Sosial şəbəkələr... Layihə

Sosial şəbəkələr...

Müsbət və mənfi tərəflər

Sosial media nədir? Sosial media - sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları (msn,skype və s.), forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.
İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Eldar Mirzəliyev bildirib ki, yeni medianın yaranması keçən əsrə təsadüf edir. İnternet vasitəsi ilə informasiyanı dəqiq, tez və daha böyük kütləyə çatdırılması nəzərə alınaraq sosial şəbəkələr və elektron informasiya saytları yaradılmağa başladı. İlk sosial şəbəkə 1979-cu ildə "Usernet" adı altında yaradılsa da, populyarlıq qazana bilmədi: "Ümumiyyətlə, sosial şəbəkə nədir? Sosial şəbəkə - İnternet istifadəçilərinin bir-biri ilə tanışlığı, informasiya mübadiləsi, müxtəlif mövzular ətrafında müzakirələrin aparılması üçün yaradılmış internet saytlarıdır. Misal olaraq, son zamanlar daha çox yayılmış Facebook-u göstərmək olar. Elektron informasiya saytları artdıqca informasiyanın operativ və sürətli çatdırılmasına ehtiyac duyuldu, bununla da bloqlar yaradıldı.
Bəs bloq nədir? Bloqun hərfi mənası "web gündəliyi" deməkdir. Bloqlar bir və ya bir neçə nəfər, birlik və ya təşkilatlar tərəfindən yaradıla bilər. Beləliklə, hər kəs özünə bloq yaratmaqla həvəskar jurnalist (blogger) ola bilər. Bloqda yazılan yazılar heç bir senzuraya məruz qalmadığı üçün bütün dəqiqliyi ilə çatdırıla bilir.
Lakin dünyanın hər hansı bir yerində olan bir yeniliyi daha tez çatdıran platformalar mikro bloqlardır... Amma hər zaman mikro bloqlar dedikdə, ağıla ilk öncə Twitter gəlir. Hər şeydən əvvəl o, sadəliyi ilə hər kəsi cəlb edir və 140 simvol ilə bu an nə etdiyimizi yazmaq imkanı verir. Twitter ingilis dilindən tərcümədə "civ-civ etmək", "dil-dil ötmək" deməkdir".
Onun sözlərinə görə, Ruby on Rails web platforması üzərində yaradılmış Twitter 2006-cı ilin mart ayında prototip olaraq 2 həftəlik meydana çıxsa da, 2006-cı ilin avqust ayında rəsmi olaraq istifadəyə verildi və 2007-ci ilin mayında şirkətə çevrildi: "Həmin il servisdə 6 günlük problem yarandı. 2008-ci ilin əvvəllərində isə Twitter yeni bazalar əsasında yerini Amazon S3 serverləri üzərində dəyişdi. Bu da servisin sabitləşməsinə gətirib çıxardı. Hazırda şirkətdə 400 nəfər ştatlı əməkdaş işləyir. Bu da şirkətin daim uğur qazanmasına və Twitter istifadəçilərinə növbəti 5 illikdə də layiqincə xidmət etməyə imkan verir. Statistikaya görə, Twitterdə hər gün 500000 nəfər istifadəçi qeydiyyatdan keçir. Elə bunun nəticəsidir ki, istifadəçilər hər gün 140 milyon twitt əlavə edirlər, bu da 8 günə 1 milyarddan çox twitt deməkdir. Nəzərə alaq ki, ilk milyarda 3 il 2 ay 1 gün tələb olunmuşdu. Məncə, 160 simvoldan ibarət sms yazmağı bacaran cəmiyyət, 140 simvoldan ibarət mikro bloq yazmağı da rahatlıqla bacarar".
Onu da qeyd edək ki, hələ də sosial şəbəkələrin müsbət və ya mənfi təsiri müzakirə olunmaqdadır. Amerikada aparılan aradırmalar zamanı məlum olub ki, ictimai media bütün dünyada porno saytlara girişi də geridə qoyub. Dünyada hər üç adamdan ikisi sosial şəbəkələrdədir. Araşdırmalar zamanı insanların sosial şəbəkələrə gəlmələrinin də səbəbləri müəyyən edilib. Belə ki, istifadəçilərin çox hissəsi, yəni 60 faizi sosial şəbəkələrə digərlərinin nə etdiyini görmək üçün gəlir. Dostluğa qəbul edilənlərin 82 faizi real həyatdan, 60 faizi dostların dostları, 29 faizi tanımadıqları insanlar, 11 faizi isə işlə əlaqədar insanlar olur. 2012-ci ildə aparılan araşdırma zamanı müəyyən edilib ki, 20 faiz istifadəçilər hər 5 dəqiqədən bir online olur.
Sosial şəbəkədə hər dəqiqə 694.980 status paylaşılır və 532.080 twitt atılır. Sosial şəbəkəyə hər gün 250 milyon fotoşəkil əlavə olunur və 35 faiz insanlar özlərinə aid şəkillər paylaşır. Psixoloqların fikrincə, özünüdəyərləndirmə hissi aşağı olan insanlar bütün zamanını internetdə keçirməyə sərf edir. Sosial mediada zaman keçirənlər digərlərinin onlardan yaxşı yaşadığını düşünür.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, ictimailəşmə, sosiallaşma yalnız insanlarla bir yerdə olmaq mənasını daşımır. İnsanlar başqalarının həyatı ilə maraqlanır və öz yaşadıqlarını paylaşırlar. "İctimai-sosial media dedi-qodu mədəniyyətini artırmaqla yanaşı xəyanətlərin də sayını çoxaltdı. Sosial şəbəkələrdə anonim yazmaq mümkün olduğu üçün bu insanlar arasında üzsüzlüyü də artırdı. Yəni, kim nə istədi, içindən nə gəldisə, başqa adla yaza-deyə bilir. Başqasıyla üz-üzə danışarkən söyləyə bilməyəcəyiniz hər şeyi orada rahatlıqla söyləyə bilirsiniz. Hirsləndiyiniz zaman qışqırmaq əvəzinə bir status yazır və ya tveet atırsınız. Sosial şəbəkələr təhlükələri artırır. Orada şəxsiyyətsizləşməyə başlayırsınız. Ehtiyatlı olmağı unudur, əsla verməli olmadığınız məlumatları paylaşırsınız. Qəzetlərin kriminal səhifələrində "sosial şəbəkədə tanış oldu və..." deyə başlayan cinayət, təcavüz, şantaj xəbərləri artmağa başladı".
Artıq internet cinayətlərindən qorunmaq üçün yeni qaydalara ehtiyac yaranıb. İnternet dostluqlar artıqca real dostluqlar azalmağa başlayıb. Mütəxəssislər hesab edirlər ki, insanların sosial şəbəkələrdə izləyicilərinin artması "nə qədər çox izlənirəmsə, daha yaxşıyam" fikrini də artırır. Sosial şəbəkələrdə izləyici sayının, dostların artması üz-üzə ünsiyyəti azaltdığı üçün insanlar arasında tənhalıq xəstəliyinin də artmasına səbəb olub. Bununla yanaşı, sosial şəbəkə asılılığı da cəmiyyət arasında psixoloji bir xəstəlik kimi yayılıb.
Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə media inqilabları da artıb. Yəni, real həyatda əlindən heç nə gəlməyən insanlar kütlələri hərəkətə keçirən, hadisələri təşkilatlandıran insanlara çevrilə biliblər. Sosial şəbəkələrin zərərləri ilə yanaşı faydaları da var, amma zərərləri o qədər çoxdur ki, faydaları gözə görünmür.
O, hesab edir ki, sosial şəbəkələr ən çox yeniyetmələr və gənclər üçün təhlükəlidir: "Sosial şəbəkə asılılıq halına gəlmədiyi müddətə qədər yoldaşlıq bağlarını davam etmə, xəbərləşə bilmək üçün faydalıdır. Təşkilati təqdimatlar, reklam üçün yaxşı platformadır. Qüsurlu insanlar, əlillərdən ötrü sosial şəbəkələr zaman keçirmək üçün çox faydalıdır. Beləliklə, onlar tənhalıqlarını bu şəkildə doldura bilirlər".
Oksford Universitetində aparılan araşdırmalara görə, insan beyninin maksimum 150 nəfərlə dostluq edə biləcəyi gücünə malik olduğu müəyyən edilib. Ancaq fikir vermisinizsə, bu gün sosial şəbəkələrdə 3000-5000 dostu olan insanlar var.
Aynur Əlibəylinin dediyinə görə, sosial şəbəkələr bir çox vərdişlərin də qazanılmasına səbəb olur. İçki, yemək və pəhriz vərdişləri internet üzərindən sürətlə yayılır.
Amerika psixiloqu Fovler deyir ki, dostluq siyahısının əvvəlində olan 10 insan real həyata da təsir edə bilir. Fovler açıqlayır ki, yetkin yaşa çatmış şəxslər real münasibətlərə üstünlük verir və bu real münasibətləri qazana bilmək üçün internetə üz tuturlar. Ancaq real həyatda dostluqların bir qədər təhlükəli olması onları internetdən asılı hala gətirir. Yəni, internetdə dostluq edən şəxs rahat kompüter qarşısında oturub yazır, çox az halda olur ki, o, yazdığı insanı real həyata çıxarsın.
Aynur Əlibəyli deyir ki, son zamanlar narkotik vasitələr aludəçilərinin sayı artdığı üçün sosial şəbəkələrdə də diqqətli olmaq lazımdır: "Sosial şəbəkələrdə qazanılan dostların əslində kim olduğu sual altındadır. Yeniyetmələr dostluğa ehtiyac duyduğu üçün kiminlə dost olduqlarının fərqinə varmırlar. Dost olduqları insanları tanıyan zaman isə gec olmuş olur. Bəzi insanlar var ki, həqiqətən sosial şəbəkələrdə ətrafına yeniyetmələri yığaraq onları pis vərdişlərə alışdırır. Narkotik aludəçiliyi, müxtəlif dini cərəyanların təbliği məhz sosial şəbəklərdə baş verir".
Müasir texnologiyaların, xüsusilə internet resurslarının insanların işini asanlaşdırmaq baxımdan çox əlverişli olduğunu deyən sosioloq Gülnar Nəzərova isə bildirib ki, bu vasitələrdən düzgün istifadə edilmədiyi halda sadəcə vaxtımızı itirməyəcəyik, həm də bunun fiziki, psixoloji fəsadları ilə qarşılaşacağıq: "Bu baxımdan, internet resursları, xüsusilə sosial medianın vaxtımızı aldığını demək düzgün olmazdı. Əgər sosial mediadan da düzgün istifadə etməyi bacarsaq, bu, bir çox mənada vaxt itkisinin qarşısını ala bilər. Ölkədə və dünyada baş verən istənilən hadisə barədə operativ və tam məlumat almaq, insanlarla daha asan əlaqə qurmaq, müxtəlif tədbirlərin təşkilinə insanları cəlb etmək, reklam, elan, ianələrin toplanması və s. bu kimi məsələlərdə sosial medianın rolu əvəzsizdir".
Sosioloq onu da bildirib ki, sosial şəbəkələrin digər üstün cəhəti onun xərcləri də azaltmasıdır: "Belə ki, əvvəllər hansısa ölkə ilə əlaqə saxlamaq böyük xərc tələb edərdisə, indi insanlar heç bir əlavə xərc çəkmədən bir-biri ilə görüntülü əlaqə saxlamaq imkanı əldə edirlər. Bundan əlavə, istədiyimiz məsələ ilə bağlı qısa bir axtarışla hərtərəfli məlumat əldə edə bilərik. Bu cür axtarış sosial mediadan düzgün istifadə edən üçün faydalı olacaq və vaxt itkisinin qarşısının alınmasına kömək edəcək". Lakin sosioloq onu da qeyd edib ki, bəzi insanlar bu cür vasitələrdən qumar, qeyri-əxlaqi saytlara giriş üçün istifadə edirlər. Bu da təbii ki, vaxt itkisinə səbəb olacaq. Bu mənada sosial mediada vaxt itirmək və ya faydalanmaq sadəcə özümüzdən asılıdır.
Sosioloq Əhməd Abbasbəyli isə ölkəmizdə sosial şəbəkələrdən istifadə ilə bağlı ciddi araşdırmalara rast gəlmədiyini və həqiqətən də buna ciddi ehtiyac olduğunu bildirib: "Ümumiyyətlə, son dövrlər sosial şəbəkələrdən istifadə sayı daha da artır. Xarici ölkədə aparılan araşdırmaların, ölkədəki sosial şəbəkələrdə gənclərin iştirak faizi ilə bağlı apardığımız təhlillərdən görünür ki, xüsusilə gənclər və orta yaş təbəqəsi kifayət qədər fəaldır". Sosioloqun fikrincə, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri var. Mənfi tərəflərinə gəldikdə Əhməd Abbasbəyli deyir ki, insanlar birbaşa ünsiyyətdən kənarda qalırlar: "Müsbət tərəfi isə odur ki, onlar informasiya alırlar, məlumat ötürürlər, yeni texnologiyalarla maraqlanırlar".

Əli