
Fikrət Sadıqov: "Onların sosial, iqtisadi vəziyyəti işğal olunmuş torpaqlar azad olunmayana qədər düzəlməyəcək"
Ermənistanda baş tutan seçkilərdən sonra gərginlik səngimir. Qruplaşmalar arasındakı qarşıdurmalar getdikcə güclənir. Qarabağ klanının sıradan çıxarılması ilə bağlı edlən cəhdlər isə vəziyyəti daha da gərginləşdirir. Müşahidə edilən gərginlik Ermənistanın gələcəyi ilə bağlı yaxşı heç nə vəd etmir. Bu da təbii ki, danışıqlar prosesinə birbaşa təsir edir.
Analitik Ehtiram Aşırlı "Xalq Cəbhəsi"nə bildirib ki, Ermənistanda və qondarma rejim "DQR"-da baş verən prosesləri təhlil etmək üçün ilk öncə bir neçə əhəmiyyətli məqamlara toxunmaq lazımdır: "Nikol Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi və daha sonra 9 dekabr tarixində növbədənkənar parlament seçkilərini qalib olaraq başa vurması, artıq "Qarabağ klanı"nın mövqeyinin zəifləməsindən xəbər verir. Son seçkilərdə köhnə iqtidar, yəni Ermənistan Respublikası partiyasının parlamentdən kənarda qalması, klanın zəiflədiyinin bariz nümunəsidir. Bu zaman belə bir sual ortaya çıxır "Qarabağ klanı" nə edəcək"? Həqiqətənmi siyasi səhnədən tamamilə silinəcək yoxsa bütün bu prosesləri "Qarabağ klanı"nda və Ermənistanda siyasi elitanın yenidən formalaşması kimi qiymətləndirməliyik?" O bildirib ki, Paşinyan inqilab yolu ilə hakimiyyətə gəldikdən sonra erməni KİV-də qondarma rejimin başçısı Bako Saakyanın və oradakı bəzi quldurların eynilə Ermənistanda olduğu kimi inqilab və ya növbədənkənar seçkilərin keçirilməsi yolu ilə göndərilməsini nəzərdə tutan yazılar dərc olunmağa başladı: "İlk vaxtlar Paşinyan və Bako Saakyan tez-tez görüşüb müzakirələr aparsalar da, lakin Saakyanı və onun klanını narahat edən amillər var idi. Məhz bu səbəbdən seçkilərə az qalmış bir vaxtda Saakyan ATƏT-in həmsədr ölkələrinə səfərlər təşkil edərək həm maliyyə dəstəyi, həm də qondarma rejimin tanınmasına nail olmağa çalışırdı. Digər tərəfdən də "Qarabağ klanı"nın tapşırıqlarını erməni lobbilərinə çatdırdığını da qeyd edə bilərik. Əsasən, seçki öncəsi Paşinyana qarşı maliyyə dəstəyinin erməni lobbisindən və onların təyziqiylə Qərbdən kəsilməsi kimi amillər də ola bilər. Beləcə, Paşinyanla Saakyan arasındakı bir-birilərinə olan əsl ( yəni bir-birilərinə bəslədikləri nifrət hissi) münasibət özünü biruzə verdi".
Analitik qeyd edib ki, son bir neçə gündür erməni mətbuatında çıxan xəbərlərə əsasən onu deyə bilərik ki, artıq Ermənistanda Saakyanın göndərilərək yerinə qondarma rejimin sabiq baş naziri Arayik Harutyunyanın gətirilməsi məsələsi müzakirə olunur: "Arayik Harutyunyan Rusiyanın Moskva şəhərindədir. Böyük ehtimal ki, bu məsələni müzakirə etmək və dəstək almaq üçün erməni lobbisinin nümayəndələri ilə görüşlər təşkil edir. Deməli, yeni formalaşacaq qondarma rejimin tərkibinin müəyyənləşməsində Moskavada fəaiyyət göstərən erməni lobbisi və buradan birbaşa olmasa da dolayı yolla Rusiyanın da əli olacağını ifadə etmək olar. Bununla da belə bir qənaətə gələ bilərik ki, heç də Rusiya Ermənistandakı proseslərə qıraqdan müşahidəçi qismində çıxış etmir.
Digər mühim bir amil isə Ermənistanın Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşməsinin rəhbəri general-leytenant Levon Mnatsakanyanı tutduqları vəzifədən uzaqlaşdırılması məsələsidir. Əvvəla onu qeyd edim ki, Qarabağda dislokasiya olunan qanunsuz hərbi birləşmələrin tərkibində əsgərlərə qarşı zorakılıq, təcavüzkarlıq, intihar hallarının artması, qanunsuz hərbi birləşmələrin tərkibində hərbi qulluqçuların özbaşınalığı və digər amillər artıq Levon Mnatsakanyanın tutuduğu vəzifədən göndərilcəyinə dair erməni mətbuatında xəbərlər yayılmağa başlamışdı. Və bugünlər də onun yerinə kim gələcəyinə dair məlumatlar yayılmağa başlayıb. Erməni mətbuatında çıxan xəbərlərə istinadən qeyd edə bilərəm ki, əsas namizədi qanunsuz hərbi birləşməsinin baş qərargah rəisi general-mayor Karen Abrahamyandır. O, Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının keçmiş komandanı Armen Abrahamyan qardaşıdır. Hraparak qəzeti qeyd edir ki, "artıq o, Müdafiə Ordusu binasının zabitləri ilə görüşüb". Onun yerinə gələcək şəxs isə qanunsuz hərbi hissənin komandiri Calal Harutyunyanın olacağına dair erməni mediasında fikirlər irəli sürülür".
Ehtiram Aşırlı daha bir maraqlı məqamı vurğulayıb ki, Serj Sarkisyanın Qarabağ ərazisində yerləşən qanunsuz hərbi birləşmələrin rəhbəri və komandirləri üzərində böyük təsir amili olması Paşinyanı vadar edir ki, onları tutduqları vəzifədən uzaqlaşdırsın: "Çünki Paşinyan Sarkisyanın göstərişiylə ona qarşı təxribat xarakterli addımların ola biləcəyini düşünür. İlk ağla gələn addım isə cəbhədə vəziyyətin gərginləşdirilıməsi məsələsidir ki, Paşinyan da hər vəchlə çalışır ki, Düşənbədə əldə olunmuş razılığı qoruyub saxlaya bilsin. Bir sözlə, Paşinyan qondarma rejimə nəzarət edə bilmək və öz istədiyi kimi idarə etmək üçün öz adamlarını yerləşdirməyə başlayıb. Bu baxımdan əsas iki yerdən, qondarma rejimin başçısı vəzifəsindən və qanunsuz hərbi hissə biləşmələri rəhbərindən başladığını ifadə edə bilərik. Bununla da Paşinyan gələcək də qondarma rejim tərəfindən özünə qarşı çevriliş cəhdlərnin qarşısını da almış olacaq".
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistanda hələ hökumət formalaşdırılmalıdır və hökumətdə təbii ki, parlamentdə seçilən partiyaların nümayəndələri təmsil olunmalıdır: "Amma reallıq ondan ibarətdir ki, burda hökmranlıq edən siyasi qüvvə Paşinyanın "Mənim addımım" blokudur. Ola bilsin ki, digər partiyalara yer ayırdılar, lakin əsas mövqelər birmənalı şəkildə Paşinyan tərəfdən nəzarət altına götürüləcək".
O bildirib ki, digər tərəfdən, hər halda bunlar həm daxili, həm də xarici siyasət istiqamətində öz proqramlarını cızmalı və bəyan etməlidirlər: "Yəni, xarici siyasətdə nə etmək istəyirlər, daxildə iqtisadi islahatlar necə keçiriləcək, həmçinin Dağlıq Qarabağla bağlı öz mövqelərini açıqlamalıdırlar. Ancaq başa düşməlidirlər ki, onların sosial, iqtisadi vəziyyəti Dağlıq Qarabağ problemi həll edilməyənə və Ermənistan tərəfdən işğal olunmuş torpaqlar azad olunmayana qədər düzəlməyəcək, hətta əksinə bu vəziyyət dərinləşəcək. Yeni problemlər üzə çıxacaq, çünki ölkə təcrid olunan bir vəziyyətdədir. Türkiyə, Azərbaycan sərhədləri bağlıdır".
Politoloq qeyd edib ki, onların hər hansı bir layihədə iştirak etmə istəyi ancaq o halda ola bilər ki, müəyyən kompromisə getsinlər və bu vəziyyətdən çıxsınlar: "Bundan çıxış üçün isə Azərbaycana qarşı güzəştlər aparılmalıdır, Azərbaycanla sülh yolu ilə məsələni həll etməlidirlər. Əks halda onların problemləri daha da çoxalacaq və çox acınacaqlı bir vəziyyətə çevriləcək".
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, 20 il idi ki, Ermənistanda hakimiyyətdə "Qarabağ klanı" idi və həmin klan getdi: "Serj Sarkisyanın və komandasının getməsində Azərbaycanın da rolu oldu. Çünki rəsmi Bakı hər zaman onların qəsbkar, işğalçı olduğunu söyləyirdi. Erməni xalqı bunu anlayaraq onlardan uzaqlaşdı. Məsələ bundan ibarətdir ki, Nikol Paşinyanla da müəyyən danışıqlar olub. Dövlət başçısı onunla Düşənbədə də görüşüb. Görüşlərdən sonra atəşkəs pozulmalarının miqyası da azalıb. İndiki durumda hər şey yeni hökumətdən, onun rəhbəri Paşinyandan asılıdır. Nikol Paşinyan öz hökumətini formalaşdıracaq, üstəlik, parlamentdə də əli güclənib. Keçən beş aydan fərqli olaraq arxasında güclü parlament var. Əslində Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğaldan azad edilməsi istiqamətində addım ata bilər. Fikrimcə, Azərbaycan prezidenti onu demək istəyirdi ki, bu addımları ondan gözləyirik. Paşinyan bu istiqamətdə addımlar atmasa, ölkə başçısı İlham Əliyev onun da yolunu göstərdi. Ölkə başçısı bildirdi ki, biz hərbi qüdrətimizi artırırıq. Bu o deməkdir ki, əgər fikirlərindən dönməsələr Ermənistana qarşı təzyiqimizi davam etdirəcəyik". Ekspert bildirib ki, vaxtilə Ermənistanın birinci prezidenti Levon ter Petrosyan riskə getdi və devrildi. Doxsanıncı illərin sonunda da riskə getmək istəyənlərin aqibəti qanlı sonluqla nəticələndi. Parlament gülləbaran edildi: "Ona görə də düşünmürəm ki, Paşinyan risk haqqında düşünsün. Çünki o, özündən əvvəlkilərin acı taleyini görüb. Yəqin ki, Nikol Paşinyan da işğalçılıq" siyasətinə davam edəcək. Əgər o bu istiqamətdə hər hansı addım atmaq istəsə ya onu devirə, ya da fiziki olaraq aradan qaldıra bilərlər. Ona görə də danışıqlarda Paşinyanda irəliləyiş gözləmirəm. Təssüf ki, Ermənistanda hakimiyyətdə kim olursa olsun, istər baş nazir və ya prezident, öz istəkləri ilə Dağlıq Qarabağ və ətraf rayonlardan qoşunları çıxarmayacaq".
Əli