“Qanla verilmiş torpaqları siyasi yolla, ədalətli şəkildə kiminsə vasitəsilə almaq utopiyadır” Layihə

“Qanla verilmiş torpaqları siyasi yolla, ədalətli şəkildə kiminsə vasitəsilə almaq utopiyadır”

Siyasi şərhçi: "Hansısa ölkənin Azərbaycanın işğal olunmuş torpaqlarını nimçədə gətirib verəcəyi düşüncəsi xalqın başının altına yastıq qoymaq kimidir"

"ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu, neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır". Bu iddia ilə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev çıxış edib.
Yevseyev bildirib ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.
Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, bu cür açıqlamaları Rusiyanın Ermənistanın yeni hökumətinə təzyiq xarakteri kimi dəyərləndirmək daha doğru olar:
"Fikir verirsinizsə, bu tip açıqlama və analizlərdə təhdid və hədə xarakteri var. Politologiyanın işi hadisələri şərh etmək və konkret proqnozlar verməkdir. Əgər verilən proqnozlar hadisələrdə özünü doğrultmazsa, bunun, bilavasitə, yenə səbəblərini açıqlamaq lazımdır. Lakin bu cür açıqlamlarda hədə notları daha qabarıqdır. Mənə elə gəlir, bu da Kremlin siyasətinin davamıdır. Azərbaycan ictimaiyyəti isə belə açıqlamalara laqeyd yanaşmalıdır. Çünki hansısa ölkənin Azərbaycanın işğal olunmuş torpaqlarını nimçədə gətirib verəcəyi düşüncəsi xalqın başının altına yastıq qoymaq kimidir. Mən bunu heç də doğru hesab etmirəm. Çünki qanla verilmiş torpaqlar qanla alınır. Qanla verilmiş torpaqları siyasi yolla, ədalətli şəkildə kiminsə vasitəsilə almaq utopiyadır. Həqiqətən də, dünyanın nizamı Ermənistan kimi xristian dövlətlərinin əlindədirsə, bu gün dünya siyasətinin axarını xristian dövlətləri müəyyən edirsə, bu cür ədalətli yanaşmadan söhbət gedə bilməz.
Ola bilsin ki, hansısa məqamlarda Rusiya öz maraqları kontekstində çıxış etsin. Əgər Rusiyanın Azərbaycana təklif edəcəyi nəsə varsa, mütləq mənada bunun arxasında bizdən istəyəcəkləri də var. Bu məqama da diqqət etmək lazımdır. Çünki Rusiyanın istəkləri Azərbaycanın suveren hüquqlarını tapdaya bilər. Bu gün 5 rayonun Azərbaycana qaytarılmasından söhbət gedir. Lakin bu münaqişənin arxasında dayanan Rusiyanın ordusunun Qarabağda yerləşdirilməsini, nədənsə, görmək istəmirlər. Unutmaq lazım deyil ki, Dağlıq Qarabağda kimin ordusu yerləşəcəksə - hansı missiya ilə olur-olsun – Qarabağ da həmin dövlətin olacaq. Biz bunu praktiki olaraq, bütün təcrübələrdə görmüşük. Azərbaycanda da, Gürcüstanda da, Rusiyanın yaratdığı münaqişələrdə də müşahidə etmişik. Mənə elə gəlir ki, Azərbaycan bu məsələdə ən çox özünə güvənməlidir".
WorldMedianın xəbərinə görə, Nouvelles d’ARMÉNIE, (Fransa) nəşrində isə yazılır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilər ən geci bu ay ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında daha bir görüş təşkil etmək istəyir. Bu haqda məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.
"ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri yanvarda xarici işlər nazirləri arasında görüşün keçirilməsinə dair təklif irəli sürüblər", - deyə Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan "Armenpress" informasiya agentliyinə açıqlamasında bildirib. Nağdaıyan görüşün tarixi haqda məlumatın onun razılaşdırılmasından sonra açıqlanacağını söyləyib.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə 2018-ci ilin ikinci yarısında 3 dəfə görüşüblər. Həmsədrlərin bununla bağlı yaydığı bəyanatda deyilirdi ki, dekabrın 5-də Milanda keçirilmiş son danışıqlar zamanı Məmmədyarov ilə Mnatsakanyan üzərlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün intensiv işləmək, gərginliyi azaltmaq haqda öhdəlik götürüblər.
"Nazirlər 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə yenidən görüşmək barədə razılığa da gəliblər. Bu, daha yüksək səviyyəli danışıqların təşkili üçündür", - deyə vasitəçilərin dekabrın 6-da yaydığı bəyanatda bildirilirdi.
Hər iki nazir Milan görüşünü faydalı adlandırmışdı. Elmar Məmmədyarovun sözlərinə görə, görüşdə tərəflər arasında nadir sayılacaq qarşılıqlı anlaşma əldə olunub.
Xatırladaq ki, nazirlərin İtaliyanın Milan şəhərindəki görüşü Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada MDB dövlət başçılarının sammiti çərçivəsində bir araya gəlmələri ərəfəsində baş tutmuşdu. Paşinyanla Əliyev, həmçinin MDB-nin daha əvvəl Tacikistanda keçirilmiş zirvə görüşü zamanı da qısa söhbətləşmişdilər. O vaxtdan münaqişə zonasında atəşkəs rejiminin pozulması halları xeyli azalıb.
"2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni impuls verəcək", - deyə prezident İlham Əliyev dekabrın 14-də "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazmışdı.
Paşinyan da sosial şəbəkə vasitəsilə ölkəsi üçün Qarabağ münaqişəsinin həllinin prioritet olaraq qaldığını bəyan etmişdi.
Bu arada qeyd edək ki, Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb və onları ölkə iqtisadiyyatına daha fəal yatırım qoymağa çağırıb. Bu haqda Paşinyanın arvadının redaktoru olduğu "Aykakan Jamanax" qəzeti yazır.
Bildirilir ki, Paşinyan görüşdə sahibkarları yaşadıqları ölkələrdən başqa biznesmenləri də Ermənistana yatırım qoymaq üçün təşviq etməyə çağırıb.
"Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi"-qəzet yazır.
Qeyd edək ki, bütün beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsasən Ermənistanda investisiyaların yatırılması üçün ən başlıca əngəllərdən biri Azərbaycanla olan həll edilməmiş münaqişə və Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Bu əngəllər aradan qalxmadan istənilən "məxməri inqilab" Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməz. Və belə görünür ki, Paşinyanın məyusluğu getdikcə artacaq...
Ekspert Mirsamir Məmmədovun fikrincə, Paşınyanın Dağlıq Qarabağ kartı üzərində Ermənistan hakimiyyətini ələ keçirməyi artıq ermənilərin özündə də şübhələr yaradıb: "Baxın, Paşinyan inqilab yolu ilə hakimiyyəti ələ keçirdikdən sonra Dağlıq Qarabağdakı erməni "klan"ına qarşı açıq mübarizəyə başladı, daha sonra sabiq prezident Sarkisyanın yaxınlarını hədəfə aldı. Beləliklə də xaricdəki diaspor təşkilatlarının diqqətini özünə cəlb etmək və bunun müqabilində böyük məbləğdə vəsait almaq niyyətindəydi. Lakin Ermənistanda baş verənb hadisələr, qarşıdırmalar, xüsusən də ordunun nəzarət çıxması, fərarlik, korrupsiya faktlarının artması xaricdəki diaspor və erməni lobbi təşkilatlarının Paşinyanın planından xəbərdar edib. Artıq bütün erməni ictimaiyyəti, eləcə də xaricdəki ermənilər və Ermənistanın maraqlarını müdafiə edən ölkə və təşkilatlar Paşinyanın xalqa verdiyi vədləri boş olduğunu, Dağlıq Qarabağ məsələsində isə rəsmi Bakıya uduzduğunun şahidi olub. Paşiunyanın Dağlıq Qarabağ mnünaqişəsinin həlli ilə bağlı pafoslu çıxış və bəyanatlarınin boş olduğu sübuta yetirildiyindən artıq xaricdən gələn vəsaitin qarşısı kəsilib. Ona görə də, Paşinyan hakimiyyəti xaricə üz tutaraq müxtəlif adlarda marafonlar təşkilı etməklə pul toplamağa başlayıblar. Paşinyanın mövqeysiz və qətiyyətsiz siyasət yürütməsi də diqqətdən kənar saxlanılmayıb. Paşinyanın başı dərddədir – ölkədə aclıq, işsizlik, orduda özbaşnalıq, erməni gənclərin hərbi xidmətə çağırışdan boyun qaçırmaları, sosial problemlər, Rusiya və Gürcüstanla münasibətlərdə soyuqluq, daxili siyasi çəkişmələr və s. Bu hakimiyyətin ölkəni idarə edə bilməyəcəyindən xəbər verir və üstəlik Qarabağ münaqişəsi həllində hadisələrin Azərbaycanın xeyrinə cərəyan etdiyi faktdır".
Ekspert bildirib ki, bütün bu amillər Paqşinyanın məsuyluğunu, narahatlığını artırmaqla yanaşı, onu həmişə təşvişdə saxlayır: "Ermənistan və onun havadarları da təşviş içindədirlər ki, nə zamansa Bakı silaha əl ata bilər. Ermənistanın isə bunun qarşısını almaq gücü yoxdur, xüsusən də iqtisadi gücü".
Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə isə, Ermənistanda vəziyyət kifayət qədər gərgindir. Hakimiyyətə gələn yeni qüvvələr parlament seçkilərindən sonra burada tam üstünlük əldə etmələrinə baxmayaraq, onlara qarşı çox ciddi "Qarabağ" klanı, yəni hərbi cinayətlərdə "əli" olan qüvvələr dayanır. Ermənistan parlamentində müxalifətin təmsil olunmadığını deyən deputat söyləyib ki, düşmən ölkədə mövcud olan mürəkkəb vəziyyət öz həllini tapmaq üçün sülh istiqamətində, qonşularla normal münasibət formalaşdırmalıdır.
Onun sözlərinə görə, əgər Ermənistan sülh istiqamətində və qonşularla normal münasibətlərin qorunması istiqamətində addım atarsa, o zaman bu ölkə düşdüyü çətinliklərdən xilas olmaq şansı qazana bilər.
Ermənistanda bu problemlərin daha da dərinləşəcəyini söyləyən A.Mollazadə hesab edir ki, bu ölkənin gələcək mövcudluğu sual altındadır: "Ermənistan işğalçılıq siyasətinə son qoyaraq, həm Azərbaycana, həm Gürcüstana olan ərazi iddialarından əl çəkməlidir. Amma son hadisələr bunun əksini göstərir. Ermənistan qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq əvəzinə, onların daha da korlanması və gərginliklərini dərinləşdirmək istiqamətində addımlar atır. Bütün bunlar Ermənistanın gələcək müstəqilliyinin sual altında olacağından xəbər verir".
Cavid