Təbriz aşıq məktəbi Güney Azərbaycan

Təbriz aşıq məktəbi

"Xalq Cəbhəsi" qəzeti mərhum professor Azad Nəbiyevin Güney Azərbaycanda aşıq sənəti ilə bağlı araşdırma yazısını təqdim edir

1-ci yazı

Azərbaycan xalqının erkən orta əsrlərdən yaradıb inkişaf etdirdiyi aşıq sənətinin tarixi yüksəlişində özünəməxsus yeri və çəkisi olan yaradıcılıq qaynaqlarından biri də Güneyin geniş çoğrafi ərazisini əhatə edən Təbriz və Təbrizətrafı regiondur. XİV əsrin sonu, XV əsrin əvvəllərindən başlayaraq burada mövcud aşıq ənənələri qüvvətlənməyə, ozan sənəti zəminində yaranıb formalaşan aşıq şeirinin yüksəlişi özünü göstərməyə başlamışdı. Bir tərəfdən Anadlolu və Şirvan məktəblərinin təsiri, digər tərəfdən Təbrizin Azərbaycanın mədəni mərkəzlərindən biri kimi çiçəklənməsi, burada şifahi və yazılı ədəbiyyatın inkişafına hələ orta əsrlərdən xeyli əvvəl münbit zəmin yaratmışdı. Digər tərəfdən Təbriz aşıq məktəbi həm də zəngin tarixi-ədəbi əsaslara söykənirdi. XII-XIII əsrlərin ozan-aşıq rekonstruksiyası, aşıq sənətinin qam-şaman, təkkə-dərviş ənənələrindən uşaqlaşıb yeni istiqamətə yönəlməsi sayəsindəki tərəqqini bu regiondakı ədəbi qaynaqlar rəğbətlə qarşılamaqla yanaşı, çox çəkmədən həmin tərəqqinin aparıcılarına çevrilmişdilər.
XV əsirin ikinci yarısından Təbrizdə formalaşmaqda olan aşıq ənənələri özlərinə məxsus yeni yaradıcılıq üslublarını yaratmağa başladı. Burada aşıq yaradıcılığı forma, məzmun, ifa üslubu və tərzi, poetik dəyərlər baxımından yeni mərhələyə yüksəldi. Ən başlıca tərəqqi aşıq yaradıcılığının canlı xalq dilinə yaxınlaşması, ərəb-fars tərkibindən, osmanlı türkcəsinin müxtəlif dialekt və şivələrindən təmizlənməsi, xalq danışıq dilinin aşıq şeirində üstün mövqeyə keçməsiylə bağlıdı. Canlı Azərbaycan dili şifahi poeziyada əks olunmaqla digər ölçü və qəlibləri də aşıq repertuarına daxil olunmağa başladı. Həmən mərhələdə Təbrizdə yayılan aşıq yaradıcılığında bir sıra ənənəvi xüsusiyyətlər nəzərə çarpmaqdadır.
Birincisi, aşıq sənəti peşəkar ifaçılığın modern formasını qəbul etməklə islami dəyərlərin Anadolu məktəbinə məxsus ifa tərzini bərqərar etdi. Burada daha köklü dayaqlara malik dərvişçiliyin məzmun dəyərlərindən bəhrələnməklə onun ifaçılıq üslub və formalarından sürətlə uzaqlaşdılar. İkincisi, ozan ənənələrini davam etdirən aşıq institutu qam-samançılıq üzərində öz nüfuzedici mövqeyini bərpa etdi. Bu isə Təbriz aşıq məktəbinin ilk mühüm nailiyyəti oldu. Aşıq institunun geniş ölçülərinin qəbul edilib formalaşması, orta əsrlərin başlanğıcında milli düşüncənin aparıcı mövqeyə çıxması, ən nəhayət hər cür şamançılıq təsirindən, dərvişçiliynin nüfuz dairəsindən çıxıb sırf Azərbaycançı poetik təfəkkürü ifadə edən yaradıcılıq institutu kimi bərqərar olmasını şərtləndirdi. Bu, həmin dövrün onlarla sənətkarının Təbriz aşıq məktəbi üçün hazırladığı erkən ədəbi zəmin idi. Bu gün adları və soy adları bizə gəlib çatmamış həmin sənətkarlar Təbriz aşıq şeirini forma, məzmun və sənətkarlıq baxımından yeni mərhələyə yüksəltmiş, Anadolu və Şirvanda ozanın aşığa çevrilməsindən sonra aşıq yaradıcılığının sürətli yüksəlişinə təkan vermişdi. Həmin zəminə əsaslanan Aşıq Qurbani özünəqədərki ədəb-poetik ənənələr zəminində XVI əsrdə Təbriz aşıq məktəbinin əsasını qoymuşdu.
Bu məktəbə qədərki yaradıcılıq qaynaqları üçün səciyyəvi olan bir cəhətə də diqqət yetirmək gərəkdir. Həmin dövr M.H.Təhmasibin yazdığı kimi, bir sıra islam təriqətlərinin müxtəlif səbəblərlə bağlı öz kökündən qopub islamı parçalamaq və onun böyük qolu hesab etdikləri şiəlik ətrafında birləşməsi dövrü idi (M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı,1972, s.272). Bu isə şəriət- təriqət-həqiqət kimi sufi dünyagörüşünə məxsus mərhələləri keçib allahın dərgahına qovuşmaq həqiqəti ilə bağlıydı. Təbriz aşıq ənənələrinin ilk öncə bu düşüncəni qəbul etməsi, az sonra isə ona qovuşub bu etik düşüncəni milli əxlaqi dəyər səviyyəsinə yüksəltməsinin iki böyük nəticəsi oldu. Birincisi, Təbriz aşıq sənəti onu assimilliyasiya edə biləcək bütün dəyərlərdən əsaslı şəkildə ayrılıb peşəkar ifaçılıq yolunu formalaşdırdı. İkincisi, isə yayıldığı geniş ərazini öz nüfuz dairəsində saxlaya bilən qüdrətli Təbriz aşıq məktəbini yaratdı. O, XVİ əsrdən başlayaraq orta əsr Azərbaycan mənəvi-əxlaqi, etik-estetik dəyərlərini üç istiqamətdə yüksəlişini təmin etdi. Birinci, Təbriz aşıq məktəbində ozan yaradıcılıq qaynaqları zəminində güclü aşıq musiqisi sinkretizmi yarandı. Anadolu və Şirvan musiqisinin bir sıra əlamət, xüsusiyyət və ifa tərzlərindən istifadə edilməklə aşıq müsiqisi yeni mərhələyə yüksəldi. İkincisi, zəngin xalq şeiri şəkilləri əsasında özünəməxsus poetik dəyərlərə malik aşıq poeziyası yarandı.
XVI əsrdə Qurbaninin yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəldi. Təbriz aşıq şeirinin tarixi, ədəbi-poetik yüksəlişi mərhələsində şəriət-təriqət-həqiqət görüşlərini dünyəvi dəyərlər əvəz etməyə, bəşəri ideallar aşıq şeirinə gəlməyə, həqiqətin kamil əxlaqi dəyər kimi vəsf olunması və bütün bunların zəminində isə Azərbaycan mədəniyyəti, sənəti və ədəbiyyatında intibahın başlanmasına mühüm təsir göstərdi. Üçüncüsü, bu məktəb eyni zamanda Şirvan məktəbində nəzərə çarpan milli dastan yaradadıcılığını repertuara gətirdi, qısa tarixi müddətdə onu yeni mərhələyə yüksəldə bildi. Şirvan məktəbindən fərqli olaraq Təbriz aşıqları dastanları, nağılları repertuara daxil edib onları yenidən işləmək yolu deyil, birbaşa sevgi macəralarını dastanlaşdırmaq ənənəsini seçdi. Bu yaradıcılıq prosesində epik-lirik üslübün çarpazlaşması yolu ilə Şirvan aşıqlarından müəyyən ölçülərlə fərqlənən yeni dastan tipini formalaşdıra bildi.
Təbriz aşıq məktəbi qısa tarixi müddətdə həm forma və məzmun, həm də sənətkarlıq baxımından mühüm irəliləyiş yoluna çıxdı. Xalq arasında geniş yayıldı, müxtəlif dövrlərdə özünün ustad sənətkarlarını yetirdi. Bir sıra hallarda ayrı-ayrı bölgələrdə yayılmış klassik ənənələri-qəzəl və qəsidə yaradıcılığını üstələdi. F.Köprülüzadənin yazdığı kimi, "Saray və üləma mühafilində İran müqəllidi şairlərin qəzəl və qəsidələri, məhəlli qüvvələri ilə dərbəyi dairələrində aşıqların dastan və qoşmalarda üstün hesab edilir və daha çox oxunulurdu" (F.Köprülüzadə. Milli Tətəbbölər məcmuəsi, İstanbul, 1913, 1c., N 1-9, s.6). Xalqın ağız ədəbiyyatına bu marağı isə onun zəhmətkeş insanlar içərisində geniş yayılmasının başlıca səbəblərindən idi. Bu isə aşıq yaradılıcılığının öz təbiəti və xüsuiyyəti, həyat həqiqətlərini daha aydın və real lövhələrdə əks etdirmə ənənələri ilə bağlı idi. Elə həmin zərurət aşıq ənənələrinin geniş coğrafi ərazilərdə sürətlə yayılmasının başlıca səbəblərindən idi ki, Təbriz aşıq şeiri üçün də bu, səciyyəvi bir xüsusiyyət oldu. Təbriz məktəbi onun başlıca ifaçılıq və yaradıcılıq ənənələrini əsas götürməklə müxtəlif mühitlərə ayrıldı. Hər bir mühit mənsub olduğu aşıq məktəbinin bir sıra başlıca yaradıcılıq və ifaçılıq xüsusiyyətəlrini qoruyub saxlamaqla özünəməxsus fərdi özəlliklərini yaradıb yaşatdığı regionun adı altında şöhrətləndi. Onları təxmini olaraq aşağıdakı kimi qruplaşdırmaq olar: Qaradağ aşıq mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Həmədan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Sərab aşıq mühiti; Qaşqay aşıq mühiti (M.Qasımlı. Aşıq sənəti, Bakı,1996, 164).
Məlum təsnifatlardan kiçik fərqlərlə seçilən bu aşıq mühitləri əslində Təbriz aşıq şeiri ənənələrinin geniş bir ərazidə yayılıb özünəməxsusluqlarla zəngin olduğunu bir daha nümayiş etdirir. M.İbrahimovun yazdığı kimi, "Aşıq poeziyası yaradıcılıq metodu və üslubu cəhətdən ən az öyrənilmiş sənətdir. Bu sahədə olan boşluğu doldurmaq və aşıq poeziyasının realist yaradıcılıq xüsusiyyətlərini meydana çıxarmaq, inkişafına təkan vermək üçün onun haqqında çoxdan yaranmış bəzi birtərəfli təsəvvürlərdən uzaqlaşmaq lazımdır" (M. İbrahimov. Aşıq poeziyasında realizm, Bakı, 1966, s.5). Təbriz aşıq məktəbinin müxtəlif mühitlərinin yaranması ilk növbədə milli mədəni həyatda mühüm hadisə, sonrakı tərəqqi və yüksəlişin ilkin zəmini idi. Bu məktəblərin hər birinin ayrıca, müstəqil şəkildə öyrənilməsinə mühüm ehtiyac var. Aşıq məktəbləri və mühitləri hələ ki, nə qədər sıradan çıxmayıb, ilk növbədə onları toplayıb üzə çıxarmaq və heç olmasa ilkin tədqiqatlara cəlb etmək gərəkdir.
Güney Azərbaycanda Təbriz məktəbi ətrafında yaranan aşıq mühitlərində peşəkar ifaçılıq və improvizatorçuluq formalaşıb. Onları Təbriz məktəbinə məxsus vahid ifaçılıq üslubları birləşdirir. Eyni zamanda aşıq mühitləri bir-birindən repertuar, ifaçılıq və dastan yaradıcılığı baxımından da fərqlənir. Məsələn, Təbriz aşıq məktəbi "Koroğlu" və avtobioqrafik dastanların, eləcə də lirik ifaçılıq üslubunun zənginliyi ilə əlamətdardırsa, Urmiya mühitində aşıq şeiri şəkillərinin nümayişi, Sərab və Qaradağ mühitində isə repertuarda klassik dastanlar - "Əsli-Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" və nağıl motivləri zəminində yaranan tacir-zadəgan həyatından bəhs edən nümunələr üstünlük təşkil edir. Mühitlər arasında fərqlər geniş olduğu kimi, ümumiliklər də əhatəlidir.
Bu aşıq məktəbi mühit çevrəsi etibarı ilə məktəblərin ən böyüyü olduğu kimi, mənəvi-əxlaqi və estetik dəyərləri əks etdirmək baxımından da mükəmməli, əhatəlisidir. O, nə ayrıca müstəqil məktəb, yaxıd aşıq mühitləri məcmuu kimi, nə də yarandığı və o inkişaf etdiyi dövrlər-yüzilliklər üzrə kifayət qədər araşdırılmışdır. Bu məktəbə məxsus poetik-üslübi dəyərlər, saz havaları, dastançılıq ənənələri, xüsusilə məktəbin iyirminci yüzillikdəki eniş və yüksəlişləri, ayrı-ayrı ustad sənətkarların yaradıcılıq xüsusiyyətləri kifayət qədər araşdırılmayıb. Bunun başlıca səbəblərindən biri də Güney Azərbaycanda hələ XIX əsrin 30-cu illərrindən başlayaraq fars şovinizminin Azərbaycan dili, folkloru və digər mədəni dəyərləri üzərinə qadağalar qoyması ilə bağlıdır.
Aşıq yaradıcılığı bu mühitlərdə hələ ki, ağızda yaşama mərhələsini keçirir. Bu ərazidə hələ Azərbaycan folklorunun tək-tək hallar istisna edilərsə, kütləvi şəkildə yazıya alınıb nəşri işinə başlanmayıb. Ağız ədəbiyyatı həmin mühitlərdə öz bakirə gözəlliyini qoruyub saxlamaqdadır. Milli dili və mədəniyyəti yaşadan, onu fars şovinizminin hər cür assimilliyasından qoruyan ağız ədəbiyyatı eyni zamanda Azərbaycançılıq adət-ənənə və etik düşüncəsini qorumaq funksiyalarını həyata keçirir. Xüsusilə son yüzilliklərdə toplanan və nəşr edilən materialların son dərəcə az olması bu məktəbin müxtəlif mühitləri barədə təbii ki, geniş müşahidələr aparmaq imkanını məhdudlaşdırır. Çünki Təbriz məktəbinin, onun ayrı-ayrı mühitlərinin materiallarını yazıya alıb çap etmədən, dialekt xüsusiyyətlərini müəyyənləşdirmədən, yaradıcılıq nümunələri üzərində müqayisəli araşdırmalar aparmadan mühüm elmi nəticələrə gəlmək mümkün deyil.
Təbriz aşıq məktəbi və mühitlərində, xüsusilə İran aşıqları adlandırılan ifaçıların repertutarında İran musiqisinin güclü, nüfuzedici təsiri fəaliyyətdədir. Bu, bir sıra mühitlərdə saz havalarının tarixi ənənələrinin pozulmasına və təhrifinə gətirib çıxarmışdır. Bu gün özlərini "İran aşıqları" adlandıran bir sıra ifaçılar və xüsusilə hakim zümrə tərəfindən dəstəklənən və bütün İran ərazisində aşıq musiqisi və yaradıcılığı kimi təbliğ olunan ifaçılıq üslubu aşıq sənətini öz erkən köklərindən və qaynaqlarından uzaqlaşdırmaq, onu farslaşdırmaq məqsədinə xidmət edir.