Azərbaycan xalqına qarşı erməni terroru Layihə

Azərbaycan xalqına qarşı erməni terroru

III yazı

Ermənilərin insansızlığı, vəhşiliyi haqqında zaman-zaman dünyanın müxtəlif bölgələrində yaşayan qələm sahibləri fikir söyləyiblər. Bu yazıda həmin fikirlərin bir qismini təqdim edirik. Araşdırmaçı Yusif Qazıyevin araya-ərsəyə gətirdiyi qənaətlərdə bildirilir: "İngilis yazıçısı və publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə yazılmış "Ermənilər" kitabında "erməni genosidi" barədə ermənilərin özlərinin uydurduğu əfsanələri puça çıxarılır. O, qeyd edir ki, "Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü var - o da hakimiyyət üçün yeni bir fürsətdir". O əlavə edir ki, ermənilərə üz vermiş çətinliklərin faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür.
Odisnom Çarlz Eliot da özünün "Türkiyə Avropada" (1900) kitabında qeyd edir ki, "Hətta 1877-1878-ci illər rus-turk müharibəsindən sonrakı illərdə türklər və ermənilər əla dostluq şəraitində yaşayırdılar... Ruslar erməni kilsələrini, məktəblərini və dinini sıxışdırırdılar, türklər isə tamamilə əksinə, bütün işlərdə daha səbrli və daha çox sərbəstlik verən idilər... Onlar türklərin arasında yaşamaqlarından razı idilər... Sərvət tərəzisi də artıq burada (Türkiyədə) tamamilə xristianların xeyrinə idi. Türklər onlara səmimi-qəlbdən inanırdılar". Ser Edvin Pirz özünün "40 il Konstantinopolda" (1915) kitabında etiraf edir ki, "Ermənistanda və Bolqarıstanda siyasi fitnələrin təhrikçiləri katolik və ya protestant missioner məktəblərinin müdirləri idilər".
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, "...bütün tarixi dövrlərdə "Böyük Ermənistan" ideyasının reallaşdırılması uğrunda mübarizəyə erməni kilsəsi və onun keşiş başçıları rəhbərlik etmişlər. Tarixən erməni kilsəsi erməni siyasətinin aparıcısı olub, türklərə və Azərbaycan türklərinə qarşı həyata keçirilmiş soyqırımına təşkilatçılıq edib". Yazıçı Dikson-Consona görə: "İğtişaşlara səbəb olan ikinci amil 1878-ci il Berlin sazişinə daxil edilmiş bəndlər idi. Bu sazişə görə, onu imzalayan altı tərəf (Almaniya, Avstriya-Macarıstan, İtaliya, Fransa, İngiltərə, Rusiya) nəzarət və daxili işlərə qarışmaq hüququna malik oldular. Bu bəndlər ermənilərdə belə bir fikir oyatdı ki, onların Osmanlı dövlətindən xüsusi imtiyazlar almağa ixtiyarları var. Bu da onları asanlıqla erməni məmləkəti və ya erməni dövləti yaratmaq ideyasına təhrik etdi".
Həmçinin Dikson-Conson qeyd edir ki, ermənilər 1876-1878-ci il rus-türk müharibəsi dövründə Tiflisdə gizli sui-qəsd təşkilatını yaradaraq fəaliyyətə başladılar, onun Nyu-Yorkda, Londonda, Parisdə və Vyanada şöbələrini təşkil etdilər. Yazıçı qeyd edir ki, İngiltərədə erməni tərəfdarı (kömək edən) olan cəmiyyətlər erməni vətəndaşını belə qələmə verirdilər: "O, fağır, yumşaq təbiətli, sakit, əkinçi, zəhmət və əziyyətlə qazandığı mal-dövlətini əlindən alan qəddar məmurlar tərəfindən əzilən bir adamdır... Onlar ara-sıra öz xristian ənənələrinə görə şəhid olurlar... Onlar heç kəsə əziyyət verməyən dinc adamlardır". Dikson-Conson oxucunun diqqətini başqa bir ingilis mənbəyinə - Çarlz Vilsona cəlb edir. O erməniləri belə təsvir edir: "Onlar əsas etibarilə şərqlidirlər, sadə və ağıllıdırlar, öz işlərində bacarıqlıdırlar, ...qədim əxlaq normaları və adətlərə çox bağlıdırlar, lakin acgöz və tamahkardırlar, fitnəkar və araqızışdırandırlar, heç kəsi bəyənmirlər, onlar xırda bir işi şişirtməkdə istedad sahibidirlər, intriqa yaratmağı sevirlər..."
"...Onlar (ermənilər) əvvəlcədən fikirləşmədən və hazırlaşmadan daha düşüncəsiz siyasi cinayətlər törədəcək, heç bir tərəddüd etmədən özlərinə və başqalarına ziyan vuracaq və dağıntı gətirəcəklər; onlar öz qardaşlarını, qiymətli vətəndaşları təsadüfi qazanc, qənimət xatirinə qurban verəcəklər; ən az inandıqları adamlarla belə əyri niyyətlər xatirinə geniş miqyasda əlbir olacaqlar; bir tərəfdən hayıf çıxmaq üçün öz milli problemlərini bir kənara atarlar, özləri üçün təhlükəli anlarda isə vaxtilə onların mənafeyinə xidmət edən adama xəyanət edər və onun haqqında təhqirlər, söyüşlər yağdırır, onu biabır edərlər...
Erməni "inqilabçıları" ədavət etdikləri adamlarla vuruşmaq xatirinə öz dini normalarını (yaşayışlarını) belə tapdalayırlar; Konstantinopoldakı (İstanbul) erməni terrorçuları öz həmvətənləri arasında qırğın alovunu yandırmaq məqsədilə bombalar partlatmışdılar". Mark Sayks deyir ki, "ermənilərin "qeyri-təbii" adətləri var. Başqa qüvvətli dövlətləri onlara kömək etməyə qane etmək üçün özlərini təhlükəyə məruz qoyurlar. Məndə olan əsaslı dəlillər belə qənaətə gəlməyə imkan verir ki, bu bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın (Türkiyəyə) müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı qurmuşdular". 1896-cı il Malaya hadisələrinə işarə edən yazıçı göstərir ki, "...bu əclaf köpəklər fransız rahibləri monastırdan qaçarkən 200 yardlıq məsafədən onları atəşə tutublar ki, avropalılardan birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin. Onlar haqqında olan yüksək fikirlərim tamamilə yox olub getdi".
Dikson-Conson davam edir: "1876-cı ildə Asiyada (Kiçik Asiyada) ümumi üsyan qaldırmaq cəhdi boşa çıxan "inqilabçılar" səfirləri müdaxiləyə sövq etmək ümidi ilə İstanbulda bir-birinin ardınca daha təhlükəli planlar qurdular. Onlar tapança və qumbaralarla silahlanaraq Osmanlı bankına hücum etdilər və on iki mühafizəçini öldürdülər, avropalı işçiləri girov götürdülər və binanı partlatmaqla hədələdilər. Xarici səfirlər Babi-Alidən sui-qəsdçilərin salamat qalmasına zəmanət ala bildilər. Eyni zamanda Böyük Pera küçəsinə də qumbaralar atıldı və İstanbulun bu boş küçəsindəki evlərin daşında özlərinə mövqe tutmuş sui-qəsdçilər küçədən keçən adamlara da atəş açdılar" və s.
1896-cı ildə İstanbula "Nyu-York Hərald" qəzetinin müxbiri kimi gəlmiş jurnalist Sidney Veytman yazır ki, o küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və güllələrindən yaralanmış 40-a qədər əsgərin yatdığı xəstəxanaya da gedib. Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı maddələr tapmışdı. Deyilənlərə görə, onları bura ruslarla gizli razılaşma vasitəsilə gətiriblərmiş".
Araşdırmaçı Yusif Qazıyev daha sonra vurğulayır: "Dikson-Conson göstərir ki, "...erməni tərəfdarları" 1915-ci ildə ölənlərin sayını şişirtmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Məlumdur ki, onlar qədim bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: "Yalanı bir günlüyə burax, onu dərk etməyə yüz il lazım geləcək". Artıq Dikson-Consonun dedikləri o müdrik sözlər müasir dövrdə öz əksini tapır. Belə ki, ABŞ-ın Arkanzas ştatındakı eyni adlı şəhərdə yaşayan və təqaüddə olan prokuror və yazıçı Samuyel Vimsdir. Qəzetdə dərc edilmiş S.Vimsin Aksion dərgisinin yazarı Cəlil Sağıra verdiyi müsahibədən aydın olur ki, adı çəkilən yazıçı erməni lobbisinin qondarma soyqırımı ila əlaqədar beynəlxalq aləmdə dəstəklənməsini iki amillə əlaqələndirir.
Bunlardan birincisi pulla tanınmış şəxslərin ələ alınması, ikincisi isə xristianlıq kartıdır. Qeyd edilir ki, S.Vims ermənilərin qondarma soyqırımı ilə əlaqədar ortaya atdıqları məsələni və bununla bağlı əsl həqiqəti öyrənmək üçün 4 il müddətində müxtəlif ölkələrin arxivlərində gecə-gündüz bilmədən tədqiqat apararaq, tarixdə heç bir erməni soyqırımının olmaması, əksinə, türklərin ermənilərin vəhşiliklərinin qurbanına çevrilməsi, bütün bu işlərdə ermənilərin yalançı və hiyləgər olması qənaətinə gəlib. Onun yazdığı "Ermənistan: Böyük yalan və Xristian terrorist dövlətinin tapmacası" adlı kitabda ermənilərin iç üzü sənədli materiallarla ifşa edilir. İstanbula gələn Vims deyib ki, Avropa və ABŞ erməni məkrinin nə olduğunu hələ başa düşmür, anlamır. Vims xüsusi vurğulayıb ki, xristian təəssübkeşliyinin soyqırımıın yalan olduğunu anlamaq istəyən Qərbin gözünü örtməsinə baxmayaraq, haqq və ədalət öz yerini tapacaq. Bundan əlavə, yazar Türkiyə üçün hələ də naməlum olan bəzi faktlardan danışıb.
Təqaüddə olan prokuror: "Sizi birdən-birə tarixi tədqiq etməyə və ermənilərin soyqırımı barəsində qaldırdıqları hayküyün səbəbini öyrənməyə və bu barədə kitab yazmağa nə vadar etdi?" sualı ilə müraciət edən Cəlil Sağıra cavab olaraq bildirir ki, o, uzun illər boyu hüquq-mühafizə orqanlarında çalışdığından istər siyasi, istər adi, istərsə də cinayət aləmi ilə bağlı söylənilən hər hansı bir fikir barədə yüz dəfə götür-qoy etdikdən sonra qərar qəbul edir. Soyqırımı ilə bağlı kitab yazmağına səbəb də konqres üzvü olan bir dostu ilə söhbəti olub. Dostu konqresdə müzakirə olunan bir məsələdən danışarkən məlum olub ki, Rusiya Azərbaycana qarşı Ermənistanı təcavüzə təhrik etmək üçün ermənilərə bir milyard dollarlıq silah verib. Vims əlavə edərək deyib: "ABŞ isə öz növbəsində Ermənistana 1,5 milyard dollar yardım göstərib. Beləliklə, Amerika və Rusiya birləşərək xristian ermənilərini müsəlman Azərbaycana qarşı təcavüzə şirnikləndirdilər. Ona görə də ermənilər Qafqazda təcavüzkarlıqlarını davam etdirmək, güc yolu ilə bölgəni işğal etmək niyyətindən əl çəkmirlər. Dostum konqresmen müzakirəsinə çıxarılanlara inanmır və "biz kiçik bir Ermənistanı dəstəkləməklə nə üçün Türkiyə kimi güclü bir müttəfiqi itirmək kimi axmaq bir siyasət yeritməliyik ki" deyirdi. Axı Türkiyə istədiyi vaxt Ermənistanı bir andaca uda bilər. Əslində Rusiya hərbi bazalarının Ermənistanda olmasının da bir məntiqi əsası yoxdur. Mən konqresdə müzakirəyə çıxarılan məsələ ilə bağlı materialları oxuduqdan sonra ermənilərin və erməniləri müdafiə edən konqresmenlərin həqiqəti xristian təəssübkeşilyinə qurban vermələrini dərk etdim. Həm ermənipərəst senatorlar, həm də ermənilər türklərə qarşı xristian kartından məharətlə istifadə ediblər və bu gün də edirlər. Yəni əsl həqiqət xristian təəssübkeşliyinə qurban verilir. Axı Həzrəti İsa: "Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın" deyib. Elə isə biz xristianlar Həzrəti İsaya arxa çevirməməliyik. Belə çıxır ki, günümüzdə qondarma "erməni soyqırımını" ortaya atanlar və onları müdafiə edənlər xristian deyillər. Mən başqa cür düşünə bilmirəm. Ona görə də mən məsələni araşdıraraq erməni soyqırımı barədə həqiqətləri xristian aləminə çatdırmağı qərara aldım və nəticədə bu kitab meydana çıxdı".

Uğur