“Rəsmi Moskva Qarabağda hər hansı bir hərbi əməliyyatın start götürməsində maraqlı deyil” Layihə

“Rəsmi Moskva Qarabağda hər hansı bir hərbi əməliyyatın start götürməsində maraqlı deyil”

Rusiyali ekspert: “Çünki müharibə başlayarsa, cəzalanacaq tərəf Bakı deyil, İrəvan olacaq”

“Bu gün Bakıda çoxları İrəvanın hər hansı bir təxribatı ilə Qarabağda aktiv hərbi müharibənin başlamasını arzulayır, lakin bunun baş tutacağını düşünmürəm”.
Bu sözləri rusiyalı tarixçi və ekspert Oleq Kuznetsov son zamanlar Qarabağda baş verən hadisələri və Ermənistan Baş Qərargah rəisi Davtyanla , XİN rəhbəri Mnatsakanyanın Qarabağ səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, İrəvan cəbhə xəttindəki sabitliyin qorunması, Azərbaycan Ordusunun genişmiqyaslı hücuma çevrilə biləcək addımının qarşısını almaq üçün hər şeyə hazırdır:“Kreml Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı səviyyədə olmasından və hərbi-texniki avadanlıqlarının zəifliyindən xəbərdardır. O, Qarabağda hərbi əməliyyatların Cənubi Qafqazdakı yeganə müttəfiqinin məğlubiyyətinə gətirib çıxaracağından əmindir. Buna görə də rəsmi Moskva Qarabağda hər hansı bir hərbi əməliyyatın start götürməsində maraqlı deyil. Çünki müharibə başlayarsa, cəzalanacaq tərəf Bakı deyil, İrəvan olacaq. Nəticədə Ermənistanın hərbi güclərini və suverenliyini qorumaq Rusiyanın öhdəsinə qalacaq”.
Ekspertin fikrincə, Rusiyaya Azərbaycanla birbaşa müharibə lazım deyil:“Çünki bu halda rəsmi Moskva Türkiyənin dəstəyini itirəcək. Bu isə Rusiya üçün Suriyanın itirilməsi demək olar.
Kremli Qarabağda müharibə başlaması yeganə halda maraqlandıra bilər ki, o, Cənubi Osetiya və Abxaziya ssenarisini həyata keçirmək istəsin. Amma bugünki geosiyasi vəziyyət bunun üçün uyğun deyil.
Qarabağdakı “dondurulmuş” münaqişə Kreml üçün əlbəttə faydalıdır, çünki Moskva bölgənin geosiyasətinə təsir gücünü qoruyub saxlamaqdadır. Buna görə Kremlin təşəbbüsü ilə Ermənistan tərəfindən Qarabağda müharibə başlamayacaq.
Ancaq, eyni zamanda, unutmamalıyıq ki, belə bir müharibənin sifarişçiləri digər dünya mərkəzləri də ola bilər”.
Ekspert Rauf Məmmədov qəzetimizə verdiyi açıqlamasında bildirib ki, Qarabağda proseslər bir neçə istiqamətdə cərəyan edir. Ortaya atılan iddialardan, məlumatlardan belə məlum olur ki, ABŞ-ın təşəbbüsü ilə ciddi şəkildə müəyyən bir sülh razılaşması, yaxud müəyyən bir planın razılaşdırılması ilə bağlı danışıqlar gedir. Amma, bunun fonunda bir də proseslərə yaxından bələd olan və regionda ən əsas faktor olan Rusiyanı unutmaq olmaz. ABŞ münaqişənin həllində nə qədər fəallıq göstərsə də rəsmi İrəvanın Kremildən icazəsiz heç nə etməyəcəyi məlumdur: “ Göründüyü kimi, diplomatik atmosfer müsbət görünsə də, sülh danışıqları hələ ki, sülhdən uzaqdır. Danışıqların tarixi bizə göstərir ki, iki ölkə liderlərinin, xarici işlər nazirlərinin, həmsədrlərin və vasitəçi ölkələrin liderlərinin iştirakı ilə 200-ə yaxın görüş keçirilibsə də, Azərbaycan tərəfi bu prosesə davam edərsə, torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaqdan başqa bir yolu olmayacaqdır. Digər tərəfdən, Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Ermənistan və qondarma rejimin təhlükəsizliyi bizim üçün ciddi bir prioritetdir deməsi, bu məısələdə işğalçının geri çəkilməyəcəyi anlamını verir. Görünür, ABŞ-da keçirilən görüş heç də Ermənistan tərəfini qane etməyib”.
Ekspertin qənaətincə, məhz ona görədir ki, Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirməklə Vaşinqtona öz mövqeyini çatdırmaq niyyətindədir. Fikrimcə, xarici işlər nazirlərinin görüşləri sadəcə cəbhədə vəziyyətin stabilləşdirilməsi üçün baş tutmuş növbəti görüşlərdən biridir. Ələlxüsus, Paşinyan Təhlükəsizlik Şurasını toplayaraq "Ermənistan və qondarma rejimin təhlükəsizliyi bizim üçün ciddi bir prioritetdir" şəklində açıqlama verməklə bir daha öz xalqını sülhə hazırlamaq fikrində olmadığını göstərmiş oldu. Bu iclasdan sonra ehtimal ki, düşmən cəbhədə nəzarəti gücləndirmək üçün müəyyən tədbirlər görəcəkdir: “Paşinyan sülh danışıqlarından çox aprel döyüşləri zamanı itirilmiş torpaqları geri qaytarmaq düşündürür. Odur ki, düşmən sülh danışıqları adı altında status-kvonu qoruyub saxlayaraq ordusunu gücləndirməyə çalışır. Xüsusilə də Ermənistan və qondarma rejimin orduları arasında taktiki və strateji əməliyyatların keyfiyyətini yüksəltmək məqsədiylə tez-tez birgə təlimlər keçirilir. Nəticə etibarı ilə düşmən xalqını sülhə deyil, müharibəyə hazırlayır
Onu da bildirək ki, bu ilin əvvəlində bir qrup israilli və amerikalı jurnalist Azərbaycana səfər edib. Səfər nəticəsində onlar regionun tarixi, həmçinin buradakı mürəkkəb geosiyasi vəziyyət haqda bir çox şey öyrəniblər.
Səfərdə iştirak edən İsrailli ekspert Arye Qut “The Yerusalem Post”a səfərlə ağlı təəssüratlarını bölüşüb. Wordmedia “The Yerusalem Post”a istinadən yazır ki, A.Qut əvvəlcə səfərin çox məhsuldar keçdiyini qeyd edib. Müəllif yazır ki, bu bölgədəki mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycanla İsrail arasında güclü əməkdaşlıq var. İki ölkə arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Bu gün İsraillə Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollardır. Enerji sektoru isə bu əlaqələrdə strateji dayaq rolu oynayır.
Daha sonar Dağlıq Qarabağ münaqişəsinə və qonaqların cəbhə bölgəsinə səfərlərindən bəhs edilib. Müəllif yazır ki, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycanın tolerantlıq ənənələri əsl sınaqla üzləşmişdi. Ermənistan da Azərbaycan ərazisinin 20%-ni, yəni Dağlıq Qarabağ və ona bitişik 7 rayonu elə həmin illərdə işğal edib. Nəticədə 30 min azərbaycanlı həyatını itirib, təxminən 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Münaqişə zamanı azərbaycanlılar 20-ci əsrin ən dəhşətli faciələrindən biri ilə üzləşib: onlara qarşı qorxunc soyqırım törədilib. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 613 azərbaycanlı qətlə yetirilib. Bu zaman daha 487 nəfər yaralanıb, 1275 insan girov götürülüb.
Biz – bir neçə israilli və xarici jurnalist Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində də olduq. Oradan təxminən 27 il əvvəl işğal edilmiş Azərbaycan ərazilərini görmək mümkündür. Bizim dayandığımız yerdə cəmi 3 il əvvəl müharibə, ciddi hərbi əməliyyatlar baş verib – 2016-cı ilin aprelində Azərbaycan Ordusu düşmənin hərbi təxribatının qarşısını alıb, Ermənistan silahlı qüvvələrinin mövqelərinə zərbələr endirərək vətəndaşlarının təhlükəsizliyini təmin edib.
Daha sonra Marağa kəndində yerləşən “Marağa” abidəsini ziyarət etdik. Bu abidə ermənilərin İrandan Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə hələ 1978-ci ildə ucaldılıb. “Marağa” 1980-ci illərin sonlarında, Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman ermənilər tərəfindən məhv edilib. Çünki o, ermənilərin Qarabağ regionunun yerli xalqı olmadığını sübuta yetirirdi. Lakin Azərbaycan tərəfi abidəni bərpa edib və bu gün də qoruyub saxlayır. “Marağa”abidəsi Dağlıq Qarabağın Azərbaycanın qədim, tarixi ərazisi olduğunu sübut edir.
Tərtər və Cocuq Mərcanlılya səfərimiz zamanı Azərbaycan Ordusunun əsgərləri ilə görüşdük. Onlar deyir ki, Azərbaycanın Ermənistan üzərində həm şəxsi heyət, həm də silah-sursat baxımından üstünlüyü aşkardır. Lələtəpə yüksəkliyinə baş çəkən və buradan onu əhatə edən dərəyə baxan zaman gördük ki, bu yüksəkliyindən geniş ərazi nəzarət altında saxlanılır. Ermənilər bu yüksəkliyi 1993-cü ildə işğal etmiş, sonradan ərazidə mövqelərini gücləndirmişdi. Lakin Azərbaycan əsgərləri 2016-ci ilin aprelində çətin və qısa döyüş nəticəsində yüksəkliyi işğaldan azad edib. Bizə həmin hərbi əməliyyatlar və yüksəkliyin necə azad edildiyi haqda məlumat verildi.
Azərbaycanın müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bizə deyir ki, beynəlxalq təşkilatlar bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan çıxış edir: “Odur ki, ərazilərimizin işğaldan azad edilməsinə hazır olmalıyıq. Başqa sözlə, Azərbaycan Ordusunun hazırlığını və döyüş qabiliyyətini daha da artırmalıyıq. Doğrudur, biz qan tökülməsini istəmirik. Lakin başqa yol qalmazsa, Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə qadirdir”.
Onun fikrincə, 2016-ci ilin aprelində baş vermiş döyüşlər Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini bir daha ortaya qoyub: “Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, sülh yollu ilə həllini dəstəkləyir. Lakin münaqişə sülh yolu ilə həll edilməzsə, Azərbaycan ərazi bütövlüyünü digər vasitələrlə təmin etmək hüququndan yararlanacaq. Bir sözlə, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.
Aşağı Əbdürrəhmanlı kəndində dağıntılarla qarşılaşdıq: dağıdılmış evlər, məktəblər, bağçalar və yanmış torpaq. Bu “ruhlar kəndi”ndə sanki həyat donub. Ümid Mirzoyev bizə kəndin taleyi haqda danışıb: “Erməni vandalları doğma kəndimizdə evləri, digər tikililəri dağıdıb, yandırıb. Onlar qəbirstanlığımızı belə, dağıdıb və təhqir ediblər. Məzar daşlarındakı şəkilləri necə güllələdiklərini görə bilərsiniz. Onlar sanki dünyasını dəyişmiş azərbaycanlılardan da qorxurlar. Bu, işğalçıların qəzəbini, nifrətini və qorxusunu göstərir”.
Mirzoyevin oxuduğu məktəb, yaşadığı ev bu kənddədir: “Burada dadlı üzümlərin yetişdiyi məhsuldar torpaqlar var idi. Bu gün həmin torpaqlar minalı əraziyə çevrilib. Amma atamın son arzusunu yerine yetirmişəm – o, məndən kəndimizdəki qədim qəbirstanlıqda dəfn olunmasını istəmişdi”.
Daha sonra geosiyasi mübahisənin növbəti qurbanı olan Cocuq Mərcanlı kəndinə yollandıq. Bu kənd də erməni işğalçıları tərəfindən tamamilə dağıdılıbmış. Lakin buradakı erməni qüvvələrinin məhvindən sonra Azərbaycan hökuməti kəndi bərpa edib.
Bələdçimiz deyir ki, azərbaycanlılar Azərbaycan ərazilərinin işğal olunduğunu bütün dünyanın bilmsini istəyirlər. Onlar istəyirlər ki, 1 milyon qaçqın və məcburi köçkünün problemlərindən bütün dünya xəbərdar olsun.
Səfərimiz zamanı görüşdüyümüz Azərbaycan nümayəndələri onlara dəstəyinə görə bir çox xalqa təşəkkür edirdilər. Ümumi mövzusu isə bir idi: Azərbaycan güclü, müstəqil dövlətdir və Cənubi Qafqazın lider ölkəsidir.

Cavid