İrəvan xanlığına aid kameral siyahılarda demoqrafik vəziyyət: işğaldan əvvəl və sonra Layihə

İrəvan xanlığına aid kameral siyahılarda demoqrafik vəziyyət: işğaldan əvvəl və sonra

7-ci yazı

“İrəvan şəhərinin Kameral təsviri” kitabının I cildinin tərcüməçisi, tərtib və giriş mətninin müəllifi Nazir Əhmədlinin araşdırmasında vurğulanır ki, işğaldan əvvəl İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə Azərbaycan türklərindən ibarət olmasını ilk mənbələr də təsdiq edir. Hələ XVII əsrin sonlarında (1673) İrəvan şəhərində olan fransız səyyahı Şardenin məlumatına görə «….İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir və orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar». «Qədim İrəvan» kitabında İrəvan əhalisindən bəhs edən erməni müəllifi Y.Şahəziz də fıransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatını təsdiq edir və daha maraqlı bir məqama toxunur. O yazır ki, “ermənilərin İrəvan şəhərində yalnız dükanları var idi, gündüzlər onlar orada alver edir, axşamlar isə dükanlarını bağlayıb evlərinə gedirdi”.
1700-ci ilin yazında İrəvanda olmuş digər avropalı-alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan şəhərində sayca və siyasi cəhətdən Azərbaycan türkləri tam üstünlük təşkil edirlər. O, yazır: «İrəvan şəhərinin daxilində (yəni şəhərin qala divarları içərisində - red.) yalnız iranlılar (Azərbaycan türkləri – red.), şəhərin nisbətən iri qəsəbəsində (görünür, Üçkilsədə – red.) və müxtəlif yerlərdə kilsəyə xidmət üçün erməni tacir və sənətkarları yaşayırlar. Onlar iranlılara (Azərbaycan türklərinə – red.) vergi verirlər».
XVIII yüzilliyn əvvəlində missionerlik məqsədilə İrəvana gəlmiş missioner Monye evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş, ikiqat qala divarları ilə əhatə olunmuş İrəvan şəhərində əhalinin dörddə birinin ermənilər olduğunu qeyd edirdi. XVIII yüzillikdə İrəvanda olmuş Mami-Klerak Monyenin faktlarından təkcə faydalanmayıb, hətta onu redaktə də edib. Erməni tədqiqatçısı A.Q.İoannisyan da bu faktla razılaşaraq fransız tarixçisi, mühəndis Mami-Kleraka istinad edərək yazır ki, «qaynaqların məlumatına görə, ermənilər İrəvan şəhəri əhalisinin dörddə birini, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdilər».
XVIII əsrin əvvəllərində İrəvan şəhərində oturaq erməni əhalisinin yaşamadığını həmin dövrdə tərtib olunmuş arxiv sənədləri də təsdiq edir. Erməni-rus əlaqələrinə həsr olunmuş sənədlər toplusunun II cildinin I hissəsinə daxil edilmiş sənədlər içərisində maraqlı bir məlumat verilir. 1701-ci il 25 iyul tarixli «Yaddaş qeydləri» adlanan həmin sənəddə erməni avantüristi İsrail Ori rus qoşunlarını Cənubi Qafqaza yürüşə həvəsləndirmək üçün I Pyotra 18 bənddən ibarət layihə təklif edir. Layihənin 7-ci bəndində Rusiya imperatoruna İrəvan şəhəri haqda kəşfiyyat xarakterli məlumatlar çatdırılır və göstərilir ki, İrəvan şəhərində cəmi 300 nəfərdən bir az artıq erməni yaşayır və onlar da ticarətlə məşğul olurlar.
Nəzərə almaq lazımdır ki, İrəvanda olan avropalılar, o cümlədən missionerlər şəhərin xristian əhalisi barədə məlumatı Üçkilsə katolikosundan alırdılar. Buna görə də həmin məlumatlar çox zaman bilərəkdən şişirdilir və həqiqəti əks etdirmirdi. Bununla belə, Avropa səyyahları Şarden, Şilinger, XVIII əsr arxiv sənədləri və hətta erməni müəllifi Şahəziz də İrəvan şəhərinin əhalisinin ancaq azərbaycanlılardan ibarət olduğunu yazırdı.
Göründüyü kimi, XVIII yüzillikdə İrəvan şəhərində yaşayan əhalinin böyük əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. XVIII əsrdə İrəvan şəhəri və ona yaxın bölgələrdə ermənilər elliklə məskən sala bilməmiş, yalnız müvəqqəti olaraq ticarətlə, habelə missionerlik fəaliyyəti ilə məşğul olmuşlar. XVII əsr Osmanlı qaynaqları İrəvan şəhəri və qalasını İran və Turan məmləkətlərinin namusu, isməti, Azərbaycan mülkünün həsəd doğuran İrəvan qalası kimi təsvir edib. Bu fakt bir daha İrəvan şəhəri və qalasında ermənilərin yaşamadığını sübut edir.
1831-ci ilin kameral siyahılarından məlum olur ki, İrəvan şəhərində 1807 müsəlman ailəsi və 7331 müsəlman, 567 yerli erməni ailəsi və 2369 yerli erməni, cəmi 9700 nəfər yerli sakin yaşayırdı və türklər 76 faiz təşkil edirdilər. Amma bununla belə, bu rəqəm müharibədən əvvəlki statistikanı düzgün əks etdirmir. Çünki müharibə zamanı yaralanmaqdan, müxtəlif xəstəliklərdən ölənlər və işğaldan sonra qaçıb gedən müsəlman əhali nəzərə alınmamışdır. Aydındır ki, məlum səbəblərə görə ermənilər İrəvanı tərk etməmişdilər. İrəvan şəhərinin işğaldan əvvəlki əhalisinin sayına gəldikdə isə, rus mənbələri qaladakı qarnizondan başqa oraya 18.000 İrəvan sakininin sığındığını və onların həm də müdafiə tədbirlərinə fövqəladə dərəcədə mane olduqlarını yazırlar. 3 minlik qarnizonu nəzərə almasaq belə, həmin rəqəmi əsas götürsək, deyə bilərik ki, işğaldan əvvəl İrəvan şəhərində təxminən 15.000 nəfər türk və 3 minə yaxın erməni yaşamış və əhalinin 84 faizə yaxını türk olub.
İşğaldan qısa müddət sonra İrəvan şəhərinə İrandan 366 ailə (1.715 nəfər), Türkiyədən isə 11 ailə (48 nəfər), yəni 377 ailə və ya 1.763 erməni köçürülmüşdü. Hətta həmin erməniləri də nəzərə alsaq, İrəvan şəhərində yaşayan 11.463 nəfər ümumi əhalinin 64 faizi türklər idi.
300-dən çox sənətkar erməni ailəsi İrəvanda yerli şəhərlilərin (Azərbaycan türklərinin) evlərində yerləşdirilmişdi. 1834-cü ilin kameral təsvirinə görə İrəvan şəhəri və ətrafında yaşayan 2.750 ailənin 65,7% -i tatar (türk), 32,6%-i erməni, 1,4%-i boşa (qaraçı) olub.
19-cu əsrin 90-cı illərində İrəvan şəhərində 7228 nəfər tatar (türk), 313 rus, 7142 erməni və digər millətlərdən 55 nəfər yaşayırdı.
1831-ci ildə İrəvan şəhərində yaşayan müsəlmanlar arasında hər 100 kişiyə 95 qadın düşürdü və qadınların payının artmasını müharibədə ölənlərin əsasən kişilər olması ilə bağlamalıyıq. Bütün İrəvan əyalətində isə 1.344 tərəkəmə (elat) ailəni nəzərə almasaq, 9196 müsəlman ailəsi, 26.625 kişi, 23.250 qadın olmaqla cəmi 49.875 nəfər müsəlman yaşayırdı və hər 100 kişiyə 87 qadın düşürdü. Tərəkəmələrlə birlikdə isə İrəvan əyalətində 10.540 müsəlman ailəsi, 30.510 kişi, 26.884 qadın, cəmi 57.365 nəfər müsəlman yaşayırdı və hər 100 kişiyə 88 qadın düşürdü.
Şəhərdə 1.807 Azərbaycan türk ailəsinin yaşadığı qeyd edilsə də, böyük ailələrin tərkibindəki başqa ailələri də nəzərə alsaq, bu sayı 2.060 ailə hesab etməliyik (Şəhər hissəsində 107, Təpəbaşı hissəsində 76, Dəmirbulaq hissəsində 70, cəmi 253 əlavə ailəni nəzərə almaqla).
Bu kameral siyahılarda bütün digər məlumatlarla yanaşı, fiziki cəhətdən qüsuru olanların həmin qüsuru da göstərilib. Burada kor, kar, lal, şikəst, ağıldan kəm şəxslərlə yanaşı, çox na- dir hallarda rast gəlinən hermofrodit-ikicinsli (1 nəfər) və albinos (1 nəfər) olan xəstələr də aşkar edilərək qeyd edilib.
İrəvan şəhəri üzrə 1831-ci ildə tərtib edilmiş kameral siyahıların mahallar üzrə tərtib edilən kameral siyahılardan bir fərqli və üstün cəhəti vardır: burada qadınların da adı qeyd edilmişdir və bu məlumat tədqiqat üçün qiymətli material verir. Biz onların hansı yaşda ailə qurduqlarını, təxminən neçə il yaşadıqlarını, həm də həmin dövrdə İrəvan şəhərində hansı qadın adlarının daha çox yayıldığını öyrənə bilirik.
Kameral təsvirlərdə İrəvan şəhərinin türk-müsəlman əhalisinin çox mömin və dindar olduğunu da izləmək mümkündür. Belə ki, qeydə alınan sakinlər arasında hacı, kərbəlayı və məşədi titullarının üstünlük təşkil etdiyini, həmçinin həyatda olmayan, amma kiminsə atası olaraq bu titullarla adları siyahıda qeydə alınanları da nəzərə alsaq, az qala hər ailədə belələrinin adına rast gəlmək mümkündür.
İrəvan şəhərinin və ümumən İrəvan xanlığının siyasi elitası xüsusi araşdırma tələb etsə də, burada bu məsələyə qısa da olsa, toxunmaq lazım gəlir. İrəvan şəhəri üzrə təqdim və tədqiq olunan hazırkı 3 kameral təsvir sənədlərində şeyxülislam, qazı və 6 nəfər axunddan başqa 4 xanın, 51 bəyin və 19 mirzənin, 50 mollanın (şəriət məhkəməsinin üzvləri olan Şeyxülislam, qazı və 6 nəfər axund da buraya aiddir) 39 seyidin və 3 dərvişin qeydiyyatı aparılıb (imtiyazlı təbəqə olan bu adamlar 118 ailə idi). Bu barədə geniş danışmağa imkan olmasa da, burada ən ali titul sayılan xanlar haqqında məlumat verməyə ehtiyac var. 1831-ci ildə İrəvan şəhərində qeydiyyata alınan, başqa sözlə, Rusiya təbəəliyini qəbul edən həmin 4 xan bunlar idi:
1. Paşa xan Hüseyn xan oğlu 27 yaş (Şəhər hissəsi).
2. Mayor Əhməd xan Kərim bəy oğlu 37 yaş (Şəhər hissəsi).
3. Həsən xan Məhəmməd xan oğlu 38 yaş (Şəhər hissəsi).
4. Kapitan Məmmədqulu xan Hüseynqulu xan oğlu 50 yaş (Təpəbaşı hissəsi).
Bu xanlar nəinki Rusiya təbəəliyini qəbul etmiş, hətta onlardan ikisi – Əhməd xan və Məmmədqulu xan onlarla sıx əməkdaşlıq etmiş, çox güman ki, 1828-1829-cu illər Rusiya-Türkiya müharibəsində rusların tərəfində iştirak edərək rus qoşunlarının hərbi rütbəsini almışlar. Öz vətəninə, dövlətinə sadiq qalaraq vuruşan və 1827-ci il oktyabrın 1-də İrəvan qalasının süqutu zamanı əsir düşən 7 xan:
1. Həsən xan Qacar. İrəvan xanlığının Ali Baş komandanı, Sərdar Hüseynqulu xanın qardaşı.
2. Fətəli xan, onun nəvəsi. Bir müddət Sərdarabad qalası- nın müdafiəsinə başçılıq edib.
3. Sübhanqulu xan. İrəvan qalasının komendantı (qalabəyi).
4. Qasım xan. Xüsusi qoşun hissəsinin komandiri.
5. Mərəndli Cəfərqulu xan.
6. Təbrizli Əlimərdan xan.
7. Əhərli Arslan xan.
Xanlığın işğalından sonra İrana gedən xanların adlarını onların rus idarəçiləri tərəfindən müsadirə edilmiş mülklərinin siyahısından öyrənə bilərik: İrəvan Sərdarı Hüseynqulu xan Qacar, Sərtib xan, Sübhan xan, ailəsi qırılan Baba xan, ölən Məşədi Məhəmməd xan, Qafar xan, Nağı xan.
İşğaldan sonra müsadirə edilərək iltizama verilən bağların siyahısından aşağıdakı xanların adları məlum olur: Əli xan, Xudadat xan, Cəfər xan, Hacı Mahmud xan.
Bu sıraya sözsüz ki, İrəvan xanlığının idarəçiliyində mühüm rol oynayan aşağıdakı şəxsləri də əlavə etməliyik: Vəzir və maliyyə naziri Mirzə İsmayıl, Hacı Bəyim, sərdarın arvadı, Abbas Mirzə tərəfindən vəzifəsindən kənarlaşdırılan əvvəlki İrəvan xanı Məhəmməd xanın qızı. Darğa Ağa Rəfi. Kələntər Hacı Nəzərəli.

Elçin Qaliboğlu