Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

(Əvvəli qəzetimizin ötən saylarında)

VI yazı

Təşkilat vüsətləndikcə, təşkilatda toplananların birliyi möhkəmləndikcə irtica da quduzlaşır, daha da təsirli yollar axtarırdılar. Bu məqsədlə onlar xeyriyyə təkilatının yığıncağını keçirmək qərarına gəldilər. Hər halda bu yığıncağı Miyananın özündə təşkil etməyə cəsarət etmədilər. Odur ki, o zaman Miyanada fərmandar olan ənsarinin atasının köməyi və jandarmların yaxından iştirakı ilə bu işi kənddə keçirmək qərarına gəldilər. Onlar bu yığıncağı hizbin şöbə təşkilatının klubunda keçirmək istədikləri üçün hizbin kənddəki təşkilat rəsulundan klubun açarlarını istəmişlər. Hizbin təşkilat sədri imtina etdikdə onu bərk döyüb, klubun qapısını sındıraraq, tablosunu da çıxarıb atmışlar. Bu haqda hizbə xəbər verdilər və mən fovri büronu yığıb, məsləhətləşdik, belə qərara gəldik ki, mən, Abbasəli Pənbeyi və Sadiqi Məmiqulu həmin kəndə gedək. Biz yola düşdük. Yolda kəndlilər bizə xəbər verdilər ki, əgər biz kəndə getmək istəsək, onlar belə qərara gəliblər ki, hizb tərəfindən kimlər gəlsə öldürsünlər. Mən yoldaşlara təklif etdim ki, indi ki vəziyyət belə gərgin hal alıb, onlar qayıdıb getsinlər, mən tək gedim. Dedim ki, əgər mən getməsəm, onda onlar deyərlər ki, biz qorxduq və sonra bütün kəndlərdə təşkilatları bu hala salıb, bağlayarlar.
Yoldaşlar dedilər, madam ki, sən gedirsən, biz də gedirik. Mən nə qədər təkid etdimsə, yoldaşlar məndən ayrılmadılar. Mən yoldaşları qane edə bilmədim ki, düşmən tərəfindən bir nəfərin öldürülməsi bir neçə nəfərin ölməsindən daha yaxşıdır. Yoldaşlar məndən ayrılmaq istəmədilər və bizə xəbər gətirən yoldaş da bizə qoşuldu. Biz kənd tərəfə yolumuzu davam etdik. Kəndə yaxınlaşanda çoxlu adam gördük, təqribən məsələ aydın idi. Mən Sadiqiyə və bizə xəbər gətirən adama dedim ki, siz kəndin yaxınlığında olan təpənin üstünə çıxın və oradan bizə nəzarət edin, bizim başımıza nə hadisə gəlsə, sonradan siz gedib, xəbər verərsiz. Onlar razı olmadılar və bizdən ayrılmaq istəmədilər. Mən işi belə gördükdə, hizbin məsulu kimi onlara əmr etdim ki, mənim dediyim kimi etsinlər. Onlar yenə də qulaq asmaq istəmədikdə mən onların hizbi hüquq və vəzifələrini bir də onların yadına saldım. Beləliklə, onlar yarımixtiyari təpəyə tərəf yollandılar və gedib orada gizləndilər. Bu zaman başda ənsari olmaqla bizim üzərimizə 200 nəfərdən çox adam hücum etdi. Bizi o qədər vurdular ki, axır tərpənməyə belə halımız qalmadı. Bu halda başımın qanı axa-axa, məni bir nəfər tutub oturtdu, çün özüm otura bilmirdim. Başımdan axan qan gözümün birini tutduğu üçün mən ancaq bir gözümlə görürdüm. Bu zaman ənsari mənə tərəf əyilib, soruşdu ki, indi çıxıb öz yerinə gedərsən? Cavab verdim ki, yox! O bir də istehza ilə soruşdu ki, niyə qayıtmırsan? Bunu deməkdə məqsədi o idi ki, artıq ölürsən.
Ona görə də "qayıdıb-qayıtmamağının" əhəmiyyəti yoxdur. Mən yenidən cavab verdim ki, qayıtmayacağam. Ona görə ki, hələ mübarizəmiz qutarmayıb. O, bir də mənə baxıb, bütün gücü ilə sillə vürub əmr etdi ki, bizi diri-diri basdırsınlar, izimiz də tapılmasın. Bu zaman hiss etdim ki, mənim kimsə xəncərlə başımı kəsmək istəyir. Çənəmi döşümə tərəf sıxdım. Ona görə də xəncər nəfəs boruma yetişmədi. Hər halda boğazımın xeyli hissəsi kəsilmişdi. Oradakılar bizi diri-diri qəbrə basdırdılar. Ənsarigil bir qədər uzaqlaşan kimi təpədə gizlənənlər gəlib, bizi "qəbrdən" çıxardılar. Bizim qəbirdən çıxardılmağımıza ənsarinin dəstəsindən olan kəndlilər də kömək etmişdilər. Biz yeriyə bilmədiyimiz üçün gedib, qonşu kənddən tabut gətirib, bizi diri-diri tabuta qoyub, çiyinlərində qonşu kəndə apardılar. Həmin kənddən Miyanaya xəbər göndərib, hizbi yoldaşlara bu hadisə haqqında xəbər vermişdilər. Yoldaşlar gələnə qədər bizə kənddə "ilk yardım" göstərildi. Hər şeydən əvvəl qanı axan yaralarımızı bağladılar. İranın hər yerində olduğu kimi, Miyananın kəndlərində də həkim və başqa tibb işçisinə rast gəlmək mümkün deyildi. Ona görə də hər kəndin özünün öz yerli "həkimləri" olurdu. Bunların əksəriyyəti yaşlı qadın və bəzən yaşlı kişilərdən ibarət olurlar. Bunlar müəyyən xəstəlikləri ot-alafla "müalicə" edirlər. Bizim yaralarımızı bağladıqdan sonra, bizə cəftə suyu da içirmişdilər ki, qorxu bizdən getsin. Sonra bizim axan qanımızın yerini "doldurmaq" üçün əridilmiş kərə yağı içirtdilər. Mənim xəbərim olmayıb, deyilənlərə görə bizim qəhrəmanlığımıza "göz dəyməsin" deyə bizə üzərlik də yandırıblar. Yəqin ki, onu "Üzərliksən-havasan, hazar dərdə davasan" sözlərilə başlayan mahnımızı da oxuyublar. Nəhayət, mən bir də özümə gələrkən özümü Miyana xəstəxanasında gördüm.
Bu hadisə çox böyük surətlə hər yerə, o cümlədən Sarab mahalına da çatdı. Hər halda bizim diri qalmağımızı hamı möcüzə hesab edirdi. Bizim "ilahi qüvvələr" tərəfindən də müdafiə olunmağımıza şayiələr yayılmışdılar. Çünki bizi öldürməyə gələnlər 200-250 nəfərdən çox idilər. Bundan başqa ənsari özü bu işə rəhbərlik etmiş, bizi tam mənasında öldürmüşlər və hətta başımızı da kəsmişlər və nəhayət, bizim öldüyümüzü görüb, basdırmışlar. Hər kəs olmasından asılı olmayaraq "min canı" olanın bu hadisələr "bir canı" belə qurtarmaz. Hər halda geniş xalq kütlələri içərisində cürbəcür "ilahi qüvvə" kömək etməsi kimi şayiələr gəzmiş və yəqin ki, inananlar da az olmaməşdı.
Mən təkcə onu deyə bilərəm ki, çoxlu hadisələr, çoxlu faktlar göstərmək olar ki, bir kommunist tamamilə "öldürüləndən" sonra yenə də "dirilib" – görünür, deyilənlər doğrudur. Kommunistlər "xüsusi metaldandırlar". O ki, mənə qalarsa, mən kommunistlərin cismani hansı metaldan olmasını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, kommunistlər bir qayda olaraq polad iradəli olurlar və məncə ona görə də başqalarına nisbətən davamlı olub, hələ-hələ ölmürlər və bəzən cismani ölsələr də, mənəvi cəhətdən ölməzliyə qovuşurlar. Hər halda biz də ölmədik – sağ qaldıq və sonradan bacardığımız qədər mübarizəmizə davam etdik.
Qeyd etdiyim kimi bu hadisə ətrafa çox tez yayıldı, hər yerdən yoldaşlar görüşümüzə gəlir və bütün quruluşa qarşı öz nifrətlərini bildirirdilər. Çox tezliklə hamı başa düşdü ki, irtica qüvvəliliyindən yox, bəlkə acizliyindən və son günlərini keçirdiyindən belə bir qeyri-insani işə əl atıb. Bu hadisə özlüyündə təşkilatın möhkəmlənməsinə, yoldaşların təşkilatla əlaqələrinin artmasına səbəb olmaqla irticanın, o cümlədən Seyid Ziyaəddinin xeyriyyə təşkilatının nüfuzdan düşməsinə və yaramazlığının aşkara çıxmasına səbəb oldu.
Sarabda bu hadisələri eşidən kəndlilər təşkilata toplaşıb,birlikdə gedərək kəndi də tutmaq qərarına gəldilər. Bu işə Sarab təşkilati mane olur. Kəndlilər içərisində izahat işi aparır. Nəhayət, kəndlilərin qarşısınının alınmasının o qədər də asan olmayacını görüb, belə qərara gəlirlər ki, kəndlilər öz nümayəndələrini mənim yanıma göndərsinlər, mən nə məsləhət görsəm, onlar elə də hərəkət etsinlər. Bu təklifə razı olan kəndlilər öz nümayəndələrini mənim yanıma göndərdilər. Çox danışıqdan sonra yenə də onlar düşməndən intiqam almaqdan danışırdılar. Keçmişdə belə idi ki, bir feodal özünün düşmənindən intiqam almaq üçün onun kənd və kəndlilərini qarət edirdilər. Mən yoldaşları hər halda başa salmağa çalışırdım ki, onlar da bilsinlər ki, belə "intiqam almaq" qaydası keçmiş feodalizm dövründən qalma tədbirdir. Onları başa saldıqdan sonra onların axırıncı sualı bu oldu ki, bəs biz irticanın bu azğınlığı müqabilində nə edək? Mən dedim ki, istəyirsiz ki, irticaya onun elədiklərindən lap qat-qat artıq edəsiz onda gedib, təşkilatı daha da möhkəmlədin. Onda irticaya ən ağır və öldürücü zərbə vurmuş olarsınız. Onları nəhayət, razı saldım və söz verdim ki, xəstəxanadan çıxan kimi Pənbəyi ilə hökmən Saraba gələrik. Yoldaşlar mənimlə razılaşıb, getdilər. Onlardan xahiş etdim ki, görüşənə qədər yoldaşlara bizdən salam yetirsinlər. Xəstəxanaya çoxlu yoldaşlar gəlir, hal-əhvalımızı xəbər aldıqdan sonra, intiqam almaq üçün hərə bir cür təkliflər edirdilər. Kimi ənsarini öldürmək, kimi jandarm rəisini terror etmək, kimi daha bir başqasından müxtəlif vasitələrlə intiqam almağı təklif edirdilər. Mən təqribən yoldaşların yaş, savad, bilik və siyasi məlumat dərəcələrindən asılı olaraq müxtəlif tərzdə danışsaq da, söhbətimizin məzmunu ondan ibarət olurdu ki, bizim ən yaxşı kəsərli və təsirli "intiqamımız" təşkilatımızın möhkəmlənməsi olar. Sonralar gələnlərin sayı o qədər çoxaldı ki, xəstəxana da görüşməyə imkan olmadığından hər neçə saatdan bir həkimlərdən və ya xəstəxana işçilərindən başqası vaxtaşırı çıxıb, gələn yoldaşlara məlumat verirdilər.
Seyid Ziyaəddinin təşkil etdiyi xeyriyyə təşkilatı öz mahiyyətini büruzə verdiyinə görə çox tez bir zamanda dağılmağa başladı. Bizim yanımıza Miyana komendantı Məhərrəmov və Abdulla Ənsari gəlmişdilər. Məni bu vəziyyətdə görən Məhərrəmov soruşdu ki, bu nə əhvalatdır? Bu necə olmuş? Sizi nə üçün belə hala salıblar? Bizim vəziyyətimizin həqiqətən böhranlı vaxtı gəlmiş Məhərrəmov yalnız belə qısa, təəccübləndirici suallar verməkdən başqa sanki ayrı söz tapıb deməkdə çətinlik çəkir, sanki başqa sözlər onun yadından çıxmışdı. Mən onun bir neçə qısa sualının cavabını məndən yox, yanındakı bişərəfdən soruş-dedim. Üzümü Ənsariyə çevirib dedim ki, yaxşı oldu ki, ölmədim, buradan durub sizinlə hesablaşarıq. Məhərrəmov çox mütəəsir halda xəstəxanadan çıxdı. Ənsarinin nə kökə düşməsini görə bilmirdim, hər halda onu bildim ki, özünü ayaq üstə çox çətin saxlayıb, xəstəxanadan çıxıb getdi. Ənsarilərdən ikinci şəxslə "görüşümüz" belə başa çatdı. Gələcək "görüşlərimiz" haqqında sonralar yeri gəldikdə deyərəm.
Biz xəstəxanada ay yarımdan bir qədər də çox qalmalı olduq. Hər halda belə tez bir zaman, daha doğrusu, 50 gün içərisində xəstəxanadan çıxmağımızda işçilərin səyi ilə bizim əyadətimizə ardı-arası kəsilmədən gələn yoldaşlarımızın böyük mənəvi köməkləri oldu. Biz xəstəxanada olduğumuz müddətdə və buradan çıxandan sonra da saysız-hesabsız məktublarda yoldaşlar onlarla görüşməyimizi arzu etdiklərini bildirirdilər.
Bizim hadisədən yaxında olanlar özləri xəbər tutmuşdularsa, İranın başqa yerlərində olanlar haqqımızda "Rəhbər" ruznaməsinin yazmasından bilirdilər. Ona görə də çoxlu yoldaşlar bizimlə görüşmək fikrində olduqlarını bildirdilər və belə yoldaşların göndərdikləri məktubların sayı getdikcə artırdı. Biz məktublara cavab verməyə belə vaxt tapmırdıq. Hər halda biz tədricən verdiyimiz vədlərə əməl etməyə başladıq. Təşkilatlara gedir, mitinqlərdə çıxış edib, irticanın əməllərindən, onların cinayət, fitnəkarlıq və bu kimi yaramaz faciələri ilə yanaşı onların zəifliyindən, qorxaqlığından və son anlarında hər cürə qeyri-insani hərəkətlərə al atmağa hazır olduqlarından danışıb, bunun müqabilində təşkilatın möhkəmləndirilməsini tövsiyə edirdik. Bu hadisə o qədər qəmgin və qəbih idi ki, hətta İran heyəti hakiməsi bu faciəni törədənləri Təbrizə aparıb, orada bir həftə saxladıqdan sonra Tehrana aparmışdılar.

Uğur