Ermənistan hökuməti cəmiyyətdən qorxur Layihə

Ermənistan hökuməti cəmiyyətdən qorxur

Orduda əsgər ölümü sayının artması erməni ictimaiyyətini əndişələndirib

Ermənistan mediası bundan sonra Azərbaycanla aparılan sülh danışıqlarının detallarının gizli saxlanacağını yazır. Azərbaycanda bəzi dairələr bunu ermənilərin işğal altındakı rayonları azad etməyə hazırlaşmaları kimi şərh edir.
WorldMedia Anaj-a (İran) istinadən yazır ki, Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayondan 5-nin Azərbaycana qaytarılması təşəbbüsü bir neçə il əvvəl irəli sürülüb. Ermənistan və Azərbaycan prezidentlərinin 2016-cı ildə baş tutmuş görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə zonasında status-kvonun dəyişməsinin vacibliyini bəyan etmişdilər. Status-kvonun dəyişməsi dedikdə, ilk addım kimi, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin tədricən azad olunması, yəni münaqişənin mərhələli şəkildə həlli nəzərdə tutulurdu.
Lakin müəyyən müddət keçdikdən sonra Azərbaycanda bəzi siyasətçilər bu ideyanın vaxt uzatmaq üçün ortaya atıldığını düşünməyə başlamışdı. Onlar hesab edirdilər ki, əslində, Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq fikrində deyil. Amma son aylarda mövzu yenidən gündəmə gəlib. Hətta bəzi məlumatlara görə, Yerevan işğal olunmuş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılması üçün “DQR” rəhbərliyinə təzyiq belə, göstərir. Azərbaycanlı ekspertlər bu haqda deyilənləri fərqli şərh edir.
Bu mənada, “DQR”in “milli təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyanın yerli KİV-ə açıqlaması kifayət qədər maraqlıdır. “Paşinyanın Xankəndiyə son səfəri zamanı söylədiklərinədək, onunla heç bir problemimiz yox idi”, - deyə o, bildirib. Məlumata görə, Paşinyan Xankəndidə “Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün bu ərazilərin bir hissəsini Azərbaycana verməliyik” deyib.
Bu açıqlamadan sonra Balasanyan sərt tənqid atəşinə tutulub. Bəzi dairələr isə Paşinyanın ümumiyyətlə, belə söz söyləmədiyini deyir. Amma görünən odur ki, Paşinyan hökuməti işğal olunmuş rayonlardan bəzilərinin geri qaytarılmasının əleyhinə deyil.
Məsələ Azərbaycan mediasının da gündəmini zəbt edib. Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün ardından, bundan sonra iki ölkə arasındakı danışıqların mövzusunun gizli saxlanacağı bəyan olunub.
Azərbaycanlı siyasi ekspert Qabil Hüseynli açıqlamasında bildirib ki, danışıqlar mövzusunun gizli saxlanılması barədə qərar İrəvanın rasional danışıqlar aparmağa hazır olmamasının və Ermənistan ictimaiyyətinin hökumətə təzyiqinin nəticəsidir. “Ermənistan hökuməti cəmiyyətdən qorxduğu üçün Qarabağla bağlı xəbərlərin yayılmasını istəmir”, - deyə o, qeyd edib.
Bu arada, azərbaycanlı siyasi ekspertlər Tehranın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinin aydın olduğunu düşünürlər. İran problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib.
Moskvaya gəlincə, məlumata görə, o, ilkin mərhələdə 5 rayonun işğaldan azad olunmasına tərəfdardır. Lakin Rusiya həmin ərazilərə öz sülhməramlı qüvvələrini yerləşdirmək istəyir. Görünən odur ki, buna Azərbaycanla yanaşı, Qərb də etiraz edir.
“Daily Sabah”(Türkiyə) yazır ki, Ölkədə islahat küləyi əsir. Bununla paralel, Bakı Dağlıq Qarabağ və ona bitişik rayonların işğaldan azad edilməsi üçün mübarizəni davam etdirir. Bundan başqa, Azərbaycan dövləti Ermənistanın mülki azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın beynəlxalq birlik tərəfindən tanınmasına da çalışır.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları indiyədək nəticə verməyib. Qurumun həmsədrləri Azərbaycan prezidenti İlham Əliyevlə ötən il də görüşlər keçiriblər. Doğrudur, Rusiya, Fransa və ABŞ rəhbərliyi Ermənistanın Qarabağı işğal altında saxlamasına müsbət yanaşmır. Amma onlar bu vəziyyətə lazımi sərtlikdə reaksiya göstərmirlər. Bakı isə münaqişənin həlli prosesində konstruktivliyini davam etdirir.
Bu arada, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyir ki, rəhbərlik etdiyi icma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir: “Qarabağı tərk etməyə məcbur olarkən, yəni bölgə işğal olunduqda mənim 12 yaşım var idi. İstəyirik ki, növbəti nəsil Qarabağın azad edildiyini görsün”.
Bu arada Ermənistanın işğalçı ordusunda baş verən qanunsuzluqlar, özbaşnalıq, əsgər ölümləri və əsgərlərə təzyiqlər erməni ictimaiyyətinin haqlı narazılığıa səbəb olduğundan yerli mətbuatda Paşinyan hakimiyyəti tənqid olunub.
İşğal altında olan Qarabağda iki erməni hərbi qulluqçu ölüb, üstəlik, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovahnnisyanın qeyd etdiyi kimi müxtəlif hadisələr olub.
Bu o deməkdir ki, birdən-birə iki hərbi hissədə ölümcül hadisələr baş verib. İlin əvvəlindən etibarən artıq 10 erməni əsgər ölüb.
Ermənistanda cinayət submədəniyyətinə qarşı elan edilmiş şəraitdə bu, təxribat və müharibə elan olunmasına bənzəyir.
Fevralın 2-də ölmüş Vahram Avaqyanın yaxınları intihar versiyasına inanmayıblar və bütün kəndlə ölmüş əsgərin cənazəsini götürüb İrəvana getmək istəyiblər.
Ölmüş əsgərin yaxınlarını kəndə qayıtmağa və əsgərin meyitini torpağa tapşırmağa inandırmaq çətinliklə mümkün olub. Mütəxəssis və hüquq müdafiəçiləri güman edirlər ki, bütün alaynın gözü qarşısında baş vermiş hadisə orduda pul toplanmaları ilə əlaqəlidir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da orduda məzuniyyətdən qayıtmış əsgərlərdən “vergi” tələb olunduğunu istisna etməyib.
Ermənistan parlamenti bir neçə gün bundan öncə cinayət submədəniyyətinə qarşı mübarizə üçün qanun qəbul edib və ekspertlər söyləyirlər ki, ilk növbədə ordudan başlamaq lazımdır.
Erməni KİV-nin verdiyi xəbərə görə, erməni xadim Marine Minasyan qeyd edib ki, hakimiyyət Ermənistanda “Referendum” başlığı altında yeni teatr-tamaşa hazırlayana qədər Qarabağdan hər gün ağır və faciəvi xəbərlər alınır.
O qeyd edib ki, millətin ən qiymətli və əziz varlıqları, millətin gələcəyi şübhəli və qeyri-müəyyən hallarda biçilir, hazırkı hakimiyyət isə insanların beyinlərini yumaq üçün yeni manipulyasiyalar edərək gələcək barədə “lolo”lar oxuyur.
“Heç vaxt belə olmayıb ki, orduda 13 gündə 7 itkimiz olsun, üstəlik də qeyri-müharibə şəraitində. Bu, nə deməkdir? Millətin gələcəyi - erməni əsgərlər şübhəli hallarda ölürlər, siz hansı gələcəkdən danışırsınız, cənab Paşinyan? Çox ciddi vəziyyətdir”, - deyə Minasyan bildirib.
Ermənistanın “Araşdırma aparan jurnalistlər” ictimai təşkilatının sədri Edik Bağdasaryan isə öz “Facebook” səhifəsində yazıb ki, 2020-ci ildə ordumuzda 12 əsgər ölüb. Onlar rəqib güləsindən ölməyiblər. Nazirliyin açıqlamalarında naməlum şərait qeyd olunur.
Edik Bağdasaryan qeyd edib ki, Ermənistan Müdafiə naziri səssizdir, prezident səssizdir, Milli Məclisin sədri və deputatlar səssizdir, Baş nazir danışır, lakin bu mövzuda səssizdir.
“İndi millət olaraq nəyi müzakirə edirik, Konstitusiya Məhkəməsinin 7 hakimini vəzifəsindən azad etmək referendumunu? Bu isə bir əsgərin həyatı qədər dəyərə sahib deyil”, - deyə Bağdasaryan qeyd edib.
Erməni ictimai xadim Aram Manukyan da öz “Facebook” səhifəsində yazıb ki, orduda 13 gündə 7 itki qəddar rəqəmdir, bu isə oturub şeir yazır.
O deyib ki, bir-iki əyləncə yerinə də az getsin, bir-iki mədəniyyət tədbirlərindən özünü məhrum saxlasın, ordu ilə məşğul olsun, bunlar dinc şərait üçün ali baş komandan adına dəhşətli rəqəmlərdir.
“2020-ci il yanvarın 30-da, saat 13:15 radələrində tədris mərkəzində “N” saylı hərbi hissənin məcburi müddətli hərbi qulluqçusu, sıravi Vahram Mkrtiç Avaqyan ölüb. 2020-ci il fevralın 9-da, saat 07:45 radələrində, “N” saylı hərbi hissənin ərazisində məcburi müddətli hərbi qulluqçu, sıravi Valeri Nelson Petrosyan huşsuz vəziyyətdə tapılıb. 2020-ci il fevralın 7-də, saat 17:00 radələrində, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin döyüş məntəqəsində döyüş növbətçiliyi dəyişdirildiyi vaxt qar uçqunu nəticəsində müqaviləli hərbi qulluqçular Karapet Sedrak Nazaryan, Tiqran Armen Arzumanyan, Nver Tiqran Şahbazyan ölüb. 2020-ci il fevralın 12-də 2000-ci il təvəllüdlü Tiqran Manvel Manvelyan və Tiqran Husik Mxoyan ölmüş vəziyyətdə tapılıb”, - deyə Manukyan qeyd edib.
Hərbi hüquq üzrə ixtisaslaşmış erməni vəkil Norayr Norikyan da son zamanlar hərbi qulluqçuların ölüm hadisələrinin artmasına toxunarkən bildirib ki, əgər vaxtilə orduda qeydə alınmış cinayət hadisələrinin günahkarlarını kim olmasından asılı olmayaraq aşkara çıxarılsaydılar və məsuliyyətə cəlb etsəydilər, bu gün bu cür təsvirə sahib olmazdıq. Sonunda bütün bunların qarşısını almaq lazımdır, elə deyil?.
Erməni vəkilin sözlərinə görə, bu cür vəziyyətin əsas günahkarı hərbi hissələrdə hökm sürən atmosferi tənzimləmək iqtidarında olmayan zabit heyətidir.
Norikyan qeyd edib ki, hazırkı Ermənistan Silahlı Qüvvələri bu cür məsələləri həll edə bilmir və bu cür atmosfer hökm sürdükcə silahlı qüvvələrdə belə hadisələr davam edəcək.
“Qəzəblisi budur ki, bu faciəvi hadisələrdən nəticələr çıxarılmır. Başa düşə bilmirlər ki, bu cinayət hadisəsi növü nədən qaynaqlanıb, bu cinayət hadisəsinin müalicə edən halları hansıdır. Bizim hər hansı qurban vermək hüququmuz yoxdur, konkret şəxslərin konret məsuliyyətə cəlb olunmasının zamanıdır”, - deyə erməni vəkil bildirib.