Güneydə milli hərəkata təzyiqlər davam edir Güney Azərbaycan

Güneydə milli hərəkata təzyiqlər davam edir

İranın təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Şəbistər şəhərində toy mərasiminə hücum edib

Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər ara vermir. İran rejimi Azərbaycan türklərinin milli kimliyi uğrunda mücadilə aparan insanların əzmini qırmaq üçün həbs və təhdidləri daha da şiddətləndirib.
Ötən həftənin sonunda İranın təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Şəbistər şəhərində toy mərasiminə hücum edib. Məlumata görə, Azərbaycanın milli musiqisinin fəal təbliğaçılarından olan Abbas Nikrəvan İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb. Belə ki, Şəbistər şəhərinin təhlükəsizlik qüvvələri aprelin 5-də bu şəhərin Nadarlı kəndində keçirilən milli-mədəni fəallardan birinin toy mərasiminə hücum edib, toya qarışıqlıq salaraq Salmas şəhərinin musiqi qrupunun rəhbəri, milli-mədəni fəal Nikrəvanini yaxalayıblar. Ağır yaralanan fəal əvvəlcə Şəbistərin xəstənasına aparılıb. Lakin təhlükəsilzik qüvvələri Nikrəvanidən əl çəkməyiblər və o, evə qayıdarkən Şərəfxana yoxlama məntəqəsində saxlanılıb. Şəbistərin təhlükəsizlik məntəqəsinə (Əmakin) aparılan musiqiçi saatlarla sorğu-suala tutulduqdan sonra bazar günü səhər çağlarında sərbəst buraxılıb.
Məmurlar bildiriblər ki, Nikrəvanin musiqi qrupunun bu şəhərdə çıxış etməsini yasaqlayan qərar var.
Qeyd edək ki, fars şovinizmi Azərbaycanın musiqi, ədəbiyyat, folkolor və ümumiyyətlə mədəniyyəti ilə məşğul olan bütün fəallara qarşı təzyiq göstərməkdədir. Hazırda musiqi sahəsində fəaliyyət göstərən ustad Həsən Dəmirçi, Rəsul Heydərzadə və İsmail Bərzgəri hələ də İran rejiminin həsbxanalarında məhbus həyatı yaşamaqdadır.
Fevral ayında Dünya Ana Dili Günündə həbs olunmuş milli fəalların bir qismi hələ də həbsdən buraxılmayıb. Xatırladaq ki, həmin mərasimlər zamanı Güney Azərbaycanın müxtəlif şəhərlərində 200-dək milli-mədəni fəal İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Təkcə Əhərdə fevralın 20-də Dünya Ana Dili Günü mərasimində təxminən 100 nəfər fəal saxlanılmışdı. Həbslər Tehranda da həyata keçirilmişdi. Həmçinin Binab, Məlikan, Sulduz və s. kimi şəhərlərdə bir neçə nəfər həbs edilmişdir.
Məlumata görə, həmin mərasimdə yaxalanan Behnam Şeyxi Tehranın Evin zindanına aparıldığı zaman qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Son günlərdə isə onun durumu barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb. Həmçinin məlumata görə, tanınmış yaşlı azərbaycanlı milli-mədəni fəal Əkbər Azada qarşı təhqiramiz hərəkətə yol verildiyi bildirilir. Şahidlərin bildirdiyinə görə, Evin zindanının məmurları onun saçlarını və üzünü qırxıblar və bu şəkildə fəal mənəvi təzyiq göstəriblər. Tutulduqdan sonra 11 nəfərlə birlikdə vəsiqə qarşılığında azadlığa buraxılan Əziz Fərşi isə yenidən İslamşəhrin məhkəməsinə çağırılıb və yeni ittihamlarla üzləşib. Hətta bu müddətdə onun məhkəmə hökmü ilə sorğu-suala tutulmaq üçün dəfələrlə Evin zindanına aparıldığı da bildirilir.
Əlirza Fərşi, Rüstəm Kazimpur, Həmid Mənafi Nadarlı və Mahmud Ocaqlı həmin mərasimdə tutulanlar sırasındadır. Onlar ailələrinin bütün cəhdlərinə baxmayaraq hələlik qeyri-müəyyən vəziyyətdə saxlanılır və ailə üzvləri onlarla heç bir əlaqə saxlaya bilmirlər.
Güney Azərbaycandakı mənbələrin məlumatına görə, güneyli milli-mədəni fəal Məhəmməd Xətibi iki gün öncə məhkəməyə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına köçürülüb. Buna səbəb, onun bundan öncə məhkəmənin tələb etdiyi vəsiqəni təqdim etmək gücündə olmamasıdır.
Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə də ətraf mühitin qorunması və mədəni fəaliyyətlərinə görə dəfələrlə yaxalanıb və həbs edilib.
Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan daha 5 fəal - Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Muxtar İbrahimi və Yusif Muxtari də azadlıqdan məhrum olunub. Mahabad məhkəməsi azərbaycanlı fəalları qanunsuz toplantılara qatılmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandırıb. Daryuş Əndəlibiyan 9 ay, digər fəallar 91 günlük həbsə məhkum edilib.
Qoşaçaylı fəallar 2013-cü ilin dekabrında Azərbaycan Demokrat Firqəsinin şəhid fədailərindən olan Xanəli Motiinin məzarını ziyarət edərkən tutulsalar da, az sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
Aprelin 1-də Təbrizin "Traxtur" futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əleyn" klubu arasında keçirilən qarşılaşma zamanı həbs edilmiş və az sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmış 25 soydaşımızdan bir neçəçi yenidən həbs olunub. Məlumata görə, tanınmış milli-mədəni fəal Əkbər Mühaciri və həmin müsabiqədə tutulan daha 5 nəfər zindana salınıb. Onlar aprelin 5-də məhkəmə tərəfindən Təbriz zindanına intiqal edilib. Urmiyə gölünün xilası məqsədi ilə şüarlar səsləndirən "Traxtur" tərəfdarları Əkbər Mühaciri, Məsud və qardaşı, Behzad, Mehdi Səmədian və Nikbəxt Səmədian ümumi asayişi pozmaqda ittiham olunub.
Məhkəmənin 7-ci şöbəsinin hakimi tutulanların hər biri üçün 30 milyon tümənlik mülki vəsiqə təyin edib, lakin iş vaxtı qurtardığı səbəbindən "Traxtur" tərəfdarları zindana köçürüb. Saxlanılan zaman gözyaşardıcı qazla hücuma məruz qalan və döyülərkən burnu sınan Əkbər Mühaciri isə rejimin məmurlarından şikayət edib.
Azərbaycan Milli Dirəniş Təşkilatının sədri, güneyli siyasi fəal Davud Turan Güney Azərbaycanda gedən prosesləri və həyata keçirilən davamlı həbsləri "Amerikanın səsi"nə şərh edib. O deyib ki, prezident Həsən Ruhani hökumətinin Qərblə konstruktiv əlaqələrin yaradılması səylərinə baxmayaraq, İran azərbaycanlıları onun seçki kampaniyası zamanı verdiyi vədlərə əməl etmədiyindən narazıdır. Güneyli fəallar ölkədə etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətinin davam etdirildiyini bildirir.
Davud Turan Güney Azərbaycanda milli fəlların mədəni hüquqlar uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət və prezident Həsən Ruhani hökumətinin etnik azlıqlara təzyiqlərindən danışıb. O, İranda insan hüquqlarının, xüsusilə də etnik azlıqların haqlarının pozulması kimi ciddi problemlərin qaldığını deyib.
Davud Turan Urmiya gölünün quruması probleminə xüsusi diqqət çəkərək, Həsən Ruhani hökumətinin ekoloji vəziyyətlə əlaqədar fəaliyyət göstərmədiyini bildirib: "Həsən Ruhani Azərbaycan bölgəsinə gəldiyi zamanı etnik qrupların öz ana dilində təhsil ala bilməsinə təmin edəcəyini və hətta Azərbaycan dilində bir qurum təşkil ediləcəyini, əsas problemlərdən biri olan Urmiya gölünün qurumasının qarşısını alacağını demişdi. Lakin bu günə qədər bir addım atıldığını görmürük".
O, azərbaycanlı milli-mədəni və siyasi fəallara qarşı basqıların davam etdiyini, Beynəlxalq Ana Dili Günü milli fəalların həbs edilib, hələ də Təbriz və Əhər şəhərlərində saxlandığını, eyni zamanda, İran azərbaycanlılarının ana dilində kitab və qəzet nəşr etməsinə məhdudiyyətlərin qoyulduğunu vurğulayıb.
Davud Turan Güney Azərbaycan fəallarının durumundan danışaraq, onlara uzunmüddətli həbs cəzalarının verildiyini qeyd edib. O, prezident Həsən Ruhaninin hakimiyyəti dönəmində azərbaycanlılarla yanaşı, İranda yaşayan digər etnik qrupların üzvlərinin də təqiblər, həbslər və təzyiqlərlə qarşılaşdığını deyib: "Azərbaycanlılar yaşadıqları yerlərdə çoxluq təşkil edirlər. İran hökumətinin də qorxusu var, edam yolu ilə təzyiq göstərmir, amma uzunmüddətli həbslər, ailə üzvlərini qorxutmaq, gecə evlərdə axtarış aparmaq və nəzarət altına almaq yolu ilə təzyiqlər davam edir və Ruhani dövründə heç bir şəkildə azalma yoxdur".