Ermənilərin Gəncədə törətdikləri qırğınlar Layihə

Ermənilərin Gəncədə törətdikləri qırğınlar

M.M.Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitabında 1905-ci ildə Gəncə şəhərində baş verən hadisələri belə təsvir edir: "Şəvvalın 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında olan toqquşma nəticəsində dava başlayıb. Teleqrafla xəbər verdilər, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyil. Sonra təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək, onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək hər yana yazıb özləri üçün köməklər gətiriblər. Müsəlmanlar isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər.
Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsasında hər yandan silahlı ermənilər gəlirdilər. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseqin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər.
Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və "Ya Allah!" deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən kömək gəlirdi. Bu gələn köməklərin arasında Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına bir xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər. Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bir işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.
Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseqin oğlu Sancan da öldürülüb. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanların da bir neçə nəfəri şəhid olmuşdu. Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox ediblər. Sonra onların taleyindən bir xəbər çıxmadı".
Bu yerdə Nəvvab yenə də ermənilərin Şuşada törətdikləri qırğınlara diqqət çəkir: "Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın üstündən aşağı enib, aşağıda qayaların arxasında gizlənirlər. Bu zaman üç nəfər müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları söhbət edə-edə oradan keçərkən həmin qayaların arxasında gizlənən ermənilər daşların arxasından çıxıb onları gülləyə tutdular. Məmiş adlı qalalıya güllə dəyən kimi həlak oldu. O birisi isə qolundan yaralandı. Üçüncü odunçu isə salamat qaldı və erməniləri söyə-söyə qaçıb Qalaya xəbər gətirdi. Camaat gedib həmin yaralını gətirib xəstəxanaya qoydu, həlak olanı isə dəfn etdi. Bundan sonra baş vermiş əhvalat haqqında divana xəbər verdilər. Həmin gün müsəlmanlar da enib yolda dörd nəfər ermənini öldürdülər. Onlardan biri daşaltılı, üçü isə Şuşakənddən idi.
Bu vaxt xəbər gətirdilər ki, aşağı Bağlarda səkkiz yüz müsəlman atlısı cəm olub. Lakin onların məqsədləri heç kəsə məlum deyildi. Heç kəs bilmirdi ki, onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər. Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə divan böyüklərini görüb xahiş etdilər ki, gedək biz müsəlmanlarla yenidən sülh bağlayaq. Bundan sonra divan böyükləri bir dəstə rus əsgəri görüb musiqi çala-çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazı və cənab Əbdürrəhman ağa da xeyli müsəlmanlarla onların yanına gəldilər. Həsənəli bəy orada iki xalq arasında əmin-amanlığın qorunub saxlanması naminə bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri divan böyükləri ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər. Haşım bəy ermənilərə xitab edərək dedi:
- Ey camaat, bu nə fitnə-fəsaddır ki, salmısınız iki millət arasında? Bu qədər məxluqatın dincliyini kəsmişsiniz. Əgər bu işlərlə məqsədiniz sosialistlikdirsə, onların qaydaları belə deyil. Bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər nahaq qanlara bais olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz? Əgər könlünüz dava istəyirsə və özünüzü igid hesab edirsinizsə, onda gərək övrətlər kimi daşların dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir ki, siz də, müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə, yaxud qılıncla, yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün məxluqatın canı dincələr. Məgər xudavəndi-aləmdən qorxmursunuz, adlarını qımdat qoymuş bir neçə erməni quldurlarının həftədə bir çaxırın kefi başlarına vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız. Bunun nəticəsində də nə qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.
Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazı xütbələrdə fatihə oxudular. Bu barışıq günü yuxarıda haqqında danışdığınız əhvalat zamanı öldürülmüş müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər. Onlardan biri Qaybalı kəndlis, erməni dəmirçi Mirzə idi. Divan hər ikisini həbsxanaya göndərdi".
Həmin gün baş verən daha bir əhvalat: "Həmin gün ermənilərlə müsəlmanların barışığı elan edilərək hər iki millət arasında sülh yaradıldıqdan sonra kəndistan yerindən olan və orada alverlə məşğul olan bir seyid evlərinə tərəf gedirdi. Seyid erməni küçəsi ilə bulvarın yanından gəlib keçəndə onunla tanış olan bir erməni qabağına çıxdı. Hal-əhval etdikdən sonra erməni dedi ki, bu evdə satılmalı bir palaz var, gedək onu sənə alım. Bu şərtlə ki, əgər ucuz alsam, mənə dəllallıq pulu verməlisən. Seyid onunla razılaşdı. Onlar bir az getdikdən sonra qabaqlarına iki yapıncılı qımdat çıxdı. Onlar ermənicə bir-birindən soruşdular ki, seyidi harada aparıb öldürsünlər. Birisi dedi ki, əvvəl gərək Kiki Kələntərova deyək, ondan sonra öldürək. Seyid erməni dilini bildiyindən bu danışıqların hamısını başa düşdü. Əhvalatın nə yerdə olduğunu dərk edən seyid daxilən həyəcanlansa da, öz həyəcanlarını büruzə vermədi. Əvvəl istədi ki, qaçsın, lakin buna heç bir fürsət olmadığını görüb vəziyyətdən çıxış yolu axtarmağa başladı. Ermənilərdən biri digərinə dedi ki, siz onu söhbətə tutub saxlayın, mən gedim Kikiyə məlumat verim. Bir azdan erməni geri dönərək öz yoldaşlarına buyurdu ki, seyidi Kikinin əmri ilə öldürüb, onu da papaqçını basdırdığınız yerdə basdırın. Bundan sonra onlardan hər üçü seyidin üzərinə hücum çəkib qollarını burdular və toqqanı açıb boynuna bağlayıb çəkə-çəkə bir həyətə gətirdilər. Evdən bir övrət çıxıb dad-fəryad elədi ki, bunu burada öldürməyin. O gün papaqçını öldürərkən uşağım qorxaraq naxoşlayıb. Övrətin etirazından sonra seyidi evdən çıxartdılar. Övrət isə darvazanı onların arxasınca bərk-bərk bağladı. Ermənilər seyidi evdən çıxartdıqdan sonra fikirləşdilər ki, onu harada öldürsünlər. Bu zaman birdən yolun o biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman çığırırdı ki, tut məni görüm necə tutursan. Kəndistan yerindən olan bu müsəlman atın üstündə getdiyi yerdə iki erməni onun üstünə hücum çəkərək tutub öldürmək istəsələr də, gücləri çatmır. Bu seyidin yanında olan ermənilərdən biri onunla qaldı, ikisi isə o biri ermənilərə köməyə getdilər. O biri erməni seyidi orada olan çuxura salmaq istəyərkən, seyid toqqadan tutub erməniyə müqavimət göstərir. Yer yaş olduğundan seyidin göstərdiyi müqavimət nəticəsində erməninin ayağı sürüşüb yıxılır və toqqa əlindən çıxır. Seyid fürsəti əldən verməyib erməni qalxanacan müsəlman məhəlləsinə tərəf xeyli qaçdı. Qaçarkən yolda seyid bir neçə dəfə yıxılsa da, qalxıb yenə də, öz yoluna davam edirdi. Nəhayət, müsəlman məhəlləsinə çatdıqdan sonra sakitləşdi.
O günün sabahısı erməni qəbristanlığında bir erməni öldürdülər. Ermənilər əhvalatdan xəbərdar olan kimi gedib divana şikayət etdilər. Divana isə cənab qazının yanına gələrək ona bildirdi ki, ermənilər qatili tələb edirlər. Qazı ərz etdi ki, sizinlə gəldiyimiz razılaşmaya əsasən biz ancaq şəhərdə baş verən hadisələrə cavabdeh olacağıq. Şəhərdən kənarda baş verən hadisələrə isə biz müdaxilə etməyəcəyik. Çünki bu ölüm hadisələrinin əksəriyyətini ermənilər özləri eyləyib, müsəlmanların üstünə böhtan atırlar. Odur ki, bunların heç birinin müsəlmanlara dəxli yoxdur.
Şəvval ayının 12-də Qalaya vətənpərvər şəxslərdən bir məktub gəldi. Məktubda qeyd edilirdi ki, yollar çox qorxulu olduğuna görə müsəlmanlar bu tərəfə səfər etməsinlər. Həmin gün bağlar tərəfdən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar. Digər tərəfdən isə Piçənis və başqa kəndlərin kürdlərindən də yüzə yaxın atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar.
Molla Qalada olduğundan bir neçə nəfəri at və qatırla gətirmək üçün oraya göndərdilər. Yolda onları ermənilər Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar at və qatırlarını buraxıb, böyük çətinliklərlə daşların arxasıyla gəlib Qalaya çatdılar. Gələn kişilərdən birisi Qalaya çatan kimi çığıra-çığıra camaata xəbər verdi ki, ermənilər davaya gəlirlər. Camaat dükan-bazarı bağlayıb, cavanlar silahlanıb səngərlərə doluşdular. Əhvalatı belə görən vilayət hakimi müsəlmanları sakitləşdirərək deyilənlərin hamısının yalan olduğunu söyləyir".

Uğur