan kağız üzərindən də silindi və regionda daşların yerini dəyişdirdi. İndi Türiyənin Azərbaycanla birgə Qarabağın azad olunması istiqamətində daha aktiv addımlar atması gözləniləndir.
Ermənistan mediasının Sarkisyanın addımını "protokollar ləğv olundu, blokada sıxlaşdı, Qarabağda toqquşma daha yaxındır" deyə şərh etməsi də təsadüfi deyildi.
Çünki Sürix protokollarının ləğvi belə demək mümkünsə, Türkiyənin "Ermənistanın xilası" üçün götürdüyü öhdəlikləri də aradan qaldırdı.
Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, "Türkiyə Ermənistanla bağlı siyasətinə yenidən baxacaq".
Əslində proseslərin inkişaf nöqtəsi budur: Türkiyə Ermənistanla bağlı siyasətinə yenidən baxır. Burada Ankara və Bakının Ermənistanla bağlı yeni planının olması ehtimalı da istisna deyil.
Və bu plan iki hissədən ibarət ola bilər:
BİRİNCİ HİSSƏ: İşğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi qarşılığında Ermənistanı regional layihələrə qoşmaq. Baş verənlər Bakı və Ankaranın planın ilk hissəsinin dövriyyəyə saldığı ehtimalını gücləndirir.
a) Bakı ötən ay Milli Məclisin deputatı Rasim Musabyovun "arminfo" saytına müsahibəsi ilə Qarabağ münaqişəsinin ən yaxşı variantla həllini Ermənistan ictimaiyyətinə çatdırdı. Bu, Azərbaycanın uğurlu gedişi idi və böyük ehtimalla böyük planın bir hissəsidir. (Oxu: Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI). Və görünən budur ki, Bakı bununla münaqişənin sülh yolu ilə həlli üçün İrəvana son şans verdi.
b) Daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprel seçkilərindən sonra prezidentlərin görüşünün mümkünlüyü haqda danışaraq, optimist olduğunu gizlətmədi. Bu, seçkidən sonra münaqişənin həlli ilə bağlı ciddi addımların atıla biləcəyindən xəbər verir.
c) Diqqətçəkən məqamlardan biri isə martın 2-də Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvilinin İrəvana səfər etməsi və Ermənistanın regional layihələrdə iştirakının mümkünlüyü haqqında danışması oldu. Bölgədə Türkiyə-Azərbaycan-Gürcüstanın formatının olduğu məlumdur. O da məlumdur ki, Tbilisinin hazırda ayaq üstə dayana bilməsinin əsas səbəbkarı heç də NATO, yaxud Avropa yox, məhz Bakı və Ankaradır. Bu baxımdan, Kvirikaşvilinin İrəvana səfər etməsi və "Ermənistanın regional layihələrdə iştirakı" haqqında bəyanatı Bakı və Ankara ilə razılaşdırılmış, daha doğrusu, Azərbaycan və Türkiyənin istəyinə uyğun atılmış addım ola bilər. Bununla, İrəvana çıxış yolu göstərilir.
Hesab etmək olar ki, Azərbaycan və Türkiyə prosesə start verib və hələ ki, işğalçı ölkəyə çıxış yolları təqdim edilir. Əgər Ermənistan çıxış yolundan istifadə edəcəksə:
- İlk növbədə işğalçı ölkə düşdüyü ağır vəziyyətdən çıxacaq;
- İşğal olunmuş ərazilər güllə atılmadan azad olunacaq;
- Türkiyə Ermənistanı öz orbitinə çəkərək, Cənubi Qafqazda, ümumilikdə bölgədə yeni güc simasını möhkəmləndirəcək.
Hələlik planın birinci hissəsi dövriyyədədir və böyük ehtimalla diplomatik cəhdlər nəticəsiz olarsa, ikinci hissəyə keçiləcək.
İKİNCİ HİSSƏ: burada söhbət təbii ki, güc variantından gedir. Böyük ehtimalla seçkidən sonra tərəflər arasında təmaslar davam edəcək və Bakı İrəvana son şansı verəcək. Əks təqdirdə, diplomatlar yox, silahlar danışmalı olacaq...
Və burada sual yaranır: bütün bu prosesdə Rusiya haradadır?
Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərindən sonra ABŞ-ın Moskvaya qarşı yeni və daha ağır sanksiyalarının işə düşəcəyi gözlənilir. Bunun baş verməsi, Rusiyanın içinə qapanması və regionda daha zəif çıxış etməsi ilə nəticələnə bilər. Mümkündür ki, Türkiyə və Azərbaycan yaranmış situasiyadan çıxış edərək, dövriyyəyə yeni plan daxil ediblər. Ərdoğanın Qarabağ məsələsini iki dəfə qaldırmasına rəğmən, Putinin səssiz qalması da Ankaranın Rusiyadan kənar hərəkət etmək qərarına gəldiyi ehtimalını önə çıxarır. Proseslərin inkişafı seçkidən sonra regionda yeni addımların atılacağından xəbər verir. Təbii ki, Rusiyanın da oyundan kənarda qalmaq istəməyəcəyi məlumdur, lakin Qarabağ ətrafında yeni proseslərin baş verəcəyi şübhəsizdir.
Cavid