Qarabağ xanlığında idarəçilik sistemi və hərbi müdafiə işinin təşkili Layihə

Qarabağ xanlığında idarəçilik sistemi və hərbi müdafiə işinin təşkili

6-cı yazı
Şuşadakı qəsrlərin girişləri də kiril əlifbasındakı "Q" şəkilli idi və yüksək ikimərtəbəli qüllələrlə müdafiə olunurdu. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Şuşada qəsrin kiçik olması Şuşa düzünün təbii cəhətdən əlçatmazlığı ilə izah oluna bilər. Digər səbəb şəhər ərazisindən kənarda, dərin Daşaltı dərəsinin əlçatmaz yarğanında, mağara-qalanın əks tərəfində qaya saray-sığınacağının olması idi. Əhmədbəy Cavanşirin yazdığına görə, Şuşa qalası arasında gizli yeraltı yol var imiş. Mağara-qalaya giriş daşdan hörülmüş yarımdairəvi güclü müdafiə divarı ilə qorunurdu. Bəzi tarixçilərin fikrincə, məhz bu mağara-qala Pənahəli xanın Şuşada ilk iqamətgahı olmuşdu. Həyəcanlı vaxtlarda qala-saray kompleksi sakinlər üçün sığmacaq rolunu oynayırdı. Bu kiçik qalada bulaq vardı. İbrahimxəlil xan vaxtını bəzən burada keçirirmiş. Hazırda Daşaltı dərəsindəki saray-sığınacağa dağın yamacında çapılmış "qırx pillə" adlandırılan pilləkənlə düşmək olar.
İlk dövrlərdə Şuşada hakimin evinin yerləşdiyi ayrıca daxili qala-içqala olmamışdı. Bəzi tədqiqatçılar bunu şəhərin sıldırım qayalarla əhatə olunması və düşmən hücumu zamanı xan ailəsinin sığınması üçün əlçatmaz bir yerdə Xəzinə qalasının tikilməsi ilə əlaqələndirirlər. Lakin C.Mustafayevin haqlı olaraq qeyd etdiyi kimi, Xəzinə qalası xeyli gec, İbrahimxəlil xanın dövründə tikildiyindən bu mülahizə düzgün deyil və yəqin ki, sadəcə vaxt az olduğundan Pənahəli xan Şuşa qalasını tikdirərkən ayrıca içqala inşa etdirməmişdi. Hər an düşmən hücumlarından ehtiyat edən Pənahəli xan tələsik şəhərin daha təhlükəsiz yerlərində kiçik qalaları xatırladan imarətlər tikdirməklə kifayətlənməli olmuşdu. Yalnız İbrahimxəlil xanın dövründə Gəncə qapıları yaxınlığında, hündür təpənin üstündə bütün zəruri memarlıq formalarına malik olan içqala inşa edilmişdi. İçqalanm daxilində divanxana, iki böyük imarət və yardımçı binalar var idi.
Qala divarları 2,5 km uzunluğunda olub, daşdan və əhəngdən hörülüb. Şuşaya giriş dörd darvazadan həyata keçirilirdi. Darvazalardan biri "Gəncə qapısı", digəri "İrəvan qapısı", üçüncüsü "Ağoğlan qapısı" adlanırdı. Dördüncü qapınm adı və yeri məlum deyil. Gəncə qapısı şimal tərəfdə, İrəvan qapısı qərb tərəfdə, Ağoğlan qapısı şərq tərəfdə yerləşirdi. Gəncə qapıları əsas darvaza idi, hələ Pənahəli xanm dövründə tikilmişdi, buradan Gəncəyə, eləcə də Çiləbörd mahalına yol başlayırdı. Buna görə də bəzən onu "Çiləbörd qapısı" da adlandırırdılar. Buradan Xəlfəliyə yol başlanırdı (buna görə də bəzən onu "Xəlfəli qapısı" da adlandırırdılar). Ağoğlan qapısından Ağoğlan qalasına yol gedirdi. Bu darvazanı bəzən "Şuşakənd", yaxud "Muxtar qapısı", bəzən də "Topxana qapısı" adlandırırdılar.
Şuşanın yolu üstündə daha iki qala - Ağoğlan və Əsgəran qalaları inşa edilmişdi. Şuşadan 25 km aralı, Qarqarçayın sahilındə salınmış möhkəm Əsgəran qalası Şuşanı ovalıq tərəfdən gələn hücumlardan qoruyurdu. Əsgəran qalası çayın hər iki tərəfində salınmışdı. Onun divarlarının hündürlüyü 8 m-ə, qalınlığı isə 2 m-ə çatırdı. Hətta çayın yatağmda iki qüllə var idi. Qarqarçayın sahili elə sıldırımlı idi ki, Əsgəran qalasmdan yan ötərək keçmək mümkün deyildi.
Bəzi tarixçilər Əsgəran qalalarının tikilməsini Pənahəli xanın, digərləri Mehrəli bəyin, üçüncülər isə İbrahimxəlil xanın adı ilə bağlayırlar. Ən son tədqiqatlar Əsgəran qalalarının Pənahəli xanın vəsiyyəti ilə İbrahimxəlil xanın tikdirdiyini sübut edir. Mir Mehdi Xəzani yazır: "İbrahim xanın bir ümdə əsəri dəxi Əsgəran dağının iki qalasıdır. Çünki Şirvan, Şəki və Dağıstan xalqı Pənahəli xan ilə düşmən idilər. Ehtiyatən vəsiyyət elədi ki, hərgah mənə fürsət olmasa, gərək mənim oğlum İbrahimxəlil bu iki dağın arasında iki qala təmir edə ki, düşmənçilik vaxtında... ilat xalqı o dağlarda və dərələrdə sığınacaq edib, Əsgəran qalalarında qoşun və tüfəngçi qoysalar, düşmən keçib qala üstünə müşkül gələ bilər".
Ordunun əsas hissəsi maaflardan təşkil olunurdu. Arxiv sənədlərində bununla bağlı yazılır: "Maafların vəzifəsi ondan ibarət idi ki, onlar xanın əmrilə düşmən üzərinə yürüşə gedir. Yerli hakimlərin sərəncamlarını yerinə yetirir və elə bunlara görə xəzinəyə heç bir vergi vermirdilər". Maaflar torpaq sahələri ilə, bəzən rəncbərlərlə də təmin olunurdular. Qarabağ xanının qoşununda Dağıstan xalqlarından toplanmış muzdlu əsgərlər xidmət edirdi. Xan onlara məvacib kimi xeyli məbləğdə pul ödəyirdi.
Mirzə Rəhim Fənanın yazdığından məlum olur ki, Məhəmmədhəsən xan Qacarın Qarabağa hücum təhlükəsi meydana çıxdığı zaman Pənahəli xan Şuşa qalasının müdafiəsini daha da möhkəmləndirmək üçün bir sıra tədbirlər görmüşdü: "Biri Gəncə tərəfə və biri İrəvan tərəfə tamam dairə şəhərə hasar çəkdirmək və yasaq yerləri bina etdirməyi hər şeydən əfzəl qərar verir. Hər yerdən memarlar və əhlikar cəm etdirib şəhər qapılarını hər iki tərəfdən qüvvətli hasara tutdurur. Memarlara hasar nəxşəsini göstərir ki, ali və möhkəm bürclərə pusqu yerləri təmir etsinlər və müstənaməti-lazimələri tədarük olunsun". Rzaqulu bəy Mirzə Camal oğlu bu hasarın üç ilə tikildiyini və hicri 1198-ci ildə (1783-1784) tikintinin başa çatdığını yazır.
İbrahimxəlil xanın dövründə - 1783-1784-cü illərdə Şuşa qalasının yeni hasarının inşasına başlanmış və üç il ərzində tikilib qurtarmışdı. 1788-1789-cu illərdə Şuşa qalasından üç ağaclıq məsafədə Qarqarçayın keçdiyi iki dağın arasında - Əsgəranda iki qala tikilmişdi. Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsaydı düşmən oradan keçib Şuşa qalasına gedə bilməzdi. Qalaların biri şərq, digəri qərb tərəfdə əhəng və daşdan hörülmüşdü. İbrahimxəlil xan qalalardakı əsgərləri Şuşaya gətirmişdi, məhz bundan sonra şah Əsgəran keçidini keçə bilmişdi.
Rzaqulu bəy atasının Əsgəran qalaları ilə bağlı məlumatını bir qədər genişləndirərək yazırdı: "Bu qalalar Şuşa qalasının üç ağaclığında, Qarqar çayının keçidi olan iki dağın arasında yerləşmişdi. Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xanla düşmən olduqlarından ehtiyat üçün böyük oğlu İbrahimxəlil xana vəsiyyət etmişdi ki, əgər fürsət tapmasam, sən bu iki Əsgəran dağının arasında iki qala tikdir ki, düşmən gələn zaman piyada qoşunlarımız bu qalalarda olsunlar. Oradan Şuşa qalasına 8 verstə yaxm məsafə var idi (Əslində Əsgərandan Şuşaya 24 kilometr məsafə var - Z.H.) Düşmən oradan keçib qalaya gələ bilməzdi. Bu qalalarm ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənlərin hücumu zamanı ellər və başqaları orada sığmacaq tapardılar. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, xalqın mal-qarasını qarət və talan edə bilməzdi. Mərhum İbrahimxəlil xan haman vəsiyyətə görə, hər iki qalanı - birini şərq, o birini isə qərb tərəfdə daş və əhənglə tikdirib, möhkəm bürc və barı çəkdirdi".
İbrahimxəlil xan Şuşa çayının Xəzinə qalasında, qalanın ortasında 4050 sajen eni və uzunu olan, qalanın başından beş yüz sajen aşağıda və çaydan 100 sajen yuxarıda otaqlar inşa edilmişdi. Qalanın ortası ilə həmin otaqlara ensiz bir yol gedirdi ki, oradan yalnız piyada keçmək mümkün idi. Qalanın içərisindən həmin otaqlara tüfəngdən atılan güllə çətinliklə çatardı. Qayanın üstündən imarətlərə daş və qaya parçaları atsalar dəyməz, birbaşa çaya düşər. Xəzinə mağarasının qarşısında - Şuşa qalası tərəfdən bir böyük və dərin mağara vardır. Onun girişinə yaxın yerdə Məlik Şahnəzər özünə otaqlar və evlər tikdirib ki, müharibə vaxtı qarşı-qarşıya olan iki mağara bir-birinə yardım göstərə bilsin. Rzaqulubəy Mirzə Camal oğlu Xəzinə qalasındakı tikintiləri eynilə Mir Mehdi Xəzani kimi təsvir edir. İri müdafiə tikililərinin və istehkamlarının yaradılması, ordu quruculuğu, ali hakimiyyətin lazımi idarəetmə mexanizmi yarada bilməsi aydın şəkildə göstərir ki, Qarabağ xanlığı özünü müdafiə etmək imkanlarına malik müstəqil bir dövlət kimi təşəkkül tapa bilmişdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, xalqımızın tarixində xanlıqlar dövrü özünəməxsus yer tutur. Bu dövrdə Azərbaycanda dövlətçilik ənənələri bərpa olunub, vahid dövlət yaratmaq mümkün olmasa da, xalqımızın sosial-iqtisadi və mədəni inkişafı üçün münbit şərait yaradılıb. Azərbaycan xanlıqları arasında öncül yer tutan Qarabağ xanlığı isə özünün hərbi-iqtisadi və hərbi-siyasi qüdrətinə görə xüsusi mövqeyə malik idi. Buna görə də bu xanlığın tarixini öyrənmədən bütövlükdə Azərbaycan xanlıqlarının tarixinin obyektiv və dolğun mənzərəsini yaratmaq çətindir.
Qarabağ xanlığının tarixini və ilk növbədə xanlıqda mövcud olmuş sosial-iqtisadi və sosial-siyasi münasibətləri arxiv sənədləri və ilk tarixi mənbələr əsasında tədqiq etmək mühüm əhəmiyyət kəsb edir. Tədqiqat zamanı müxtəlif metodlardan kompleks şəkildə istifadə edilərək problemi araşdırmaq cəhdi edilib. Xanlığın sosial-iqtisadi və sosial-siyasi quruluşunu öyrənmək üçün hər hansı bir tarixi problemin tədqiqində olduğu kimi ilk mənbələrin müstəsna əhəmiyyəti olub. Ümumiləşdirsək, Qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ ərazisi Albaniya dövlətinin Uti və Arsax vilayətlərinin tərkibində olmuşdu. Ərəb işğalından sonra əsasən Uti "Aran", Arsax isə "Aqvan" adlanmağa başlanmışdı. "Qarabağ" istilahı isə təxminən XII əsrdən qeyd olunur. Tədqiqatçılar Qarabağ toponimini peçeneq- kəngərlərin bir qolu olan Qarabay (Qarabağ) tayfasının adı ilə bağlayırlar.
Səfəvi dövründə Qarabağ ayrıca bəylərbəylik təşkil edirdi. İnzibati mərkəzi Gəncə şəhəri olan bu bəylərbəylik Araz və Kür çayları arasında, qərbdə Samxet dağları və Göyçə gölünə kimi uzanan geniş bir ərazini əhatə edirdi. Bəylərbəyliyin tərkibinə Bərdə şəhəri, Aqstabad (indiki Ağstafa), Bərgüşad, Arazbar, Cavanşir və digər mahallar daxil idi. XVIII əsrin 20-ci illərinin ortalarında Azərbaycanın bir çox yerləri kimi, Qarabağ bəylərbəyinin ərazisi də Osmanlı hakimiyyəti altında idi. Osmanlı hakimiyyəti dövründə bu ərazi "Gəncə əyaləti" adlanır və Qarabağ bəylərbəyinin ərazisindən xeyli kiçik idi, çünki Qazax Tiflis əyalətinə, Lori və Pəmbək mahalları isə İrəvan əyalətinə birləşdirilmişdi.


Elçin Qaliboğlu