“Paşinyan reallıqla barışmaq məcburiyyətindədir” Layihə

“Paşinyan reallıqla barışmaq məcburiyyətindədir”

"Putin hər zaman aktiv şəkildə Qarabağ probleminin sülh yoluyla həllinə çalışıb". Bunu "Moskva-Bakı" portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, məhz Putinin sayəsində Serj Sərkisyan dönəmində Qarabağın həlli məsələsində irəlləyiş əldə edilib:
"Paşinyanın hakimiyyətə gəlişi Bakı, İrəvan və Moskva arasında Dağlıq Qarabağla bağlı əldə edilən razılaşmanı zərbə altına qoydu. İndi Azərbaycana Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutan həmin razılaşmanı yenidən bərpa etmək cəhdləri müşahidə edilir. Paşinyan baş nazirliyinin ilk dönəmlərində bu razılaşmalar barədə heç nə eşitmək istəmirdi, amma situasiya onu reallıqla barışmağa məcbur edir. Bakı-Moskva əlaqəsi gücləndikcə İrəvan anlayır ki, Moskvanın inamını əhəmiyyətli dərəcədə itirir. Paşinyan əldən buraxdığı imkanları yenidən bərpa etməyə çalışır və buna görə də İlham Əliyevlə hansısa yolla münasibətləri yoluna qoymağa çalışır. İrəvan anlayır ki, bir müddət əvvəl Ermənistan Rusiyanın müttəfiqi idi, amma indi bu funksiya Bakıya keçir".
O, Paşinyanın artıq reallıqla barışdığını bildirib:
"Düşənbə sammitindəki Əliyev-Paşinyan görüşü sübut edir ki, bütün radikal və populist çıxışlarına rəğmən, Ermənistan baş naziri Azərbaycan rəhbəri ilə əlaqə qurmağın vacibliyini anlayır. Güman edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin danışığı Moskva və Bakının apardığı böyük fəaliyyətin nəticəsidir.
Görünür, Paşinyan həm də taktikasını dəyişir. O, başa düşür ki, Dağlıq Qarabağı danışıqlara cəlb etməklə bağlı tutduğu mövqe qeyri-realdır. Bu mövqeni isə nə Rusiya, nə də Qərb müdafiə edir. Ona görə də indiki halda söhbət Paşinyanın mövqeyinin korreksiyasından gedir. Bu, çox yaxşıdır. Bununla Ermənistanın yeni rəhbəri özünün problemə rasional yanaşmasını nümayiş etdirir. O, qüvvələr bölgüsü və faktlarla hesablaşmağı bacarır".
Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş rəsmi format çərçivəsində baş tutmayıb. Bu sadəcə olaraq bir söhbət idi. Bu söhbətə də təşəbbüsün Paşinyan tərəfindən gəldiyi bildirildi. Bununla bağlı yayılan video kadrlarda da hər şey açıq-aşkar görünür. Buna zərurət yaradan faktorların sayı kifayət qədərdir. Əvvəla bildiyiniz kimi Ermənistan baş nazirinin hərbi ritorikası və verdiyi ziddiyyətli bəyanatlar bütövlükdə danışıqlar prosesini ciddi şəkildə şübhə altına alırdı. Bununla da bağlı təbii ki, Azərbaycanın adekvat addımları ortada idi.
Onun sözlərinə görə, ölkəmiz bir tərəfdən beynəlxalq müstəvidə diplomatik səylərini genişləndirir, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətin mahiyyətini ortaya qoyur digər tərəfdən isə beynəlxalq ictimaiyyətdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistana qarşı adekvat tədbirlər həyata keçirməsini tələb edirdi: "Şübhəsiz ki, Azərbaycanda keçirilən Hərbi Parad, bundan isə baş tutan təlimlər bütün bu faktların kifayət qədər ciddi rezonans doğurması Ermənistandakı psixoloji gərginliyi daha da artırması ilə bağlı idi. Başqa önəmli məqam isə Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı Azərbaycanın atdığı addımlar və düşmən ölkənin itkilərə məruz qalması ilə bağlı faktor idi. Bu baxımdan da şübhəsiz ki, danışıqlar prosesinin pozulmasına Ermənistan cəhd göstərmişdi. Ermənistanın da yürütdüyü siyasət bütövlükdə regionda sülhün, əminamanlığın, təhlükəsizliyin təmin olunmasına maneə yaradırdı. Eyni zamanda işğal faktına son qoyulması ilə bağlı aparılan danışıqları şübhə altına alırdı. Belə bir şəraitdə atəşkəs rejiminə əməl olunması ilə bağlı müəyyən mexanizmlərin yaradılması, təmasların artırılması məsələsinin gündəmə gətirilməsi, eyni zamanda danışıqların davam etdirilməsinə sadiqliyin nümayiş etdirilməsi şübhəsiz ki, əhəmiyyətli faktordur.
Ermənistan da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli – BMT qətnamələrinin tələblərinə əməl etməli, eyni zamanda danışıqlar prosesində münaqişənin ədalətli həlli istiqamətində adekvat addımlar atılmalıdır. Əks təqdirdə Azərbaycan uzun müddət gözləməli olmayacaq. Bu həm də Azərbaycan dövlətinin mövqeyidir. Cənab Prezident İlham Əliyev də bunu açıq şəkildə ifadə edib. Hesab edirəm ki, Düşənbədə keçirilən görüşdə Ermənistan tərəfinin son ritorikası və danışıqların formatını dəyişmək cəhdi bütövlükdə iflasa uğradı. Bu isə danışıqlar prosesinin davam etdirilməsi deməkdir".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclası çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın təkidi əsasında Prezident İlham Əliyevlə baş tutan dialoqda bir neçə məsələdə razılaşmalar Qarabağ konfliktinin həllində yeni mərhələyə gətirə bilər.
O qeyd edib ki, N.Paşinyanın BMT tribunasından Azərbaycan əleyhinə hədyan və qeyri-konstruktiv bəyanatlarından bir neçə saat sonra Düşənbədə əvvəlki ritorikanın əksinə olaraq Prezident İlham Əliyevlə razılaşması, hətta operativ rabitə əlaqəsinin yaradılması barədə təklifi onun əvvəlki bəyanatlarının daxili auditoriyaya hesablandığını və Qarabağ klanını saktləşdirmək üçün siyasi gedişlər olduğunu göstərir:
"Gedən prosesdən bu nəticə hasil olur ki, Paşinyan bundan sonra Rusiyanın iştirakı olmadan, birbaşa Azərbaycan rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir. Onun Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi kimi şərtləri artıq gündəmə gətirməyəcəyi məlum oldu. Paşinyan bununla etiraf etdi ki, Ermənistan tərəfi işğalçı və əsas tərəfdir".
M.Əsədullazadə hesab edir ki, əgər İrəvanla-Bakı arasında operativ əlaqə olacaqsa, tərəflər razılaşarsa, ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac yoxdur:
"ATƏT-in Minsk Qrupu 20 il ərzində yalnız münaqişəni öz inhisarında saxlayaraq status-kvonu qoruyub saxlayıb. Bundan əlavə hazırda bu formatda həmsədr olan ABŞ və Rusiya arasında davam edən soyuq münasibətlər iki ölkənin bir formatda qarşılıqlı anlaşmaya gələcəyini qeyri-mümkün edir. Hər iki tərəf münaqişənin həlli ilə bağlı ayrı-ayrı planlara malikdir. Bundan əlavə ABŞ, Rusiya və Fransa bu formatda münaqişəni öz maraqlarına uyğun həll etməyə çalışacaqlar. Bu da münaqişənin növbəti nizamlanmasını bir neçə il əngəlləyəcək".
Siyasi şərhçi əlavə edib ki, Bakı və İrəvan arasında operativ əlaqə üçüncü ölkənin iştirakı olmadan substantiv danışıqlara gətirəcəksə, Minsk Qrupundan çıxmaq üçün Azərbaycan və Ermənistan bəyanatla çıxış etməli, artıq bu formatın fəaliyyətinə ehtiyac qalmadığı qeyd etməlidirlər:
"Minsk qrupu çərçivəsində danışıqlar davam edərsə, iki ölkə arasında ziddiyyətlər yenidən davam edəcək. Məhz Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinə şans verməklə, danışıqların substantiv və real irəliləyişə söykənə biləcəyi situasiyaya şərait yaratdı. Nikol Paşinyan verilən bu şansdan istifadə edərək, ilk növbədə ölkəsində Rusiyanın dayaqlarını zəiflətməli və ictimaiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına hazırlamalıdır".
Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə isə, Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbətdən sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işğalçı Ermənistan tərəfindən may ayından bəri davam etdirilən sərt ritorikaya son qoyulmuş oldu. Bu, əslində Azərbaycanın həyata keçirdiyi güc tətbiq etmədən sülhə məcburetmə diplomatiyasının nəticəsidir.
O qeyd edib ki, bu görüşdən sonra N.Paşinyan tərəfindən danışıqların qondarma qurumla aparılması, danışıqların formatının dəyişdirilməsinin zəruriliyi, Ermənistanın danışıqlarda tərəf olmaması kimi iddialara son qoyuldu:
"Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsuliyyətdən yayınması mümkün olmadı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib və bunun məsuliyyəti Ermənistanın üzərindədir. Hazırkı mərhələdə bütün bunlara baxmayaraq, Azərbaycanın problemi sülh yolu ilə həll etməyə sadiq qalması Ermənistan üçün bir şansdır və işğalçı ölkə bunu qiymətləndirməyi bacarmalıdır".
H.Babaoğlu vurğulayıb ki, bu gün işğal faktının hələ də davam etdirilməsi regionun geostrateji bütövlüyünü pozmaqla onun əhəmiyyətini azaldır:
"Buna paralel olaraq, regionun iqtisadi və sosial-mədəni bütövlüyü də pozulub. Regional inteqrasiya iflic olub. Vəziyyətin bu cür davam etməsi isə Cənubi Qafqaz ölkələrinin hər üçünün milli maraqlarına ziddir və buna son qoyulmalıdır. Yaxşı olar ki, yaranmış hazırkı mülayim siyasi iqlimdən istifadə edərək Ermənistan işğal faktının aradan qaldırılması ilə bağlı konkret addımlar atsın. Bu, hamının xeyrinə olar".
Millət vəkili Azər Badamov isə deyib ki, ermənilərin xain niyyətləri hər kəsə məlumdur. Hətta Ermənistanın yaranması da xainliyin və ərazi iddiaları ilə özlərinə dövlət qurmaqdan irəli gəlib. Məhz onun nəticəsidir ki, Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız məcburi köçkün vəziyyətinə salınıb və Ermənistan monoetnik ölkəyə çevrilib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı da ermənilərin öz ərazilərini böyütmək siyasətinə uyğun həyata keçirilib: "Ermənilərin ərazi iddiaları təkcə Azərbaycana qarşı deyil. Həm də qonşu ölkələrin ərazilərində də gözləri var və gələcəkdə həmin əraziləri də işğal etmək niyyətlərini özlərində yaşadırlar. Növbəti idda isə Gürcüstana qarşıdır. Ermənilər istəyirlər ki, Ermənistanla bitişik Gürcüstan torpaqları özlərinə birləşdirsinlər. Hətta Tiblisini də Ermənilərin salındığını iddia edirlər və nə vaxtsa qaytaracaqlarına ümüdlüdürlər. Ona görə də Ermənistan XİN Bako Saakyanın dili ilə Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə hörmət etmədiyini və onu pozmağa çalışdığının nümayiş etdirilməsində bir qeyri –adilik yoxdur. Çünki, ermənilər illərlə bu arzularını özlərində yaşadırlar. Məhz ona görə də bu gün Ermənistan blokada şəraitindədir və günü – gündən tənəzzülə uğrayır".

Cavid