İşğal olunmuş ərazilərdə ağır ekoloji durum Layihə

İşğal olunmuş ərazilərdə ağır ekoloji durum

Bölgənin flora və faunasına ciddi ziyan dəyib

II yazı

...Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalıb. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.
Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xəankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib.
Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 2 milyon m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 58 milyon ton tikinti daşı, 7805 m3/gün mineral sular, 97 milyon ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib. Bunların əksəriyyəti işğalçılar və qanunsuz olaraq bəzi xarici şirkətlər tərəfindın istismar edilir.
İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində Zəngilan rayonunun Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "Ölü zonaya" çevirib. Çayın yatağının 43 kilometri, su toplayıcı sahəsinin isə 455 km2-i Azərbaycan ərazisinə düşür ki, bu hissə daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora–fauna da məhv olub, öz-özünü təmizləmə prosesi dayanıb.
Qubadlı rayonunu işğal etdikdən sonra kəndlərdəki evləri yandırıb viran edib, əmlakını, var-dövlətini talan edib aparıb, meşələri, həyətlərdəki ağacları kəsib daşımış, təbiət abidələrini, dağıdıb məhv edib, yasaqlardakı vəhşi heyvan və quşları vəşicəsinə ovlayıb, "Bərgüşad" və "Həkəri" çaylarındakı qiymətli balıq növlərini elektirik cərəyanları və partlayıcı maddələrlə qırıb tükənmiş hala salıblar. Başqa sözlə desək Qubadlının ətraf mühitinə və təbii sərvətlərinə misli görünməmiş dərəcədə dağıdıcı zərbə vurublar.
Bir çox mənbələrdən verilən məlumatlara görə, Ermənistan Atom elektirik stansiyasında hasil olunan nüvə qalıqlarını Qubadlı və Laçın rayonları ərazilərində ört-bastır edirlər. Qubadlı rayonunun Həmzəli kənd sakini Qaraşov əlizaman Telman oğlu izahatında qeyd edir: "1993-cü ilin avqust ayından 1994-cü ilin oktyabr ayına kimi erməni əsirliyində olmuşam. Əsr düşəndə 13 yaşım vardı. Ermənilər məni Xankəndində donuz tövləsində saxlayırdılar. Azyaşlı olmağıma baxmayaraq məni ermənilər hər gün döyür, söyür, işgəncə verir, ac-susuz saxlayır, lazım olanda ağır işlər gördürürdülər. Mən və yaşıdlarımı Horadiz bazasından pambıq və meşələrimizdən kəsilmiş ağac hissələrini maşına yığıb boşaltmağa məcbur edirdilər. Uşaq olsam da meşələrimizin, bağlarımızın amansızlıqla kəsilib daşındığını, ov-vəhşi heyvanların acgözlüklə ovlandığını, çaylarımızdakı balıqların kütləvi şəkildə məhv edildiyini gördükcə ürək ağrısı keçirirdim".
Erməni əsirliyindən qayıdan rayonun Yuxarı Xocamsaxlı kənd sakini Hidayət Xəlilov, Xocahan kənd sakini Nazim Rəcəbov, Novlu kənd sakini Bəhlul Adgözəlov, Həmzəli kənd sakini Kərəm Yusifov və başqaları ilə aparılan söhbətlər zamanı onlar da ermənilərin işğal olunmuş Azərbaycan kəndlərini yandırıb külə döndərdiklərini, meşələrin, bağların kəsilib aparıldığını, təbii sərvətlərimizin vəhşicəsinə dağıtdıqlarını ürək yanğısı ilə danışırdılar.
Estoniyada yaşayan azərbaycanlıların xahişi ilə Ermənistan Qafan rayonunun Şıxovis kəndinin sakini, mexanik Tacatın oğlu tərəfindən çəkilmiş videokasetə baxış zamanı müəyyən olub ki, həmin kaset Qubadlı rayonunun Məmər kəndindən rayon mərkəzinə qədər "Bərgüşad" çayı sahili boyunca asfalt yol və onun ətrafındakı Məmər, Hal, Qəziyan, Müskanlı, Saray, Mirlər kəndlərini əhatə edən bu videokasetdə qırılmış ağac pöhrələrindən, qamış və kol-kosdan başqa heç nə yoxdur. Bütün evlər dağıdılıb, yandırılıb xarabalıqlara çevrilmiş, evlərin həyətlərindəki ağaclardan, bağlardakı qoz və çinar ağaclarından heç bir əsər-əlamət yoxdur. İri ağacların yalnız kötük hissələri zorla nəzərə çarpır. Bağların və nəhəng çinar və qoz ağaclarının yerində yol boyunca ancaq pöhrələr və kol-kos görünür.
Rusiya Federasiyasının Moskva şəhərində yaşayan azərbaycanlılarının xahişi və sifarişi ilə 8-9 avqust 2005-ci ildə çəkilmiş video ermənilərin doğma torpaqlarımıza, füsunkar təbiətimizə, ekologiyamıza etdikləri dağıdıcı təsir daha dolğunluğu ilə öz əksini tapıb.
Seləli, Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Mahruzlu, Alaqurşaq, Xanlıq, Hal, Qəzyan, Diləlir Müskanlı, Saray, Mirlər, Dondarlı, Dəmirçilər, Xudular, Hacılı, Mahmudlu, Xələc, Çardaxlı kəndlərinin və Qubadlı şəhərinin dağılmış, yandırılmış, viran edilmiş, yerlə yeksan olunmuş evlərin yanıq divarları, məhv edilmiş, bağ-bağçaları, kəsilmiş ağacları, viran edilmiş mədəniyyət və təbiət abidələrinin qalıqları zorla nəzərə çarpır. Həkəri və Bərgüşad çayları sahillərində vaxtı ilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından əsər-əlamət görünmür. Onları əvəzinə şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar kəndləri örtbastır edib, sahibsizlikdən, xarabazarlıqdan vahiməli bir aləmdən xəbər verir.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılıb. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurub.
Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb. Yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib. Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən–obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən 31,72 milyard manat məbləğində ziyan dəyib.
Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılıb.

Əli