Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət quruculuğu siyasəti Layihə

Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət quruculuğu siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili siyasətlə bağlı problemlərin həll olunması istiqamətində görülən işlər gənc dövlətin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində dünyaya nümunə kimi təqdim oluna bilər. Araşdırmaçı A.İbrahimova bildirir ki, Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağırılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü: “Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas 16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 milyonu) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı Neft Sənayeçiləri Şurası və Ticarət-sənaye İttifaqına 2 nəfər yer verilmişdi”.
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi: “Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi. Ş.Rüstəmbəyovun təklifı ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfindən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı. Sonrakı iclaslarda maliyyə - büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlər və s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinetdə yalnız İttihad Partiyası iştirak etməkdən boyun qaçırdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi”.
Araşdırmaçı vurğulayır ki, 1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən hadisələr buna mane oldu: “Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaradılmasını ən mühüm məsələ kimi irəli sürmüşdü. 1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu “Əlahiddə Azərbaycan korpusu” adlandırıldı. Burada xidmət, zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfiyyət haqqında fərman verildi”.
Dekabrın 25-də general S.Mehmandarov hərbi nazir, bir neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu: “Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifı və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı. AXC yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir verirdi. 1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi.
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər açılması haqqında qərarlar qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün nazirlik 100 min manat pul ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci kurslar açıldı. 1918-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı”.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi: “Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı. Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi. Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir. Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, universitetin nizamnaməsini, onun xərclərini Xalq Maarif Nazirliyinə təqdim etmişdi. Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln. rubl artırmağı lazım bildi. Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr universitetin rus dilində açılması məsələsində fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu universitetin rus dilində açılması əleyhinə çıxdılar. Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər. Tanınmış maarifçi Məmmədağa Şahtaxtinski “Azərbaycanda Universitet" məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcək.
1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 firank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi. 100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi”.
Qanuna görə universitetdə 4 fakültə açılmalı idi: tarix-filologiya, tibb, fızika-riyaziyyat, hüquq: "Lakin bir il müddətinə iki fakültə üçün (tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə Azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfındən təsdiq edilirdi. 1919-cu ilin 15 noyabr günü universitetdə birinci dərs günü elan edildi. Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifı sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər”.

Elçin Qaliboğlu