21 Azərə gedən yol - 7-ci yazı  Güney Azərbaycan

21 Azərə gedən yol - 7-ci yazı 

Təbriz əhalisi tərəfindən seçilmiş S.C.Pişəvərinin deputatlıq mandatı əvvəlcədən düzəldilmiş müxtəlif hiylə və bəhanələrlə rədd edildi

İran Məclisinə Azərbaycandan milli ruhlu, sözünü deməyi bacaran cəsarətli insanların yol tapması həmişə problem olmuş və bu gün də hələlik problem olaraq qalır. Deputatlıq mandatı XIV Məclis tərəfindən qəbul olunmamasına baxmayaraq, S.C.Pişəvəri Məclisin tribunasından ustalıqla istifadə edib böyük məntiqə və həqiqətlərə söykənən sözlərini demişdi. O sonralar özü bu haqda yazırdı: «Bilirdim ki, Məclis kürsülərini qəsb edən xainlər ilə mənim suyum bir arxda getməyəcək və hiss edirdim ki, bu yolkəsənlər dəstəsi mənim aralarına girməyimə asanlıqla razı olmayacaqlar. Ona görə fürsətdən istifadə edib sözlərimi dedim. Məni 16 min rəy ilə intixab edib (seçilib), Məclisə göndərən Azərbaycan xalqının ehtiyaclarını sayıb söylədim, sözlərimi böyük bir diqqət və dərin bir sükut ilə eşidib təsdiq etdilər. Lakin bu təsdiqlər xəyanətlərini gizlətmək üçün qara bir pərdədən başqa bir şey deyil. Fürsət əllərinə düşən kimi də «bu azərbaycanlı rahat oturan adama bənzəmir, bunu buradan uzaqlaşdırmaq lazımdır» deyib, etibarnaməyə tülkülərə yaraşan alçaqlıq ilə müxalifət etdilər».
1944-cü ilin fevralında XIV Məclisdən 16 min təbrizlinin səsini qazanmaqla Azərbaycandan seçilmiş S.C.Pişəvəri kimi bir şəxsiyyətin hiyləgərcəsinə məclisə yol tapmadan uzaqlaşdırılması Cənubi Azərbaycandakı milli oyanmanı və xalqın öz azadlığı uğrunda daha fəal hərəkata qoşulmasını sürətləndirmiş oldu. Bunu 1944- cü ilin fevralından 1945-ci ilin ortalarına qədər Güney Azərbaycanın demək olar ki, hər yerində keçirilən fasiləsiz nümayişlər, mitinqlər və hətta ara-sıra dövlət məmurlarına, polis və jandarmalara göstərilən müqavimət (Sərab, Qaradağ, Mərənd, Marağa, Meşkin və s. şəhərlərdə) açıq-aydın göstərirdi. Mərkəzin Azərbaycana ögey münasibəti və fəallaşan şovinist siyasəti Azərbaycandakı hərəkatın istiqamətini daha artıq milli azadlığa doğru yönəltdi və adikallaşdırılmış oldu. Real vəziyyət və eləcə də İXP rəhbərliyinin bəzi üzvlərinin paniranizm və şovinist əhval-ruhiyyədən əl çəkməmələri Azərbaycan xalqına öz dərdlərinə özü əlac etməsi ehtiyacını daha artıq gündəmə gətirmiş oldu.
«Qeyd etmək lazımdır ki, Hizbe-Tudeye-İran heç vaxt Azərbaycanda rəhbərlik etmək məqamına nail ola bilməmişdi. Hətta onun ən qüdrətli günlərində belə Azərbaycan xalqı Hizbe-Tudeye-İranın başçılarına etinasız olub, göstərdikləri işlərə də tənqidi yanaşmışlar. Qeyd etdiyimiz kimi, bunun əsas səbəbi hizbin Tehrana bağlı olması idi». İXP-nin Azərbaycandakı təşkilatları burada fəaliyyət göstərdikləri 3 il yarım müddətində (1942-ci ildən 1945-ci ilin ortalarınadək) Azərbaycandakı bütün milli qüvvələri lazımi səviyyədə öz sıralarına cəlb edə bilməmişdi. Bunun başlıca səbəbi partiyanın 1941-ci ildə qəbul etdiyi müvəqqəti məramnamədə və sonrakı qurultay sənədlərində İranda yaşayan qeyri-fars xalqların öz müqəddəratını həll etmək hüququndan bəhs edilməməsi, milli zülmün kökünü kəsmək yollarının konkret göstərilməməsi ilə bağlı idi.
Azərbaycan o dövrdə də aqrar-kəndli ölkəsi idi. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. (Bu haqda əvvəlki bölmədə də bəhs olunub). Torpaqsız və az torpaqlı kənd-lilərə mülkədarlar, dövlət məmurları tərəfindən edilən zülm və özbaşınalıq, çox saylı natural vergilər Azərbaycan kəndlisini taqətdən salıb, dilənçiləşdirmişdi. Aqrar-kəndli problemi İXP-ın proqram sənədlərində çox ötəri qeyd oldunduğundan, geniş kəndli kütləsinin əksəriyyəti mübarizədən kənarda qalırdı.
1941-1945-ci illərdə İranda qeyri-fars xalqların, o cümlədən Azərbaycan türklərinin rejim əleyhinə mübarizəsində milli kimlik və dil məsələsi önəmli yer tutmuşdu. Bu ərazidə yaşayan xalqlar rejimin assimilyasiya siyasətinə qarşı olmaqla yanaşı, ana dillərində məktəb, mətbuat və s. olmaması, milli dillərin hakim təbəqə tərəfindən qəsdən və planlı şəkildə sıxışdırılıb aradan aparılması ilə də barışa bilmirdilər. Bu məsələ sinfi mənsubiyyətindən, dünyagörüşündən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq Azərbaycandakı bütün milli qüvvələri bir cəbhədə birləşdirirdi. İXP-nin proqramında bu mühüm hədəfin nəzərə alınmaması və üstəlik Hizbin rəhbərliyi sırasında qeyri-fars xalqların milli istəkləri əleyhinə çıxmaq cəhdləri kütləni təkcə İXP- dən yox, rejim əleyhinə vahid mübarizə cəbhəsində birləşdirməkdən də uzaqlaşdırırdı. «... Bizim milli hərəkat yaxınlaşan günlərdə Xəlil Məliki, doktor Cövdət, Əli Əmirxizi, Ardaşest Ovanesyan, Əhməd İsfahani və qeyrilərinin ciddi olaraq Mərkəzpərəst olmaları Hizbe-Tudeye-İranı Azərbaycanda tamamilə gözdən salmışdı».
Tudə partiyası Güney Azərbaycanda, onun mərkəz şəhəri Təbrizdə yaradılarkən yerli əhalinin tanımadığı Tehrandan göndərilmiş adamlar, o cümlədən milliyyətcə erməni Ardaşest Ovanesyan partiyanın Təbriz Komitəsində rəhbər vəzifəyə təyin edilmişdi. Dindar və müsəlmançılıqda bir qədər radikal olan bir şəhərdə xalqı azadlığa aparmaq niyyətində olan bir partiyanın başında xristian erməninin dayanması «Tudə»nin Azərbaycandakı gələcək fəaliyyəti üçün meydanı daraltdı. Həm də əhalisinin 80%-dən çoxu o zaman kəndlilərdən ibarət olan Güney Azərbaycanda kütləni arxasınca aparmaq istəyən Tudə partiyasının məramnaməsində və rəhbər sənədlərində aqrar-kəndli məsələsi, xüsusən Azərbaycan kəndlisi üçün maraq doğuran torpaq islahatının olmaması Tudənin kütlə içərisində populyarlaşmasına imkan verməmişdi. Azərbaycanda Azərbaycan xalqının istək və arzularını, onun siyasi, milli, iqtisadi və mədəni tələblərini nəzərə alan, xalqın mübarizəsində əsas istiqaməti bu hədəflərə çevirməyi bacaran öndər mərkəzə - partiyaya ehtiyac aydın duyulurdu. İran zəhmətkeşlərinin iradəsini təmsil edən İXP-nin proqramında (1941-ci il müvəqqəti proqramında) və rəhbər sənədlərdə milli məsələ yetərincə öz əksini tapmamışdı. Çoxmillətli ölkə olan İran üçün millətlərin hüquq bərabərliyi və öz müqəddəratını təyin etməkdə sərbəstlik ixtiyaratının üzərindən sükutla keçmək bağışlanılmaz səhv idi. Bu məsələ İXP sıralarına daxil olmuş 50 mindən çox azərbaycanlını və onların avanqard dəstəsini narahat etməyə bilməzdi. Milli məsələni «beynəlmiləlçilik» və «Bütün ölkələrin proletarları birləşin!» kimi bolşevik şüarının kölgəsində həzm edən İXP və onun rəhbərliyində hakim millətçiliyə rəvac verən adamların xət-hərəkəti Azərbaycandakı milli qüvvələri ümumxalq mübarizəsindən uzaqlaşdırırdı. «1941-ci ildən 1945-ci ilədək davam edən keşməkeşli, mürəkkəb və nəticəsiz mübarizə Azərbaycan azadxahlarını yorduğu halda, onlara vahid bir təşkilatın zəruriyyətini hiss etdirmişdi».
ABŞ və İngiltərənin İrandakı hərbi qüvvələrinin süngüsünə söykənən Məmmədrza şah və onun rejimi 1943-cü ilin sonundan başlayaraq ölkədəki xalq hərəkatına qarşı daha amansız mühit yaratdı. Polis və jandarm qüvvələrinin zorakılığı və özbaşınalığı Güney Azərbaycanda geniş vüsət aldı. Azərbaycandakı milli-azadlıq hərəkatını Sovetlərlə bağlayan ABŞ və İngiltərə bu hərəkatdakı demokratik, milli tələblərə göz yumurdu. 1942-ci il Atlanta xartiyasını imzalayan, xalqların hüquq və azadlıqlarına tərəfdar çıxan, dünyanın sivilizasiyalı dövlətl ərini bu xartiyadakı prinsiplərə qoşulmağa çağıran ABŞ və İngiltərənin İrandakı hərbi-kəşfiyyat qüvvələri vasitəsi ilə zülmkar şah rejimini müdafiə etməsi və 1946-cı il 21 Azər olaylarında şah qüvvələrini dəstəkləməsi ABŞ-ın həmin dövlətlərdəki siyasətinin silinməz qara ləkələridir.
1943-1944-cü illərdə bütün İranda şah rejiminin və irticanın fəallaşmasında, demokratik və milli qüvvələrə qarşı zor işlətməsində Güney Azərbaycan da kənarda qalmamışdı. Bu dövrdə orada dövlət nümayəndələri, yerli xanlar və mülkədarlarla yoxsul və ortabab kütlə arasında münasibətlər kəskin həddə çatmışdı. Jandarma qüvvələrinin zorakılıq və özbaşınalığı Azərbaycan kəndlisi ilə yanaşı, geniş kütləni cana gətirmiş və onların rejim əleyhinə qəzəb və nifrətini artırmışdı. Həmin dövrdə Cənubi Azərbaycandakı vəziyyətin canlı şahidlərindən biri yazır ki: «İran irticasının bütün İranda, xüsusən Cənubi Azərbaycanda azadlıqsevər qüvvələrə qarşı genişmiqyaslı hücumu oldu. Mütərəqqi təşkilat və klublara basqın edildi, ölənlərin və yaralananların sayı artdı. Bu faktları həmin dövrə aid İranda çıxan «Rəhbər», «Xavəre-no», «Zəfər», «Mərdom» qəzetləri etiraf edirlər. 1945-ci il martın 15-də Təbriz və bütün Azərbaycanda irticanın azğınlığına qarşı etiraz günü elan olundu».
Güney Azərbaycanda ziddiyyətlərin çulğalaşdığı və xalqda dözüm səbirinin tükəndiyi belə bir ağır şəraitdə İXP milli və vətənpərvər qüvvələrin əksər hissəsini öz arxasınca apara bilmədi və onları vahid cəbhədə birləşdirməyə nail olmadı. Bunun mühüm səbəblərindən biri və bəlkə də, başlıcası İXP rəhbərliyinin Azərbaycan mühitində geniş xalq kütləsinin ümdə arzu və tələbləri ilə yaxından tanış olmaması, Güney Azərbaycan təşkilatlarına Tehrandan göndərilmiş «komissarların» başçılıq etməsi idi. İXP yarandığı gündən onun rəhbərliyində və aparıcı işlərində elə adamlar var idi ki, onlar «proletar beynəlmiləlçiliyi» şüarı arxasında azərbaycanlıların və qeyri-fars xalqların milli hüquq və haqlarına biganəlik göstərir, yeri gəldikdə onları millətçilikdə ittiham edirdilər. Bu haqda çox saylı faktlar İXP-nin mətbuatında, ayrı-ayrı rəhbər xadimlərin çıxışlarında və yazılarında səsləndirilirdi. Millilik beynəlmiləlçiliyə düşmən ideya kimi qiymətləndirilirdi. 1945-1946-cı illərdə həlledici dövrdə İXP rəhbərliyi başlıca hədəfə yönələn istiqaməti müəyyənləşdirməkdə, ölkədəki situasiyanı düzgün qiymətləndirməkdə yekdil deyildi. 1946-cı ildə Qəvamülsəltənə kimi mürtəce bir hökumətdə nazir postlarım tutmaq İXP rəhbərliyinin bağışlanmaz günahlarından idi. Qəvam hökumətinin mahiyyətini bilə-bilə onun hökumət kabinəsinə daxil olmağa razılıq vermək xəyanət həddinə yüksələn bir əməl idi. Tudənin sıralarında toplanmış sağlam əqidəli və savadlı adamların fikir və mülahizələrinə çox vaxt laqeyd yanaşılırdı. Milli düşüncəyə söykənmək əvəzinə «yoldaşların» ambisiyalı məsləhət və göstərişlərinə sözsüz əməl etmək İXP rəhbərliyinin faciəsi idi. Bu vəziyyət Tudəni təkcə milli ucqarlarda yox, elə mərkəzdə də problem və sarsıntılarla üzləşdirirdi və onu Azərbaycanda iflasa aparırdı. Təəssüflə qeyd olunmalıdır ki, xarici «məsləhətə» qulaq asmaq meyli 1945-1946-cı illərdə Güney Azərbaycandakı hərəkatın rəhbərliyində də olmuşdu.

Əkrəm Rəhimli - Bije