Hər bir gənc vətənpərvər olmalıdır Layihə

Hər bir gənc vətənpərvər olmalıdır

Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Məsələ ondadır ki, gənclərin lazım olandan artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır.
"Müasir İnkişaf" İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Göyüşlünün fikrincə, bu istiqamətdə ölkəmizdə bir sıra kompleks tədbirlər həyata keçirilir. Həm dövlət orqanları, həm ictimai təşkilatlar, həm də mətbuat orqanları, televiziyalar və s. Bununla bağlı çoxsaylı tədbirlər, görüşlər, müzakirələr təşkil edirlər. Mən bütün bunların hamısını təqdir edirəm. Lakin bu elə bir mövzudur ki, bu istiqamətdə nə qədər çox çalışmalar olarsa o qədər də faydalı olacaqdır. Çünki ölkəmiz müharibə şəraitindədir, Azərbaycan təcavüzə məruz qalmış bir ölkədir: "Belə bir şəraitdə biz gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsinə, onların vətənpərvərlik ruhunun artırılmasına çox əmək sərf etməliyik. Bilirsiniz vətənpərvərlik məsələsi elədir ki, bu istiqamətdə çalışmaları lap uşaq yaşlarından başlayıb, daha sonra yeniyetməlik yaşlarında və gənclik illərində daha da güclü bir şəkildə davam etdirmək lazımdır. Bu baxımdan hesab edirəm ki, işə bağçadan başlamaq lazımdır. Daha sonra bu prosesi orta məktəbdə və ali məktəbdə gücləndirmək lazımdır. Bu fəaliyyət zamanı ailədəki tərbiyənin də mühüm rolu var. Bağçadakı, orta məktəbdəki və ali məktəbdəki fəaliyyətlər ailənin vasitəsilə daha da gücləndirilməlidir. Ailə və təhsil müəssisəsi arasında bu məsələdə qarşılıqlı çalışmalar, birgə koordinasiya olmalıdır. Belə bir məqamda göründüyü kimi iş təhsilə gəlib çıxır. Buna görə də orta məktəb dərsliklərimizdə vətənpərvərlik, milli mənlik şüurunu inkişaf etdirib gücləndirə biləcək məqamlara qarşı daha diqqətli olmalıyıq. Dərsliklərimizin hazırlanması, orada əks olunacaq faktlar və digər məqamlara çox ciddi yanaşılmalı, bununla bağlı kompleks tədbirlər həyata keçirilməlidir. Gənclərimizin beynini formalaşdıracaq dərsliklər son dərəcədə mükəmməl bir şəkildə hazırlanmalı, keçirilən tədbirlərin effektivliyini daha da artırmalıyıq. Bu olduqdan sonra dövlət və ictimai təşkilatların həyata keçirdikləri çoxsaylı tədbirlər də öz real nəticəsini daha çox verəcəkdir".
Onu da vurğulayaq ki, milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır.
Ekspert Mirsamir Məmmədov qəzetimizə verdiyi açıqlamasında qeyd edib ki, milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır: "Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar".
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridi. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdi.
Psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyevə görə, XX - XXI əsrlərdə siyasət, iqtisadiyyat və sosial və mənəvi həyatda baş verən qlobal dəyişikliklər xalqların milli mənlik şüurunun oyanması və inkişafına güclü təsir göstərmiş, milli azadlıq hərəkatlarının baş qaldırılmasına səbəb olub: "Milli oyanış dövrü paralel olaraq SSRİ -nin süqutuna doğru aparan etnik toqquşmalara, millətlərarası münasibətlərin pisləşməsinə, separatizm meyllərinin güclənməsinə səbəb olub. Milli ideologiya xalqların özünüinkişaf və özünüaktuallaşdırma məqsədlərinə yönəlmiş cəmiyyətdə ictimai inkişaf qanunları əsasında meydana gələn üstqurum hadisəsidir. O, millətin mənəvi birliyini və milli maraqlarının prioritetlərini ehtiva edən baxışların, təsəvvürlərin, ideya və dəyərlərin sistemidir. İstənilən xalqın vahidliyinin, həmrəyliyinin və milli birliyinin inkişaf etdirilməsində vahid baxışlar sisteminə əsaslanan ümumiləşmiş ideologiyanın olması zəruridir. "Milli ideologiya" formulu sivil anlam səviyyəsində bəşəri dəyərlərlə uzlaşan sosiomədəni gerçəkliklərə zidd olmamalıdır".
Nuralı Çələbiyev qeyd edir ki, intellektual məhsul olan milli mənlik şüuru milli ideologiyanın əsas komponenti, onun təşəkkülü və formalaşmasının zəruri şərtidir. Öz xalqının rifahı naminə siyasi müstəqillik, mənəvi və mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi və yaxşılaşdırılması, xalqın birliyinin təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların və mənəvi dəyərlərin müdafiə edilməsi milli mənlik şüurunun strukturunu yaradan əsas amillərdir. Milli mənlik şüuru vətənpərvərliklə qohumluq təşkil edən milli hisslərə istinad edir. Milli mənlik şüuruna əsaslanan milli ideologiya cəmiyyət həyatında özünü göstərən ziddiyyətli sinfi və qrup maraqlarını nəzərə almadan cəmiyyətin müxtəlif təbəqələrinin harada yaşamasından asılı olmayaraq Vətən əxlaqı və təəssübkeşliyi əsaında birliyinin təmin edilməsini nəzərdə tutur. Mədəniyyət və siyasətin çoxcəhətliliyi milli mənlik şüurunun çoxformalı və çoxsəviyyəliyinin əsasıdır. Onun vasitəsilə hər bir millətin nümayəndəsi doğulduğu andan özünü onun bir hissəsi kimi dərk edir və öz milli mədəniyyətin indaşıyıcısı olur".
"Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır" Ümummilli lider Heydər Əliyev gənclərə müraciətində deyirdi: "Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Siz müstəqil Azərbaycanımızı XXI əsrdə yaşadanlar, quranlar və inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edib, tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hazır olun. Azərbaycanın gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdən asılıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır".
Bu xəttə uyğun olaraq, 2011-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu proqramın təsdiq edilməsi ölkəmizdə gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclər və İdman Nazirliyi 2013-cü ildən etibarən, "Azərbaycan doğma diyarımdır" adlı gənclər üçün vətənpərvərlik yay istirahət düşərgələri təşkil edir. Yəni, dövlət tərəfindən gənclər üçün hazırlanmış bu tip layihə və proqramlar gənc nəsildə milli-mənlik şüurunun inkişafına təkan verir. Keçən illər ərzində bu məsələlər dövlətin prioritetlərindən birinə çevrilməsi sevindirici haldır. Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir. Bütün tərbiyə işini həyatla əlaqələndirmək üçün məktəbdə ictimai inkişaf qanunları şagirdlərə başa salınmalı, məktəbliləri xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilməlidir. Eyni zamanda, məktəbliləri vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə etmək, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşdırmaq lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində rayonlarımızın məktəblərində lazımi işlər aparılır. Görülən ilərin əsas məqsədi Azərbaycanın inkişafı naminə sağlam cəmiyyətin formalaşdırılmasıdır.

Habil Hüseynov

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir