Ayrı düşdüm doğma eldən, kam almadım şirin dildən… Güney Azərbaycan

Ayrı düşdüm doğma eldən, kam almadım şirin dildən…

XXI əsrin ilk onilliyində Güney Azərbaycan poeziyası ictimai motivlərlə zəngindir

Ana yurdun, təbiətin, onun füsunkar gözəlliyinin tərənnümü Əfrasiyab Ümüdi Dadaş oğlunun təqdimində tamamilə yeni, orijinal səpgidə özünü büruzə verir. Nədən, kimdən, hardan yazırsa-yazsın, şairin şeirlərinin möhür bəndi doğma Azərbaycandır:

Gül-çiçəkli vətən, sənin qeyrətinə qurban olum,
Ana sayaq zəhmət çəkən zəhmətinə qurban olum.
Bənövşəli dağların var, tanınmayan sirdaşın var,
Əyilmyən bir başın var, sürətinə qurban olum.

Dolanmışam dağlarında, qalanmışam çağlarında,
Saxlanmışam tağlarında, şövkətinə qurban olum.
Ayrı düşdüm doğma eldən, kam almadım şirin dildən,
"Üç qardaş"am yapış əldən, hikmətinə qurban olum!

Vətənin insanı vəcdə gətirən gözəlliyi, eyni zamanda vətən sevgisi bu şeirdə o qədər təbii boyalarla verilib ki, bu şeiri oxuyarkən insan vətəni sevməyin, eyni zamanda vətənə səcdə etməyin nə qədər şərəfli olduğunu anlayır. Əlbəttə, "Üç qardaş" hələ çox gəncdir, onun şeirləri o qədər də peşəkarcasına yazılmayıb. Ancaq onun şeirlərindəki vətəndaş hissiyyatı, vətəndaş qüruru, bu milli gənc şairin nəbzi, könül ritmləriilə o qədər gözəl harmoniya təşkil etməkdədir ki, bütün bu müsbət keyfiyyətlər qeyri-peşəkarlığı öz əzəməti ilə əridir və görünməz edir.
Əfrasiyabın poeziyası şəffaf sulu çaylara bənzəyir. Bu şəffaflıq təfəkkürün təmizliyi, his və duyğuların səmimiliyi, sadəliyidir.

Gəlsə ölüm can vermərəm,
Yabançılar torpağında,
Min arzum var ürəyimdə,

Gəzəm yarın otağında.
Gözlərdə min dağ olmaya,
Nankor mənə ağ olmaya,
Çağ insafsız, çağ olmaya,

At oynadam qabağında,
Babək sayaq qoçaq olam,
El-obaya dayaq olam,
"Üç qardaş"a qonaq olam,
Vətən, sənin qucağında.

Bu nümunələr də başqa şeirlərində olduğu kimi şairin kənardan gəlmə, düşünülmüş, uydurulmuş bir naxış təsiri yoxdur.Gənc şairin bütün yaradıcılığında, o cümlədən bütün şeirlərində, vətən sevgisi, vətən həsrəti ilə yanaşı bir qəlb narahatlığı, təmiz insan mənəviyyatının gizli hıçqırıqları duyulmaqdadır. Gənc şairin şeirləri birxətli olsa da həyati, inadırıcıdır. Gənc şair Əfrasiyabın çiçək açan dövrü başlanır. Biz ona bu yolda sənətkarlıq cəhətdən uğurlar və müvəfəqiyyətlər arzu edirik.

Bir ürəyi iki yerə paralayıb bölən kimdir?
Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?
Qərib yerdə saldıq binə, biz də düşdüy yaman günə,
Alışmışıq sinə-sinə, qayğımıza qalan kimdir?
Yaltaq olub aramızda, çarasızdır, çaramızda,
Hey qan axır yaramızdan, köç təbili çalan kimdir?
Hələ qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,
Şuşa-Laçın-Kəlbəcərin, torpağını alan kimdir?
Baxan yox-savab günaha, el-obamız batıb aha,
Nurəli tək, bir də daha, xalq halına qalan kimdir?

Bu şeirdə vətənin dərdi, taleyi, Azərbaycanın birləşmə həsrəti, nisgil və ayrılığı bir oğul qeyrəti ilə canlandırılır. Söhbət Şuşadan, Laçından, Kəlbəcərdən və milyon-milyon qaçqından düşəndə hər bir misrada müqəddəs dərdin, kədərin şahidi oluruq. Vaxtilə Süleyman Rüstəm Məhəmməd Şəhriyara gözəl bir əsər həsr etmişdi. Bu şeirin bütün söz və misraları Cənub şeirlərinin poetik zirvəsi, şahrah beytlərlə dolu olan ustad Şəhriyara məhəbbətdən və səmimiyyətdən yoğrulmuşdu.

Gəl söyləyim ürəyimin sözünü,
Bir kərə də görməmişəm üzünü,
Nigaranam yetir mənə özünü,
Məhəbbətin bağrımdadır Şəhriyar,
Mənim ürək ağrımdadır Şəhryar.

Kim deyir ki, məkanımız ayrıdır,
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır
Ürək birdir, bədən birdir Şəhryar,
Vətən birdir, vətən birdir Şəhriyar!

Dilimiz, canımız, ürəyimiz əgər birdirsə, bəs bu hicran nədir? Nə üçün sənin avazın Araz üstdən mənə çatmır? Qaşla gözün arasından yaxın olan bu yolu niyə keçib gələ bilmirsən? Vaxtilə şairlərimiz, yazıçılarımız bu nisgildən, bu həsrətdən, bu ayrılıqdan çox yazdılar və bəziləri ömürlərinin axırına qədər yaralı Arazın sahillərinə həsrətlə baxdılar. Bu insanlar öz əsərləri heç zaman sönməyən, getdikcə alovlanan, şölələnən müqəddəs məşəlləri, şəhidlər qəbri üzərində dilimlənən və göylərə yüksələn qədim Odlar yurdunun əbədi alovlarına çevrilir.
Nurəlinin torpaq acısı, vətən yağısı, ürək ağrısı başqa bir şeirində də özünü obrazlı şəkildə elə büruzə verir ki, bütün bunların onun poeziyasının mayasını, cövhərini təşkil etdiyini daha aydın bir şəkildə hiss etdiririk.

Arzum idi səni nə tez getdin gora, Bəhmən,
Yaman oldu sinəm dağlı, çəkdi məni dara, Bəhmən!

Qaradağım qala-qala, köçüb getdi yad mahala,
Hicran düşdü dalbadala, Heç vermədi ara, Bəhmən!

Həftələri aya satdım, gecə-gündüz qəmə batdım
Allah şahid, çox can atdım, Gələmmədim ora, Bəhmən!

Talan oldu Kəlbəcərim, yaralandım dərin-dərin,
Uca boylu gözəllərin, Qaçqın oldu hara, Bəhmən!

Bu könlümün simi bəlli, yaşamışam dərdi-qəmli,
Sənin sarı gözü nəmli, Canım düşüb zara, Bəhmən!

Nurəliyəm, güləmmədim, yar qəlbini biləmmədim,
Varlığında gələmmədim, Oldu üzüm qara, Bəhmən!

Çağdaş Güney Azərbaycan poeziyasında vətənpərvərlik, millətsevərlik, torpağa bağlılıq motivlərilə yanaşı sevgi motivləri də yer tutur. Bir sıra gənc şairlərin məhəbbət mövzulu şeirlərində insan qəlbinin gözəl, bakir hissləri əks olunur. Lakin bu şeirlərdə klassik şeir ənənəsi üzərində formalaşan lirik üslubda sədaqətlə bərabər, ictimai-fəlsəfi məzmunda öz ifadəsini tapmaqdadır. Ədalət Dumanın yaradıcılığında biz bunun şahidi oluruq. Şairin lirik qəhrəmanı gözəllikdən, incə beldən, uca boydan söz açmaqla yanaşı, öz övrünün mənsub olduğu adamlardan, şərdən-böhtandan, öz kimliyini özgələrdən soruşan "zavallı" insanlardan danışmağı özünə borc bilir. Ədalət Dumanın "Yazışma" şeirində ictimai-fəlsəfi motivlərin məharətlə verildiyinin şahidi oluruq:

Qara teldən yazma dedin, yazmaram;
Heç olmasa bəyaz teldən yazımmı?
Uca boydan, incə beldən yazmaram,
Qış qatlamış əyri teldən yazımmı?
Dəftərimdə bir yar adı yazmayım,
Haram sağdı, ya yaradı, yazmayım,
Göz aladı, qaş qaradı yazmayım,
Gözdən axan qanlı seldən yazımmı?
Yaz qarı tək öz-özünə əriyən,
Ölkələri, ürəkləri bürüyən,
Günü-gündən ayaq tutub yeriyən
Şər-böhtandan, fitnə-feldən yazımmı?
Dar günlərdə sinə gərib vuruşan,
Gen günlərdə boş pətəkdi, quru şan,
Öz kimliyin özgələrdən soruşan,
Belə yazıq, məzlum eldən yazımmı?
Heç deməyim, əlim xəmir, qarnım ac,
Ömrümüzü yarı böldü ehtiyac.
Ay Ədalət, şələ ağır, yol yamac,
Susdurulmuş şirin dildən yazımmı?

Ədalət Duman eyi zamanda lirik peyzaj yaratmaq, canlı, həyati lövhə çəkmək ustası kimi də diqqəti cəlb edir. Şairin "Sevinc işıqları" şeiri Quzey Azərbaycandan, Güney Azərbaycana saçılan romantik və əsrarlı gecə işıqları, hər gecə ən əziz, ən doğma bir müsafirə çevrilir. Vətəni iki yerə parçalayan Araz bu məhəbbətin, bu doğmalığın, bu səmimiyyətin ucalığı qarşısında görünməz olur. Bu şeirdə romantik və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirmə meyli çox qüvvətlidir. Əslində bu işıqlar romantik vüsal işıqlarıdır. Bu şeirin lirik qəhrəmanı uzun zaman ondan ayrı düşmüş qardaşının o biri sahildə işıq yandırdığını görüb bütün varlığı ilə sevinir. Fəqət bir gecə işıq yoxdursa, özünü dünyanın ən bədbəxt adamı hesab edir. Bununla da Ədalət Duman həmin işığın əbədi olaraq nurlanacağına poetik və fəlsəfi bir məna ilə ön plana çəkir:

Uzaq olsaydı da o işıltılar,
Görəndə ürəkdə işıq doğardı.
Onların sozalmış şüalarından
Bizim kəndimizə sevinc yağardı.
Zülmət gecələrdə ulduz sayağı
Sayrışa-sayrışa görünərdilər.
Həyalı - istəkli bir qız sayağı
Duman yaylıqlarda bürünərdilər.
Araz aramızda yoxlamırdı gah,
Körpüsüz adlayıb gəlirdi işıq,
Qaranlıq təməldən laxlaşırdı gah
Bütün zülmətləri dəlirdi işıq.
Bir gecə onları görməyəndə biz
Sabahı boranlı qarlı duyardıq,
Nə vaxt ki onlardan görünərdi iz.
Özümüzü dövlətli-varlı duyardıq.
İndi çıraqları sönük görəndə
Elə bil, ömrümün çırağı sönür.
Bir xalqın bəxtini dönük görəndə
Kədər parça-parça qəlbimi yonur.
İlahi, nə oldu, söndü çırağlar,
İndiki dünyanın işıq vaxtıdı.
İzləri zülmətə döndü çıraqlar,
Çün dünya şeytanın qızıl taxtıdı.
Qəlbi qaranlıqlar zülmət törətdi,
Zülmətdən törənən fəlakət olar.
Harda Ədaləti şər büdürətdi,
Orda çiçəklər də açmamış solar.

Göründüyü kimi, XXI əsrin ilk onilliyində Cənubi Azərbaycan poeziyası ictimai motivlərlə zəngindir. Quzeyli-güneyli Vətənin torpaq bəlaları, milli qayğılar ağuşunda sosial leytmotivə dönərək poeziymızın əbədi mövzusuna çevrilib.


Vüqar Əhməd
professor