“Paşinyan başa düşür ki, kiçik təxribat olsa belə, Azərbaycan buna sərt reaksiya verə bilər” Layihə

“Paşinyan başa düşür ki, kiçik təxribat olsa belə, Azərbaycan buna sərt reaksiya verə bilər”

İlqar Vəılizadə:"Amma Rusiya belə bir vəziyyətin yaranmasını istəmir"



Ermənistanda gərginlik davam edir. Etiraz aksiyalarına qatılanlar maaşlarının ödənilməsi, yeni iş yerləri və s. tələblər irəli sürürlər.
Ermənistan baş naziri Nikol Paşinyan isə "bizə fasilə lazımdır ki, problemlərin həlli ilə məşğul olaq". – deyə bildirib. Onun sözlərinə görə, aksiyalar hələlik tam dayandırılmalıdır: "İnsanlar özünüifadə azadlıqlarından istifadə edirlər. Bu normaldır, amma digər tərəfdən anlamalıyıq ki, bütün problemləri dərhal həll etmək olmur".
Nikol Paşinyanın daha bir maraqlı açıqlaması isə sabiq baş nazir Serj Sarksiyanla bağlı olub. O bildirib ki, Serj Sərkisyanla yalnız Qarabağ məsələsini müzakirə edə bilərəm. "Biz Sərkisyanla yalnız Qarabağ məsələsiylə bağlı hansısa infromasiyaları almaq üçün görüşə bilərik" – deyə Paşinyan jurnalistin "Qonşunuz Serj Sərkisyanla görüşürsüzmü?" sualına cavab verərkən bildirib.
Bütün bu gərginliklər, hazırki hökumətin də hakimiyyətdə qalıb qalmayacağının sual altında olması danışıqlar prosesi ilə bağlı qeyri müəyyənlik yaradır.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Dağlıq Qarabağa ilk səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib: "Ekspert mühiti Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazırdır. Nikol Paşinyanın mitinqlərinin gur olmasının əsas səbəblərindən biri də bu idi". O bildirib ki, İrəvan ermənilərinin böyük bir qismi hətta Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının tərəfdarıdır: "Paşinyanın ermənilərin qulaqlarının alışdığı fikirləri Dağlıq Qarabağda təkrarlaması ekspert mühitində canlanma yaratdı. Özünü aldatmağı xoşlayan ekspert mühiti Paşinyanın səsləndirdiyi fikirlərdə bəzi tonallıqları görmək istəmədilər. Onun səsləndirdiyi fikirlərdən bəziləri sensasiyadır: Paşinyan Azərbaycanla danışıqları yalnız Ermənistanın adından aparacağını bildirdi. Paşinyanın fikrincə, Dağlıq Qarabağ da danışıqlar prosesinə ayrıca qoşulmalıdır. Əslində, N.Paşinyanın belə mövqeyi Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın rəsmi doktrinasına tam uyğundur: Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsinin adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ" münaqişəsidir. Rəsmi Bakının fikrincə, ermənilərlə azərbaycanlılar arasında münaqişə 2 tərkib hissəsinə malikdir:
1. Ermənistanla Azərbaycan arasında tarixdən qaynaqlanan problemlər. Bura Zəngəzur, İrəvan, Göyçə və digər ərazilərin hissə-hissə Azərbaycana qaytarılması, 1987-ci ildən başlayaraq, Ermənistan SSR-dən qovulmuş azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması və buna müvafiq olaraq Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtmasına şərait yaratmaq.
2. Dağlıq Qarabağ probleminin həlli. İlkin mərhələdə 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması. Sonra isə tədricən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması. Dağlıq Qarabağdakı ermənilər 1923-cü ildə olduğu kimi, yenidən Azərbaycanın tərkibində qalmağı seçə bilərlər".
M.Əhmədoğlu bildirib ki, N.Paşinyan özünün mərhələli həll variantını təklif edir:
"Əvvəlcə Ermənistan-Azərbaycan münasibətləri normallaşdırılır. Bu mümkündür. İlkin şərt olaraq Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarır və bundan sonra nəqliyyat əlaqələri, investisiya, birgə iqtisadi layihələr və regional layihələrə qoşulmaq məsələlərinin müzakirəsi başlayır. Qısa müddət ərzində müzakirələr bitir və əməli fəaliyyət başlayır.
N.Paşinyanın yaratdığı hərəkat və baş nazir təyin olunması Dağlıq Qarabağ tənzimlənməsində aktivlik yaratdı. Bax, burada Paşinyan Serj Sərkisyanın tam tərsinə hərəkət etdi. Serj Sərkisyanın bütün fəaliyyəti Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli prosesləri tormozlamaq idi. İmitasiya edirdi. Aİ, ABŞ və RF-də müəyyən ümidlər yaratdı. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi F.Moqerininin Paşinyana təbrik müraciətində Dağlıq Qarabağ tənzimlənməsinin Aİ üçün bir nömrəli tapşırıq adlandırması təsadüfi deyil. N.Paşinyan görünür, təkcə aktivlik və ümid deyil, həm də iştah yarada bilib".
Politoloq həmçinin David Tonoyanın müdafiə naziri postuna gətirilməsini də şərh edib. Mübariz Əhmədoğlu əlavə edib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın təyin etdiyi yeni müdafiə naziri Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil: "Amma onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir". Onun sözlərinə görə, D.Tonoyan hədsiz aktiv nazir müavini idi: "Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o "passiv müdafiədən aktiv cilovlamaya" hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House"də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.
Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir. D.Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sərkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialı o zamankı prezident Serj Sərkisyan tərəfindən yüksək qiymətləndirildiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. D.Tonoyan Fövqəladə Hallar Nazirliyinin əsas funksiyalarını unutdu və bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi. ABŞ və NATO-dan aldığı dəstəklərin hesabına məqsədyönlü hərbi təlimlər keçirdi. Fövqəladə Hallar Nazirliyinin öz funksiyası ilə məşğul olmamasının ən bariz göstəricisi D.Tonoyanın Fövqəladə Hallar Naziri olduğu dövrdə Ermənistanda baş verən meşə yanğınlarında bu nazirliyin əlacsızlığıdır.
N.Paşinyan D.Tonoyanın məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə müdafiə naziri təyin etdi. Çünki N.Paşinyan Serj Sərkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər N.Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı o D.Tonoyanı nazir təyin etməzdi. Vaqarşak Arutyunyanın müdafiə naziri olması ideyasını Dağlıq Qarabağ erməniləri irəli sürmüşdülər.
N.Paşinyan avantürist manerasına görə də Serj Sərkisyanı təkrarlayıb. Amma S.Sərkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Amma N.Paşinyan belə bacarığa və inama malik deyil.
N.Paşinyanın elə ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsi hər halda Kreml tərəfindən cavabsız qala bilməz. Çünki geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir".
Politoloq İlqar Vəlizadə isə deyib ki, aprel təxribatlarının arxitektoru sayılan David Tonoyanın müdafiə naziri postuna gətirilməsi məcburi addımdır. Politoloq hesab edir ki, baş nazir Nikol Paşinyan kadr çatışmazlığına görə, bu addımı atmağa məcbur olub: "Paşinyanın kadr ehtiyatı məhduddur. Buna görə də o, məcbur olub Tonoyan kimi adamı müdafiə naziri postuna gətirib. Digər yandan, yeni müdafiə naziri özbaşına deyil, o, bütün hallarda Nikol Paşinyandan alacağı tapşırıqları icra edəcək. Baxmayaraq ki, Paşinyanın özü də Azərbaycana qarşı sərt ritorika ilə çıxış edir, amma onun Qarabağda bizə qarşı irimiqyaslı təxribatlara əl atacağı gözlənilən deyil. Onun belə bir imkanı yoxdur, resursları çox məhduddur. Amma kiçik təxribatlara əl atması mümkündür. Digər yandan isə Paşinyan başa düşür ki, kiçik təxribat olsa belə, Azərbaycan buna sərt reaksiya verə bilər. Amma Rusiya belə bir vəziyyətin yaranmasını istəmir. Rusiya növbəti aprel döyüşlərinin təkrarlanmasında maraqlı deyil. Çünki digər istiqamətlərdə - Suriya və Ukraynada başı qarışıb. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan belə təxribatlara əl atmağa cəhd etsə, Rusiya ciddi təzyiqlər edəcək. Moskva indidən Paşinyanı başa salacaq ki, təxribatalar törətməsin".
İlqar Vəlizadə son olaraq əlavə edib ki, Paşinyan sələfi Serj Sərkisyandan radikal olsa belə, bu, vəziyyəti dəyişməyəcək. O, fikrini Paşinyanın da, Rusiyanın ciddi təzyiqləri altında olması ilə izah edib.


Əli