“Güney Azərbaycan folkoru” Güney Azərbaycan

“Güney Azərbaycan folkoru”

Kitabın növbəti cildləri işıq üzü görüb


AMEA-nın Folklor İnstitutu "Güney Azərbaycan folkoru" çoxcildliyinin IV və V cildlərini çap edib. Hər iki cilddə Güney Azərbaycanın zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb. Kitablarda uşaq folkloru, düzgülər, acıtmalar, tapmacalar, oyunlar, andlar, alqışlar, xeyir-dualar, qarğışlar, atalar sözü və məsəllər, deyimlər, bayatılar, nağıllar, lətifələr, mifoloji mətnlər, əfsanə və rəvayətlər, bayram oyunları, toy adətləri, yağış yağma mərasimləri, inanclar, xalq təbabəti, ovsunlar, xörəklər haqqında geniş bilgilər öz əksini tapıb.
Cildlər müxtəlif yazılı qaynaqlardan folklor materiallarının seçilərək transliterasiya olunması və informatorlardan toplanaraq yazıya alınması yoluyla tərtib edilib. Folklor örnəkləri Təbriz, Miyana, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və başqa bölgələrdən toplanıb, orijinallığı saxlanılıb. Bildirək ki, "Güney Azərbaycan folkoru" layihəsinin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, tərtib edənlər filologiya üzrə fəlsəfə doktoru Mətanət Abbasova və güneyli soydaşımız, orada nəşr olunan "Xudafərin" jurnalının redaktoru Hüseyn Şərqidərəcəkdir.
Cildlərdəki mətnləri M.Abbasova, Kəmalə Qasımova, Lalə Şabanova ərəb qrafikasından latın qrafikasına çeviriblər. Kitabların redaktorları filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov və Aydın Mustafayevdir.
Filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabı işıq üzü görüb. Azərbaycan aşıq sənətinin dolğun mənzərəsinin təsviri üçün aşıq şeiri şəkillərində bəzi yeniliklərə imza atan, özünəməxsus havacatlar yaradıb neçə-neçə nağıl-dastan qoşan, XX yüzil Qazax aşıq mühitinə mənsub ustad aşıqların və el şairlərinin sənətkarlığı ayrıca tədqiqini gözləyirdi. İlhamə Qəsəbovanın "XX əsr Qazax aşıq mühiti" kitabı həmin boşluğu doldurmaq zərurətindən irəli gəlib. Kitabda müəllif Qazax aşıq mühitinin, bu sənət ənənələrinin geniş yayıldığı Göyçə və Borçalı aşıq bölgələrinin qovuşuğunda təşəkkül tapdığını, onun Gəncəbasar aşıq mühitinin təşəkkülündə necə rol oynadığını müəyyənləşdirməyə çalışıb. Müəllif ilkin etibarlı qaynaq kimi aşıqlardan aldığı, söyləyicilərdən birər-birər topladığı bilgilər əsasında Azərbaycan aşıq mədəniyyətinin bu vacib qoluna mənsub olan, lakin adlarına milli folklorla bağlı araşdırmalarda elə də sıx rast gəlinməyən bir çox aşıqların və el şairlərinin yaradıcılığını, mühitin dastançılıq ənə-nələrini, ustad-şəyird münasibətlərini araşdırmağı vacib sayıb.
"Şəki folklor örnəkləri" kitabının II cildi nəşr olunub. Layihənin müəllifi AMEAnın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov, materialların toplayıcısı və kitabın tərtibçisi fil.ü.f.d., dos. Ləman Vaqifqızı – Süleymanovadır. Bu kitab Şəkinin Göynük mahalından toplanmış folklor mətnlərini əhatə edir. Bu cild bölgələrimizdən toplanıb çap olunmuş kitablar arasında bütöv bir rayona yox, mahala həsr olunmuş ilk kitabdır.
Bölgələrimizdən toplanmış digər kitablar kimi bu kitabın da özünəməxsus cəhətləri var. Kitaba salınmış materialların böyük əksəriyyətini mifoloji mətnlər təşkil edir. Halın keçi dönərgəsi – Unuqay, Halın xoruz dönərgəsi, Vəhşi adam, Süleysin, Xortdan kimi personajlar Azərbaycan folkloru üçün tamamilə yenidir. Halın qadın dönərgəsi, Əzrayıl, Cin, Xıdır Nəbi, Xıdır İlyas, Naxış mifoloji personajları Azərbaycan folkloru ücün yeni olmasalar da, indiyədək nəşr olunmuş heç bir folklor toplusunda bu personajlarla bağlı bu qədər mətn bir yerdə çap olunmayıb.
Ovçuluqla bağlı mətnlərdə ovçular, ov həddi, ovun güdükçüləri, Süley və yaxud İsgəndər quşu haqqında maraqlı informasiyalar cəmləşib. Pirlərlə bağlı xeyli sayda rəvayət də kitabda özünə yer alıb. Pir baba, Şeyx Əhməd baba, Hacı Salah baba, Mahmud Axund baba, Mütübillah baba, Tamam nənə, Sarılıq ziyarəti, Qəbiz ziyarəti, Dəmirov ziyarəti, Südlü bulaq, Ağası babanın bulağı, Beşik daşı, Əjdaha daşı, Palıd baba ziyarətləri ilə bağlı mətnlər Göynük mahalında geniş yayılıb. Rəvayətlərin bir hissəsini də Molla Cuma ilə bağlı rəvayətlər və müxtəlif mövzulu rəvayətlər təşkil edir. Kitaba daxil olunmuş materialların bir qismi etnoqrafik mətnlərdir. Müxtəlif dualar, yağış kəsdirmə və yağdırma, toy və yas adətləri, Mövlud mərasiminin keçirilmə qaydaları ilə bağlı mətnlər bu başlıq altında özünə yer alıb.
Bayatılar, ağılar və paremioloji vahidlər də diqqəti cəlb edir. Göynük mahalında bayatı formasında söylənilən ağılarla yanaşı, nəsr formasında deyilən ağılar da geniş yayılıb. Kitaba salınmış materialların bir özəlliyi də onların Göynük şivəsində verilməsidir. Söyləyici pasportlaşdırılmasında mətnlərin toplanma tarixləri də qeyd edilib. Kitabın sonuna maraqlı şəkillər əlavə olunub.
"Usta söyləyicilərin repertuarı" toplusu Azərbaycanda nağıl söyləyicilərinə həsr olunmuş ilk kitabdır. Kitabda öz dəsti-xətti, söyləyicilik manerası, zəngin repertuarı ilə seçilən dörd söyləyicinin – Narış Bayramova (Ağcabədi), Musa Bayramov (Bərdə), Əli Süleymanov (Ağdam) və Abbas Abbasovun (Cəbrayıl) şifahi irsi cəmlənib. Bu söyləyicilər Folklor İnstitutunun icra etdiyi Qarabağ layihəsi çərçivəsində 2012-2014-cü illərdə bölgəyə təşkil olunmuş ezamiyyələr zamanı aşkarlanıb və onların şifahi irsi yazıya alınıb. Müxtəlif peşə sahibi olan bu söyləyicilərin hamısı hələ erkən yaşlarından şifahi ədəbiyyata böyük maraq göstərib, valideynlərindən, ağsaqqallardan eşitdiyi nümunələri güclü hafizələri sayəsində yadda saxlayıblar. Müxtəlif janrlara dair nümunələr bilsələr də, nağıllar onların repertuarının əsasını təşkil edir və ustalıq, sənətkarlıq keyfiyyətləri məhz bu janrda özünü daha çox göstərir. Bu söyləyicilər Azərbaycan nağıl repertuarını yeni süjetlərlə, yeni kontaminasiya tipləri ilə zənginləşdirmiş, Azərbaycan folkloruna həm informasiya yükünə, həm də variant xüsusiyyətlərinə görə ənənəvi variantlardan kifayət qədər fərqlənən yeni nağıllar bəxş ediblər. Kitabda söyləyicilərin geniş tərcümeyi-halı verilib, şifahi irsi qısa xarakterizə edilib və onlardan yazıya alınmış ən seçmə nümunələr verilib.
Layihənin müəllifi AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, materialların toplayıcısı fil.üz.f.d. İlkin Rüstəmzadə, kitabın elmi redaktoru fil.üz.f.d. Rza Xəlilovdur.
Bakı-Abşeron folkloru janr, mövzu, süjet quruluşu, obrazlar sistemi, ideyası və s. baxımdan milli folklorumuza xas olan özəllikləri dolğun şəkildə özündə yaşadır. Oxucularda və tədqiqatçılarda böyük maraq doğuran bu folklor nümunələrinin bir hissəsi "Bakı folklor nümunələri" (I) kitabında işıq üzü görüb. Tədqiqata ilk dəfə cəlb olunan Abşeron yarımadası folklorunun toplanması və nəşrinin layihə rəhbəri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar Kazımoğlu, tərtibçilər filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və Afaq Ramazanovadır.
Son 150 ildə xalq təsərrüfatının, xüsusilə neft-qaz sənayesinin inkişafının nəticəsi olaraq Bakı müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin qaynayıb-qarışdığı yer olub. Bəzi siyasi, iqtisadi və sosial səbəblərdən Bakıya edilən kütləvi köçlər regionun folkloruna əlavə rənglər qatmış, yeni mövzu və məzmunla zənginləşdirib. Bu proses indi də davam edir. Kitabda Bakı-Abşeron folklorunun toplanması və sistemli şəkildə nəşri qarşıya məqsəd qoyulub, Azərbaycan dövri mətbuatının böyük bir hissəsi səhifə-səhifə izlənilib, XIX əsrdən üzübəri qəzet və jurnallar, elmi-kütləvi nəşrlər ciddi şəkildə araşdırılıb.
Kitabda toplanmış folklor örnəklərinin böyük bir qismi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor və etnoqrafik materiallardır. Onların çoxu görkəmli aktyor Hüseynqulu Sarabskinin folklorunda yer alıb. Bakı folkloru, etnoqrafiyası və mərasimlərini əhatə edən həmin materiallar H.Sarabskinin özü tərəfindən müxtəlif illərdə toplanıb. H.Sarabskinin şəxsi arxivindən Azərbaycan ədəbi-mədəni fikrinin görkəmli nümayəndəsi Əziz Şərifin ruscaya tərcüməsində Bakının mərasim və uşaq folkloruna dair mətnlər də üzə çıxıb. Kitabda böyük şairimiz Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru nümunələrinə də geniş yer verilib.
Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları və el şairlərinə həsr olunmuş yazılar da bu cildə daxil edilib. "Atalar sözləri, məsəllər", "Zərbi-məsəllər, idiomlar", "Tapmacalar", "Bayatılar", "Lətifələr", "Nağıllar", "Şəbədələr", " Mərasim folkloru", "Pirlər, ziyarətgahlar", "Musiqi folkloru", "Uşaq folkloru", "Oyunlar", "El şairləri" kimi bölmələrdən ibarət 306 səhifəlik bu kitab tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Uğur