Jalə Təbrizi BMT-də Urmu gölündən danışıb Güney Azərbaycan

Jalə Təbrizi BMT-də Urmu gölündən danışıb

Güney azərbaycanlı insan haqları fəalı xanım Jalə Təbrizi Birləşmiş Millətlər Təşkilatında (BMT) insan haqları mövzusunda keçirilən iclasda Urmu gölü böhranı və bu vəziyyətdən zərər görən bölgə əhalisi haqda raport təqdim edib.
Sentyabrın 21-də keçirilən tədbirdə İran rejiminin Urmu gölü böhranına laqeyd və qərəzli yanaşdığı qeyd olunub.
"İranda proqramsız iqtisadiyyat, yalnış əkinçilik siyasəti, ətraf mühiti mühafizə siyasətinin olmaması və davamlı inkişaf məsələsinə olan laqeyd münasibət bulaq, çay, su kəmərləri və göllərin qurumasına səbəb olub. Son vaxtlarda İranda baş verən ən ciddi ətraf mühit problemi Urmu gölünün quruması ilə bağlıdır. Bu göl Şərqi və Qərbi Azərbaycan əyalətlərinin arasında yerləşir və ətraf ərazilərdə olan bir çox şəhər və kəndə təsir göstərir. Onun quruması bölgədə əkin ərazilərini duzlaşdırır, duz fırtınaları və nəticədə bir çox xəstəliyə səbəb olur. Urmu gölü su hövzəsində 36-dan çox şəhər və 3150 kənd mövcuddur. Bu şəhər və kəndlərdə 5 milyondan çox insan yaşayır, onların 60 faizdən çoxu əkinçilik və heyvandarlıq işləri ilə məşğuldur. Urmu gölünün quruması nəticəsində əmələ gələn duz fırtınaları artıq Urmiyə, Təbriz, Marağa, Qoşaçay və s. kimi məntəqələrdə əkin yerlərini səhraya çevirməkdədir. Bu bölgədə kənd təsərrüfatına ağır zərbə dəyib."- deyə o çıxışının giriş hissəsində qeyd edib.
Jalə Təbrizi çıxışının davamında Urmu gölü ətrafında yerləşən kəndlərin əhalisinə istinadən bildirib ki, "su qıtlığı bizim həyatımızı və kənd təsərrüfatımızı məhv edib. Bizim torpaqlarımızı əlimizdən alıb şəhərcik salıblar. Onlar istəyir ki, bu ərazilərdə əkinçilik olmasın, lakin biz işsiz və gəlirsiz qalırıq. Bağlarımız quruyub, ağacların üstündə duz zərrəcikləri oturub. Ətraf kəndlərdə göz, böyrək, yüksək qan təzyiqi, dəri və astma xəstəlikləri getdikcə artır. Əkinçiliyin məhv olması işsizlərin sayını dəhşətli dərəcədə artırıb. Əhali məcburiyyət qarşısında bölgədən mühacirət edir, artıq bir çox kənd təmami ilə əhalidən boşalıb."
Jalə Təbrizi Ruhaninin Urmu gölünün canlandırılması ilə bağlı verdiyi vədi xatırladaraq bir neçə hökumət rəsmisinin açıqlamasına istinad edərək hökumətin yaranan problemə laqeyd yanaşdığını qeyd edib.
"Şərqi Azərbaycan Ətraf Mühiti Mühafizə İdarəsinin rəis müavini Möhsün Hüseyni Qomi bildirir ki, ötən illərdə Urmu gölünün canlandırılması ilə bağlı nəzərdə tutulan layihələr, dövlət büdcə vəsaiti ayırmadığı üçün öz başına buraxılıb, bir çoxunda da işlər dayandırılmaq üzrədir. Bu vəziyyətdə layihələr icra oluna bilməz. O vurğulayıb ki, Urmu gölü tam quruyarsa, duz fırtınalarının istiqamətinə görə ən çox ziyan görən məntəqə Təbriz olacaq.
Xatırlatmaq lazımdır ki, hicri-şəmsi təqvimi ilə 1393 və 1394-cü illərdə Urmu gölünə ayrılan büdcə vəsaitinin yalnız 36 faizi icra orqanlarına təhvil verilib. Gölə ayrılan büdcənin təhvil verilməməsini bir çox məsul, o cümlədən Ətraf Mühit Təşkilatının keçmiş rəisi Məsumə İbtikarın müşaviri İsmayıl Kəhrəm də təsdiq edib.
Urmu Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri isə bəyan edib ki, bir ildir Urmu gölünə vəsait verilmir. Bu məsələ bizi nigaran edib. Əliboş vəziyyətdə heç bir iş görmək olmaz. Büdcə vəsaiti vaxtı-vaxtında verilmədiyi üçün göl də proqram üzrə canlandırılmır"- deyə xanım J.Təbrizi çıxışının bir hissəsində hökumət rəsmilərinə istinadən bəyan edib.
O vurğulayıb ki, "Azərbaycanın müxtəlif bölgələrində Urmu gölünün qurudulmasına etiraz edilir, lakin bu günə qədər İran hökuməti kütləvi etirazlara kobud müdaxilə edərək onları dayandırıb. Hazırda Urmu gölünə dəstək verən onlarla azərbaycanlı milli-mədəni fəal saxlanılıb və həbs cəzasına məhkum edilib. İran İslam Cümhuriyyəti ətraf mühit tərəfdarlarını ölkə təhlükəsizliyinə qarşı təhlükə kimi görür, bu cəhətdən onları uzunmüddətli həbslərə məhkum edir.
Xanım Jalə Təbrizi sözlərinin sonunda Urmu gölü və ətraf ərazilərdəki əkinçiliyi bu vəziyyətdən qurtarmaq üçün yeni əkinçilik və suvarma üsuluna keçməyi və bu şəkildə suya qənaət etməyi məsləhət görüb.