Mediada əxlaq və davranış prinsipləri Layihə

Mediada əxlaq və davranış prinsipləri

Hər bir jurnalist əxlaq kodeksinin tələblərinə riayət etməlidir

II yazı

Son vaxtlar qəribə dəb yaranıb (Buna peşə fırıldağı da demək olar). Əllərinə keçən, yaxud kimsə tərəfindən onlara gizlincə ötürülən "fakt və materialları" saf-çürük etmədən, dəqiqləşdirmədən qəzet səhifəsinə çıxarırlar. Yazının sonunda isə qeyd edirlər ki, "gün ərzində yazıda göstərilən faktları dəqiqləşdirmək üçün bütün cəhdlərimiz puça çıxdı, telefona cavab verən olmadı". Lap axırda "Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq" yazmaqla guya həm plüralizmə əməl edirlər, həm də özlərini sığortalayırlar. Bu üsul heç kəsi məsuliyyətdən azad etmir.
Jurnalistlə vətəndaş arasında ən çox münaqişə doğuran və məhkəmə çəkişmələrinə gətirən hal şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı prinsipidir. AJPDQ-də ən çox yer verilən və diqqət ayrılan (Bu mövzuda bəhs olunan 3-cü prinsipdə 12 maddə var) məsələ də məhz budur. Göstərilən prinsipin fəlsəfəsini "Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır"- tezisi təşkil edir.
İnsanlar bir-birilə mübahisə edərkən təsadüfən ağızlarından kobud ifadə, yaxud söyüş (təhqir) çıxara bilərlər. Qəzet yazısında isə bu mümkün deyil! Çünki hərə yazdığını sonradan oxuyur, düzəliş edə bilir, şöbə müdiri və redaktor da materialı redaktə etmək səlahiyyətinə malikdir. Deməli, qəzet səhifəsinə təhqiredici söz və aşağılayan ifadə təsadüfən çıxa bilməz! Şəxsi həyatın da sərhədləri daim aydın görünür, o yalnız qəsdən qarışdırıla bilər. "Reket qəzetlər" məhz bu yolu tutublar! İstədiklərini qopara bilməyəndə şər və böhtana, təhqirə əl atır, vətəndaşların şəxsi həyatına kobud şəkildə müdaxilə edir, etik normaları gözləmirlər. Sonra isə bu əməllərini riyakarcasına mətbuat və söz azadlığı ilə bağlamağa çalışırlar. Başqasının hüquqları başladığı yerdə sənin azadlığın bitir! Mətbuat və söz azadlığı heç bir jurnalistə insanları təhqirə, şərləməyə, şəxsi həyatına müdaxiləyə əsas və hüquq vermir. Əxlaqlı və mənəviyyatlı, özünə hörmət edən hər bir insan isə başqasını ictimai şəkildə təhqir edib aşağılamaz, iddiasını təmin etmədiyi üçün qəzet vasitəsilə ondan qisas almağa çalışmaz! Belə hərəkətlərlə mətbuat əxlaqı bir araya sığmır!
Sovet dövründə yalnız yazılarda səsləndirilən fikirlər müəyyən qəlibə salınmırdı. İmzalara da ciddi tələbkarlıq və nəzarət var idi. Məsələn, Yazıçılar İttifaqının üzvü olmayan müəllif öz yazısına "yazıçı" imzası qoya bilməzdi. Buna heç bir nəşrin redaktoru yol verməzdi, həm də oxuyanlar belə adamı lağa qoyardılar. "Publisist" titulu isə tək-tük yazıçıya qismət olardı. Həm də yalnız öz yazıları ilə ictimai rəydə qəbul olunanlara publisist deyərdilər. Kimsə məqalə yazaraq onu "publisist filankəs" imzası ilə redaksiyaya gətirsəydi, yazısını da qoltuğuna verib elə qapıdanca geriyə qaytarardılar. İndi meyar itib, hərə də öz qəzetinin sahibidir! Kim imzasına nə əlavə edib yazırsa, söz deyən yoxdur! Necə deyərlər, məscidin açıq qapısından hamı içəri dürtülür. Digər tərəfdən, əgər özündən əlavə 2-3 işçisi olan redaktor qəzetinə "səxavətlə" "baş redaktor" imzası qoyursa, başqasına hansı mənəvi haqla irad tutacaq? Odur ki, hərə istədiyi imza ilə qəzet səhifəsinə çıxır. Ən dəbdə olanları isə "politoloq", "yazıçı-publisist", "media-eksperti", "siyasətşünas" və digərləridir. Siyasətdən xəbəri olmayanın özünün "politoloq", "siyasətşünas" adlandırması, düzgün cümlə qura bilməyənin "yazıçı- publisist" imzası ilə məqalə çap etdirməsi daha heç kimi təəccübləndirmir! Ümumi sözdür də, qoy istifadə etsin! Məgər kasıb itinin adını qızıl qoyanda qiyamət qopar? Yaxud bundan ötəri kimdənsə icazə almalıdır? Təbii ki, heç belə icazələri verən konkret ünvan və qurum da yoxdur! Məsələ bundadır ki, belələri sonradan ekspertlik iddiasına düşür, hətta xəbərləri olmayan sahələrdə gedən proseslər barədə rəy söyləməyə, kifayət qədər məlumatı olmayan insanları çaşdırmağa çalışırlar. Özlərinin bilməmələri (yaxud qərəzli şəkildə təhrif etdikləri) bir yana, başqalarını da bu savadsız yanaşma ilə razılaşmağa vadar etmək istəyirlər.
Savadsız yanaşmanın iki qaynağı mövcuddur. Bunlardan birincisi özünü "bilən" göstərərək başını başlara qoşmağa çalışmaqla "mən də varam" iddiasıdır. Təbii ki, bütün dövrlərdə savadsızlar imkan tapan kimi irəli cummağa, özlərini gözə soxmağa can atmışlar. İddia cılız olsa da, elə də zərərli deyil! Çünki təklikdə (məqalə yazıb altına imza atanlar) qışqıranlar, adam içində (əsl mütəxəssislər olan yerdə) susurlar. Qəzetdə məsələni əymək, yaxud məkrli formada təqdim etmək başqadır. Burada fərdi, korporativ maraq öndə olur. Həm də həmin marağın milli mənafe ilə üst-üstə düşüb-düşməməsi həmin "ekspertlər" üçün heç bir əhəmiyyət kəsb etmir. Onları düşündürən alacaqları qrantdır! Həmin qrant naminə hər şeydən keçməyə hazırdılar! (Elə keçirlər də!). Antiazərbaycançı şəbəkənin yaratdığı "hüquq müdafiə" QHT-ləri bunu yaxşı bildiklərindən onların xidmətindən gen-bol bəhrələnməyə çalışanlar çoxdur.
Müasir demokratiyanın iki zəif yeri (buna "demokratiya boşluğu" da demək olar) var: mətbuat və söz azadlığı, bir də insan haqları! Saqqız kimi hər tərəfə çəkilə bilən məsələdir! Bu gün bir sira ölkələrin ziyan gördüyü "ikili standartlar" həmin "boşluğa" çox asanlıqla "yerləşdirlir" Jurnalisti yazdığı hansı fikrə və sözə görə cinayət məsuliyyətinə cəlb etmək olmaz? Yaxud insan haqları anlayışının tərifi necədir? Niyə hərdən bir nəfərin hüququ yüz minlərin illərcə pozulmuş hüququndan üstün tutulur, hay-küylü kampaniyalarla müşayiət edilir? Azərbaycanın bir milyonluq qaçqın və məcburi köçkününü "unudaraq" hansısa qondarma "siyasi məhbusu" beynəlxalq qurum və təşkilatların "arayış qəhrəmanına" çevirmək hansı niyyətdən doğur?
Belə bir məqamla razılaşıram ki, əgər jurnalist bilmədən, təcrübəsizlikdən, yaxud səmimiliyinə inandığı hansısa şəxsin informasiyası əsasında başqasının imicinə xələl gətirən, özündən asılı olmayan səbəbdən şər və böhtan xarakterli material yazıbsa, buna görə onu cinayət məsuliyyətinə cəlb etmək, azadlığını məhdudlaşdırmaq olmaz! Kim səhv etmir ki? Bəyəm başqa sahədə çalışan mütəxəssislərin (həkim, müəllim, mühəndis və s.) səhvləri cinayət məcəlləsi əsasında qiymətləndirilir? Təbii ki, yox! Onda niyə jurnalistləri istisna kimi götürməliyik? (Peşənin bütün xüsusiyyətlərini və ictimai mahiyyətini nəzərə alsaq da!).
Məsələyə başqa tərəfdən yanaşaq. Hansısa qəzet və onun redaktoru mətbuat və söz azadlığı hesabına özünə biznes qurubsa, insanların şərəf və ləyaqətini təhqir etməyi, adamlara şər, böhtan atmağı, şantaj yolu ilə pul qoparmağı "xüsusi fəaliyyət növünə" çeviribsə, belələrinin əməllərini soyuqqanlılıqla müşahidə etmək kifayətdirmi? Axı burada tənqidlə təhqirin, həqiqətlə yalanın, mövcudluqla böhtanın sərhədləri qəsdən, həm də müntəzəm və məqsədyönlü şəkildə pozulur! Bəli, söhbət "reket jurnalistikası"ndan gedir. Onların gördükləri işlərin mətbuat və söz azadlığına heç bir dəxli yoxdur! Doğrudur, belələri özlərini sığortalamaq üçün irəlicədən mətbuat sahəsində yaradılmış hansısa qondarma quruma üzv ola bilirlər, həmin qurumlar da onların müdafiəsinə qalxırlar. Ancaq necə yozulmasından asılı olmayaraq həqiqət birdir! İnsanları qəzet vasitəsilə təqib etməklə onlardan rüşvət qoparmağın mətbuat və söz azadlığına heç bir aidiyyəti yoxdur və ola da bilməz! Kimlərinsə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, ölkəmizin dünyaya inteqrasiyasında problem yaratmaq niyyəti var. Bundan ötrü sapı özümüzdən olan baltalardan istifadə edirlər. Qəzetdə çalışan hər hansı insanla bağlı cinayət hadisəsini "söz və mətbuat azadlığının boğulması", "peşə fəaliyyətinə görə qisas alınması" və s. kimi təqdim etməyə, eyni zamanda özlərinə "qrant" mənbəyi yaratmaqla qazanmağa çalışırlar. Amma obyektiv və ağlı başında olan insanlar belə oyunların mahiyyətini yaxşı anlayırlar. Başqa cür hərəkət edənlər ya qərəzlidirlər, ya da savadsız! Çünki "tənqidçi" qəzetlə "reket qəzeti" ayırd etmək çox sadə və asandır. Yalnız qərəzli və təmənnalı olanda onları qarışdırmaq mümkündür!
Jurnalistika açıq və şəffaf fəaliyyət sahəsidir. Qabiliyyət və istedadı olan şəxs bu sahəyə gələ və ya çox asanlıqla icazə alaraq qəzet çıxara bilər. Buraxdığı qəzet isə göz qabağında olur, mütəxəssislər, sadə oxucular tərəfindən dəyərləndirilir. KİV-lər "KİV haqqında qanun", habelə jurnalistlərin peşə fəaliyyətinin tənzimlənməsinə dair digər qanunlar əsasında fəaliyyət göstərirlər. Mətbuat Şurası tərəfindən Azərbaycan jurnalistlərinin qurultayında AJPDQ-ı qəbul olunub. Bunlar məsələnin rəsmi tərəfləridir. Ancaq qeyri-rəsmi şəkildə mətbuat əxlaqı adlanan anlayış da var! Bu, hər bir jurnalistin qanun səviyyəsində əməl etməli olduğu etik normalar toplusudur. Doğrudur, onu pozmaq cinayət məsuliyyəti yaratmır, amma əli qələmli insanı gözdən və etibardan salan ciddi nəticələr verir.
Vaxt var idi müxtəlif sahələrin ən istedadlıları jurnalistikaya üz tutar, özləri ilə yeni səs, yeni nəfəs gətirərdilər. Ümumi axında istedadları, deyim tərzi, fərdi yanaşma maneraları ilə fərqlənməyə çalışar, bir qədər təcrübə topladıqdan sonra isə öz üslublarına yiyələnərdilər. Çox təəssüf ki, qəzetçilikdə yaranan müvəqqəti maliyyə çətinlikləri, jurnalistlərin həyat səviyyəsinin aşağı düşməsi bu sahəyə ağıllı və istedadlı insanların axınını dayandırıb. Bu gün daha çox təsadüfi insanlar, hər sahənin uğursuzları qəzetçiliyə üz tuturlar. Uğursuz kitabxanaçı, uğursuz iqtisadçı, uğursuz müəllim, hətta uğursuz çilingər, çoban qəzet redaktoruna çevrilir. Belə vəziyyətdə isə mətbuat əxlaqının saxlanması və qorunması xeyli çətinləşir.
Müasir jurnalistika yeni texnika və texnologiyaların tətbiqi sayəsində operativliyini və çevikliyini xeyli artırıb. İndi əldə olunan informasiyanın oxucuya çatdırılması asanlıqla və qısa müddətdə baş verir. Çətinlik informasiya mənbəyinə çatmaq və informasiyanı əldə etməkdədir. Burada isə jurnalistin nüfuzu və şəxsi əlaqələri heç də az əhəmiyyət kəsb etmir. İnsanlar hadisə baş verəndə inandıqları qəzetə və müxbirə müraciət edirlər. Bu inamı qazandıran amillərdən biri də jurnalistin mətbuat əxlaqına malik olmasıdır".

Cavid