“İrəvan danışıqları uzatmaq niyyətindən əl çəkməyib” Layihə

“İrəvan danışıqları uzatmaq niyyətindən əl çəkməyib”

Ermənistanın baş naziri Nikol Paşinyənın təxribat xarakterli addımları daha çox fiaskoya uğramış bir dövlət rəhbərinin isterik hərəkətləri kimi qeyd olunur. Onun Xankəndiyə getməsi, həmçinin separatçılarla görüşməsi də bu qəbildən olan addımlardır.
Qeyd edək ki, Paşinyan aqressiya xarakterli hərəkətlərindən sonra özünü sülhpərvər kimi göstərməyə şalışıb: "Mən yalnız Azərbaycan Prezidenti ilə deyil, həm də Azərbaycan xalqı ilə danışıqları davam etdirməyə hazıram".
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Nikol Paşinyanın müvafiq bəyanatı bir daha göstərir ki, belə hərəkətləri ilə İrəvan danışıqları uzatmaq və problemi dinc yolla həll etmək niyyətindən hələ də əl çəkməyib: "O, Azərbaycan xalqı ilə danışıb da nə deyəcək? Deyəcək Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib? Azərbaycan xalqı ölkənin ərazi bütövlüyü məsələsində artıq öz sözünü ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında deyib".
Politoloq Nəzakət Məmmədova deyib ki, ATƏT-in Minsk qrupu Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfər etməsini pisləməli, bunun danışıqlar prosesinə zərbə vurduğunu bildirən bəyanat qəbul etməlidir. Onun sözlərinə görə, N.Paşinyanın Xankəndidə Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi Minsk qrupunun danışıqların formatının dəyişdirilməsinin yolverilməzliyi barədə bəyanatı, Ermənistan baş nazirinin uğursuz Brüssel səfəri və Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri nəticəsində Yerevanın təşvişi fonunda baş verdi.
Politoloq hesab edir ki, Ermənistanın baş naziri diplomatik müstəvidə düçar olduğu uğursuzluğunu özgə torpağında iclas keçirməklə kompensasiya etmək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin yanında olması görüntüsünü yaratmaqla ört-basdır etmək istəyir.
N.Məmmədovanın fikrincə, N.Paşiyanın Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməsi Ermənistanın işğalçı statusunun növbəti təsbiti, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması aktı, eyni zamanda, separatçılığa açıq dəstək olaraq beynəlxalq hüquqa aşkar saymazlıqdır: "Paşinyan Ermənistanın Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verdiyini bəyan edib. Amma dövlət təminatı statusu beynəlxalq hüquqda xüsusi qaydalarla tənzimlənir və Paşinyanın bu fikirləri də cəfəngiyyatdan başqa bir şey deyil. Üstəlik, Ermənistanın özünün təhlükəsizliyinə təminat verən lazımdır. Çünki o, təhlükəsizliyinin əsas təminatçısı olan Rusiya ilə körpüləri yandırıb, Avropa İttifaqı və ABŞ-ın etimadını isə qazana bilməyib. Belə bir şəraitdə siyasi, iqtisadi, demoqrafik böhran məngənəsində sıxılan Ermənistanın Qarabağ ermənilərinin qarantı olmaq üçün nə yetərli potensialı, nə də hüquqi əsası varr".
O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan dövlətinin ərazisi olduğu üçün oradakı ermənilərin təhlükəsizliyinə Azərbaycan təminat verə bilər: "ATƏT-in Minsk qrupu bunu Paşinyanın diqqətinə çatdırmalıdır. Azərbaycanın hərbi qüdrətini nümayiş etdirən təlimlər fonunda Ermənistan baş nazirinin Qarabağa gəlib burada toplantı təşkil etməsi uğursuz, qeyri-adekvat, acizanə demarş cəhdidir. Üstəlik, bu iclas Ermənistan siyasi hakimiyyətindəki ixtilafları da ortaya qoydu. Belə ki, Ermənistan prezidenti və parlament sədri Şura üzvü olmadıqları halda, Paşinyan öz dostu, parlamentin spikeri Mirzoyanı iclasa dəvət etdi, prezident Sarkisyan isə dəvət edilmədi. Bu, Ermənistan siyasi rəhbərliyində mövcud ixtilafın daha bir sübutudur".
Deputat Elman Məmmədov diqqətə çatdırıb ki, Ermənistan cinayətkarlarının Təhlükəsizlik Şurasının iclasını işğal etdikləri Xankəndində keçirmələri Azərbaycana, beynəlxalq qurumlara və hüquqa meydan oxumaqdır: "Nikol Paşinyan ətrafındakı işğalçılarla Azərbaycanın hava sərhəddini pozaraq ölkəmizin hava məkanına daxil olub, onların vertolyotu Azərbaycan tərəfindən vurulmalı, məhv edilməlidir". Onun sözlərinə görə, hansı ölkənin sərhəddi pozulursa, pozucu şəxs məsuliyyətə cəlb olunur: "Müqavimət göstərirsə, öldürülür, tuturlarsa, həbs edilir. Bunlara qarşı da bu qanun tətbiq olunmalıdır. Meydan sulayırlar ki, biz heç kimlə hesablaşmırıq, heç bir beynəlxalq qayda-qanunlara əməl etmirik, bu torpaqları işğal etmişik, kefimiz nə istəsə, onu edəcəyik. Bunların bu hərəkəti məntiqlə bizə bunu deməyə əsas verir. Beynəlxalq hüququn təsiri olmasa da, beynəlxalq qurumlar bunların nazı ilə oynasa da, Azərbaycan olaraq onların nazı ilə oynamayacaq".
Elman Məmmədov qeyd edib ki, bu hallara son qoyulması, işğalçıların qayda-qanuna dəvət olunması üçün hər hansı qətnamələrin, danışıqların təsiri yoxdur.
Deputat dünyanın böyük beynəlxalq təşkilatı olan BMT-nin məlum 4 qətnaməsinin qəbulundan 26 ildən artıq müddət keçdiyini xatırladıb: "Bu qətnamələr icra olunmur və ermənilər buna məhəl qoymur, heç bir beynəlxalq qurumla hesablaşmırlar. Belə olan təqdirdə biz də öz bildiyimizi eləməyə başlamalıyıq. Vaxtilə ermənilər və havadarları güclü idilər, biz zəif idik, torpaqlarımızı işğal elədilər, bu gün vəziyyət 180 dərəcə dəyişib, güclü olan bizik. İqtisadiyyatımız, hərbimiz qüvvətlidir, bu illər ərzində beynəlxalq qurumlardan işğal faktorunu təsdiqləyən sənədləri almışıq, kifayət qədər hüquqi baza yaratmışıq. Hüquqa və gücümüzə istinad edib torpaqlarımızı cinayətkarlardan azad etmək üçün ayrı çıxış yolu qoymurlar, gücümüzdən istifadə etməliyik".
Politoloq Fərhad Mehdiyev deyib ki, müharibə hüququna aid məsələlər əsasən 1949-cu il Cenevrə Konvensiyaları ilə tənzimlənir: "Bu cür məsələlərə dair 1949-cu il Cenevrə Konvensiyalarında müddəalar tapmaq mümkündür. Konvensiyada işğalçı dövlətin işğal etdiyi ərazilərdə tədbirlər keçirməsi ilə bağlı xüsusi bənd olmasa da, həmin ərazilərdə paytaxt kimi inzibati vahidlərin qurulması qadağası var. Halbuki Təhlükəsizlik Şurası kimi tədbirlər ancaq bir ölkənin paytaxtında və öz ərazisində keçirilməlidir. Xankəndidə TŞ iclasını keçirməklə Paşinyan hökuməti iki məsələni göstərməyə cəhd edib. Birincisi, Qarabağın onlar üçün prioritet olduğunu və ATƏT-in son bəyanatını tanımadığını ifadə ediblər. İkincisi, Qarabağı öz torpaqları kimi gördüklərini göstərmək istəyiblər. Halbuki 1949 Cenevrə Konvensiyalarının əsas vurğusu ondan ibarətdir ki, işğalçı dövlətin işğal rejimi müvəqqəti olur".
Politoloq bildirib ki, Ermənistan bununla da açıq şəkildə Azərbaycanı müharibəyə təhrik edir: "Onların hərəkətləri beynəlxalq hüquqda mövcud olan "yaxşı niyyət" prinsipinə ziddir. Həmin prinsipə əsasən, müharibə edən dövlətlər danışıqlara başlayıblarsa və sülh sazişinə gəlmək istəyirlərsə, bu cür təhrikedici hərəkətlərdən çəkinməli və yaxşı niyyətlə hərəkət etməlidirlər. İrəvan isə hazırda bu prinsipin əksinə hərəkət edərək qıcıqlandırıcı tədbirlər keçirir. Diplomatik münasibətlərdə belə bir yanaşma var ki, tərəflər diplomatik görüş və müzakirələri xoş məramla həyata keçirməlidirlər. Əks halda bu, mənfi nəticələrə gətirib çıxarır. Ermənistan isə son hiyləgər gedişi ilə məhz buna zəmin hazırlayır".
Professor Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal altında saxlanılan Xankəndidə keçirməsinə qarşılıq olaraq mümkün cavab addımlarından da danışıb: "Beynəlxalq qurumlar da Azərbaycanın Qarabağ ərazisinin işğal altında olduğunu qəbul edir. Buna görə də Azərbaycanın öz torpaqlarını zəruri müdafiə kontekstində geri almaq hüququ var. Lakin xüsusi olaraq vurğulayım ki, Azərbaycanın Xankəndini vurması danışıqların bitməsi demək olacaq. Məncə, erməni tərəfi də Azərbaycanın işğal olunmuş ərazilərində qıcıqlandırıcı tədbirlər keçirməklə elə bunu istəyir. Görünür, danışıqlardan qaçma imkanları yoxdur, danışıqlar isə mənafelərinə uyğun deyil. Ona görə də Azərbaycanı danışıqları pozan tərəfə çevirmək istəyirlər".
Qeyd edək ki, bütün bu faktorlar müharibə ehtimallarını yenidən aktual mövzuya çevirir. Müharibə olacağı təqdirdə isə Ermənistanın darmadağın olacağı qaçılmazdır. Martın 11-dən 15-dək Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, son illərdə Azərbaycan hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu, ilk növbədə ordunun müasir hərbi texnika, radio-elektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları, bir sözlə, müasir ordunun görünüşünü müəyyən edən bütün komplekslərlə təmin olunması ilə izah edilir.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin bu gün apardığı böyük hərbi manevrlər ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirmək, mövcud təhdid altında silahlı qüvvələrin hərəkətlərini uyğunlaşdırmaq, Azərbaycan Silahlı Qüvvələrinin postsovet məkanında ən yaxşı ordulardan biri kimi yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmək üçün nəzərdə tutulub.
Beynəlxalq münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsinin təəccüblü hal olmadığını qeyd edib.
"Bu təlimlər ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini, döyüş qabiliyyətini göstərmək, bütün hissələrin qarşılıqlı fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu hərbi manevrlərin bir sıra ekspertlərin fikrincə, hücum təlimləri kimi görünməsi məsələsi isə təəccüblü deyil. Şəxsən mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar dövrü başa çatır. Söhbət sülh danışıqlarından gedir. İrəvan bu baxımdan çox gərgindir, çünki hazırda Azərbaycanın bu qədər güclü olması və "yazıq" Ermənistana hücum etmək istəməsindən narahatdır. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur. Azərbaycan sadəcə bir neçə gün ərzində ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir", - Mixaylov bildirib.

Əli